Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-562/2023 17.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X7 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, ev 5 A/8, mənzil 43-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev 11-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,445 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə, saat 10:30-da ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 (bir) bükümdə təmiz çəkisi 2,445 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittiham aktında yazılanlarla razı deyil. Həbs olunmasının səbəbi ittiham aktında yazıldığı kimi deyildir. Onu polis əməkdaşları narkotik vasitə ilə “yükləmişlər”. O, öz yaşadığı evin qapısının qarşısında saxlanılmışdır. Onu Polis bölməsinə aparmışlar. Orada polislər ona demişlər ki, “narkomanları yığırıq, buna görə də içəri getməlisən.” O, narkotik vasitə istifadəçisi olmuşdur. O, “kakosdan”, yəni narkotik vasitə heroindən istifadə etmişdir. Onun üzərindən ittiham aktında qeyd edilən qədər narkotik vasitə aşkar olunmamışdır. Onu 20-ci Polis bölməsinin əməkdaşları kirayədə yaşadığı Namiq Məlikov küçəsində qapının qarşısında saxlamışlar. Ona polislər demişlər ki, “narkomanları yığırıq, səni də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilib içəri göndərəcəyik”. Ünvanlanmış suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı etirafedici ifadə vermiş, lakin hazırda həmin ifadəni təsdiq etmir. Onu yaşadığı evin qarşısında saxlayıb Polis bölməsinə aparmışlar. Həmin vaxt üzərində dövriyyəsi qadağan edilmiş heç bir şey olmamışdır. O, təzyiq altında ifadə vermişdir. Belə ki, ona demişlər ki, “hər şeyə qol çəkməlisən”. O da narkoman olduğundan, habelə həmin vaxt bədənində narkotikin təsirindən ağrılar yarandığından bütün sənədlərə qol çəkmişdir. Bədənindəki ağrı narkotikin yaratdığı ağrı olmuşdur. Ona demişlər ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcək, lakin sonradan ona məlum olmuşdur ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Sonradan onun üzərində videoçəkilişlə axtarış keçirilmiş, həmin vaxt ona hər hansı bir təzyiq-təsir olmamışdır. Təzyiq videoçəkilişdən əvvəl edilmişdir. Belə ki, ona polislər demişlər ki, “qol çək, get rahatlaş, bədənin ağrıyır”. O, ancaq rahatlığı üçün sənədlərə qol çəkmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hazırda baxılan iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini xatırlamır. Lakin o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, onun xidmət etdiyi inzibati ərazi “Papanin” ərazisidir. Demək olar ki, o, hər gün həmin ərazidə bu cür hadisələrlə rastlaşır. Ona görə də o, hər bir hadisəni dəqiqliklə xatırlamır. Buna görə də o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini düzgün verdiyini hesab edir və həmin ifadəni təsdiq edir. Şahid qismində dindirilməsi nəzərdə tutulmuş Şahid2 məhkəmə iclasına dəvət olunsa da, faktiki olaraq məhkəmə iclasında ifadə verə bilməmiş, verilmiş suallara “yadımda deyil, xatırlamıram, ibtidai istintaq zamanı verdiyim ifadəmi təsdiq edirəm” kimi cavablar vermişdir. Bu səbəbdən də məhkəmə qeyd edilən şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini məhkəmə istintaqında elan etmək, şahiddən elan olunmuş məzmunda ibtidai istintaq zamanı ifadə verib-vermədiyini dəqiqləşdirmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsi elan olunduqdan sonra, o, elan edilmiş məzmunda ifadə verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, şahid məhkəmə istintaqı zamanı ağlabatan şəkildə ifadə verə bilmədiyi və cinayət prosesi iştirakçılarının suallarına “yadımda deyil, xatırlamıram, ibtidai istintaq zamanı verdiyim ifadəmi təsdiq edirəm” kimi cavab verdiyi halda, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin məzmununu dinlədikdən sonra qeyd edilən ifadəni formal cəhətdən təsdiq etməsi, sözügedən şahidin ifadəsinin təqsirləndirilən şəxsin əleyhinə olan sübut kimi qiymətləndirilməsinə kifayət etmir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürüldüyü halda, məhkəmə ittiham tərəfinin əldə etdiyi bu sübutu formal sübut kimi qiymətləndirir. Lakin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2022-ci ilin sentyabr ayının əvvəllərində iş yoldaşı, polis leytenantı Şahid2la birlikdə Nəsimi rayonu ərazisində “Papanin” deyilən ərazidə xidmətdə olarkən hazırda iş üzrə təqsirləndirilən şəxsin şübhəli şəxs kimi dayandığını görmüşdür. Həmin şəxs özünü şübhəli aparmış, bu əlamətlər onların nəzərindən qaçmamışdır. Buna görə də onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onlar həmin şəxsə, yəni Təqsirləndirilən şəxs suallar verməyə başlamışlar. Təqsirləndirilən şəxs onların suallarına qeyri-adekvat cavablar verdiyindən onlar həmin şəxsin narkotik vasitələrin təsiri altında olduğunu hiss etmişlər. Bu onlarda yaranmış şübhələri bir daha təsdiq etmişdir. Buna görə də onlar həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədləri tələb etmişlər. Sonra onlar Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə axtarış və baxış keçirilmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində daşıdığı narkotik vasitəni cibindən çıxararaq təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 10 sentyabr 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Nəsimi RPİnin 20-ci Polis bölməsinin sahə rəisi, polis mayoru Şahid1 raportla həmin idarənin rəisinə məruzə edərək ünvan 3 ünvanının qarşısında 1 (bir) nəfər şəxsin özünü şübhəli aparmasını gördüklərini və həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından Nəsimi RPİ-nin 20-ci PB-ə dəvət edildiyini bildirmişdir. Polis bölməsində olan zaman müəyyən olunmuşdur ki, həmin şəxs Bakı şəhəri, ünvan 2 ünvan 3-də yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı narkotik vasitə aludəçisi olduğunu söylədiyindən, həmin şəxsin üzərində qanunla qadağan edilmiş əşya, eləcə də narkotik vasitə olmasına dair əsaslı şübhələr yaranmışdır. 10 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 17-18) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. 10 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21-22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 10 sentyabr 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 40) görünür ki, Təqsirləndirilən şəxs barəsində keçiriləcək şəxsi axtarışda onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçi X1 iştirak etməməsinə dair etirazı olmamışdır. 10 sentyabr 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında qərardan (cild 1, iş vərəqə 41-42) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. 10 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 45-50) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı, o, bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində narkotik vasitə olan “kakos” var və könüllü olaraq həmin narkotik vasitəni təhqiqata təqdim etmək istəyir. Bundan sonra o, masaya yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki kütlə narkotik vasitə olan heroindir. Həmçinin verilən suallara cavab olaraq, təqdim etdiyi narkotik vasitəni istifadə etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə axşam saatlarında “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına baxış keçirilmiş, lakin hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə boş zərfə qoyularaq qablaşdırılmışdır. 10 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5027 nömrəli ekspertiza rəyindən (cild 01, iş vərəqə 57-59) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN “Zərflər üçün 188” möhür əksi, “Təqsirləndirilən şəxs və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,445 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, narkotik vasitələrin İ siyahısına daxildir. 11 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 68-69) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 12 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 01, iş vərəqə 86-87) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,395 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. 12 sentyabr 2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 481/2022 saylı qərarından (cild 01, iş vərəqə 93-97) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 10 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. 21 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 102) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 24 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 5463 nömrəli məcburi-narkoloji ekspertiza rəyindən (cild 01, iş vərəqə 111-112) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 17 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi Şəxsin 2763 saylı məhkəmə-psixiatrik ekspertiza rəyindən (cild 01, iş vərəqə 114-115) görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri əşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 14 noyabr 2022-ci il tarixli Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin cavab məktubundan (cild 1, iş vərəqə 110) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kimdən alması, habelə həmin kütlənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə ediməmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. 30 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 121-127) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,395 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 2,445 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə, saat 10:30-da ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində, başqa sözlə, özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis bölməsinə aparılmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd büküm aşkar edilmiş, həmin bükümün içərisində isə təmiz çəkisi 2,445 qram təşkil edən, yəni külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qismən etirafedici ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, lakin həmin vaxt narkotik vasitənin təsiri altında olduğunu və buna görə də polis əməkdaşları ilə razılaşaraq ona təqdim edilmiş sənədlərə qol çəkdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonraki dövrdə tutularkən üzərində narkotik vasitənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan 2,445 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı 20-ci Polis bölməsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, onun narkotik vasitələrin satışı ilə məşğul olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımış və üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,445 qram təşkil edən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa, o, uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini (nisbətən az olmasını) və onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,395 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 55 (əlli beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,395 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-562/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-562/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver