Məhkəmə qərarları › İş №1(101)-563/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-563/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-563/2025 14.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X14 və X ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1987-ci ildə Masallı rayonu Tatyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 fevral 2025-ci il tarixdə, saat 17:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasının vətəndaşı “Mətləb” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs özünün gəlir əldə etməsi müqabilində İran İslam Respublikasının vətəndaşı “Mətləb” adlı şəxsin və qeyrilərinin sifarişi ilə içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları Bakı şəhəri Xəzər rayonuna gətirməsi və gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi ilə məlum olmayan tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasının vətəndaşı “Mətləb” adlı şəxs və qeyriləri vasitəsi ilə Bakı şəhəri Suraxanı rayonu ərazisində yol kənarına qoyulmuş külli miqdarda olan 5040 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib ünvan 2 ünvana daşımaqla əlində tutduğu 1 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan mətndə - BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 5 yanvar 2024-cü il tarixdə, saat 20:50-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 22:45-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əlində saxladığı 1 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1695 qram, 1740 qram və 1605 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 5040 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və tərəflərin dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, özünü həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə törədilmiş əməldə təqsirli bilərək 16 oktyabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasındakı ifadəsində göstərdi ki, o, saxlanılmamışdan iki ay əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə Baba kimi müraciət etdiyi Mətləb adlı şəxslə tanış olmuş, sonuncu 30 dekabr 2023-cü il tarixdə ona zəng edərək narkotik vasitələrin dövriyyəsinə dair müvafiq təkliflər etmişdir. O, Mətləbin təkliflərini rədd etməsinə baxmayaraq, sonuncu üç gün sonra yenidən zəng edərək Cəlilabad rayonunda yerləşən kəndlərin birində “malları” götürə bilibbilməcəyini soruşmuş, o da cavabında bir daha onunla əlaqə saxlamamasını bildirmişdir. Lakin Mətləb 5 yanvar 2024-cü il tarixdə ona yenidən zəng edərək “malların” Bakı şəhərində olduğunu, habelə başqa şəxs tərəfindən “malların” götürülərək aldadıldığını, bu səbəbdən ondan “malları” götürüb Mərdəkan ərazisində yol kənarına atmağını, bunun müqabilində isə ona 1500 manat məbləğində pul verəcəyini vəd etmişdir. Bundan sonra o, iranlının dediyi ünvana gedib “malları” götürdükdən sonra həmin yerdə polis əməkdaşları tərəfindən tutulmuşdur. O, iranlının bildirdiyi ünvana gedərkən bağlamada narkotik vasitə olmasını bilmiş, həmin narkotik vasitəni Ramana ərazisindən götürüb Mərdəkana gedən yol kənarına atdıqdan sonra isə şəklini çəkib Mətləbə göndərməyi planlaşdırmışdır. O, qeyd olunan ünvana iranlı şəxsin ona göndərdiyi “konum” əsasında taksi sürücüsü kimi fəaliyyət göstərən dostu Turanla birlikdə getmiş, sonuncuya guya qohumlarından bağlama götürməyə getdiklərini bildirərək əsl məqsədini gizlədib ona yalan danışmış, habelə Turanın mobil telefonunun işığından fənər kimi istifadə etmək üçün götürüb öz mobil telefonu ilə iranlı şəxslə əlaqə saxlamışdır. O, bağlamanı tapa bilmədikdə əsəbiləşdiyindən telefonla qışqıra-qışqıra danışmış, bu zaman Turan onun danışıqlarından həmin əraziyə gəlmə səbəbini başa düşərək onunla mübahisə edərək mobil telefonunu götürmədən ərazini tərk etmişdir. O, bağlamanı axtarıb tapdıqdan sonra geri qayıdarkən yolda Turanın qayıtdığını görüb sonununcunun onu götürmək üçün gəldiyini düşünmüş, Turan idarə etdiyi avtomobili saxladıqda avtomobilin yük yerinə əlindəki bağlamanı qoymaq üçün açmasını bildirmiş, Turan isə bundan imtina edərək mobil telefonunu geri istəmiş, Turanla mübahisə edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq hər ikisi Baş İdarəyə aparılmışlar. O, polis əməkdaşları tərəfindən saxlanılarkən bağlama onun əlində olmuşdur. O, avtomobildə olarkən Turana mövcud vəziyyətlərinin daha da ağırlaşması, eləcə də onlara qarşı fiziki təzyiq göstərilmə ehtimallarını bildirərək hər ikisinin əlbirliklə cinayət əməlini törətmələrinə dair ifadə verməyi təklif etdikdə sonuncu onunla razılaşmış, lakin onlara qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq olmamışdır. O, məhkəməyədək icraat zamanı 6 yanvar 2024-cü il tarixdə izahat vermiş, 7 yanvar 2024-cü il tarixdə müstəntiq tərəfindən əlbirliyin mahiyyəti ona izah edildikdən sonra narkotik vasitəni yalnız özünün götürdüyünü, ilkin ifadəsində yalan ifadə verdiyini bildirərək Turanın ümumiyyətlə heç nədən xəbərinin olmadığını etiraf etmişdir. O, narkotik vasitəni götürməyə getmək üçün əvvəlcə Turandan avtomobil istəmiş, lakin sonuncu buna razılıq vermədiyindən ona birlikdə getməyi təklif etmişdir. Şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış zamanı videoçəkilişdən əvvəl nə ona qarşı, nə də Turana qarşı hər hansı təzyiq olmamışdır. O, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə mümkün ola biləcək təzyiqlərdən qorxduğu üçün, habelə əlbirliyinin onun vəziyyətinin yüngülləşdirəcəyini düşündüyündən Turanla əlbir olduqlarına dair yalan ifadə vermişdir.

3. Davam edən məhkəmə baxışı üzrə məhkəmə iclasları zamanı (bax 13 dekabr 2024, 15 yanvar 2025 və 7 fevral 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclas protokollarına) verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, o, Turanla birlikdə olarkən üç avtomobillə hadisə yerinə gəlmiş 8-9 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilmiş, şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 isə onun saxlanılmasında ümumiyyətlə iştirak etməmiş, sonuncu sonradan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı videoçəkiliş aparılarkən orada iştirak etmiş, Şahid1 tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamış, pis rəftara məruz qalmamışdır. O, saxlanılarkən əlində narkotik vasitə olan torba olmamış, avtomobilə əyləşdirildikdən sonra polis əməkdaşları onun yanına “yarım meşok” un kisəsi qoymuşlar. O, hadisə yerinə ona atılmış “konum” əsasında getmiş, yolda olarkən isə Turana istiqaməti özü vermiş, aralarında hər hansı əlbirlik əlaqəsi olmamışdır. Onlar Baş İdarəyə havanın qaranlıq vaxtı aparılmış, İdarədə ona torbanı götürməsi tapşırıldığından torbanı götürmüş, lakin həmin torba ona məxsus olmamışdır. İdarədə olarkən polis əməkdaşları ona işgəncə verərək torbadakı narkotik vasitənin onlara məxsus olmasına dair ifadə verməsini tələb etdiyindən Turanla əlbir olmasına dair yalan ifadə vermişdir. Şahid qismində dindirilmiş polis əməkdaşları Ayaz Əhmədov və Mahmud Yusubov onun saxlanılmasında iştirak etməklə ona fiziki və psixi təzyiq göstərmiş, həmin təzyiqlər nəticəsində sol barmağında şiş yaranmış, lakin bu barədə hər hansı şəxsə və ya orqana müraciət etməmiş, şahid qismində dindirilmiş digər polis əməkdaşları Murad Sədizadə və Ziya Paşabəyli də onun saxlanılmasında iştirak etsələr də sonuncular ona qarşı hər hansı təzyiq göstərməmişlər. Polis əməkdaşları Turanın yanında onu döyməmişlər. Turanla birlikdə avtomobildə olarkən saxlanılmamış, saxlanılarkən avtomobildən 200-300 metr kənarda olmuşdur. Şahid2 məhkəmə baxışı üzrə məhkəmə iclasında verdiyi ifadəsinin guya onun əlində “meşok” olmasından başqa digər hissələri həqiqəti əks etdirir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməlindən çox peşman olduğunu, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, narkomaniya xəstəliyindən əziyyət çəkməklə həmin xəstəlikdən müalicə olunmaq istədiyini və 37 yaşında olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona ədalətli cəza təyin etməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə 7 yanvar 2024-cü, 9 aprel 2024-cü və 16 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid2 bu məsələyə heç bir aidiyyəti olmamış, bütün baş verənlər onun özü ilə bağlı olmuşdur. Bir neçə ay əvvəl sosial şəbəkə vasitəsi ilə Mətləb adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olduqdan sonra Mətləb ona “whatsapp” mobil tətbiqində zəng edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları götürməyi təklif etmiş, lakin əvvəlcə Mətləbin bu təklifini rədd etmişdir. Tutulmamışdan təxminən 2 gün əvvəl, yəni 3 yanvar 2024-cü il tarixdə Mətləb yenidən zəng edərək artıq həmin bağlamanın Bakı şəhərində olduğunu, bağlamanı Suraxanı rayonu ərazisindən götürüb Mərdəkan qəsəbəsi ərazisinə çatdırdığı təqdirdə gördüyü işin müqabilində ona 1500 manat pul göndərəcəyini bildirmişdir. Bu təkliflə razılaşmış və həmin bağlamanı götürdüyü zaman ona avtomobil lazım olduğunu düşünmüşdür. Bu məqsədlə də iş yoldaşı və tanışı Şahid2 müraciət edib sonuncuya guya Masallı rayonundan qohumlarının bayramlıq ərzaq məhsulları-limon, meyvə-tərəvəz və s. göndərdiklərini, həmin məhsulların Suraxanıda olduğunu, onların çəkisinin ağır olduğu üçün avtomobilə ehtiyacının olduğunu, bir günlük Turanın istifadəsində olan “Vaz 21703” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ona verməsini xahiş etmişdir. Bu zaman Turan avtomobili ona verdiyi təqdirdə yol polisinin avtomobili saxlayıb sənədlərin (etibarnamə) qaydasında olmadığı üçün avtomobili duracağa aparacağını bildirərək avtomobili verməkdən imtina etmişdir. Turanın avtomobili vermədiyini gördüyü üçün Turandan həmin ünvana onunla birlikdə getməsini xahiş etmiş, sonuncu da boş vaxtı olduğunu bildirərək onunla getməyə razılaşmışdır. 5 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində onlar birlikdə avtomobilə əyləşmiş və həmin ünvana yollanmışlar. Turanı şübhələndirməmək üçün qohumunun Suraxanıda yaşadığı ünvanı dəqiq xatırlamadığını, qohumunun “whatsappda” ünvanın koordinatlarını ona göndərdiyini bildirərək Turanı aldatmış, əslində isə iranlının göndərdiyi ünvana doğru Turanı istiqamətləndirmişdir. Ünvana çatdıqları zaman Turana avtomobildə onu gözləməsini, özünün qohumu ilə görüşüb geri qayıdacağını demiş, saatın gec olması səbəbindən ətrafın qaranlıq olduğu üçün bağlamanı tapmağa ona fənər lazım olacağını düşünmüşdür. Lakin öz telefonu ilə iranlı ilə danışacağını nəzərə alaraq Turandan telefonu götürüb həmin telefonun fənər funksiyasından istifadə etmək istəmiş, buna görə də Turandan telefonunda olan fənərin işləyib-işləmədiyini soruşmuşdur. Turan fənərin işlədiyini dedikdə Turana guya öz telefonunun enerjisinin az qaldığını deyərək, ona telefonunu verməsini xahiş etmişdir. Bundan sonra bir əlində Turanın telefonu, bir əlində öz telefonu göndərilmiş ünvana doğru tək piyada hərəkət etmişdir. Təxminən 5 dəqiqə ərazini axtarsa da, narkotik vasitə olan bağlamanı tapa bilməmiş və öz telefonu ilə Mətləbə zəng edərək ona acıqlanıb onu nə üçün yalandan bura gətirdiyini, narkotik vasitəni tapa bilmədiyini bildirmişdir. Mətləb ona israrla bağlamanı həmin ünvana qoyduğunu, ərazini yaxşı axtarmağını demiş, bu zaman kiminsə arxadan yaxınlaşıb qolundan tutduğunu hiss etmişdir. Arxaya baxdıqda həmin şəxsin Turan olduğunu görmüşdür. Turan ondan nə iş gördüyünü, nə üçün bu əraziyə gəldiklərini soruşmuşdur. Turana yenidən guya qohumu ilə görüşüb rayondan göndərilmiş ərzaqları götürəcəyini bildirdikdə, Turan az əvvəl onun telefonla olan danışığını eşitdiyini, kiməsə Baba deyə müraciət etdiyini deyib, nəyi axtardığını soruşmuşdur. Artıq bu məsələni gizlədə bilməyəcəyini başa düşdüyü üçün məcbur olaraq Turana həqiqəti bildirmişdir. Turana Mətləb adlı iranlı tanışının olduğunu, onun göstərişi ilə bu əraziyə gəldiyini, orada gizlədilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı götürüb Mərdəkan qəsəbəsinə aparmağı müqabilində Mətləbin ona 1500 manat pul göndərəcəyini bildirmişdir. Turan çox əsəbləşmiş və onu bu işə saldığına görə qışqıraraq söyüşlərlə onu təhqir etmişdir. Bu zaman Turana sakit danışmasını, bir az da qışqırsa problem yarana biləcəyini bildirmişdir. Turan bu sözlərə məhəl qoymayaraq onu təhqir edə-edə avtomobilə əyləşib oradan uzaqlaşmış, özü isə məcbur olaraq tək iranlının göndərdiyi bağlamanı axtarmağa davam etmişdir. Təxminən 2-3 dəqiqə sonra həmin bağlamanı yol kənarından taparaq götürmüş və yol kənarından taksi tutaraq bağlamanı Mərdəkana aparmaq məqsədi ilə yola doğru piyada hərəkət etmişdir. Bu zaman qarşıdan Turanın avtomobilinin gəldiyini görmüş və Turanın onu təhlükədə qoymamaq üçün qayıtdığını düşünmüşdür. Turan avtomobildən düşdükdən sonra özünün telefonunun onda qaldığını deyərək telefonu geri qaytarmasını tələb etmişdir. Turana telefonu geri qaytardıqdan sonra Turan onunla yenidən mübahisə edib həmin telefon ilə kiminləsə danışıb-danışmadığını soruşmuşdur. Turana həmin telefon vasitəsi ilə heç kimlə danışmadığını demiş və Turandan avtomobilin yük yerini açmasını, onu Mərdəkana aparmasını xahiş etdiyi zaman Turan qəti şəkildə avtomobilin yük yerini açmayacağını bildirmişdir. Bu söhbət baş verdiyi zaman Turan və o, avtomobilin yanında dayanmış və anidən polis əməkdaşları yaxınlaşaraq onlara narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Həmin zaman artıq qaça bilməyəcəyini başa düşdüyü üçün polis əməkdaşlarına əlindəki bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları üzərlərinə şəxsi axtarış keçirmək məqsədi ilə Baş İdarəyə dəvət etmişlər. Turan polis əməkdaşlarına dəfələrlə üzərində narkotik vasitə olmadığını, onun əlində olan narkotik vasitədən hər hansı məlumatının olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları həmin şəxslərə tutulduqları ərazidə üzərilərini yoxlamağa şərait olmadığı, üzərilərini Baş İdarədə yoxlaya biləcəklərini bildirmişlər. Həqiqətən də həmin gün hava şəraiti və havanın qaranlıq olması səbəbindən qeyd edilən ərazidə üzərlərinin yoxlanılması çətin olmuşdur. Turan bir daha polislərə israrla onun üzərini yoxlaya biləcəklərini, üzərində heç nə olmadığını və onun əlində olan bağlamadan xəbəri olmadığını, telefonunun onda qalması səbəbindən telefonu götürmək üçün buraya gəldiyini bildirmişdir. Lakin polis əməkdaşları bir daha onları Baş İdarəyə dəvət etmiş və o, Turan ilə eyni avtomobildə polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Avtomobildə və BMCMİ-nin inzibati binasında olduğu zaman əlindəki bağlamanı tək olaraq əldə etməsini deyəcəyi təqdirdə daha ağır cəza alacağını, lakin narkotik vasitəni Turan ilə birlikdə əldə etmələrini qeyd etdiyi təqdirdə cəzasının yüngülləşəcəyini düşünmüşdür. Belə ki, savadının olmaması, əvvəllər məhkum olunmaması səbəbindən o, yanlış olaraq düşünmüşdür ki, Turan ilə birlikdə məsuliyyətə cəlb olunacağı təqdirdə ümumilikdə narkotik vasitənin çəkisi və yekunda veriləcək ümumi cəza onlar arasında yarı-yarıya bölünüb hesablanacaq, beləliklə də onun cəzası yüngülləşəcək. Sonradan elan edilmiş ittihamın mahiyyəti ona izah edildiyi zaman qanunvericiliyin tələblərinin heç də düşündüyü kimi olmadığını anlamışdır. BMCMİ-də dövlət hesabına müdafiəçilər ilə təmin edilmiş və onlara bir neçə dəqiqə sonra vəkillərinin Baş İdarəyə gələcəyi barədə məlumat verilmişdir. Həmin vaxt kəsiyində və BMCMİ-yə gəldikləri zaman avtomobildə fürsət taparaq 1-2 dəqiqəlik Turanın qulağına sözlərini pıçıldaya bilmişdir. Turana heç cür həqiqəti sübut edə bilməyəcəklərinə inandıraraq heç olmasa cəzalarının yüngüləşməsindən ötrü polis əməkdaşlarına narkotik vasitəni onunla birlikdə əldə etməsini deməyini tapşırmış, onun dediklərini demədiyi təqdirdə hər ikisinin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa, təzyiqə məruz qalacağını demişdir. Turan onunla razılaşmış və bir müddət sonra müdafiəçilər Baş İdarəyə gəlmiş və onların iştirakı ilə Baş İdarədə videoçəkiliş ilə onların üzərlərinə şəxsi axtarış başlanmışdır. Şəxsi axtarış zamanı onun əlindəki bağlama açılmış və baxış keçirildikdən sonra qablaşdırılıb üzəri möhürlənmişdir. Təsadüf nəticəsində təhqiqatçı tərəfindən ilk suallar ona verilmiş və o, guya bağlamanı Turanla birlikdə götürdüklərini, bunun müqabilində əldə olunan pulu böləcəklərini demişdir. Bu zaman dediklərini Turanın təsdiq edib-etməyəcəyini bilməmiş, növbəti suallar Turana verildiyi zaman Turan onun qulağına dediyi sözlərə inanaraq dediklərinin eynisini bildirmişdir. Təqsirləndirilən şəxs verilmiş əlavə suallara cavablarında, üzləşdirmə istintaq hərəkətində şəxsi axtarış və şübhəli şəxs qismində dindirilən zaman aşkar edilmiş narkotik vasitənin çəkisinin yarısına görə özü, digər yarısına görə isə Turanın məsuliyyət daşıyacağını düşündüyü üçün məsuliyyətinin yüngülləşməsi məqsədi ilə həqiqətəuyğun olmayan ifadə verdiyini, Turanın baş verənlərdə heç bir günahının olmadığını, cinayəti tək törətdiyini, Turanın narkotik vasitə istifadə etmədiyini, Turanın narkotik vasitə götürəcəklərindən və özünün narkotik vasitə marixuana istifadə etməsindən məlumatı olmadığını, İran İslam Respublikası vətəndaşının anket məlumatlarını bilmədiyini, həmin şəxsin özünü Mətləb kimi təqdim etdiyini, Mətləbə Baba adı ilə müraciət etdiyini bildirmişdir. Mobil telefonuna baxış zamanı aşkar edilmiş mesajlar onunla iranlı Mətləb adlı şəxs arasında olan mesajlardır. Həmin mesajlardan “Yox qardaş açmır. Mən burdayam, bunların maşınının yanındayam.” mesajında “bunların maşını” dedikdə nəyi nəzərdə tutursunuz sualına cavab olaraq göstərmişdir ki, o, Mətləbə hadisə yerinə dostunun avtomobili ilə getdiyini və dostunun baş verənlərdən xəbəri olmadığını bildirərək Mətləbə avtomobildə olduğu zaman Turanın yanında onunla danışa bilməyəcəyi üçün onu tez-tez yığmamasını xəbərdar etmiş, həmin mesajı göndərən zaman da Mətləblə avtomobildən düşüb telefonla danışmış və məhz həmin ərəfələrdə də Turan onun Mətləblə danışığını təsadüfən eşitmişdir (bax Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 127-131; Cild 2, i.v. 37-41; 153-157;)

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 5 yanvar 2024-cü il tarixdə “Cavid” və “Turan” adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, sonradan həmin şəxslərin xx xxxxx 1987-ci ildə Masallı rayonu Tatyan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və 2 iyul 1996-cı ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında faktiki yaşayan Şahid2 olması müəyyən edilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Şahid2 və Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq o, BMCMİ-nin əməkdaşları Murad Sədizadə, Ayaz Əhmədov, Mahmud Yusifov və Ziya Paşabəylidən ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 5 yanvar 2024-cü il tarixdə axşam saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin şəxslərin olmaları ehtimal edilən ünvan 2 ünvanın yaxınlığına getmişlər. Həmin ünvanda olduqları zaman, yəni 5 yanvar 2024-cü il tarixdə, saat 20:50-də zahiri əlamətlərinə görə Şahid2 və Təqsirləndirilən şəxs oxşayan şəxslərin “Vaz 21703” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqlarını görmüşlər. Bu zaman həmin şəxslərdən Təqsirləndirilən şəxs oxşayan şəxsin əlində sintetik torba saxladığı müəyyən edilmişdir. Həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və onlara da özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim edərək Şahid2 və Təqsirləndirilən şəxs olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onları BMCMİ-yə dəvət etmişlər. Şahid2 saxlanılan zaman onun heç bir günahının olmadığını və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak etmədiyini dəfələrlə bildirərək etirazını etmişdir. Bundan sonra həmin şəxslər avtomobilə əyləşdirilərək müşayiətləri altında Baş İdarəyə gəlmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən Turan və Cavid müdafiəçi ilə təmin olunmuş və həmin şəxslərə şübhəli şəxs qismində tutulmaları barədə qərar qəbul edilərək, hüquq və vəzifələri izah edilmiş, həmçinin üzərlərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və onlar buna heç bir etirazını bildirməmişdir. Bundan sonra onların üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində, yəni sağ əlində saxladığı ağ rəngli sintetik kisədə narkotik vasitə olduğunu bildirib, ağ rəngli sintetik kisəni, eyni zamanda əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 40 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sintetik kisənin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sintetik kisə açıldıqda kisənin içərisindən 3 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda hər birinin içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan aşkar edildiyi ağ rəngli sintetik kisədə qablaşdırılıb möhürlənmiş, aşkar edilmiş 40 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Şahid2 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan cins şalvarının sol yan cibindən olan 1 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, 3 ədəd açarı və 33 manat pul vəsaitini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, aşkar edilmiş 33 manat pul və 3 ədəd açarlar iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid2 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri “Mətləb” adlı anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxslə sosial şəbəkədə tanış olduğunu, 30 dekabr 2023-cü il tarixdə “Mətləbin” istifadəsində olan mobil telefona zəng edib ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, həmin narkotik vasitəni götürüb sonradan dediyi vaxtda dediyi ünvana qoyacağı təqdirdə ona ümumilikdə 1.500 manat pul verəcəyini, bu təklifi ilə razılaşdıqdan sonra 5 yanvar 2024-cü il tarixdə “Mətləb” adlı şəxs tərəfindən onun mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin xəritə üzrə koordinatlarının göndərildiyini, Bakı şəhəri Suraxanı rayonuna gəlib içərisində narkotik vasitə olan ağ rəngli sintetik kisənin gizlədildiyi yeri taparaq həmin bağlamanı götürdüyünü və həmin yerdən uzaqlaşıb avtomobilin yanına yaxınlaşan zaman saat 20:50 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şahid2 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı ilkin əməliyyat məlumatı daxil olsa da, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid2 həm Təqsirləndirilən şəxs, həm də “Mətləb” adlı şəxslə əlbirlik faktını təsdiq edən heç bir məlumat əldə edilməmiş, Turanın ümumiyyətlə “Mətləb” adlı şəxs ilə əlaqəsinin olmadığı məlum olmuşdur.

8. Şahid1 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid2 tərəflərindən saxlanıldıqdan sonra saxlanılmalarının səbəbi barədə onlara məlumat verildikdə sonuncular hər hansı etiraz etməmiş, xidməti avtomobildə yer olmadığından onlardan birini xidməti maşına, digərini isə onların öz avtomobillərinə əyləşdirməklə İdarəyə aparmışlar. Şəxsi axtarış istintaq hərəkəti zamanı Cavid internet vasitəsilə Mətləb adlı şəxslə tanış olduğunu, sonuncunun narkotik vasitələri götürüb hansısa ünvana atmağının müqabilində ona 1500 manat məbləğində pul təklif etdiyini bildirmiş, Turan isə Cavidin avtomobili olmadığından hadisə yerinə onu aparmışdır. İranlı Mətləb adlı şəxs haqqında məlumat əldə olunmamışdır. Cavid saxlanıldığı müddətdə Turanın narkotik vasitələrdən xəbərinin olduğunu, 200 manat qarşılığında onunla bilikdə gəldiyini bildirmiş, lakin dindirmə zamanı Cavid ifadəsini dəyişərək baş vermiş hadisələrdən Turanın ümumiyyətlə məlumatının olmadığını bildirmişdir. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və götürülməsi barədə olmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Turanın törədilmiş cinayət əməlində hər hansı əlaqəsinin olmaması aydın olmuşdur. Nə Şahid2, nə də Təqsirləndirilən şəxs istər saxlanılarkən, istər Baş İdarəyə gətirilərkən yolda, istərsə də Baş İdarədə olduğu müddətlərdə hər hansı fiziki və ya psixi təzyiq və ya təsir göstərilməmiş, pis rəftara məruz qalmamışlar.

9. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili polis mayoru X26 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş başlanana qədər şübhəli şəxslər təhqiqatçının otağında onlar tərəfindən növbəli şəkildə nəzarətdə olmuş, sonuncuların söhbət etməyə cəhd etmələrinə baxmayaraq, onların öz aralarında söhbət aparmalarına şərait yaradılmamışdır. Onlara qarşı tərəflərindən heç bir fiziki və ya pisixi zorakılıq tətbiq olunmamışdır.

10. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkilləri polis kapitanı X17, polis baş leytenantları X18 və X19 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu, şahidlər Şahid1 və Ayaz Əhmədovun ifadələri ilə oxşar məzmunlu ifadə verərək sonuncular ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər.

11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı 7 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımışdır. Cavid onunla birlikdə "xxxx" MMC-də sürücü-ekspeditor vəzifəsində işləmiş, həmçinin Cavidin qardaşı ilə də yaxın dostluq münasibətləri olmuşdur. 2024-cü ilin yanvar ayının əvvəllərində Cavidlə söhbət etdiyi zaman o, qohumlarının bayram münasibəti ilə Masallı rayonundan müxtəlif növdə ərzaq məhsulları göndərdiyini, məhsulları Suraxanıda qohumu ilə görüşüb götürmək istədiyini bildirmişdir. Məhsulların nədən ibarət olduğunu soruşduqda Cavid onların müxtəlif növdə tərəvəzlər, lənkəran limonu, cənub zonasına aid müxtəlif növdə yeməklər olduğunu demişdir. Bu zaman Cavid qeyd edilən məhsulların çəkilərinin ağır olduğunu deyərək, ondan avtomobili qısa müddətlik ona verməsini xahiş edərək avtomobil ilə həmin ərzaqları götürüb gələcəyini bildirmişdir. Avtomobili idarə etmək üçün sənədi olmadığına görə polis əməkdaşları tərəfindən avtomobilin saxlanılaraq duracağa yerləşdiriləcəyini düşündüyü üçün avtomobili Cavidə verməkdən imtina etmişdir. Bu zaman Cavid onunla birlikdə avtomobili ilə gedib həmin əşyaları götürməkdə kömək etməsini xahiş etmiş, Cavidə kömək etmək üçün onun təklifi ilə razılaşmışdır. Cavid ilə birlikdə 5 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində avtomobilə əyləşmiş və Cavidin dediyi ünvana yollanmışdır. Cavid yolboyu telefona baxaraq ünvanı ona başa salmış və Cavidin dediyi ünvana doğru hərəkət etmişdir. Cavid qeyd edilən ünvanın “whatsapp” vasitəsi ilə qohumu tərəfindən ona göndərildiyini, qohumunun Suraxanıda həyət evində yaşadığını bildirmiş, Cavidə inanıb avtomobili dediyi ünvana sürmüşdür. Həmin ünvana çatdıqları zaman Cavid onun telefonunda fənərin işləyib-işləmədiyini soruşduqda Cavidə telefonunun fənərinin işlək vəziyyətdə olmasını bildirmişdir. Cavid öz telefonunun enerjisinin az qaldığını deyib telefonunu ona verməyini xahiş etmiş və öz telefonunu Cavidə vermişdir. Cavid avtomobildən düşmüş və özü avtomobildə Cavidi gözləmişdir. Orada təxminən 5 dəqiqə gözlədikdən sonra Cavidin ərazidə nəsə axtardığını görmüşdür. Belə ki, Cavid öz telefonunda nəyəsə baxmış və əraziyə baxış keçirərək, ətrafdan keçən insanları, maşınları gördüyü zaman isə gizlənmişdir. Onun telefonunun fənəri ilə isə ətrafı işıqlandırmış, öz telefonu ilə kimləsə telefonla danışmışdır. Cavidin nə etmək istədiyini anlamamış və avtomobildən düşüb Cavidin yanına getmişdir. Bu zaman Cavid onun gəldiyini eşitməmiş və Cavidin yanına gəldiyi zaman Cavidin “Baba” deyə müraciət etdiyi şəxslə öz telefonu ilə danışdığını, həmin şəxsə deyilən ünvanda olduğunu bildirdiyini görmüşdür. Bu zaman Cavidin qolundan tutub dartıb Caviddən kiminlə danışdığını, burada nə işlərinin olduğunu soruşmuşdur. Cavid qohumunu gözlədiyini dedikdə Cavidə “Baba” deyə müraciət etdiyi şəxslə arasında olan danışığı eşitdiyini bildirmişdir. Bu zaman Cavid ona Mətləb adlı iranlı tanışının olduğunu, Mətləbin göstərişi ilə bu əraziyə gəldiyini, orada gizlədilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı götürüb Mərdəkan qəsəbəsinə aparmağı müqabilində Mətləbin Cavidə 1500 manat pul göndərəcəyini bildirmişdir. Bu zaman Cavidi onu bu işə saldığına görə nalayiq söyüşlərlə təhqir etmiş, bu əməlin cinayət olduğunu, özünün yeni ailə həyatı qurduğu üçün problem yaşaya biləcəyini düşünərək narahatlıq keçirmişdir. Cavidin üstünə yüksək səslə qışqırdıqca Cavid sakit olmağını, səs-küy salmamasını demiş, Cavidə məhəl qoymayaraq avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmışdır. Cavidlə mübahisə etdiyi üçün avtomobili sürən zaman çox həyəcanlı olmuşdur. Təxminən 5 dəqiqə avtomobilini idarə etmiş və istifadəsində olan mobil telefonun cibində olmadığını gördüyü zaman həmin telefonu bir az əvvəl avtomobildə Cavidə verdiyi yadına düşmüşdür. Bu an həyacan keçirmiş və Cavidin onun telefonu ilə hansısa qeyri-qanuni işlərlə məşğul ola biləcəyi ağlına gəlmişdir. Təcili istiqaməti dəyişərək həmin əraziyə şəxsi telefonunu Caviddən geri götürməyə getmişdir. Həmin ərazidə olduğu zaman Cavidin yol kənarında əlində bir bağlama ilə dayandığını görmüş və həmin bağlamanın içərisində narkotik olduğunu başa düşmüşdür. Cavid onu gördüyü zaman yaxına gələrək avtomobilin yük yerini açmasını xahiş etmişdir. Qəti şəkildə avtomobilin yük yerini açmayacağını bildirib Caviddən telefonunu geri qaytarmasını tələb etmişdir. Cavid telefonu geri qaytarmış və yalvararaq kömək etməsini, avtomobilə əlindəki yükü qoymayacağı təqdirdə tutula biləcəyini bildirmişdir. Lakin Cavidlə razılaşmayaraq qəti şəkildə həmin bağlamanı avtomobilə qoymayacağını demişdir. Onlar həmin zaman avtomobilin yanında dayanmış və anidən polis əməkdaşları yaxınlaşaraq onlara narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərilərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Həmin zaman içində narkotik vasitə olan bağlama Cavidin əlində olmuş, Cavid əlindəki bağlamada narkotik vasitə olduğunu bildirdikdən sonra polis əməkdaşları onları üzərilərinə şəxsi axtarış keçirmək üçün Baş İdarəyə dəvət etmişlər. Polis əməkdaşlarına dəfələrlə üzərində narkotik vasitə olmadığını, Cavidin əlində olan narkotik vasitədən hər hansı məlumatının olmadığını, bu dəqiqə üzərini yoxlaya biləcəklərini demişdir. Bu zaman polis əməkdaşları hazırda tutulduqları ərazidə üzərini yoxlamağa şərait olmadığını, üzərilərini Baş İdarədə yoxlaya biləcəklərini bildirmişlər. Beləliklə, özü və Cavid polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Avtomobildə və BMCMİ-nin inzibati binasında olduqları zaman Cavidi onu işə saldığına görə danlayanda Cavid heç kim eşitmədən inandırıcı şəkildə birlikdə narkotik vasitəni əldə etdiklərini bildirməsə fiziki və psixi zorakılığa, təzyiqə məruz qalacağını, polis əməkdaşları tərəfindən döyüləcəyini bildirmişdir. Cavid onu narkotik vasitə ilə tutulduqları üçün heç cür həqiqəti sübut edə bilməyəcəyinə inandırmış, birlikdə narkotik vasitə əldə etdiklərini desələr işlərinin yüngülləşəcəyini, daha az cəza alacaqlarını bildirmişdir. Bundan sonra müdafiəçilərlə təmin edilmiş və onların iştirakı ilə Baş İdarədə videoçəkiliş aparılmaqla üzərilərinə şəxsi axtarış başlanmışdır. Cavidin əlindəki bağlama götürülərək qablaşdırılmışdır. Cavidin bu sözlərinə inanıb polis əməkdaşlarına guya bağlamanı birlikdə götürdüklərini, bunun müqabilində əldə olunan pulu böləcəklərini deyərək çəkilişdə də həmin xüsusatları təsdiq etmişdir. Lakin həqiqətdə belə olmamış, narkotik vasitəyə heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb edilərkən ona Azərbaycan Respublikaının Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilən və Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edildiyi zaman artıq elan edilmiş ittihamın mahiyyəti ilə tanış olmuş və sonradan həqiqəti deməyəcəyi təqdirdə vəziyyətinin yüngülləşməyəcəyini, əksinə ağır cinayət törətməyə görə ittiham olunacağını anlamışdır. O, İran İslam Respublikası vətəndaşı Mətləb adlı şəxsi tanımamış, onunla əlaqəsi olmamış, aşkar edilmiş narkotik vasitədən məlumatı olmamışdır.

12. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, Cavidin xahişi əsasında Masallı rayonundan göndərilmiş ərzağı götürmək üçün onunla birlikdə yola düzəlmiş, yol boyu Cavidə göndərilmiş “konum” üzrə hərəkət etmiş, Suraxanı rayonu ərazisinə çatdıqda təxminən saat 19:00 radələrində Cavidin mobil telefonunun enerji batareyası azaldığından onun mobil telefonunu işığından (fənərindən) istifadə etmək üçün götürmüşdür. O, Cavidin özünü şübhəli aparmasını hiss edib ondan təkidlə nə üçün həmin yerə gəldiklərini soruşduqda Cavid ona “ot götürməyə gəlmişəm” demişdir. Bundan sonra Cavidlə aralarında mübahisə yaranmış, oradan uzaqlaşdıqdan 5 dəqiqə sonra mobil telefonunu Caviddə unutduğunu xatırlayıb geri qayıtmış, geri qayıdarkən Cavidin əlində bağlama olduğunu görmüş, telefonunu götürdükdən qısa müddət sonra polis əməkdaşları onlara yaxınlaşmış, sonunculara heç nədən xəbəri olmadığını deməsinə baxmayaraq hər ikisini ayrı-ayrılıqda olmaqla BMCMİ-yə aparmışlar. O, İdarəyə öz avtomobili ilə aparıldığından həmin vaxt Cavidi görməmişdir. O, Baş İdarədə həddən artıq həyəcanlanaraq şoka düşdüyündən orada “ağzına gələni” danışmış, müstəntiq ona yaxınlaşdıqda özünü itirmiş, bir gün sonra işin daha da ciddiləşdiyini görüb həqiqəti danışaraq heç nədən xəbəri olmadığını bildirmişdir. O, Caviddən qohumlarının ünvanını nəyə görə tam dəqiq bilməməsi ilə maraqlanmamış, Cavid əlində götürdüyü narkotik vasitəni (otu) kimdən götürdüyünü ona deməmişdir. Onun şokda olmaq müddəti tutulduqları gecədən səhərə qədər olmaqla ümumilikdə bir gün davam etmiş, işin ciddiyyətini anladıqdan sonra həqiqəti danışmağı qərara almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamış, Cavidin isə hər hansı təsirə məruz qalmasını görməmiş, onun yanında sonuncuya hər hansı təzyiq göstərilməmişdir. Onun üzəri hadisə yerində yoxlanılmamışdır. O, Cavidi ancaq çəkiliş zamanı görmüş, sonuncu ilə danışmağa imkanı olmamışdır. Onunla Cavidin mübahisəsi 10-15 dəqiqə çəkmişdir. O, əvvəllər məhkum olunmamış, narkotik vasitələrdən istifadə etməmiş, şok vəziyyətində olmaqla özünü itirdiyindən ilkin ifadəsində Cavidlə əlbir olmalarına dair həqiqəti əks etdirməyən ifadə vermişdir.

13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və çoxsaylı şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

14. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 5 yanvar 2024-cü il tarixdə, saat 20:50 radələrində ünvan 2 ünvanın yaxınlığında birlikdə piyada gedərkən Şahid2 istifadəsində olan “Vaz 21703” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılaraq BMCMİ-yə dəvət edilib orada həmin gün saat 22:45-dən etibarən üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd ağ rəngli sintetik kisənin içərisində olan üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1695 qram, 1740 qram və 1605 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 5040 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktına görə BMCMİ-nin İstintaq İdarəsinin müstəntiqi polis kapitanı X10 tərəfindən 6 yanvar 2024-cü il tarixdə Şahid2 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

15. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 5 yanvar 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, ünvan 9 ünvanında faktiki yaşayan Şahid2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələrə və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2 və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BMCMİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Müzəffər Məmmədov tərəfindən təsdiq edilməklə Şahid1 rəhbərliyi ilə həmin Baş İdarənin əməliyyat müvəkkilləri polis mayoru X26, polis kapitanı X17, polis baş leytenantı X18 və polis leytenantı X7 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid2 5 yanvar 2024-cü il tarixdə, saat 20:50-də ünvan 10 ünvanın yaxınlığında Şahid2 idarə etdiyi “Vaz 21703” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilin yanında olarkən saxlanılaraq Baş İdarəyə gətirilmişdir (Cild 1, i.v. 3-8;).

16. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8 yanvar 2024-cü il tarixli, 5(005)- 22/2024 saylı qərarından görünür ki, BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Müzəffər Məmmədov tərəfindən təsdiq edilmiş 5 yanvar 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v. 186-188;).

17. “Şübhəli şəxsin tutulması haqqında” 5 yanvar 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı polis mayoru X20 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X16 iştirakı ilə həmin tarixdə, saat 21:57-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 5 yanvar 2024-cü il tarixdə, saat 20:50 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 23-24;).

18. “Şübhəli şəxsin tutulması haqqında” 5 yanvar 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid2 təhqiqatçı X20 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X21 iştirakı ilə həmin tarixdə, saat 22:23-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Şahid2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 5 yanvar 2024-cü il tarixdə, saat 20:50 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 41-42;).

19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 5 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçilər X27 və X21 iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid2 elan edilmiş müvafiq qərarlar əsasında həmin gün BMCMİ-nin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı polis mayoru X20 tərəfindən həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkilləri polis mayoru X26, polis kapitanı X17, polis baş leytenantı X18 və polis leytenantı X11 iştirakı ilə BMCMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs və Şahid2 üzərində həmin tarixdə, saat 22:45-dən saat 23:13-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və Şahid2 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən onlara özlərini təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs və Şahid2 özləri barədə məlumat verdikdən sonra onlara təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində, yəni sağ əlində saxladığı ağ rəngli sintetik kisədə narkotik vasitə olduğunu bildirib ağ rəngli sintetik kisəni, eyni zamanda əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 40 manat pulu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sintetik kisənin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, həmin ağ rəngli sintetik kisə açıldıqda kisənin içərisindən 3 (üç) ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda hər birinin içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr ağ rəngli sintetik kisədə qablaşdırılmışdır. Aşkar edilmiş 40 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Şahid2 üzərinə şəxsi axtarış keçirilmiş, Şahid2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan boz göy rəngli cins şalvarının sol yan cibində olan 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, 3 (üç) ədəd açarı və 33 manat pul vəsaitini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış istintaq hərəkəti davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 33 manat pul və 3 ədəd açar Şahid2 özünə qaytarılmış, “Samsung” markalı mobil telefon isə götürülmüşdür. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri “Mətləb” adlı anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxslə sosial şəbəkədə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını, 30 dekabr 2023-cü il tarixdə “Mətləbin” istifadəsində olan mobil telefona zəng edib ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, həmin narkotik vasitəni götürüb sonradan dediyi vaxtda və ünvana qoyacağı təqdirdə ona ümumilikdə 1500 manat pul verəcəyini, sonuncunun təklifi ilə razılaşdıqdan sonra 5 yanvar 2024-cü il tarixdə “Mətləb” adlı şəxs tərəfindən onun mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin xəritə üzrə koordinatlarının göndərildiyini, bundan sonra Şahid2lə birlikdə həmin şəxsin verdiyi məlumat əsasında sonuncuya məxsus “Vaz 21703” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən “Yeni Ramana” qəsəbəsinə gəlib içərisində narkotik vasitə olan ağ rəngli sintetik kisənin gizlədildiyi yeri taparaq həmin bağlamanı götürdüyünü və birlikdə həmin yerdən uzaqlaşıb avtomobilin yanına yaxınlaşan zaman saat 20:50 radələrində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Sorğu zamanı Şahid2 tanışı Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək 5 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs təklifi əsasında onunla birlikdə İran İslam Respublikasının vətəndaşı tərəfindən göndəriləcək külli miqdarda narkotik vasitəni götürmək məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən “Yeni Ramana” qəsəbəsinə gəldiklərini, İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən narkotik vasitənin gizlədildiyi yeri müəyyən etdiklərini, narkotik vasitə və psixotrop maddənin gizlədildiyi yerdən ağ rəngli sintetik kisənin içində olan kütlələri Təqsirləndirilən şəxs götürüb əlində saxlayaraq daşıdığını, Təqsirləndirilən şəxs narkotik vasitənin daşınmasında köməklik edəcəyi müqabilində sonuncunun ona pul verəcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti BMCMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Sony” markalı videokameradan istifadə etməklə videoçəkiliş aparılması qeyd olunmuşdur. Bu barədə həmin tarixdə saat 23:18-dən 23:51-dək protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 43-47;).

20. “Baxış və götürmə aparılması haqqında” 5 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X21 iştirakı ilə Şahid2 elan edilmiş müvafiq qərar və sonuncunun razılıq ərizəsi əsasında həmin gün BMCMİ-nin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı polis mayoru X20 tərəfindən həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkilləri polis mayoru X26, polis kapitanı X17, polis baş leytenantı X18 və polis leytenantı X11 iştirakı ilə həmin tarixdə, saat 23:54-dən 23:59-dək Şahid2 idarə etdiyi “Vaz 21703” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, Şahid2 idarə etdiyi “Vaz 21703” markalı, **-BO- *** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü olaraq təqdim etməsi təklif edildikdə Şahid2 idarə etdiyi avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya predmetlər gizlədib saxlamadığını bildirmişdir. Baxış zamanı 1 (bir) ədəd Şahid2 adına verilmiş etibarnamə və 1 (bir) ədəd avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi aşkar edilməklə iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış və götürmə istintaq hərəkəti süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Sony” markalı videokameradan istifadə etməklə videoçəkiliş aparılması qeyd olunmuşdur. Bu barədə 6 yanvar 2024-cü il tarixdə, saat 00:05-dən 00:21-dək protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 48- 53;).

21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və götürmə aparılması haqqında” 5 yanvar 2024-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 2 (iki) ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti müvafiq olaraq 28 dəqiqə 40 saniyə və 5 dəqiqə 57 saniyə olan həmin videogörüntülərə müstəntiq K.R.Məhərrəmli tərəfindən baxış keçirilməsinə dair 6 yanvar 2024-cü il tarixli protokolla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs və Şahid2 üzərində keçirilmiş şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda videogörüntüdən Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki və sair təzyiqlərin, eləcə də bədəninin görünməyən hissələrində hər hansı xəsarətinin olub-olmaması barədə təhqiqatçı tərəfindən verilmiş suallara sərbəst və fəal şəkildə cavab verərək heç bir təzyiqə məruz qalmadığını, habelə bədəninin hər hansı yerindən xəsarət almadığını bildirməsi müəyyən olunmuşdur (Cild 1, i.v. 94-97;).

22. “Məhkəmə-bioloji” ekspertizasının 6 yanvar 2024-cü il tarixli, 3-16-16-2-7/13 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan sintetik bağlamadakı 3 (üç) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1695 qram; 1740 qram və 1605 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi – 5040 qram, tədqiqata sərf edildi – 0,6 qram (hər obyektdən 0,2 qram), qalıq çəkisi – 5039,4 qram. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 64-67;).

23. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 7 yanvar 2024-cü il tarixli qərarlardan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrlə onlara ittiham elan edilmişdir (Cild 1, i.v. 98-99;115-116;).

24. “Üzləşdirmə” 7 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında hər ikisinin müdafiəçilərinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi təqsirləndirilən şəxs qismində 7 yanvar 2024-cü il tarixli ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Şahid2 Cavidin ona dediyi sözlərə inanıb sonuncu ilə əlbir olduğu barədə həqiqətə uyğun olmayan ilkin şübhəli şəxs qismində ifadə verdiyini göstərmiş, Təqsirləndirilən şəxs isə əməlini Turanla birlikdə törətməsi barədə ilkin şübhəli şəxs qismində ifadə verəcəyi təqdirdə cəzasının nisbətən yüngülləşəcəyini düşündüyünü, lakin cəzasının yüngülləşməyəcəyini və Turanın etmədiyi əmələ görə cəza almasını istəmədiyini qeyd etmişdir (Cild , i.v. 143-147;).

25. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7 yanvar 2024-cü il tarixli, 4(005)- 3/2024 və 4(005)-4/2024 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 barəsində əvvəli 5 yanvar 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 4(005)-3/2024 saylı qərarının təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində İran vətəndaşının ona 1500 manat pul qarşılığında müəyyən ərazidə olan narkotik vasitəni götürüb yol qırağına atmasını təklif etdiyini, daha sonra isə iran vətəndaşının narkotik vasitəni həmin ərazidən götürəcəyini bildirərək məhkəmədən barəsində verilmiş təqdimat və vəsatətin təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v. 160-169;).

26. “Mobil telefona baxış keçirilməsi haqqında” 8 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən şəxs Şahid2 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmiş, mobil telefonunda fənər funksiyasının olduğu və həmin funksiyanın işlək vəziyyətdə olması müəyyən edilmişdir (Cild 1, i.v. 175-177;).

27. “Mobil telefona baxış keçirilməsi haqqında” 8 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun yaddaşında olan “Whatsapp” ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs +**********09 GSM mobil telefon nömrəsi ilə qeydiyyat keçməsi müəyyən edilmişdir. “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “metleb...beZH” adı altında qeydə alınmış İran İslam Respublikası mobil operatoruna məxsus +**********08 mobil nömrə istifadəçisinin olması müəyyən edilmişdir. Belə ki, “metleb...beZİİ” adı altında qeydə alınmış +**********08 mobil nömrə istifadəçisi ilə SMS mətnlərinin və audio faylların hər birinə ayrı-ayrılıqda baxış keçirilmişdir. 5 yanvar 2024-cü il tarixə aid mesajların aşağıdakı məzmunda olması aydın olur: “Konum gözlə” (+**********08 mobil nömrə istifadəçisindən), “Ünvanın koordinatları.” (+**********08 mobil nömrə istifadəçisindən), “Yeşik var onun içində.” (+**********08 mobil nömrə istifadəçisindən), “Qardaş qorxmaye başına dönümə. Sür götür. Heç nədən qorxma. Heç zad yoxdur. Qorxma.” (+**********08 mobil nömrə istifadəçisindən), “Qardaş konumu açıram, konumu göstərmir indi.” (+**********09 mobil nömrə istifadəçisindən), “Açdı ya yox?” (+**********08 mobil nömrə istifadəçisindən), “Yox qardaş açmır. Mən burdayam, bunların maşınının yanındayam.” (+**********09 mobil nömrə istifadəçisindən), “Yandır, söndür telefonu Cavid başına dönüm orda nəyə durmusan.” (+**********08 mobil nömrə istifadəçisindən), “Açdı ya yox başına dönüm.” (+**********08 mobil nömrə istifadəçisindən), “Qardaş götürdüm narahatçılıq yoxdur. Hər şey qaydasındadır.” (+**********09 mobil nömrə istifadəçisindən), “Narahat olma özüm yığacam. Şəhər çatım özüm yığacam. Tez-tez yığma.” (+**********09 mobil nömrə istifadəçisindən), “Qardaş bir dənə çıx arxayın yerə, uzaqlaş ordan, qardaş bir dənə yığ sənə söz deyim” (+**********08 mobil nömrə istifadəçisindən). Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefon maddi sübut kimi tanınmışdır (Cild 1, i.v.178-182;).

28. X8 tərəfindən verilmiş qəbzlərdən görünür ki, o, 11 yanvar 2024-cü il tarixdə BMCMİ-nin İstintaq İdarəsinin müstəntiqi polis kapitanı X2 cinayət işi üzrə övladı Şahid2 istifadəsində olan “Vaz 21703” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə, həmçinin həmin avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnaməni təhvil almışdır (Cild 1, i.v. 183-184;).

29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X29 24 yanvar 2024-cü il tarixli 1017 və 1020 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicədə olmamışlar (Cild 1, i.v. 195-196;).

30. “Maddi sübut hesab edilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 5039,4 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut qismində tanınmaqla məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v.199-201;).

31. Masallı Rayon Mənzil İstismar Sahəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 6 fevral 2024-cü il tarixli xasiyyətnamə və arayışlardan görünür ki, Əlizadə X13 şəhəri Qarabağ küçəsi bina 11, mənzil 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə (qonşularla özünü səmimi, intizamlı aparmış və birgə yaşayış qaydalarına əməl etmişdir. İctimai tədbirlərdə fəal iştirak etmiş, hərəkətləri barədə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır) olunmuş, ailə tərkibi 18 avqust 1963-cü il təvəllüdlü atası X9 və 10 may 1963-cü il təvəllüdlü anası X3 ibarətdir (Cild 2, i.v. 2-4;).

32. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 2 fevral 2024-cü il tarixli 2631 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd CD diskdəki məlumatlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlar qeyd olunmuş, iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir (Cild 2, i.v.5-7;).

33. BMCMİ-nin rəis müavini polis polkovniki Müzəffər Məmmədovun 21 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı ilkin əməliyyat məlumatı daxil olsa da, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onların əlbirlik faktını təsdiq edən heç bir məlumat əldə edilməmişdir. Daxil olmuş ilkin məlumatın yoxlanılması istiqamətində keçirilmiş sonrakı tədbirlər nəticəsində Təqsirləndirilən şəxs “Mətləb” adlı şəxslə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qabaqcadan razılaşmasının olması müəyyən edilmiş, Şahid2 də müntəzəm olaraq Təqsirləndirilən şəxs ilə görüşməsi səbəbindən onların birgə cinayət törətməsi barədə əsaslı şübhələr yarandığından əməliyyat xidmətinə daxil olmuş məlumatda onların əlbir olduğu qeyd edilmişdir. Lakin həmin məlumat sonradan yoxlanılsa da, Şahid2 “Mətləb” adlı şəxs və ya qeyriləri ilə narkotik vasitənin dövriyyəsi ilə əlaqədar hər hansı əlaqəsi aşkar edilməmişdir. Həmçinin “Mətləb” adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olması, onun şəxsiyyəti, anket məlumatlarının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 2, i.v. 8;).

34. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 15 yanvar 2024cü il tarixli, 207 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə bir müddətdir narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir (Cild 2, i.v. 9-10;).

35. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 15 aprel 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğu olmayan şəxsdir (Cild 2, i.v. 44-45;).

36. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskdəki məlumatlara baxış keçirilmiş, baxış zamanı Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlar qeyd olunmuş, iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir (Cild 2, i.v.85-86;).

37. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 5 avqust 2024-cü il tarixli qərardan görünür ki, Şahid2 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 2, i.v.102;).

38. “Sübutların qiymətləndirilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Şahid2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması, onun iş üzrə Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqla araşdırılan “Mətləb” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olması müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət təqibi üzrə icraata və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasının videogörüntülərinin əks olunduğu 1 (bir) ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etməsinin nəzərə alınaraq maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD diskin, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 2 (iki) ədəd CD diskin maddi sübut kimi tanınmadan iş materiallarına əlavə edilməsi, Şahid2 götürülmüş istintaq üçün əhəmiyyət kəsb etməyən “Samsung” markalı mobil telefonun Şahid2 qaytarılması, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefonun maddi sübut kimi tanınmaqla iş materiallarında saxlanılması qərara alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5039,4 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilərək saxlanılmasından ötrü BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, cinayət işinin materiallarından şəxsiyyəti istintaqla araşdırılan “Mətləb” adlı İran İslam Respublikası vətəndaşı və qrupun digər şəxsiyyəti istintaqa məlum olmayan üzvləri barəsində, həmçinin narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması və Təqsirləndirilən şəxs həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (Cild 2, i.v. 117- 142;).

39. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (Cild 2, i.v. 144-145;).

40. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Mətləb” adlı şəxs və qrupun digər şəxsiyyəti istintaqa məlum olmayan üzvləri barəsində, həmçinin narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işinin ayrılaraq istintaqı aparılır (Cild 2, i.v. 158-159;).

41. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq K.R.Məhərrəmli tərəfindən 29 avqust 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 2 sentyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.169-182;).

42. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 426/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 7 yanvar 2024-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı zədə və xəsarət izləri aşkar olunmamış, hər iki əlin arxa səthində kiçik ölçülü köhnə çapıq toxumaları aşkar olunmuşdur (Cild 3;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

44. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

46. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

47. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

48. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

49. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

50. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.

51. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 5040 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarından təxminən 1008 dəfə, külli miqdarından isə təxminən 10 dəfədən artıq olması, narkotik vasitə qurudulmuş marixuananın çoxsaylı bağlamalara bükülmüş halda aşkar edilməsi, qeyriləri ilə qabaqcadan əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən müxtəlif ünvanlara qoyulması ilə bağlı mobil telefonundan aşkar edilmiş çoxsaylı vatsap yazışmaları və danışıqları, habelə narkotik vasitənin qoyulduğu yerin göndərilmiş koordinatları, həmçinin müəyyən pul qarşılığında narkotik vasitələri ona bildirilən ünvanlara qoyması ilə bağlı özünün həm məhkəmə, həm də məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri, eləcə də çoxsaylı şahidlərin, o cümlədən Şahid2 ifadələri və digər mötəbər sübutlarla onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

52. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

53. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

55. Hökmün 54-cü bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır....Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

56. Məhkəmə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaması, saxlanılarkən əlində hər hansı içərisində narkotik vasitə olan torba olmaması, o cümlədən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin torbanın sonuncular tərəfindən ona verilərək özünə məxsusluğunu boynuna almasına dair təzyiqlərə məruz qalması, şahid qismində dindirilmiş polis əməkdaşlarından Şahid1 ümumiyyətlə onun saxlanılmasında iştirak etməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə xüsusilə vurğulamaqla qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı zamanı ziddiyyətli ifadələr verməklə obyektiv həqiqətin müəyyən edilməsində maraqlı olmamışdır. Belə ki, məhkəmə baxışı üzrə məhkəmə iclasının əvvəlində ümumiyyətlə polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı təsir və ya təzyiqə məruz qalmadığını, bağlamının əlində olduğunu bildirsə də, davam edən sonrakı məhkəmə baxışı üzrə məhkəmə iclasları zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqə məruz qaldığını, ümumiyyətlə əlində hər hansı içərisində narkotik vasitə olan torba olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadələrində olan çoxsaylı ziddiyyətlər onun həmin ifadələrinə təndiqi yanaşılmalı olması qənaətinə gəlməyə kifayət qədər əsas verməklə yanaşı, məhkəmə hesab edir ki, iş üzrə tədqiq edilmiş digər mötəbər sübutlarla ona istinad edilən cinayət əməllərinin törədilməsi tam sübuta yetirilir.

57. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

58. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

59. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X4rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

60. Halbuki, Təqsirləndirilən şəxs Baloğlan oğlunun saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 15-16, 19-21, 24 və 43-cü bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən, sonradan həmin qətimkanın müddətlərinin uzadılması məsələsinə müvafiq məhkəmələrdə baxılarkən, eləcə də 8(səkkiz) ayadək davam edən məhkəməyədək icraat zamanı saxlanıldığı zaman və ya ondan sonrakı dövrdə hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin hökmün 19-21, 24 və 43-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs Şahid2lə birlikdə saxlanılarkən və üzərilərində şəxsi axtarış və götürmə, dindirmə və üzləşdirmə istintaq hərəkətləri keçirilərkən, hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

61. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

62. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

63. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

64. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

65. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

66. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

67. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

68. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

69. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

70. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, 37 yaşında olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını və narkomaniya xəstəliyindən müalicə olunaraq sağalmaq istədiyini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

71. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

72. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə yaxın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

73. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

74. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

75. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

76. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

77. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 5 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 5 yanvar 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 8 may 2024 və 1 avqust 2024-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

78. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 5 yanvar 2024-cü il tarixdən hesablanmalıdır.

79. Məhkəmə hökmün 34-cü bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

80. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

81. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 5039,4 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, maddi sübut olmaqla iş materiallarına əlavə edilmiş 1 (bir) ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs, etiraz etmədikdə isə onun ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, iş materiallarında saxlanılan “Şəxsi axtarış və götürmə” və “Baxış və götürmə” istintaq hərəkətləri zamanı aparılmış videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

82. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

83. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

84. İş üzrə mülki iddia verilməmişdir.

85. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

86. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

87. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 5 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 5039,4 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, iş materiallarına əlavə edilmiş 1 (bir) ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs, etiraz etmədikdə isə onun ailə üzvlərinə və ya digər qohumlarına qaytarılsın, iş materiallarında saxlanılan 4 (dörd) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar