Məhkəmə qərarları › İş №1(101)-569/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-569/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-569/2021 16.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Nəbiyev Mahmud Yusif oğlunun sədrliyi ilə, Hacıyev Əfqan Niyətulla oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 4550 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 240,050 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 212,030 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxil edilən 50 ədəd blisterdə ümumi sayı 510 ədəd olan “M40” göstəricili həb təsir maddəsinin ümumi miqdarı 20,4 qram təşkil edən narkotik vasitə metadon preparatını, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 0,450 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla yaşadığı Bakı şəhəri, Zirə qəsəbəsi, Qışlaq sahəsi 45 ünvanında yerləşən evinin tövləsinə daşıyaraq qeyd edilən çəkidə psixotrop maddə metamfetamini bir bükümdə və həmin narkotik vasitə “M40” göstəricili həblərin təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən bir blisterdə olan 10 ədəd metadon preparatını üzərində, qalan təsir maddəsinin ümumi miqdarı 20 qram təşkil edən 50 ədəd blisterdə olan 500 ədədini, həmçinin 212,030 qram çəkidə narkotik vasitə tiryəki bir ədəd bükümdə, 240,050 qram çəkidə narkotik vasitə heroini bir ədəd bükümdə və qeyd edilən çəkidə narkotik vasitə marixuananı 2215 qram və 2335 qram olmaqla iki ədəd bükümdə qablaşdıraraq əvvəlcədən satışa hazırlayıb yaşadığı evin həyətində olan tövlədə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən xx xxxxxxxx 2020ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün, saat 19.00-da Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında saxlanılıb Baş İdarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 0,450 qram psixotrop maddə metamfetamin və bir ədəd blisterdə ümumi sayı 10 ədəd olan “M40” göstəricili həb təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən narkotik vasitə metadon preparatı əynindəki boz rəngli şalvarın arxa sağ cibindən, yaşadığı ünvan 2 ünvanına sonuncunun razılığı və iştirakı ilə həmin gün, saat 23.00-dan etibarən keçirilmiş baxış zamanı ayrı-ayrılıqda təmiz çəkiləri 2215 qram və 2335 qram olmaqla, külli miqdarda 4550 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd ağ rəngli və bir ədəd göy rəngli sellofan torbalarda, həmçinin külli miqdarda 212,030 qram çəkidə narkotik vasitə tiryək bir ədəd bükümdə, külli miqdarda 240,050 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə, külli miqdarda 50 ədəd blisterdə ümumi sayı 500 ədəd olan “M40” göstəricili həb təsir maddəsinin miqdarı 20 qram təşkil edən narkotik vasitə metadon preparatı bir ədəd göy rəngli paketin içərisində olmaqla evin həyətyanı sahəsində yerləşən tövlənin girişinin sol tərəfində aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər heç vaxt narkotik vasitə və yaxud psixotrop maddə istifadə etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Dübəndi qəsəbəsində yerləşən dəniz kənarında gəzişərkən dənizin ləpədöyən hissəsindən bir qədər kənarda iki sellofan paket görmüş, paketlərin qablaşdırılması diqqətini cəlb etdiyi üçün həmin paketləri götürüb yaşadığı Zirə qəsəbəsi, Qışlaq sahəsi, ev 45 ünvanındakı evin həyətindəki tövləyə aparmışdır. Tövlədə paketləri açıb içərisinə baxdıqda orada ota bənzər maddə və list dərmanların olduğunu görmüş və tapdığı narkotik vasitə və psixotrop maddələri həmin iki sellofan torbaya yığıb tövləyə qoymuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə satmaq üçün bir list dərmanı və bir qızılı rəngdə olan bükümü götürüb evin qarşısına çıxmış və saat 19.00-da yaşadığı Zirə qəsəbəsi, Qışlaq sahəsi, ev 45 ünvanının qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Baş X2 əməkdaşları olduqlarını bildirdirib ondan anket məlumatlarını soruşmuşlar. O, öz anket məlumatlarını bildirdikdən sonra onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib üzərinə baxış keçirib üzərində saxladığı bir list dərmanı tapmışlar. Daha sonra onu Baş İdarəyə dəvət etmişlər, Baş İdarədə üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın sağ arxa cibindən bir ədəd büküm və 1 list dərman aşkar edilmişdir. Sonra aşkar olunmuş metadon və metamfetamin zərfdə qablaşdırılaraq götürülmüşdür. Aşkar olunmuş əşyaları Xəzər dənizi sahilindən tapdığını, heç bir məqsəd olmadan saxladığını və yaşadığı evdə başqa narkotik vasitə və psixotrop maddələrin də olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı Zirə qəsəbəsi, Qışlıq sahəsi ev 45 ünvanında yerləşən mənzilə getmişlər, orada yerləşən evin tövləsində saxladığım 2 ədəd sellofan torbanı polisə təqdim etmişdir. Həmin torbalara baxış zamanı içərilərindən bir büküm heroin, bir büküm tiryək, 50 ədəd listdə 500 ədəd metadon həbi, iki bükümdə qurudulmuş marixuana aşkar edilib elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Tapdığı narkotik vasitədən bir dəfə istifadə etsə də, həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Ona görə də ibtidai istintaqda sonrakı ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi cinayət işinin aşağıdakı şərh edilən halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməliyyat müvəkkilidir. xx xxxxxxxx 2020-cu il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumatla əlaqədar əməliyyat qrupu yaradılmış və həmin gün, saat 19:00 radələrində Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, ev 45 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş İdarəyə dəvət edilərək vəkil dəvət olunduqdan sonra şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs videokameradan istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmış və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın arxa sağ cibindən bir ədəd bükümü və bir ədəd listi çıxarıb təqdim etmişdir. Təqdim edilən bükümə və listə iştirakçıların şahidliyi ilə baxış keçirilərkən bir ədəd gümüşü rəngli kağız bükümdə kristal şəkilli, ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddə, bir ədəd listdə isə 10 ədəd olmaqla narkotik vasitə metadon həbinə bənzər maddələr olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın arxa sol cibindən bir ədəd qara rəngli “Redmi” markalı, bir ədəd qara rəngli “Nokia” markalı mobil telefonlar, yüz on beş manat pul aşkar olunmuşdur. Həmin bir ədəd içində metamfetaminə bənzər kütlə olan və bir ədəd listdə 10 ədəd olmaqla narkotik vasitə metadon həbinə bənzər kütlələr zərfə qoyularaq zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Redmi” markalı, bir ədəd “Nokia” markalı mobil telefonlar sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş, yüz on beş manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə metamfetaminin və bir ədəd listdə olan on ədəd metadon həbinin özünə məxsus olduğunu, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Pirallahı rayonu ərazisində yerləşən Xəzər Dənizinin sahilindən tapdığını, tapdığı narkotik vasitələri satmaq məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən yaşadığı evin tövləsində saxladığını və üzərində gəzdirdiyini, narkotik vasitələrdən istifadə etmədiyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bunda sonra əməliyyat qrupunun üzvləri, müdafiəçi və şübhəli şəxslə birlikdə şübhəli şəxsin yaşadığı ünvan 2 üvnanında yerləşən evə yollanmışlar. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs oğluna sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin evin həyətyanı sahəsində yerləşən, giriş qapısı küçədən olan tövlənin girişinin sol tərəfindən bir ədəd ağ rəngli və bir ədəd göy rəngli sellofan torbaları təqdim etmişdir. Bir ədəd sellofan torbaya əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün həmin evin həyətyanı sahəsində olan stolun üzərinə qoyulmuşdur. Həmin ağ rəngli torbanın içindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, göy rəngli sellofan paketin içindən isə bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə olan heroinə bənzər, bir ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə olan tiryəkə bənzər, əlli ədəd listdə olmaqla, beş yüz ədəd narkotik vasitə metadon həbinə bənzər, bir ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuanaya kütlələlər aşkar olunmuşdur. Adı çəkilən predmetlər qablaşdırılmış, ağ rəngli içi boş olan, polietilen torbaya yerləşdirilmiş, ağzı bağlanmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra qonaq otağına, yataq otaqlarına baxış keçirilmişdir. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya, predmet və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evdə tək yaşadığını, yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədən təqdim etdiyi qurudulmuş marixuana, heroin, tiryək və metadon həblərinin özünə məxsus olduğunu, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Pirallahı rayonu ərazisində dəniz kənarından tapıb yaşadığı evin həyətyanı sahəsində olan tövlədə pul qarşılığında satmaq məqsədi ilə saxladığını, narkotik maddələrdən istifadə etmədiyini, yaşadığı evdə narkotik maddə saxlamasından heç kimin məlumatı olmadığını bildirmişdir. Bundan sonra baxış və götürmə keçirilməsinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə dindirilmiş şahidlər- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1lə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 30-32-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19.00 radələrində Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, ev 45 ünvanının qarşısında saxlanılıb Baş İdarənin inzibati binasına dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarının arxa sağ yan cibindən 01 ədəd bükümdə 0,450 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd blisterdə ümumi sayı 10 ədəd olan “M40” göstəricili 0,4 qram çəkidə metadon preparatı aşkar edilərək götürülmüşdür. Cinayət işinin 36-38-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat19.00 radələrində Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, ev 45 ünvanının qarşısında saxlanılmış, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, ev 45 ünvanında keçirilən baxış zamanı oradan bir ədəd bükümdə təmiz çəkisi 240,050 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 212,030 qram narkotik vasitə tiryək, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 4550 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 50 ədəd blisterdə ümumi sayı 500 ədəd olan “M40” göstəricili 20 qram çəkidə metadon preparatı aşkar edilərək götürülmüşdür. Cinayət işinin 46-52-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 6/1776 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. qeydlər olan kağız paketdəki 1 ədəd bükümdəki təmiz çəkisi 0,450 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə, psixotrop maddə metamfetamindir; Həmin paketdəki 1 ədəd blisterdə ümumi sayı 10 ədəd olan “M40” göstəricili həblər, təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən narkotik vasitə- metadon preparatıdır. Üzərində: “ Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş predmetlər...” və s. qetdlər olan sintetik torbadakı: 50 ədəd blisterdəki ümumi sayı 500 ədəd olan “M40” göstəricili həblər, təsir maddəsinin ümumi miqdarı 20 qram təşkil edən narkotik vasitə- metadon preparatıdır; 1 ədəd bükümdəki təmiz çəkisi 240,050 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 1 ədəd bükümdəki təmiz çəkisi 212,030 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. Cinayət işinin 53-56-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 7/589 saylı rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış sintetik torbada iki ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 2215 qram və 2335 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi- 4550 qramdır. Tədqiqata təqdim olunmuş iki ədəd sellofan torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin 163-164-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli, 3202 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar, həmin siyahının 12-ci bəndinin a yarımbəndinə görə 5 qram qurudulmuş narkotik vasitə olan marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq, həmin siyahısının 19-cu bəndində görə 50 qram tiryək külli miqdar, həmin siyahının 13-cü bəndinə əsasən 1,6 qram metadon külli miqdar, İİ siyahının 67-ci bəndində görə 0,15 qram metafetamin psixiatrop maddə şəxsi istehlak miqdarından artıq hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20-21 və 92-97-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 112-119-cu vərəqlərində olan arayış və xasiyyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma bölümündə gözətçi peşəsi üzrə işləyir, işlədiyi müddətdə intizam qaydalarına riayət etmiş, Zirə qəsəbəsində yaşayır, yaşadığı müddətdə onun barəsində şikayət olmamış, himayəsində xx.xx.2011 və xx.xx.2012-ci il təvəllüdlü uşaqları var. Cinayət işinin 122-123-cü vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Himayəsində 2 nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 194,76 (bir yüz doxsan dörd manat yetmiş altı qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş bir ədəd torbada qablaşdırılan tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 4549,8 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kağız paketdə qablaşdırılan 01 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 0,400 qram psixotrop maddə metafetamin, 51 ədəd blisterdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 507 ədəd metadon həbi, 01 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 211,930 qram çəkidə narkotik vasitə tiryək, 01 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 239,950 qram çəkidə narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 194,76 (bir yüz doxsan dörd manat yetmiş altı qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş bir ədəd torbada qablaşdırılan tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 4549,8 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kağız paketdə qablaşdırılan 01 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 0,400 qram psixotrop maddə metafetamin, 51 ədəd blisterdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 507 ədəd metadon həbi, 01 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 211,930 qram çəkidə narkotik vasitə tiryək, 01 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 239,950 qram çəkidə narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Mahmud Nəbiyev Hakimlər Əfqan Hacıyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar