Məhkəmə qərarları › İş №1(101)-563/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-563/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-563/2020 09.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zərər çəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin hüquq sektorunun baş məsləhətçisi Nümayəndə müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1964-cü il fevralın 05-də Zəngilan rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.4.-cü, 310-cu və 32.4.,312.2.ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar digər şəxsin xeyrinə hərəkətin edilməsi, o cümlədən qanunsuz hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla özünün vasitəsi ilə rüşvət verməyə ayrı-ayrı şəxsləri təkrarən təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu, habelə Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 01 iyul tarixli Sərəncamı ilə təsdiq edilən «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası ilə əlaqədar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan məcburi köçkünlərə dövlət tərəfindən yeni evlərin inşası, qəsəbələrin salınması prosesindən məlumatlı olaraq həmin proqramın icrası çərçivəsində yeni tikiləcək evlərdən mənzillə təmin olunması, yaxud ayrılmış mənzil sahəsinin həcminin artırılmasına köməklik göstərilməsi barədə özünə müraciət edən ayrı-ayrı rayonlardan olan məcburi köçkünlərlə müxtəlif vasitələrlə tanış olarkən sonunculara 2019-cu ilin iyun-noyabr ayları ərzində Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsində rəhbər vəzifədə işləyən səlahiyyətli tanışlarının vasitəsi ilə dövlət tərəfindən Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı, Xətai rayonunun Əhmədli və Qaradağ rayonunun Qobu qəsəbələrində, Abşeron rayonunun Məhəmmədli kəndində və Sumqayıt şəhərində inşa edilən və məcburi köçkün ailələrinin məskunlaşması üçün nəzərdə tutulan yaşayış komplekslərində mənzillərin ayrılması və ya ayrılmış mənzillərin böyük həcmdə olan digər mənzillərlə əvəz edilməsi kimi işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla göstərilən məsələləri qeyd edilən komitənin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar ayrı-ayrı məcburi köçkünlərin xeyrinə edəcəyi hərəkətlərə görə özü vasitəsi ilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitlərinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd etmiş, özünə dair inam və etimad yaradaraq sövdələşdiyi ayrı-ayrı şəxslərdən, o cümlədən Kəlbəcər rayonundan məcburi köçkün Şahid2 Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün salınan yaşayış kompleksindən üçotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il iyulun ortalarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında sonuncudan 5.000 manat, təkrarən eyni niyyətlə Kəlbəcər rayonundan məcburi köçkün Şahid3 həmin yaşayış kompleksindən dördotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il iyulun sonunda Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında sonuncudan 16.000 manat, təkrarən eyni niyyətlə Kəlbəcər rayonundan məcburi köçkün Şahid7 Bakı şəhəri Qaradağ rayonunun Qobu qəsəbəsində məcburi köçkün ailələri üçün salınan «Qobu Park-2» yaşayış kompleksindən üçotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il avqustun 08-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında sonuncudan 5.000 manat, təkrarən eyni niyyətlə Kəlbəcər rayonundan məcburi köçkün Şahid4 göstərilən yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il avqustun əvvəlində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında sonuncudan 5.000 manat, təkrarən eyni niyyətlə Kəlbəcər rayonundan məcburi köçkün Şahid6 Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində məcburi köçkün ailələri üçün salınan yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il avqustun əvvəlində Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında sonuncudan 9.500 manat, təkrarən eyni niyyətlə Kəlbəcər rayonundan məcburi köçkün Şahid5 həmin yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il avqustun əvvəlində Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında sonuncudan 10.000 manat, təkrarən eyni niyyətlə Kəlbəcər rayonundan məcburi köçkün Şahid8 göstərilən yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il avqustun əvvəlində Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında sonuncudan 5.000 manat, təkrarən eyni niyyətlə Kəlbəcər rayonundan məcburi köçkün Şahid9 həmin yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il avqustun əvvəlində Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında sonuncudan 5.000 manat, təkrarən eyni niyyətlə Kəlbəcər rayonundan məcburi köçkün Şahid11 göstərilən yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il avqustun əvvəlində Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında sonuncudan 5.000 manat, təkrarən eyni niyyətlə Kəlbəcər rayonundan məcburi köçkün Şahid13 həmin yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il avqustun əvvəlində Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında sonuncudan 8.000 manat, təkrarən eyni niyyətlə Kəlbəcər rayonundan məcburi köçkün Şahid12 Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün salınan yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il avqustun 25də Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında sonuncudan 3.100 manat, təkrarən eyni niyyətlə Cəbrayıl rayonundan məcburi köçkün Şahid14 Bakı şəhəri Qaradağ rayonunun Qobu qəsəbəsində məcburi köçkün ailələri üçün salınan «Qobu Park-2» yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il sentyabrın sonunda Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən «Kəmalə-Nərmin» şadlıq sarayının qarşısında sonuncudan 4.500 manat, təkrarən eyni niyyətlə Cəbrayıl rayonundan məcburi köçkün Şahid18 göstərilən yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il oktyabrın ortalarında Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyası yaxınlığında sonuncudan 9.000 manat, təkrarən eyni niyyətlə Ağdam rayonundan məcburi köçkün Şahid19 həmin yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il oktyabrın sonunda Bakı Metropoliteninin «20 Yanvar» stansiyası yaxınlığında sonuncudan 5.000 manat, təkrarən eyni niyyətlə Cəbrayıl rayonundan məcburi köçkün Şahid10 Abşeron rayonunun Məhəmmədli kəndində məcburi köçkün ailələri üçün salınan yaşayış kompleksindən üçotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu ilin oktyabr və noyabr ayları ərzində Bakı şəhərinin Binəqədi rayonundakı 7-ci mikrorayon ərazisində sonuncudan hissə-hissə olmaqla cəmi 11.000 manat, təkrarən eyni niyyətlə Cəbrayıl rayonundan məcburi köçkün Şahid21 göstərilən yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu ilin oktyabr və noyabr ayları ərzində Abşeron rayonunun Masazır qəsəbəsində sonuncudan hissə-hissə olmaqla cəmi 3.400 manat, təkrarən eyni niyyətlə Füzuli rayonundan məcburi köçkün Şahid22 Bakı şəhəri Qaradağ rayonunun Qobu qəsəbəsində məcburi köçkün ailələri üçün salınan «Qobu Park-2» yaşayış kompleksindən üçotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il noyabrın 05-də Bakı Metropoliteninin «20 Yanvar» stansiyası yaxınlığında sonuncudan 38.000 manat məbləğində pul vəsaitlərini, yəni özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına xərcləyərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərin, yəni növbədənkənar mənzillərin ayrılması müqabilində özünün vasitəsi ilə birbaşa yolla maddi nemət olan pul vəsaitlərini rüşvət qismində verməyə adı çəkilən şəxsləri təkrarən təhrik etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən heç bir yerdə işləmədiyi halda ayrı-ayrı rayonlardan olan məcburi köçkünlərlə müxtəlif vasitələrlə tanış olarkən sonunculara 2019cu ilin sentyabr-oktyabr ayları ərzində özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin əməkdaşı kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətini mənimsəməklə dövlət tərəfindən Bakı şəhərinin Xətai rayonunun Əhmədli və Qaradağ rayonunun Qobu qəsəbələrində, Abşeron rayonunun Məhəmmədli kəndində və Sumqayıt şəhərində inşa edilən və məcburi köçkün ailələrin məskunlaşması üçün nəzərdə tutulan yaşayış komplekslərində mənzillərin ayrılması kimi işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla göstərilən məsələləri qeyd edilən komitənin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar ayrı-ayrı məcburi köçkünlərin xeyrinə edəcəyi hərəkətlərə görə özü vasitəsi ilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitlfərinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd etmiş, özünə dair inam və etimad yaradaraq sövdələşdiyi ayrı-ayrı şəxslərdən, o cümlədən Qubadlı rayonundan məcburi köçkün Şahid1 Bakı şəhəri Qaradağ rayonunun Qobu qəsəbəsində məcburi köçkün ailələri üçün salınan «Qobu Park-2» yaşayış kompleksindən sonuncunun və həmin şəxsin qohumu X15 hər birinin adına üçotaqlı mənzilin ayrılması işini həll edəcəyi vədi ilə 2019-cu ilin iyul ayı ərzində Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən «Kəmalə-Nərmin» şadlıq sarayının qarşısında sonuncudan hissə-hissə olmaqla cəmi 19.000 manat, təkrarən eyni niyyətlə Laçın rayonundan məcburi köçkün Şahid15 Sumqayıt şəhərindəki 13-cü mikrorayonda məcburi köçkün ailələri üçün salınan yaşayış kompleksindən iki üçotaqlı mənzil ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il sentyabrın sonunda və oktyabrın əvvəlində Bakı Metropoliteninin «20 Yanvar» stansiyası yaxınlığında sonuncudan hissəhissə olmaqla cəmi 10.500 manat, təkrarən eyni niyyətlə Cəbrayıl rayonundan məcburi köçkün Şahid16 Bakı şəhəri Qaradağ rayonunun Qobu qəsəbəsində məcburi köçkün ailələri üçün salınan «Qobu Park-2» yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il oktyabrın əvvəlində Bakı Metropoliteninin «20 Yanvar» stansiyası yaxınlığında sonuncudan 4.000 manat, təkrarən eyni niyyətlə Cəbrayıl rayonundan məcburi köçkün X8 göstərilən yaşayış kompleksindən üçotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu il oktyabrın 17-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən «Kəmalə-Nərmin» şadlıq sarayının qarşısında sonuncudan 6.500 manat, təkrarən eyni niyyətlə Cəbrayıl rayonundan məcburi köçkün Şahid20 Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində məcburi köçkün ailələri üçün salınan yaşayış kompleksindən üçotaqlı mənzilin ayrılması işini həll edəcəyi adı ilə 2019-cu ilin oktyabr və noyabr ayları ərzində Bakı Metropolitenin «Dərnəgül» stansiyası yaxınlığında hissə-hissə olmaqla cəmi 4.400 manat məbləğində pul vəsaitlərini, yəni özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına xərcləyərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərin, yəni növbədənkənar mənzillərin ayrılması müqabilində özü vasitəsi ilə birbaşa yolla maddi nemət olan pul vəsaitlərini rüşvət qismində verməyə adı çəkilən şəxsləri təkrarən təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə hüquqi şəxs olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan savayı Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan şəraitdə tanış olduğu Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs ilə 2019-cu ilin sentyabr ayında görüşərkən sonuncunun Bakı şəhərindən mənzil almaq niyyətini bildikdən sonra özünün bina tikintisi ilə məşğul olan müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə işləyən tanışlarının vasitəsi ilə ona bazar dəyərindən ucuz qiymətə mənzil almasına köməklik edə biləcəyini yalandan deyərək aldatmaqla inandırıb 2019-cu ilin sentyabr ayında «Şərur» mənzil-tikinti kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Telnov küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki ikiotaqlı mənzilin dəyərindən ucuz qiymətə, yəni 40.000 manata təcili olaraq satıldığını, belə fürsətin bir daha ələ düşməyəcəyini yalandan bildirməklə həmin evi almaq üçün 4.000 manat ilkin ödəniş etməli olduğunu, mənzilin dəyərindən qalan pulu isə mənzil adına rəsmiləşdirildikdən sonra kooperativin mühasibatlığına ödəyəcəyini söyləyib mənzilin dəyərindən ucuz qiymətə alması ilə bağlı sonuncuda özünə dair inam və etimad yaradaraq 2019-cu il sentyabrın sonunda Bakı Metropoliteninin «Azadlıq» stansiyası yaxınlığında 3.400 manat məbləğində pulu sonuncudan almaqla şəxsi ehtiyaclarına sərf etmiş, bununla da aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.4.-cü, 310-cu və 32.4.,312.2.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci və 178.2.4.-cü təqsirli bilərək ifadəsində göstərdi ki, 1989-cu ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsini bitirmiş, 1991-ci ildə Azərbaycan Respublikasının daxili işlər orqanlarında iş fəaliyyətinə başlamaqla 2017-ci ilin avqust ayına qədər Zəngilan Rayon Polis Şöbəsində sahə müvəkkili, Yol Patrul Xidmətində inspektor və bölmə rəisi vəzifələrində, 2018-ci ilin avqust ayından 2019-cu ilin avqust ayına qədər isə Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində «Bakı Şəhər İşığı» elektrik şəbəkə müəssisəsində mühəndis kimi çalışmışdır. Sonradan heç yerdə işləməmişdir. Uzun illər ərzində Zəngilan polisində işləməsi ilə əlaqədar göstərilən və digər rayonlardan olan məcburi köçkünləri tanımışdır. Əvvəllər maddi rifahı yaxşı olsa da sonralar çətinliklər yaşadığından tanışlarından aldığı borcları qaytara bilməmişdir. 2019-cu ilin iyun-iyul aylarında tanışı Şahid14 qonşusu X10 ilə birlikdə ona müraciət edərək Bakı şəhərinin Qaradağ rayonundakı məcburi köçkün ailələri üçün «Qobu Park-2» yaşayış kompleksindən onlara mənzil verilməsində köməklik etməsini xahiş etmişlər. O, sonunculara hansısa yolla kömək edə biləcəyini düşünüb özü də müəyyən qədər pul qazanmaq və ayrı-ayrı şəxslərə olan pul borcundan ödəməkdən ötrü Ayseldən 6.500 manat, Vahiddən isə 4.500 manat məbləğində pul almış, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsində işləyən ona kömək edə biləcək tanış adam axtarsa da tapmamış, pulu xərclədiyindən qaytara bilməmiş, buna görə bir müddət Vahidə və Ayselə yalandan mənzillərin ayrılmasının yaxın müddətdə həll ediləcəyini deyərək müxtəlif bəhanələr ilə vaxtı uzatmış, Ayselin hüquq-mühafizə orqanlarına şikayət etdiyini eşitdikdə sonuncunun və Vahidin pulunu tam şəkildə ödəmişdir. O, eyni qaydada Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı, Xətai rayonunun Əhmədli və Qaradağ rayonunun Qobu qəsəbələrində, Abşeron rayonunun Məhəmmədli kəndində və Sumqayıt şəhərində məcburi köçkünlərin yerləşdirilməsi üçün inşa edilən yaşayış komplekslərindən mənzillər ayrılması adı ilə Şahid19 5.000 manat, Şahid3 16.000 manat, Şahid2 5.000 manat, Şahid7 5.000 manat, Şahid6 9.500 manat, Şahid5 7.000 manat, Şahid9 5.000 manat, Şahid8 5.000 manat, Şahid11 5.000 manat, Şahid13 7.000 manat, Şahid4 5.000 manat, Şahid12 3.100 manat, 2019-cu ilin sentyabr ayında Şahid20 4.400 manat, Şahid10 11.000 manat, Şahid21 3.400 manat, Şahid15 10.500 manat, Şahid1 18.000 manat, Şahid16 4.000 manat, Şahid18 9.000 manat, Şahid22 38.000 manat, Zərərçəkmiş şəxs 3.400 manat məbləğində pul almaqla şəxsi ehtiyaclarına və başqa şəxslərə olan borclarının ödənilməsinə sərf etmişdir. 2019-cu ilin noyabr ayında Elşənin, Nahidin, Kənanın, Esmiranın və Xanların pulu tam şəkildə qaytarsa da digər şəxslərin pulunu verə bilməmişdir. Nəsimidən, Təranədən, Cəlildən aldığı pulu qaytarmağı bacarmamış, Elşada 9.600 manat, Cəmşirə 5.000 manat, Elcana 1.900 manat pul qaytarıb müvafiq olaraq 8.400 manat, 33.000 manat və 1.500 manat borcu qalmışdır. Özünü heç kimə vəzifəli şəxs kimi təqdim etməmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhərindən mənzil almaq istədiyindən 2019-cu ilin sentyabr ayında hansısa maklerin vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs ona «Şərur» mənzil-tikinti kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Telnov küçəsində inşa edilən binanın 10-cu mərtəbəsindəki ikiotaqlı mənzil almaq üçün 4.000 manat məbləğində ilkin ödəniş etməli olduğunu, qalanını yaşayış sahəsini adına rəsmiləşdirdikdən sonra kooperativin mühasibatlığına ödəyəcəyini söyləyib mənzili dəyərindən ucuz qiymətə almasına dair onu inandıraraq həmin vaxt Bakı şəhərinin Binəqədi rayonu ərazisində ondan iki dəfəyə 3.400 manat almışdır. Aldadıldığını başa düşüb pulunu geri tələb etmiş və 1.900 manat məbləğində vəsaitinin qaytarılmasına nail olmuşdur. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Qubadlı rayonundan məcburi köçkün olmaqla çoxdan tanıdığı, 2019-cu ilin iyul ayında görüş zamanı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsində işə qəbul olunduğunu bildirərək Bakı şəhəri Qaradağ rayonunun Qobu qəsəbəsindəki məcburi köçkün ailələri üçün «Qobu Park-2» yaşayış kompleksindən onun və qohumu X15 adlarına üçotaqlı mənzillərin ayrılmasını vəd edən Təqsirləndirilən şəxs Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən «Kəmalə-Nərmin» şadlıq sarayının qarşısında ondan hissə-hissə 19.000 manat almışdır. Sonuncunun yalan danışdığını başa düşüb mənzilləri təhvil verməsini ya pulunu geri tələb etdikdə Seyidəmir bir neçə dəfəyə 6.500 manatı qaytarmış, qalan 12.500 manat pulu isə indiyə kimi verməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 1994-cü ildən tanıyır. Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı, Xətai rayonunun Əhmədli və Qaradağ rayonunun Qobu qəsəbələrindəki məcburi köçkünlərin ailələləri üçün yaşayış komplekslərindən müvafiq mənzillər təşkil edəcəyini vəd edən Seyidəmirə sonuncunun təklifi ilə 2019-cu ilin iyul və avqust aylarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında o, 16.000 manat, onun kimi Kəlbəcər rayonundan məcburi köçkünlər olan qohumları Şahid7 5.000 manat, Şahid5 10.000 manat, Şahid6 9.500 manat, Şahid11 5.000 manat, Şahid9 5.000 manat, Şahid8 5.000 manat, Şahid12 3.100 manat, Şahid13 15.000 manat və Şahid4 5.000 manat məbləğində pulu vermişlər. Seyidəmir hər dəfə müxtəlif bəhanələr uydurmaqla vaxtı uzatdığından o, sonuncunun yalan danışdığını başa düşmüş, özünün və qohumlarının pulunu geri tələb etdikdə Seyidəmir Əlövsətin pulundan 8.000 manatını ödəmiş, onun və digərlərinin pulunu isə qaytarmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid9 və Şahid13 Şahid3la eyni məzmunlu ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid15 ifadəsində göstərdi ki, o, Laçın rayonundan məcburi köçkün olmaqla 2014-cü ildə avtomobil ustası kimi fəaliyyət göstərərkən tanıdığı, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsində işləməklə bir neçə gün ərzində məsələni həll edəcəyini bildirən Təqsirləndirilən şəxs Sumqayıt şəhərindəki 13-cü mikrorayondakı məcburi köçkün ailələri üçün yaşayış kompleksindən ona dördotaqlı, övladı X11 adına rəsmiləşdiriləcək üçotaqlı mənzillər ayrılmasına görə Bakı Metropoliteninin «20 Yanvar» stansiyası yaxınlığında hissə-hissə olmaqla ümumilikdə 10.500 manat vermiş, lakin Seyidəmir sözünə əməl etmədiyindən o, pulunu geri tələb etsə də nəticəsi olmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid18 ifadəsində göstərdi ki, o, Cəbrayıl rayonundan məcburi köçkün olmaqla uzun illər tanıdığı Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonunun Qobu qəsəbəsindəki məcburi köçkün ailələri üçün «Qobu Park-2» yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılmasına görə 2019-cu il oktyabrın ortalarında Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyası yaxınlığında sonuncuya 9.000 manat versə də Seyidəmir onu aldatdığından pulunu geri tələb etmiş və 2019-cu il dekabrın əvvəlində vəsaitinin tam şəkildə qaytarmasına nail olmuşdur. İş üzrə şahid qismində dindirilən Şahid10 ifadəsində göstərdi ki, o, Cəbrayıl rayonundan məcburi köçkün olmaqla Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsində işçisi kimi özünü qələmə verən Təqsirləndirilən şəxs Abşeron rayonunun Məhəmmədli kəndindəki məcburi köçkün ailələri üçün yaşayış kompleksindən özünə ikiotaqlı, Novruz adlı qohumuna Bakı şəhəri Qaradağ rayonunun Qobu qəsəbəsindəki məcburi köçkün ailələri üçün «Qobu Park-2» yaşayış kompleksindən üçotaqlı mənzillərin ayrılmasına görə 2019-cu ilin oktyabr və noyabr ayları ərzində Bakı şəhərinin Binəqədi rayonundakı 7-ci mikrorayon ərazisində hissə-hissə olaraq cəmi 11.000 manat vermişdir. Bir müddət sonra Azərbaycan Respublikasının sonuncunun həbs edildiyini eşidəndə onları aldatdığını başa düşmüşdür. Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2019-cu il 26 dekabr tarixli barışıq ərizəsini o, yazsa da hazırda pulu qaytarılmadığından ərizədən imtina edir. İş üzrə şahid qismində dindirilən Şahid21 ifadəsində göstərdi ki, o, Cəbrayıl rayonundan məcburi köçkün olmaqla Abşeron rayonunun Məhəmmədli kəndindəki məcburi köçkün ailələri üçün yaşayış kompleksindən ikiotaqlı mənzilin ayrılmasını vəd edən Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr və noyabr ayları ərzində Abşeron rayonunun Masazır qəsəbəsində hissə-hissə olmaqla cəmi 3.400 manat versə də sonuncu işini düzəltməmiş və pulunu qaytarmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid22 ifadəsində göstərdi ki, o, Füzuli rayonundan məcburi köçkün olmaqla uzun illər tanıdığı və hörmətlə yanaşdığı, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsində tanışlarının olduğunu bildirən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonunun Qobu qəsəbəsindəki məcburi köçkün ailələri üçün «Qobu Park-2» yaşayış kompleksindən ona üçotaqlı mənzilin ayrılmasından ötrü 2019-cu il noyabrın 05-də Bakı Metropoliteninin «20 Yanvar» stansiyası yaxınlığında 38.000 manat versə də heç bir nəticəsi olmamış, dalınca düşüb şikayət edəcəyini bildirəndən sonra sonuncu ona yalnız 5.000 manat pulunu qaytarmışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma zamanı Cəbrayıl rayonundan məcburi köçkünlər Şahid14, Şahid16, X6 və Şahid20, Ağdam rayonundan məcburi köçkün Şahid19 şahid qismində dindirilmərindən birincisi, ikincisi, üçüncüsü və beşincisi Bakı şəhəri Qaradağ rayonunun Qobu qəsəbəsindəki məcburi köçkün ailələri üçün «Qobu Park-2», dördüncüsü Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsindəki məcburi köçkün ailələri üçün yaşayış komplekslərindən onlara mənzillərin ayrılmasına görə Şahid14 4.500 manat, Şahid16 4.000 manat, X10 6.500 manat, Şahid19 5.000 manat, Şahid20 4.400 manat Təqsirləndirilən şəxs verdikləri, sonuncu Şahid14, Şahid16, Şahid19 vurduğu ziyanı tam şəkildə ödəyib Şahid20 2.000 manat pulunu qaytararaq aldığı vəsaiti X8 indiyədək qaytarmadığı müəyyən edilir. (2-ci cild, iş vərəqi 17- 31 və 110-120). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırmada şahid qismində dindirilən Şahid2, Şahid4, Şahid12, Şahid7, Şahid5, Şahid6, Şahid8 və Tahir Ələmdar oğlu Babaxanov Şahid3la analoji ifadələr vermişlər (1-ci cild, iş vərəqi 121-126, 163-168, 181-186, 187-191,197-201, 202-206, 216-220 və 2-ci cild, iş vərəqi 156-159). İş materiallarındakı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi 2019-cu il 10 dekabr tarixli protokoldan görünür ki, 2019-cu il noyabrın 22-də saat 1128-dən saat 2117yə, 2019-cu il noyabrın 27-də saat 1350-dən saat 1839-a qədər, 2019-cu il noyabrın 28-də saat 1410-da və 2019-cu il noyabrın 29-da saat 0927-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı, X12 istifadəsində olan ***-***-**-** saylı, X9 istifadəsində olan ***-***-**-** saylı, Şahid19 istifadəsində olan ***-***-**-** saylı, Şahid18 istifadəsində olan ***-***-**-** saylı, Şahid22 istifadəsində olan ***-***-**-** saylı, Şahid16 istifadəsində olan ***-***-**-** saylı, X4 istifadəsində olan ***-***-**-** saylı, X2 istifadəsində olan ***-***-**-** saylı, Samir Aslanovun istifadəsində olan ***-***-**-** saylı, Coşqun adlı şəxsin istifadəsində olan ***- ***-**-** saylı, Şahid20 istifadəsində olan ***-***-**-** saylı, Şahid14 istifadəsində olan ***- ***-**-** saylı, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı, Şahid2 istifadəsində olan ***-***-**-** saylı, Şahid1 istifadəsində olan ***-***-**-** saylı, Şahid13 istifadəsində olan ***-***-**-** saylı, Şahid1 istifadəsində olan ***-***-**-** saylı, X6 istifadəsində olan ***-***-**-** saylı və Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında telefon danışıqları qeydə alınmışdır (1-ci cild, iş vərəqi 46-68). İş materiallarındakı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi 2019-cu il 12 dekabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.4.-cü və 310-cu maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 85-86). İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2019-cu il 13 dekabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.4.-cü və 310-cu maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 127-129). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2019-cu il 13 dekabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.4.-cü və 310-cu maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il dekabrın 12-dən hesablanmaqla 03 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 147-150). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin 2020-ci il 29 yanvar tarixli 016-8543-1220 nömrəli məktubundan görünür ki, idarənin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazaçına görə Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi yoxdur (2-ci cild, iş vərəqi 45). İş materiallarındakı Zəngilan Rayonu İcra Hakimiyyəti başçısının Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 13 mart tarixli 184 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zəngilan şəhərində daimi qeydiyyatda olan məcburi köçkündür, hazırda müvəqqəti olaraq ünvan 2 ünvanında məskunlaşmışdır, ailə üzvləri arvadı X5 və övladı X1 ibarətdir (2-ci cild, iş vərəqi 118). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 13 mart tarixli 1961 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd «Verbatim» markalı CD diskində olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarələnən diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur, ekspertiza tədqiqatının dəyəri 350 manatdır (2-ci cild, iş vərəqi 129-151). İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2020-ci il 18 mart tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ilə ayrı-ayrı şəxslər arasındakı telefon danışıqlarına dair audioyazılarının əks olunduğu bir ədəd CD diski maddi sübut kimi tanınmışdır (2-ci cild, iş vərəqi 205-206). İş materiallarındakı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin Mütəxəssis Təhlilləri Şöbəsinin tərtib etdiyi 2020-ci il 19 mart tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4952 saylı bağ evinin 2020-ci il martın 19-na bazar dəyəri 124.534,0 manat, likvid dəyəri isə 103.986,0 manat təşkil edir; bağ evinin yerləşdiyi 0,0832 ha torpaq sahəsinin hüdudları daxilində olan yarımzirzəmi, bir mərtəbədən ibarət dördotaqlı orta təmirli fərdi yaşayış evi və həmin torpaq sahəsinə bitişik mişar daşı ilə hasarlanan 0,117 ha torpaq sahəsinin qiymətləndirilməsi mümkün olmamışdır (2-ci cild, iş vərəqi 209-214). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 23 mart tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qohumu X13 adına rəsmiləşdirilən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952 nömrəli bağ evinin üzərinə həbs qoyulmuşdur (2-ci cild, iş vərəqi 221-223). İş materiallarında olan Şahid1 istintaqa təqdim etdiyi 2019-cu il 12 dekabr tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan 19.000 manat məbləğində zərərin 6.500 manatı ödənilmişdir (3-cü cild, iş vərəqi 1). İş materiallarındakı istintaqa təqdim edilən notariat qaydasında təsdiq olunmuş şahidlər X6 və Şahid2 2019-cu il 19 dekabr, Şahid20 və Şahid14 2019-cu il 20 dekabr və 2019-cu il 24 dekabr tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulan ziyan tamamilə ödənilmişdir, sonuncuya qarşı heç bir şikayətləri, tələbləri, iddiaları yoxdur və gələcəkdə də olmayacaqdır (3-cü cild, iş vərəqi 2-4 və 6). İş materiallarındakı Şahid5 istintaqa təqdim etdiyi 2019-cu il 25 dekabr tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan 10.000 manat məbləğində zərərin 3.000 manatı ödənilmişdir (3-cü cild, iş vərəqi 5). İş materiallarındakı şahidlər Şahid16 2020-ci il 22 yanvar, Şahid19 2020-ci il 03 fevral və Şahid18 istintaqa təqdim etdikləri 2020-ci il 12 fevral tarixli ərizələrindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulan 4.000 manat, 5.000 manat və 9.000 manat məbləğində zərər tamamilə ödənilmişdir (3-cü cild, iş vərəqi 7-8 və 10). İş materiallarındakı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 2020ci il 12 fevral tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan 3.400 manat məbləğində zərərin 1.900 manatı ödənilmişdir (3-cü cild, iş vərəqi 9). İş materiallarındakı Şahid13 istintaqa təqdim etdiyi 2020-ci il 20 fevral tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan 15.000 manat məbləğində zərərin 8.000 manatı ödənilmişdir (3-cü cild, iş vərəqi 11). İş materiallarındakı Şahid13 istintaqa təqdim etdiyi 2020-ci il 20 fevral tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan 38.000 manat məbləğində zərər tamamilə ödənilmişdir, sonuncu ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (3-cü cild, iş vərəqi 12). İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2020-ci il 19 mart tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020-ci il 20 mart tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.4.-cü və 310-cu maddələrindən həmin Məcəllənin 178.2.2.-ci, 178.2.4.-cü, 310-cu və 32.4.,312.2.-ci maddələrinə tövsif edilməklə ona sonuncu maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, X7 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, telefon danışıqlarına dair məlumatların yazıldığı bir ədəd «Verbatium» markalı CD diskinin maddi sübut kimi tanınması nəzərə alınmışdır (3-cü cild, iş vərəqi 13-119). Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq olunmuş şahidlər Şahid3, Şahid8, Şahid4, Şahid7, Şahid22 və Şahid12 2019-cu il 19 dekabr, 2019-cu il 24 dekabr, 2019-cu il 25 dekabr və 2019-cu il 26 dekabr tarixli ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxsla barışmışlar, sonuncuya qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2020-ci il 18 avqust tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin 2020-ci il 28 avqust tarixli müraciətindən görünür ki, Təqsirləndirilən şəxsla heç bir faktiki və hüquqi əlaqələr mövcud olmamaqla sonuncuya qarşı heç bir şikayəti yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.4.-cü, 310-cu və 32.4.,312.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.4.-cü, 310-cu və 32.4.,312.2.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs verilən ittahamda özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri özünümüdafiə xarakteri daşımaqla seçmiş olduğu bu cür taktika tərəfindən heç də kifayət qədər əsaslandırılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olduğundan, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cərimə növündə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Yuxarıda qeyd olunan Plenum qərarının 20-ci bəndində qeyd edilir ki, CM-in 69.4.-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxs bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-in 69.4.-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4.-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2019-cu il dekabrın 12-dən hökm çıxarılanadək həbsdə saxlanıldığı 09 ay 27 gün müddət CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı, onun barəsində təyin edilmiş cərimə növündə cəzadan çıxılmalı və üzərində qəti olaraq cərimə cəzası saxlanılmalı, hökmün icrası Bakı şəhərinin Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 23 mart tarixli qərarı əsasında üzərinə həbs qoyulmuş X13 adına rəsmiləşdirilən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952 nömrəli bağ evi həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 248.3.-cü maddəsinə görə, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs və Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınan telefon danışıqlarına dair məlumatların yazıldığı bir ədəd «Verbatium» markalı CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 350 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəməyə təqdim olunan hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 48 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 288 manat köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci və 178.2.4.-cü maddələri ilə təqsirli bilinib 5.000 (beş min) manat məbləğində, Azərbaycan Respublikasının CM-nin 310-cu maddəsi ilə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində, Azərbaycan Respublikasının CM-nin 32,4., 312.2.-ci maddələri ilə təqsirli bilinib 8.000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 12.000 (on iki min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2019-cu il dekabrın 12-dən hökm çıxarılanadək həbsdə saxlanıldığı 09 ay 27 gün nəzərə alınsın, ona təyin edilmiş 12.000 (on iki min) manat məbləğində cərimə cəzasından 7.000 (yeddi min) manat çıxılsın və üzərində qəti olaraq 5.000 (beş min) manat məbləğində cərimə cəzası saxlanılsın. Hökmün icrası Bakı şəhərinin Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınan telefon danışıqlarına dair məlumatların yazıldığı bir ədəd «Verbatium» markalı CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 288 manat köçürülsün. 350 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 23 mart tarixli qərarı əsasında üzərinə həbs qoyulmuş X13 adına rəsmiləşdirilən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952 nömrəli bağ evi həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar