Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-564/2024 05.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1998-ci ildə Qəbələ rayonu, Ziring kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Ziring kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 7,248 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlayaraq ünvan 2 ünvanının yaxınlığına daşımış, 30 mart 2023-cü il tarixdə saat 01:30 radələrində həmin ünvanda Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsində saxlanılmasında və daşınmasında şübhəli bilinib saxlanılaraq gətirildiyi 13-cü Polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,248 qram külli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, subaydır, anası ilə birlikdə Bakıxanov qəsəbəsində kirayədə yaşamış, metal yığıb satmaqla məşğul olmuşdur. Hadisə günü səhər saat 10-da Nicat adlı polis əməkdaşı zəng edərək, onu 13-cü bölməyə dəvət etmiş və onunla 5 dəqiqəlik işləri olduğunu bildirmişdir. O, bölməyə getmiş, orada onu axşama qədər saxlamışlar. Ailə üzvləri də axşam gəlib ona baş çəkmişlər. Gecə o, 13-cü bölmənin rəis müavininin yanına qaldırılmış, ondan haralı olduğu və xarici ölkədə olubolmadığı soruşulmuşdur. O da İranda da, qərbdə də olduğunu demişdir. Sonra rəis müavini sellofana bükülmüş bir maddəni ona təqdim etmiş və həmin maddənin narkotik olduğunu, bu maddəyə görə onun həbs ediləcəyini bildirmişdir. O da səbəbini soruşmuş, cavabında rəis müavini İrana gedib-gəldiyinə görə həbs ediləcəyini demiş, iki variantının olduğunu, ya ifadə verən zaman yerdən tapdığını bildirəcəyini, ya da iki nəfər şahidin gəlib üzünə duracağını əlavə etmişdir. O da üçüncü variantı seçdiyini, yəni öldürülməsini bildirmişdir. Fikirləşmək üçün ona yarım saat vaxt verilmiş, yarım saatdan sonra rəis müavini gəlib onu təhdid etməyə başlamış, filan yerdə adam öldürdüyünü, onu adam öldürmə ilə də tutacaqlarını, üstünə silah qoyacaqlarını demişdir. Həhayət onu anası ilə təhdid etdiklərinə görə məcbur olub, cinayəti boynuna almışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etməmişdir. Polis bölməsində anasının üstündən narkotik vasitə çıxaracaqlarını dedikdən sonra videoçəkiliş olmuş və o, həmin vaxt narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Qətimkan tədbiri məsələsinə baxan məhkəmədə də narkotiki yerdən tapdığını demişdir. Baş verənlərlə bağlı heç bir orqana şikayət etməmişdir. Ona qarşı fiziki təsir olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, dolanışıq məqsədi ilə metal yığıb satmaqla məşğul olur, əvvəllər məhkum olunmamış və narkotik vasitələrdən istifadə etmir. xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzinin yaxınlığından keçən zaman yerdən, içərisində ağ rəngli, şəffaf sellofana bükülmüş maddə tapmış, həmin bükümün içərisində olan maddənin qadağan olunmuş narkotik maddə olduğunu fikirləşmişdir. Qərara gəlmişdir ki, həmin maddəni aparıb polisə təhvil verər. Daha sonra cibinə qoyub yaşadığı evə tərəf getmişdir. Yaşadığı evin yaxınlığında 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, onu 13-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona müdafiəçi qismində 7 saylı Vəkil bürosunun vəkili X2 təyin edilmişdir. Ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş, o da gələcəkdə onu daha yaxşı müdafiə etməsi və qanunsuz maddənin üzərindən aşkar edilməsinə şahid olmaması üçün axtarış zamanı müdafiəçinin iştirakından imtina etmişdir. PB-də xidməti otaqların birində polis əməkdaşları tərəfindən videogörüntü vasitəsiylə onun üzərinə axtarış və götürtmə aparılmışdır. Axtarış zamanı ona təhqiqatçı tərəfindən təklif olunmuşdur ki, üzərində hər hansı qanunla qadağan edilmiş əşya, predmet və ya maddə varsa onları özü təqdim etsin. Həmin vaxt o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə yoldan taparaq qoyduğu bir ədəd şəffaf sellofan bükümündə içərisində ağ kristal şəkilli maddəni təqdim edərək həmin maddənin nə olduğunu bilmədiyini, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat təxminən 23:45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzinin yanından tapdığını və cibinə qoyduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş maddə qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O heç bir narkotik maddələrin satışı ilə məşğul olmur, nə də ki, özü istifadə etmir. O, ***-***-**- ** saylı abonent nömrəsini özünə məxsus “Samsung A51” markalı mobil telefonunda istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı fiziki və ya psixi təzyiqlər olunmamışdır (cild 1, iş vərəqi 66-68). İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs protokoldakı imzaların ona məxsus olduğunu, təhdid olunduğuna görə imza çəkdiyini, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, təxminən 2023-cü ilin mart ayının sonlarında Rafael adlı şəxsin narkotik vasitələri əldə etməsi və saxlanması barədə əməliyyat məlumatı daxil olmuş, rəisə məruzə olunmuş, həmin məlumatın əsasında əməliyyat planı tərtib olunmuş, qrup yaradılmış və Rafael adlı şəxs müəyyən olunaraq Bakıxanov qəsəbəsində, Teymur Mustafayev küçəsində saxlanılmışdır. Rafael onlarla birlikdə polis bölməsinə gəlmiş, orada raportla rəisə məruzə edilmişdir. Bölmədə təhqiqatçı videoçəkiliş aparmaqla Rafaelin üzərinə baxış keçirmiş və üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Üzərindən müddət keçdiyi üçün səhv etmirsə, bir büküm narkotik vasitəni özü şalvarının cibindən çıxararaq təqdim etmişdir. Rafael narkotik vasitəni 1 gün əvvəl tapdığını, polisə təqdim edəcəyini demişdir. Təhqiqatçı həmin narkotik vasitəni qablaşdırmış, möhürlədikdən sonra ekspertizaya göndərmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, şəxsə zəng edib onu bölməyə çağırmamışlar, şəxsi Teymur Mustafayev küçəsində saxlamışlar, narkotik vasitəni üzərinə götürməsi ilə bağlı təhdid etməmişlər, habelə şəxsə qarşı heç bir zorakı hərəkət tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni Bakıxanov qəsəbəsində “Aygün Mall” ticarət mərkəzinin yaxınlığından tapdığını bildirmişdir. Şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Şəxsin üzərinə baxış keçirilərkən səhv etmirəsə, müdafiəçi olmamışdır, belə ki, özü müdafiəçinin iştirakına etiraz etmişdir. Məhkəmədə verilən çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, bölməyə səhər radələrində gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Şahid1 iştirak etmiş, narkotik vasitəni onun cibinə təhqiqatçının otağında bu şahid qoymuşdur. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini tam təsdiq etmişdir (cild 1, iş vərəqi 112-114). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Bakıxanov qəsəbəsində yaşayan Rafael adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması bildirilir (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Rafael adlı şəxsin müəyyən ediməsi və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 01:30 radələrində ünvan 1 ünvanın qarşısında Rafael adlı şəxs müəyyən edilərək polis bölməsinə gətirilmiş və müəyyən edilmişdir ki, həmin şəxs xx xxx 1998-ci ildə Qəbələ rayonunda anadan olmuş, həmin rayonun Zirik kəndində qeydiyyatda olmaqla Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 23 ünvanda yaşayan Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 10). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ kristalşəkilli maddə olan bükümü təqdim etmiş, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat təxminən 24 radələrində Bakıxanov qəsəbəsində “Aygün Mall” ticarət mərkəzinin yaxınlığından tapdığını, onun içində olan maddənin qadağan olan maddə olmasından şübhələndiyini, ertəsi gün polisə təhvil vermək məqsədilə cibinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 32-33). - materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1826 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 7,248 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 40-43). - mobil telefonun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və o, polis bölməsinə gətirilən zaman növbətçi hissəyə təhvil verilmiş “Samsung Galaxy A51” markalı mobil telefon təhqiqatçı tərəfndən götürülmüşdür (cild 1, iş vərəqi 46). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A51” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edə biləcək heç bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 108). - DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı çəkilmiş videoçəkiliş olan 01 ədəd DVD diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda xidməti otaqda özünü Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin baş təhqiqatçısı polis mayoru Elşən Quliyev kimi təqdim edir və xx.xx.2023-cü il tarixini qeyd edir. Bundan sonra otaqda olan mülki geyimdə olan şəxs özünü Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, digəri sahə inspektoru polis kapitanı Şahid2 kimi, mülki geyimdə olan saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edirlər. X6 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri barədə məlumat vermələrini xahiş edir. Bu zaman əməliyyat müvəkkili Şahid1 bildirir ki, xx.xx.2023-cü il tarixdə “Rafael” adlı şəxsin narkotik vasitələrin qanunsuz əldə edib, üzrərində daşıması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Bakıxanov qəsəbəsi, Teymur Mustafayev küçəsində yeri müəyyən edilən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq 13-cü PB-nə gətirilmişdir. X6 polis bölməsinə şübhəli şəxs qismində gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı olmadan keçirilməsini elan edir və Təqsirləndirilən şəxs etirazı olub-olmadığını soruşur, sonuncu etirazı olmadığını bildirir. Daha sonra təhqiqatçı ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddəni çıxarıb təqdim edir. Sorğu-sual zamanı təqdim etdiyi həmin maddənin nə olduğunu bilmədiyini, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 24 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Aygün Mall” ticarət mərkəzinin yaxınlığından tapdığını və həmin bükümün içindəki maddənin qadağan olunmuş maddə olmasından şübhələnib, növbəti gün polis bölməsinə gətirib təhvil vermək üçün cibinə qoyub saxladığını bildirir. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq üzəri möhürlənir, ekspertizaya göndəriləcəyini elan edilir və şübhəli şəxsdən etirazı olubolmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazı olmadığını bildirir (cild 1, iş vərəqi 55- 56). - maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 7,248 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan 7,198 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına verilmişdir (cild 1, iş vərəqi 85-86, 87). - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 96-97). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqi 98). - Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, onun üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi olmadan üzərində saxlayaraq daşıması müəyyən edilmiş və sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasna dair hər hansı fakt, məlumat əldə edilməmişdir (cild 1, iş vərəqi 106). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 4701 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 107). - telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömyərə dair "xxxx" MMC-dən əldə edilmiş məlumatlar yazılmış diskə baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edə biləcək heç bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 116-117) - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2526 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 121-122). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda həmin qərarla cinayət işinin materiallarından Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə material ayrılaraq 13-cü Polis şöbəsinə göndərilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 123-127). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitənin olmaması, narkotiki cibinə polislərin qoyması və onu anası ilə təhdid etməklə, yəni psixoloji təzyiq göstərməklə narkotiki boynuna götürməsini tələb etmələri, təhdid altında verilmiş narkotiki boynuna götürməsi və çəkiliş zamanı ona verilmiş bükümü cibindən çıxarıb təqdim etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra yazılı razılığı əsasında müdafiəçinin iştirakı olmadan, lakin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümü təqdim etmiş, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat təxminən 24 radələrində Bakıxanov qəsəbəsində “Aygün Mall” ticarət mərkəzinin yaxınlığından tapdığını, onun içində olan maddənin qadağan olan maddə olmasından şübhələndiyini, ertəsi gün polisə təhvil vermək məqsədilə cibinə qoyduğunu bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş maddənin özünə aid olduğunu etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Qeyd edilənlərdən əlavə Təqsirləndirilən şəxs, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən verdiyi izahatında törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığı səbəbindən sübut kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 mart 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 81-84). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 30 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,198 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə təyin edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,198 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-564/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-564/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver