Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-561/2022 09.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X2 və X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X7 və Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1983-cü ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 29 avqust 2021-ci il tarixdə saat 02 radələrində şəxsiyyəti istintaqa “Maqa” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşından sonuncunun mobil telefon vasitəsi ilə göndərdiyi elektron kart hesabına 1010 (bir min on) manat nağd pul köçürməklə satış məqsədi ilə külli miqdarda, bir ədəd sellofanın içərisində təmiz çəkisi 100 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 160 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan üzərində “Methadone 40” yazısı olan konvalyutda 10 ədəd qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatını qanunsuz olaraq “Maqa” adlı şəxs tərəfindən qabaqcadan qoyulmuş Abşeron rayonu, Masazır qəsəbəsində ünvanı istintaqa məlum olmayan yerdən götürüb əldə etməklə yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsi 85 saylı ünvan istiqamətində daşımış, 29 avqust 2021-ci il tarixdə saat 04:10 radələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Nizami rayonu, B.Nuriyev küçəsi 85 saylı ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli sellofandan saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 100 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 160 qram təşkil edən külli miqdarda ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan üzərində “Methadone 40” yazısı olan konvalyutda 10 ədəd qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 28 avqust 2021-ci il tarixdə saat 04:10 radələrində ünvan 6 ünvana doğru piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nin 24-cü Polis şöbəsinə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əlində olan qara rəngli sellofan torbanı, içərisində sənədləri olan pul qabını və özünə məxsus iki ədəd "Hoffman" və "Samsung" markalı mobil telefonu təqdim etmişdir. Həmin sellofan torbaya baxış zamanı içərisindən 10 ədəd "Metadon 40” həbi, sellofanın içərisində bir bükümdə 160 qram psixotrop maddə olan metamfetamin va bir bükümdə 100 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Sonra həmin narkotik vasitələr kağız zərfə qoyulub həmin zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, pul qabı özünə geri qaytarılmışdır. Təqdim etdiyi bükümlər və həblər hamısı ona məxsusdur, həmin bükümləri və həbləri tutulmamışdan təxminən 2 ay əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı "Maqa" ləqəbli şəxsin vasitəsilə tutulduğu tarixdə, yəni 29 avqust 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi yaxınlığında əvvəlcədən qoyulmuş yerdən ona verilmiş hesab nömrəsinə öncədən 1010 (bir min on) manat pul yükləməklə özü üçun istifadə etməkdən ötrü götürmüşdür. Belə ki, o, narkotik vasitə aludəçisidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin sahə müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Nizami rayonunda yaşayan Elçin adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, qəbulu, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 29 avqust 2021-ci il tarixdə ondan, 24-cü Polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş tədbirlər nəticəsində 29 avqust 2021-ci il tarixdə saat 04:10 radələrində Nizami rayonu, B.Nuriyev küçəsi 85 saylı ünvanın qarşısında zahiri əlamətləri Elçin adlı şəxsin əlamətləri ilə üst- üstə düşən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, sonuncunu 24-cü Polis şöbəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üstünə videoçəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl üstündə hər hansı qeyri-qanuni nə varsa onları təqdim etməsi təklif edilmişdir. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaya baxış zamanı içərisindən 1 ədəd bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, digər 1 ədəd bükülüdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 10 ədəd "Metadon 40" həbi aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən "Samsung" və "Hoffman" markalı mobil telefonları, "Kapital bank" karti təqdim etmişdir. Sonra həmin 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr, 10 ədəd "Metadon 40" həbi içərisi boş olan, ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs və cinayət prosesinin iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən çıxarıb təqdim etdiyi bükümlərin və həblərin hamısının özünə məxsus olduğunu, həmin bükümləri və həbləri sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı "Maqa” ləqəbli şəxsin vasitəsilə 29 avqust 2021-ci il tarixdə saat 02 radələrində əvvəlcədən qoyulmuş yerdən 1010 manata özü üçün istifadə etməkdən ötrü götürdüyünü, narkotik vasitə aludəçisi olduğunu, ona verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Sahə müvəkkili olduğu üçün o, əvvəllər də Elçini tanımış və Elçinin narkotik satdığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdikləri xüsusatlatı tam təsdiq etdi. Şahid, digər polis əməkdaşı Şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində eyni məzmunlu ifadə verərək Şahid2 göstərdikləri xüsusatlatı tam təsdiq etmişdir (cild 1, iş vərəqi 112-114). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29.08.2021-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 85 saylı binanın yaxınlığında mütəmadi olaraq görsənən 30-35 yaşlı, orta boylu "Elçin" adlı şəxsin narkotik vasitələrin mütəmadi olaraq qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan xx.xx.1983-cü il tarixdə İsmayıllı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 29.08.2021ci il tarixdə saat 04:10-da Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 85 saylı binanın qarşısında saxlanılaraq PŞ-nə gətirilmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 29.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi və polis şöbəsinə gətirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 29.08.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 05:00da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofanı təqdim edərək, içərisində bükülüdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddəni təqdim edərək, həmin maddənin "kakos" kimi tanıdığı narkotik vasitə olduğunu, həmçinin digər bükülüdə kristal halında olan maddəni təqdim edərək metamfetamin olduğunu, 10 ədəd dərman həbləri olan listi təqdim edərək metadon olduğunu, həmin narkotik vasitələri 29.08.2021-ci il tarixdə saat təxminən 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yolun kənarından götürdüyünü və həmin narkotik vasitələri İran vətəndaşı olan "Maqa" adlı şəxsdən 1010 manata aldığını qeyd etmiş, üzərinə baxış zamanı 1 ədəd qızılı rəngli **********20506 imei kodlu "Samsung" markalı və bir ədəd qara rəngli "Hoffman" markalı mobil telefonu təqdim edərək həmin şəxslə “whatsapp” sosial şəbəkə tətbiqi vasitəsilə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyulduqdan və iştirakçılar tərəfindən imzalandıqdan sonra 164 saylı möhür ilə möhürlənmişdir (cild 1, iş vərəqi 26-27). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mənzildə axtarış aparılması haqqında 31.08.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 85, 1 saylı mənzildə aparılmış axtarış nəticəsində narkotik vasitə, psixotrop maddə, digər istifadəsi qadağan edilmiş predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 84-88). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29.08.2021-ci il tarixli, 6/3768 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 164” dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 100 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 160 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş ümumi sayı 10 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,4 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 40-45). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 30.08.2021-ci il tarixli protokoldan görünür ki, DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən olunur ki, 29 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əlində olan qara rəngli sellofanı təqdim etmiş, həmin sellofana baxış zamanı içərisindən 1 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 10 ədəd "Metadon 40" həbi aşkar edilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən "Samsung” və "Hoffman" markalı iki ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən çıxarıb təqdim etdiyi bükümlərin və həblərin hamısının özünə məxsus olduğunu, həmin bükümləri və həbləri İran İslam Respublikası vətandaşı "Maqa" ləqəbli şəxsin vasitəsilə 29 avqust 2021-ci il tarixdə saat 02 radələrində əvvəlcədən qoyulmuş yerdən - Abşeron rayonu, Masazır qəsəbəsində yolun kənarından öncədən ödəniş etdiyi 1010 manat qarşılığında götürdüyünü bildirməsi müşahidə olunur (cild 1, iş vərəqi 81). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 21.12.2021-ci il tarixli protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə dair "xxxx" MMC-dən alınmış diskə həmin nömrədən kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduqları şəxslərin əhatə dairəsini və həmçinin cinayat işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə 28 və 29 avqust 2021-ci il tarixdə İran İslam Respublikasından zəng olunmadığı müəyyən edilmişdir. Digər zənglərin isə yaxın ətrafında olan şəxslərə məxsus oduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqi 111,134). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 21.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrəyə dair "xxxx" MMC-dən alınmış nömrədən kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduqları şəxslərin əhatə dairəsini, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə 28 və 29 avqust 2021-ci il tarixdə İran İslam Respublikasından zəng olunmadığı müəyyən edilmişdir. Digər zənglərin isə yaxın ətrafında olan şəxslərə məxsus olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 115, 135). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş götürmə aparılması haqqında 29.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman götürülmüş “Samsung” markalı və “Hoffman” markalı mobil telefonlara baxış zamanı sübut əhəmiyyətli yazışmalar və səs yazıları müəyyən edildiyindən onlar diskə köçürülərək materiala əlavə edilmişdir (cild 1, iş vərəqi 39). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 21.12.2021-ci il tarixli protokoldan və disklərdən görünür ki, "Hoffman" markalı mobil telefonun yaddaşında olan görüntülərin köçürüldüyü bir ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun zənglər bölümünə 28 və 29 avqust 2021-ci il tarixlərdə müxtəlif saatlarda +**********99 saylı mobil nömrədən "Whatsapp" proqramı vasitəsilə cavab verilmiş və cavab verilməyən çoxlu sayda zənglər qeydiyyata alınmış, mesajlar olan bölümün boş olduğu, "Whatsapp" proqramının isə yenilənməyə ehtiyac olduğundan açılaraq baxış keçirilməsi mümkün olmadığı müəyyən edilmişdir. Bundan başqa diskdə olan görüntülərdə 1010 (bir min on) manat pul vəsaitinin köçürülməsinə dair çek, tərəzi üzərində narkotik vasitələr, pul ödəmə terminalları və narkotik vasitələrin qoyulmuş olduğu yerlərin görünüşü əks olunmuşdur. Təqsirləndirilən şəxs digər diskdə olan səs yazılarının da özünə məxsus və "Maqa" adlı şəxslə arasında olan danışıqlar olduğunu bildirmişdir (cild 1, iş vərəqi 136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 21.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə olan “Samsung” markalı mobil telefonla kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduqları şəxslərin əhatə dairəsini və həmçinin cinayat işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü həmin mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun zənglər və mesajlar olan bölümünün boş olduğu, “Whatsapp” proqramının isə yenilənməyə ehtiyac olduğundan açılaraq baxış keçirilməsi mümkün olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 137). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının publik hüquqi şəxsinin 14.09.2021-ci il tarixli, 7725 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 96). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25.11.2021-ci il tarixli, 4676 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 127-128). İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 99,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 159,95 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9 ədəd metadon həbi və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı videoçəkiliş görüntülərini əks etdirən bir ədəd DVD disk, "Hoffman" markalı mobil telefon və həmin telefondan çıxarışları əks etdirən 2 ədəd CD disk maddi sübut hesab edilmiş, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon tərkibli dərman preparatları və "Hoffman" markalı mobil telefon saxlanmasından ötrü bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, disklər iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 138-145, 152). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi barədə 22.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və dərman preparatlarını əldə etdiyi mənbənin, İran İslam Respublikasının vətəndaşı olan "Maqa" adlı şəxsin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi icraata ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 146-147). İşdə olan şəxsiyyət vəsiqələrini surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16.05.2009-cu il təvəllüdlü Həmidova Yeganə, 25.04.2014-cü il təvəllüdlü Həmidzadə İntiqam adlı iki azyaşlı övladı vardır (cild 1, iş vərəqi 70-71). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi tibb sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X8, anası X9 və atası X10 hər biri 2-ci dərəcəli əlildirlər. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün narkotik vasitənin yalnız istifadəçisi olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onların müxtəlifliyi, ayrı-ayrı bükümlərə bükülməsi, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroni, külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda metadonu əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 29.07.2021-ci il tarixli tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Həmidov X4 Rayon Məhkəməsinin 20 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.07.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 90-91,117-120). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətə görə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan iki ildən çox müddət keçdiyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə, atası, anası və həyat yoldaşının əlil olmalarını, səmimi peşmanlığını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 avqust 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 16, 77-80). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 29 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 99,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 159,95 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qalıq qalmış 9 ədəd metadon həbi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən bir ədəd DVD disk və "Hoffman" markalı mobil telefondan çıxarışları əks etdirən 2 ədəd CD disk iş materiallarında saxlanılmalı, "Hoffman" markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 99,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 159,95 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qalıq qalmış 9 ədəd metadon həbi məhv edilsin; - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs məxsus "Hoffman" markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən bir ədəd DVD disk və "Hoffman" markalı mobil telefondan çıxarışları əks etdirən 2 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-561/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-561/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver