Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-566/2025 10.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X4 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, “A.İ.M” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 16 avqust 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqla şəxsiyyəti araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən öz aralarında rolları bölüşdürdükdən sonra 13 may 2024-cü il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşının tapşırığı əsasında qrupun digər üzvü tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən fəaliyyət göstərməyən zavodun ərazisində təkərin içərisində gizlədilmiş ümumi təmiz çəkisi 4765 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan skoçla bağlanmış qara rəngli sellofan bağlamada əldə edərək saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 22:40-da Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən fəaliyyət göstərməyən zavodun ərazisində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və 14 may 2024-cü il tarixdə, saat 00:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əlində olan qara rəngli sellofan torbanın içərisində olan skoçla bağlanmış qara rəngli sellofan bağlamada satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı külli miqdarda təmiz çəkisi 4765 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, şəxsi istifadəsi üçün çox az miqdarda, təxminən 10 qram marixuana əldə etmək istəmiş, bu səbəbdən “İnstagram”da İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamışdır. O, “İnstagram”a “marixuana” yazan kimi İran İslam Respublikası vətəndaşının səhifəsi önünə çıxmış, həmin səhifəyə daxil olaraq mesaj yazmış, İran vətəndaşı da ona öz telefon nömrəsini vermişdir. Onlar telefonla yazışmağa başlamış, bu mesajlar içərisində səsli şəkildə göndərilənlər də olmuşdur. Onun telefonunda əvvəl yazdığı mesajların 24 saat içərisində avtomatik şəkildə silinməsi funksiyası olmuş, lakin İran İslam Respublikası vətəndaşı ilə yazışan zaman o, bu funksiyanı aktiv etməmiş, amma iranlı aktiv etmişdir. Onun yazdığı mesajlarda İran İslam Respublikası vətəndaşından yalnız öz şəxsi istifadəsi üçün 10 qram narkotik almaq istəməsi barədə olmuşdur. Bu hadisələr may ayının 12-də baş vermişdir. O, “Sea Breeze”də inşaat fəhləsi kimi işləmişdir. İşdə olan zaman iranlı ona özündə 4 kiloya yaxın marixuana olduğunu, ünvan yollayacağını, onun da həmin ünvana gedərək marixuananı təhvil almalı olduğunu, aldıqdan sonra isə bir miqdarını özünə götürə biləcəyini, qalan hissəsini də iranlının deyəcəyi ünvana aparmalı olduğunu demişdir. O da düşünmüşdür ki, iranlı ona yad olduğu üçün 4 kilo marixuananı təhvil aldıqdan sonra özünə götürərək şəxsi istifadəsi üçün saxlayacaq. Həmin gün axşam saatlarında onun mobil telefon nömrəsinə Binəqədi ərazisində ünvan göndərilmişdir. O, həmin ünvana gedən zaman, təxminən 12-13 nəfər onu saxlamış və Binəqədi rayon Polis İdarəsinə gətirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, iranlı ilə yazışan zaman heç vaxt onunla iş qurmaq məqsədi güdməmiş, sadəcə iranlını aldatmaq məqsədilə dediyi işi edəcəyini bildirmişdir. Narkotikin qramını neçə manata danışdığı tam yadında qalmamışdır. İranlı ona narkotiki götürdükdən sonra deyəcəyi ünvana təhvil verməli olduğunu demiş, amma o, narkotiki götürdükdən sonra özündə saxlamağı düşünmüşdür. Binəqədidə narkotiki götürdükdən sonra üzərindən 1 dəqiqə keçməmiş polis əməkdaşları gəlib onu narkotiki götürdüyü fabrikin həyətində tutmuşlar. Narkotikləri götürəndə hamısı bir yerdə, topa şəklində olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, may ayının ortalarında, axşam saatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daha sonra da əməliyyat qrupu yaradılmışdır. 2 nəfər əməliyyat tədbiri üçün Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən zavodun həyətinə getmişlər. Zavodun həyətində müşahidə aparılmış, Rüfətin xarici görünüşünün əlamətlərinə uyğun şəxs axtarılmış, tapılan kimi də şəxsə yaxınlaşılmış, özlərini təqdim etmiş və rayon Polis İdarəsinə dəvət etmişlər. Rüfətin üzərinə baxış keçirilən zaman əlində qara sellofan olmuşdur. Baxış zamanı Rüfət həmin qara sellofanı haradan, kimdən götürdüyünü onlara bildirmişdir. Rüfətin dediyinə görə, İran İslam Respublikası vətəndaşından almış, özü də narkotik vasitələrdən istifadə etmişdir. Həmin narkotik vasitədən bir azını özünə götürərək, qalan hissəsini də aparıb harasa qoyacaqmış. Qara sellofandakı narkotik vasitə, təxminən 4-5 kilo çəkidə marixuana olmuşdur. Həmin narkotik vasitəyə baxış keçirilmiş, daha sonra da qablaşdırılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, o, Rüfətin marixuananı götürdüyünü görməmişdir. Rüfəti tutub saxlayandan sonra üzərinə baxış keçiriləndə əlində qara sellofan olduğunu görmüşdür. Rüfət marixuananı yenicə götürdüyünü, narkotik vasitədən bir azının ona pay kimi verildiyini, qalan hissəsini isə harasa aparıb yerləşdirəcəyini demişdir. Rüfətə qarşı heç bir təzyiq olmamışdır. Əməliyyat tədbiri zamanı 2 polis iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda 16 avqust 2004-cü ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və istifadəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və istifadəsi ilə məşğul olmasında şübhəli bilinən 16 avqust 2004-cü ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra o, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən yararsız vəziyyətdə olan zavodun həyətində əlverişli şərait yarandığından həmin gün saat 22:40-da saxlanılaraq Binəqədi rayon Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 8). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üstündə, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud məhdudlaşdırılmış əşya və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli torbanın içərisində olan 01 (bir) ədəd iri həcmli qara sellofana bükülmüş içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümü, şalvarının sol ön yan cibindən bir ədəd “Samsung” markalı telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd iri həcmli qara sellofana bükülmüş içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümün özünə məxsus olmasını və içərisində adının marixuana adlanan narkotik vasitə olmasını bildirmiş, onu 10 gün qabaq sosial şəbəkədən tanış olduğu adını bilmədiyi İran vətəndaşının əvvəlcədən müəyyən etdiyi yerə qoyulduqdan sonra götürdüyünü qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə, mobil telefon və üstündən aşkar edilmiş bank kartı müvafiq qaydada qablaşdırılaraq götürülmüş, iri həcmli kütlə DİNin 172 saylı möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 34-37). - materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/749 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada 1 (bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 4765,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqi 45-49). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və CD diskdə olan məlumatlardan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd CD diskdə olan 12 dəqiqə 12 saniyə davam edən “00426 - 5/14/2024 12:30 AM - MTS File 1,084,092 KB” adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, Binəqədi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X6 iştirak edən polis əməkdaşlarını və 13 may 2024-cü il tarixdə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən zavodun həyətində saxlanılaraq polis bölməsinə şübhəli şəxs qismində dəvət edilmiş Təqsirləndirilən şəxs təqdim edərək şübhəli şəxsin üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirdiyini elan edir. Daha sonra təhqiqatçı Araz Kazımlı şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Bundan sonra şübhəli şəxs əlindəki torbanı və şalvarın sol yan cibindən isə bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Daha sonra şəxsin üzərində təhqiqatçı tərəfindən axtarış keçirilir və üzərində hər hansı əşya və ya predmet aşkarlanmır. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi qara rəngli sellofan torbanın içərisində nə olması, onu haradan və necə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bağlamanı təxminən 10 gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu və adını bilmədiyi İran İslam Respublikası vətəndaşının bildirdiyi ünvandan 13 may 2024-cü il tarixdə axşam saatlarında götürməklə əldə edib özündə saxladığını, həmin tanımadığı şəxsin ona bağlamadakı narkotik vasitədən az miqdarda özünə götürə biləcəyi barədə vəd vermiş olduğunu, özünün də istifadəçisi olduğunu bildirir. Bundan sonra təhqiqatçı Araz Kazımlı şübhəli şəxs tərəfindən təqdim edilmiş skoçla bağlanmış qara rəngli sellofan torbanı bir qədər açmaqla içərisində ot tərkibli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olduğunu müəyyən edir. Ardınca isə sözügedən qara rəngli sellofan bağlamanı iştirakçılar tərəfindən imzalanmış kağız və skoç vasitəsi ilə qablaşdırır, 172 nömrəli möhürlə möhürləyir. Bundan başqa təhqiqatçı Araz Kazımlı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon və bank kartını maddi sübut əhəmiyyətli olduğundan tərəfindən götürülüdüyünü elan edir və çəkiliş yekunlaşır (cild 1, iş vərəqi 56-57). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A54” markalı mobil telefona baxış zamanı onun “SM-A546E/DS” modelli, RZCX11X546L seriyalı, arxa tərəfi gümüşü rəngli, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, arxasında qoruyucu olan mobil telefon aparatının Hindistanda istehsal olunduğu və 128 GB həcmində daxili yaddaşı olduğu müəyyən edilir. Həmin mobil telefon cihazı iki - **********23326 və **********23325 İMEİ kodludur. Təqdim edilmiş mobil telefon hazırda normal vəziyyətdədir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonun kodunu açmaqla müvafiq bölmələrə daxil olaraq mobil telefonun “Whatsapp” bölməsində danışıq aparılan və məlumat bölüşülən çatları yoxlayıb burada “İran [Hamzat]” adlı istifadəçi ilə aralarında olan yazışmalarını, habelə elə həmin çatda olan şəkilləri nümayiş etdirdi. Qeyd edilənlərdən məlum olur ki, Təqsirləndirilən şəxs özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etdiyi kişi cinsli şəxslə 13 may 2024-cü il tarixdə axşam saatlarında dəfələrlə narkotik maddənin əldə edilməsi ilə bağlı ünsiyyətləri olmuşdur. Həmçinin həmin çatda olan beş ədəd fotoşəkillərdə məhz şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi, polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilərkən əlində olmuş qara rəngli sellofan torba və həmin torbanı götürərkən qoyulduğu yer əks olunmuşdur. Təqsirləndirilən şəxs həmin SMS yazışmaları və şəkillərlə bağlı bildirdi ki, qeyd edilən çatda olan yazışmalar məhz onunla özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxs arasında olmuş ünsiyyəti əks etdirir. Həmin çatdakı şəkillər isə özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxs tərəfindən narkotik vasitənin qoyulduğu yerin ona göndərildiyi şəkilləridir və polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilərkən əlində olmuş qara rəngli sellofan torbanı o, məhz həmin yerdən götürmüşdür. Qeyd edilən danışıqlar cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyindən bir ədəd CD-R diskə və fotoşəkillərə köçürülərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 58-59). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 72-73). - maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 4765,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, onun üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd CD-R disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A54” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4764,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 01 ədəd CD-R disk və mobil telefon cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 116-119, 120). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrələrinə aid məlumatlara "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır (cild 1, iş vərəqi 127). - yaşayış yerindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadır, həmin ünvanda yaşadığı müddət ərzində onun barəsində Sabunçu qəsəbə nümayəndəliyinə qonşular tərəfindən şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 128). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 131). - məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 4427 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 138-139). - kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 1861 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanına malikdir. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci mədəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs baş vermiş hadisələri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Məsuliyyətsizlik, laqeydlik, inadkarlıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 140-143). - cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitəni əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 162-163). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 129-130). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs İran vətəndaşından əldə edəcəyi narkotik vasitəni sonuncunun deyəcəyi yerə qoyacağını razılaşdırsa da, bunu etməyəcəyi və özünə götürəcəyi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Təqsirləndirilən şəxs həmin ifadəsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, onun bu mülahizəsi iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə zamanı araşdırılmış sübutlarla tam təkzib olunmuşdur. Ona görə də təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin, məhkəmə onun özünün cinayət məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla üzərində daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, cavan olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 may 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 may 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 105-109). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4764,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş materiallarına əlavə edilmiş 01 ədəd “Samsung Galaxy A54” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4764,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - iş materiallarında saxlanılan 01 ədəd “Samsung Galaxy A54” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-566/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-566/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver