Məhkəmə qərarları › İş №1(101)-565/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-565/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-565/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1986-cı il fevralın 17-də Lənkəran rayonunun Port- İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il 07 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2019-cu il noyabrın 28-də cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməmiş, Lənkəran rayonunun Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Hafis adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmadığı vaxtda və yerdə sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,392 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 2,324 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 2021-ci il sentyabrın 15-də Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 21:45-də Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 ünvanının qarşısında saxlanaraq şöbəyə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən dörd ədəd bükümdə ayrıayrılıqda 2,214 qram, 0,879 qram, 0,906 qram və 0,483 qram olmaqla ümumi təmiz çəkisi 4,392 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanan narkotik vasitə heroin və dörd ədəd bükümdə ayrı-ayrılıqda 0,367 qram, 0,368 qram, 0,619 qram və 0,970 qram olmaqla ümumi təmiz çəkisi 2,324 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik maddə aludəçisi olsa da heç vaxt həmin maddələrin satışı ilə məşğul olmamışdır. Tutularkən üzərində sadəcə bir qramdan bir az çox narkotik vasitə heroin olmaqla ittiham edildiyi digər maddələr ona məxsus deyildir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il sentyabrın 15-də Elmiq adlı şəxsin narkotik vasitələr əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün şöbənin kiçik əməliyyat müvəkkili polis kiçik serjantı Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən tarixdə saat 21:45 radələrində ünvan 1 ünvanın qarşısında Elmiq adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sonuncunun X6 olmasını müəyyənləşdirib üzərində hər hansı narkotik maddə olub-olmamasını soruşmuş, sonuncu bunu inkar etsə də özünü şübhəli apardığından X4 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət etmişlər, orada xidməti otaqların birində videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən çıxardığı bir ədəd şəffaf sellofan bükümdəki ayrı-ayrılıqda səkkiz ədəd şəffaf sellofan bükümü təqdim etməklə içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, bunları Bakı metropolitenin «Koroğlu» stansiyasının yaxınlığında İran İslam Respublikasının vətəndaşı Hafiz adlı şəxsdən iki saat əvvəl 300 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunan bükümlər zərfə qablaşdırılaraq üzəri möhürlənmişdir. X7 qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kiçik serjantı olub Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin kiçik əməliyyat müvəkkili işləmiş X3 şahid X8 ilə analoji ifadə verdi. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş X6 ibtidai araşdırma zamanı verdiyi ilkin izahatda, şübhəli və təqsərləndirilən şəxslər qismindəki ifadələrdə internetdə tanış olduğu, narkotik maddələrin satışı ilə məşğul olan Hafis adlı İran İslam Respublikasının vətəndaşı ilə 2021-ci il sentyabrın 15-də saat 19 radələrində Bakı metropolitenin «Koroğlu» stansiyasının yaxınlığında görüşərək sonuncudan əvvəlcədən razılaşdıqları kimi 300 manat pul əvəzində dörd ədəd bükümdə narkotik vasitə heroin və dörd ədəd bükümdə psixotrop maddə metamfetamin aldığını, 2021-ci il sentyabrın 15-də saat 21:45 radələrində ünvan 1 ünvanın qarşısında olarkən iki nəfər şəxsin ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etməklə narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olmasında şübhələnildiyini bildirərək onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gətirdiklərini, orada videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən səkkiz ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, bunları Bakı metropolitenin «Koroğlu» stansiyasının yaxınlığında İran İslam Respublikasının vətəndaşı Hafiz adlı şəxsdən iki saat əvvəl 300 manata öz şəxsi istifadəsi və satmaq üçün aldığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq və ya zorakılıq hərəkətlərinə yol verilmədiyini göstərmişdir (iş vərəqi 60-61, 70-72 və 89-91). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 2021-ci il sentyabrın 15-də raportlarından, eyni tarixli protokolundan və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, habelə 2021-ci il 16 sentyabr tarixli məktublarından görünür ki, Elmiq adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayıb daşıması, istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyataxtarış qrupu yaradılmış, sonuncu 2021-ci il sentyabrın 15-də saat 21:45-də ünvan 1 ünvanın qarşısında saxlanmaqla şöbəyə gətirilmiş, heç bir şikayət və təklif daxil olmamış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarın surətləri Bakı şəhərinin Nəsimi Rayon Prokurorluğuna və Bakı şəhərinin Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir (iş vərəqi 3-8). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə saat 21:45-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə qardaşı X5 2021-ci il sentyabrın 15-də saat 22:30-da məlumat verilmiş, heç bir vəsatət daxil olmamışdır (iş vərəqi 22-23). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 sentyabr və 2021-ci il 16 sentyabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs razılığı ilə üzərində aparılan şəxsi axtarış zamanı sonuncu əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofandakı səkkiz ədəd şəffaf sellofan bükümü təqdim etməklə bükümlərdən dördündə narkotik vasitə heroin, digər dördündə isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Hafis adlı şəxsdən Bakı metropolitenin «Koroğlu» stansiyasının yaxınlığında satış məqsədi ilə pulunu sonra vermək şərti ilə 300 manata aldığını bildirmiş, heç bir şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, bir ədəd DVD-R diski protokola əlavə olunmuşdur (iş vərəqi 42-48). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 16 sentyabr tarixli 6/4078 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «...şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)» yazısı olan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,124 qram, 0,879 qram, 0,906 qram və 0,483 qram olmaqla ümumi çəkisi 4,392 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,367 qram, 0,368 qram, 0,619 qram və 0,970 qram olmaqla ümumi təmiz çəkisi 2,324 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı qalıqları müvafiq qaydada 4,312 qram və 2,244 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 88,7 manatdır (iş vərəqi 54-57). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 16 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sonuncunun istifadəsində olan «LG» markalı mobil telefon, habelə ***-***-**- **, ***-***-**-** və ***-***-**-** mobil nömrələri götürülmüşdür (iş vərəqi 62). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 sentyabr və 2021-ci il 17 sentyabr tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilməklə sonuncuya qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 73 və 76-78). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 16 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan « LG» markalı mobil telefona baxış zamanı telefonda ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** mobil nömrələrinin olması, habelə «WhatsApp», «Facebook» və «İnstagram» proqramları pozulduğundan sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə sms mətnlərinin, fotoşəkillərin və videogörüntülərin olmadığı müəyyənləşdirilmişdir (iş vərəqi 75). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il 17 sentyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il sentyabrın 15-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 98-100). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il sentyabrın 22-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il 07 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin 2010-cu il 18 avqust tarixli qərarı ilə göstərilən hökm dəyişdirilmədən saxlanılmış, 2019-cu il noyabrın 28-də cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqi 115-116 və 120-131). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 2021-ci il 05 oktyabr tarixli 083-2921-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etdiyi Hafis adlı İran İslam Respublikasının vətəndaşını müəyyən edərək istintaqa təqdim etmək mümkün olmamışdır (iş vərəqi 133). İş materiallarındakı «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 08 oktyabr tarixli AZF/LGL-27264/21 №-li məktubundan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 18 dekabr tarixli protokollardan görünür ki, MMCdən daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il iyunun 15-də +**********82 saylı mobil nömrədən «Yuska görüsən yenə belə elədin başa düşmədim? deyisən alınır prablem» və «yoxdu sora lox çıxır nəbilim vallah nəysə mən birdə bu barədə sənnən danışmıyacam» məzmunlu, 2021-ci il iyunun 16-da +**********35 saylı mobil nömrədən «falqa gətir patı çəkəy» məzmunlu, 2021-ci il iyunun 17-də saylı +**********48 mobil nömrədən «Qaqam 40 atiram 5de» məzmunlu, 2021-ci il iyunun 18-də +**********55 saylı mobil nömrədən «Ağa əziyyətdən keçib onun 2sini biryerdə 1inidə 05 05 iki dənə yarı elətdirərsəndə» məzmunlu, 2021-ci il iyunun 19-da +**********32 saylı mobil nömrədən «patı var biraz çəkəriy», «ilqar tema gözdüyürəm» və «götürüm çıxıram» məzmunlu, +**********48 saylı mobil nömrədən «Birdə salam necəsiz nə var nə yox neyniyə bildiz ağrıdan çıxmısız yoxsa?» məzmunlu, 2021-ci il iyunun 20-də +**********48 saylı mobil nömrədən «Vüsaləyə deyərsən Özümü lomkada saxlamışam ona görə siz bu neçə gündə bir dəfə marağlanmadızdə güya tema yoxuvuzdur? siz malı özüvüzdən çox istiyirmişsiz» məzmunlu, 2021-ci il iyunun 22-də +**********48 saylı mobil nömrədən «nə olarki heç olmasa bir dəfə də siz çağırın deyin elmiq gəl kola çəkəy» məzmunlu, 2021-ci il iyunun 23-də +**********25 saylı mobil nömrədən «Qaqa mene İqrm torpaq verersen pulun veribler. Yarida orucnan mene lazimdi, Birazda patpires hemiweki kimi» məzmunlu, 2021-ci il avqustun 11-də +**********88 saylı mobil nömrədən «Kola da qalmiyib İQluq?» məzmunlu, 2021-ci il avqustun 14-də +**********25 saylı mobil nömrədən «Ne olubki denen de» məzmunlu, +**********32 saylı mobil nömrədən «Sen gorusen hansi fikirlere dusursen? men oz hayimdayam Arvad olur orda ozum axtarisdayam Agri aci buyannan sen gor ne fikirlesirsen qaldi pravaya Mirad» məzmunlu, 2021-ci il avqustun 15-də +**********25 saylı mobil nömrədən «Men ona bir menada bele cox istinniliy gosteriremki oda onun yaxsi olmaginnan otrudu Tek Vusale yox elebir qiz yoxdurki kakos elesin men bilim ona yazigim gelmesin komeyliyimi gostermiyim Vusalede ozun gozel bilirsen ki Meni neqeder soyubde yenede men hecne dememisem menim haqqim yoxdurki Vusaleye Ureyim deyim? eybiyox elmeddin vaxt gelende ozum seni tapaçam Vusale men daha yoxam Amma sene and verirem Anavin canina kakosu eleme men Dua eliyecemki Allah onu sennen uzag elesin qaldi Sene Urey yazmağıma orda pis qebul olunasi hecne yoxdu Elmeddine ozun basasal men ozumu cox pis hiss eliyirem ozumu kesecem qan cixardmasam sakitlesmerem Anamda berk agriyir» məzmunlu, +**********61 saylı mobil nömrədən «Qaqa 120 verirem 4 torpağ 07 Pati duzeler?» məzmunlu, +**********35 saylı mobil nömrədən «Serxan vene basdadun?» məzmunlu, 2021-ci il avqustun 18-də +**********88 saylı mobil nömrədən «Qaqaw biraz cola lazimdi yarim, lomkadan oluruk cox pisdi veziyyet imka varsa el tut» və «Qaqa qurban sene 0.6 ele da onu iki neferik tek deyilem. nolar cox gozletme» məzmunlu, +**********53 saylı mobil nömrədən «Cavid 4 dene kola at mene Pencereden», «Gozduyen var yolasalim heq hesab eliyeriy», «Berk agriyan varda» məzmunlu, +**********30 saylı mobil nömrədən «Hikmet Salam nive menim dermanimi qaytarmirsan agriyiram sen ağrıyanda getirib qapidan verdim indi mene ehtiyacdi getir qaytar» məzmunlu, +**********35 saylı mobil nömrədən «Menim qabagimi bagliyisan varyoxun s*k*m tema goture bilmesem sencin yaxsi olmuyacag» məzmunlu, +**********49 saylı mobil nömrədən «Ala got ozuvu casdirma deyirem menim dermanimi catdir» məzmunlu, 2021-ci il avqustun 19-da +**********30 saylı mobil nömrədən «Dermanimi getirver» məzmunlu, 2021-ci il avqustun 22-də +**********85 saylı mobil nömrədən «Elmik bir dost var 05 p lazımdı var varsa deqiq bir vaxt de o vaxt Ancaq deqiq de gelenmiyesen de bilim deyim yoxdu burda nr problem yar ki» məzmunlu, 2021-ci il avqustun 23-də +**********85 saylı mobil nömrədən «Eli qqqaşımsan narmal şey gəti özum ucundu» məzmunlu, 2021-ci il avqustun 24-də +**********30 saylı mobil nömrədən «S*kd*re xayin qanciq bilsende» məzmunlu, + **********88 saylı mobil nömrədən «Neynirsen. 2 dene k., goturmek lazimdi. emele geler?», «50m emele gelmez brat?», «Yaxwi 60 duzelder dedim, hardasan yarim saata men gelim goruwek», «Mkr gelmiyeceksen yarim saata bir saata?», «Qaqa imkan varsa yarim cetde buna p.. ver qatib elemeye quzu keserem» məzmunlu, 2021-ci il avqustun 26-da +**********85 saylı mobil nömrədən «Qaqaş emanetin hazırdl elave 10 azn pat 0.5 kol 20 azn gene var ama nese desen deyim onlara bele ne deyim» məzmunlu, +**********35 saylı mobil nömrədən «QAQA QALMŞAM KOROĞLUDA BİLMİREM HARA GELİM?» məzmunlu sms mətnlərinin daxil olması; eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il iyunun 27-də +**********48 saylı mobil nömrədən «Salam Vüsalə inankı çox piş vəzziyyətdəyəm siz bu neçə gündə birdələdə məni axtarmadızda bu nömrə mənim di Elmiqdi bilirəm Səni bezdirirəm amma onuda deyim uje axrlarıdı daha məni görmüyəceysiz əgər ağrı acı varsa cıxın gəlin Xrdalana AAF parkın yanma» məzmunlu, +**********75 saylı mobil nömrədən «Qaqa salam necəsən Elmiqdi bu nömrədəyəm» məzmunlu, 2021-ci il iyulun 01-də +**********35 saylı mobil nömrədən «tapdım kola gələcəm indi» və «tapdım kola» məzmunlu, 2021-ci il iyulun 02-də +**********48 saylı mobil nömrədən «sən ağrıda deyilsəne Ceka mal verəcəy ora gedirsən» məzmunlu, +**********65 saylı mobil nömrədən «Elmiq gonderdim cekde, mendedi. Birdeki qaqa 2 dene yari ele ayri ayri olsun. İndi goruwende 10m da goturecem. Qaqa sen allah dunenki kimi olmasindb. Uwaqa dimiwem 1 saata goruwecem senen mehleye gelib mazq elemesin meni bu saatda» məzmunlu, 2021-ci il iyulun 03-də +**********37 saylı mobil nömrədən «Elməddin əgər kola götürəbilsən məmçin 2 qr götür puluda nəqədər eliyir denən fərqiyoxdu məndə patıvar kola özüm götürmədim zəyifiydi» məzmunlu, +**********61 saylı mobil nömrədən «Birdə salam Fariz kişi bəyağ deyəbilmədim sən canın düz bilərsən eliyə bilirsənsə kolanın pulun verərdin binəyə gedməliyəm pulumyoxdu yenədə verəbilirsənsə verərdin» məzmunlu, +**********37 saylı mobil nömrədən «məndə patıvar kol» məzmunlu, +**********65 saylı mobil nömrədən «Salam elmiq neynisen salamatciliqdi. Qaqa imkan varsa mene bidene yari vere bilersen? Hem istiyenlere verib 15m pul alardim hemde yarsin ozum goturerdim mende hecne yoxdu lomkaciliqdi. Sabah pul goturecem 40m birwey ederiy. imkan varsa yarim qrm verdin yoxdusa hec olmasa mencin biraz elemeye vererdin aqrida qalmiyim rahat iwderimi qaydasina salim sabah pulcun avara qalmiyay qoy. Qaqa mene he yox de bilim mene bidene xeber ele gozduyurem» məzmunlu, 2021-ci il iyulun 08-də +**********61 saylı mobil nömrədən «Fariz kişi mən ankalogiyanın həyətindəyəm 20 yanvarda pula ehtiyacvar necə eliyəy» məzmunlu, +**********55 saylı mobil nömrədən «Ağa açardmda ELMİQDİ» məzmunlu, 2021-ci il iyulun 10-da +**********35 saylı mobil nömrədən «ELİ SENE DEDİM AXİ OT İSTİYEN VAR» məzmunlu, 2021-ci il iyulun 11-də +**********23 saylı mobil nömrədən «Nece eliyey gorwey verim sene poxu?» məzmunlu, 2021-ci il iyulun 21-də +**********35 saylı mobil nömrədən « BRAT NE EDİRSEN ELE KOLA GETİR 35 VERECİY NÜJDE VAR BERKEDE 40 VEREY» məzmunlu, 2021-ci il avqustun 04-də +**********23 saylı mobil nömrədən «Cavabver vallah duz elemisen menim eseblerimi pozursan inan ki cox pisem bu terefdende lomka vapsem pisem 4 saatdi Mal tapavilmirem o İonikadan cixardiglarimda baxib sevinir» məzmunlu, 2021-ci il sentyabrın 03-də +**********07 saylı mobil nömrədən «Kola pati nin tozu yoxdu» məzmunlu məzmunlu sms mətnlərinin daxil olması aşkarlanmışdır (iş vərəqi 138-140 və 145-147). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 18 dekabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il iyunun 15-dən 2021-ci il sentyabrın 15-dək olan müddət ərzində daxil olmuş mesaj mətnlərinə sonuncunun və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik hər hansı fakt aşkanlanmamışdır (iş vərəqi 148). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2021-ci il 22 oktyabr tarixli 2463 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə xasiyyətin psixopatik cizgiləri müəyyənləşdirilmiş, sonuncu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 150-151). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 13 dekabr tarixli 5070 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 152- 153). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 19 dekabr tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli ********* saylı cinayət işindən ayrıca icraata cinayət işi ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 32.5, 206.3.2.-ci və 234.4.2.-ci maddələri ilə cinayət təqibinin başlanmasından imtina olunmuş, ********* nömrəli cinayət işindən İran İslam Respublikasının vətəndaşı Hafis adlı şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmış, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs aşkarlanıb götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı müvafiq qaydada 4,312 qram və 2,244 qram çəkidə qalıqları saxlanılması üçün idarənin növbətçi hissəsinə təhvil verilmiş, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (iş vərəqi 156-164 və 166). Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 26 mart tarixli 17/38-1896 №-li məktubu ilə daxil olan eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs «özünə xəsarət yetirməyə meyilli» şəxs kimi profilaktik qeydiyyata götürülmüşdür. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik maddə aludəçisi olsa da heç vaxt həmin maddələrin satışı ilə məşğul olmaması, tutularkən üzərində sadəcə bir qramdan bir az çox narkotik vasitə heroin olmaqla ittiham edildiyi digər maddələr ona məxsus olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin dərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il 07 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Apellyasiya Məhkəməsinin 2010-cu il 18 avqust tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış, sonuncu 2019-cu il noyabrın 28-də cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.2.2.-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.4.-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkarlanıb götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı müvafiq qaydada 4,312 qram və 2,244 qram çəkidə qalıqları məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 88,7 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Pro Bono» vəkil bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il sentyabrın 15-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il sentyabrın 15-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 88,7 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Pro Bono» vəkil bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkarlanıb götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı müvafiq qaydada 4,312 qram və 2,244 qram çəkidə qalıqları məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar