Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-569/2025 07.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:20-də X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi - Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun vəkili Nümayəndə Sehran oğlunun, müdafiəçi - Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Həsənağa oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Neftçala rayonunun Xanməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək qeyd olunan ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfüzlü şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edib, ünvan 2 ünvanda yerləşən “32 X12” stomatoloji klinikanın baş həkimi Zərərçəkmiş şəxs həmin klinikada layihədən kənar əlavə təmir-tikinti işlərini həyata keçirməsi üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq qanuni icazə sənədini alacağı barədə yalan vəd verərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs ona çatdırılması məqsədi ilə Şahid1 nağd şəkildə vermiş olduğu və sonuncunun 2022-ci ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməmiş tarixdə Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən “Xaqani” bağında cinayətdən xəbərsiz olan və şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünə verdiyi və qeyd olunan tarixdə onun özünün həmin taksi sürücüsündən Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının qarşısında aldığı 10000 (on min) manat pulu, bundan təxminən 10-15 gün sonra Zərərçəkmiş şəxs ona çatdırılması məqsədi ilə Şahid2 nağd şəkildə vermiş olduğu və sonuncunun həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən "xxxx" ASC-nin qarşısında ona verdiyi 25000 (iyirmi beş min) manat pulu, bundan təxminən 5-10 gün sonra Zərərçəkmiş şəxs ona çatdırılması məqsədi ilə Şahid1 nağd şəkildə vermiş olduğu və sonuncunun həmin tarixdə ünvan 2 ünvanda yerləşən “32 X12” stomatoloji klinikasında ona verdiyi 25000 (iyirmi beş min) manat pulu, 2022-ci ilin noyabr ayının əvvəllərində isə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 63 ünvanında yerləşən “32 X12” stomatoloji klinikasında Zərərçəkmiş şəxs xidməti otağında sonuncudan nağd şəkildə aldığı 35000 (otuz beş min) manat pulu ələ keçirməklə öz şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs ümumilikdə 95000 (doxsan beş min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, həbs edilənədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxsla uzaq qohumu Şahid2 vasitəsilə tanış olmuşdur. Sənana işgüzar əlaqələri vasitəsilə Bakı şəhər İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini ala biləcəyini, bunun üçün pul lazım olduğunu bildirmiş, bu məqsüədlə ümumilikdə 95000 (doxsan beş min) manat pul almış, pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Aldığı puldan bu vaxtadək 17500 (on yeddi min beş yüz manat) pulu Sənana qaytarmışdır. Tikinti sahəsi ilə şəxsən məşğul olmasa da, bu sahədə tanışları var və onlar vasitəsilə “işi” görmək niyyətində olmuşdur. Vurulmuş ziyanı 3-4 ay ərzində ödəmək niyyətindədir, daha qısa müddətdə ziyanı ödəmək imkanı yoxdur. Anası xərçəng xəstəsi olduğundan onun müalicəsi üçün borc pullar almış, Sənandan aldığı pulları da həmin borcları ödəməyə və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Daha öncə tikinti ilə bağlı icazə almasa da, hazırda adını çəkmək istəmədiyi tanışları vasitəsilə həmin icazəni həll etməyə çalışmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və hər hansı bir düşmənçilik və ya qərəzli münasibəti olmamışdır. Zərərçəkmiş şəxsla uzaq qohumu Şahid2 vasitəsilə tanış olmuşdur. Belə ki, qohumu Əlizadə 2022-ci ilin sentyabr ayında ona müraciət edərək usta kimi işlədiyi ünvan 3 ünvanda yerləşən “32 Beauty dent billur” klinikasının baş həkimi Sənan həkimin onunla görüşmək istədiyini, tikinti ilə bağlı problem yarandığından Sənan həkimə kömək etmək lazım olduğunu bildirmişdir. O da Əlizadənin təklifi ilə klinikaya getmişdir. Klinikada danışıq zamanı Sənan ona klinikada əlavə təmir-tikinti işləri aparmaq istədiyini, əvvəllər liftin tikintisini həyata keçirdiyini, lakin Nərimanov Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən bu işin dayandırıldığını bildirmişdir. O, klinikaya baxış keçirmiş, istifadəsində olan mobil telefon vasitəsilə klinikanın bir neçə ədəd fotoşəkillərini çəkmiş və Sənana əlaqələri vasitəsilə Bakı şəhər İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini ala biləcəyini, bunun üçün əvvəlcə 60000 (altmış min) manat pul lazım olduğunu bildirmişdir. Sənan da onunla razılaşmışdır. Bundan sonra o, 2022-ci ilin sentyabr ayının əvvəllərində Sənanla danışdıqda Sənana ilkin olaraq 10000 (on min) manat pul verməyini demiş və Sənan pulu Mürşüd adlı şəxslə göndərəcəyini bildirmişdir. O da tanışı Vaqif adlı şəxsdən 10000 (on min) manat pulu götürərək ona verməyini xahiş etmişdir. Vaqif də etiraz etməyərək bir nəfər göndərib pulu götürəcəyini demişdir. Bir müddət sonra Vaqif Bakı şəhəri, Səbail rayonu, Malakan bağı adlanan yerdə tanımadığı bir nəfər şəxs vasitəsilə 10000 (on min) manat pulu götürdüyünü demişdir. Elə həmin gün o da Vaqifin göndərdiyi bir nəfər tanımadığı şəxslə Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademisyası metrostansiyasının qarşısında görüşmüş və 10000 (on min) manat pulu həmin şəxsdən götürmüşdür. Təxminən 10-15 gün sonra o, Sənana zəng vuraraq 25000 (iyirmi beş min) manat pul verməyini demiş və Sənan da razılaşmışdır. Daha sonra Sənan ona zəng vuraraq pulu Əlizadəyə verdiyini, Əlizadə ilə görüşüb pulu götürməyini demişdir. O da Əlizadə ilə danışaraq Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən "xxxx" ASC-nin qarşısında Əlizadə ilə görüşmüş və Əlizadə 25000 (iyirmi beş min) manat pulu ona vermişdir. Təxminən 5-10 gün sonra o, yenidən Sənana zəng vuraraq 25000 (iyirmi beş min) manat pul verməyini demiş və Zaur ona pulu klinikaya gəlib Mürşüd adlı şəxsdən götürməyini tapşırmışdır. O da həmin gün günorta saatlarında ünvan 3 ünvanda yerləşən “32 Beauty dent billur” klinikasına gedib Mürşüd adlı şəxsdən 25000 (iyirmi beş min) manat pulu götürmüşdür. Bundan sonra o, Sənandan daha da artıq pul almaq barədə fikirləşmiş və bu məqsədlə Sənanla vaxt təyin edib görüşmüşdür. Görüş zamanı o, Sənana əlavə olaraq 70000 (yetmiş min) manat pul ödənilməli olduğunu demişdir. Sənan ona 70000 (yetmiş min) manat ödəyə bilməyəcəyini demiş və onlar 35000 (otuz beş min) manata razılaşmışlar. Sənan da 2022-ci ilin noyabr ayının əvvəllərinin dəqiq xatırlamadığı günündə ünvan 2 ünvanda yerləşən “32 X12” stomatoloji klinikasında Sənan öz iş otağında əlbəəl olaraq ona 35000 (otuz beş min) manat pul vermişdir. Bildirmişdir ki, dəqiq xatırlamadığı vaxtlarda, məbləğlərdə ona ümumilikdə 95000 (doxsan beş min ) manat pul verilmiş və o da verilən vədə əməl etməyərək pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Aldığı puldan bu vaxtadək 17500 (on yeddi min beş yüz manat) pulu Sənana qaytarmışdır. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 95.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin məbləğin hazırda 17.500 manatı geri qaytarılmışdır. Özü ixtisasca həkimdir. Bakı şəhəri ərzaisində özünə məxsus stomatoloji klinikası var. O, klinikanın ərazisini genişləndirərək, lift qoyulması üçün icazə almaq fikrinə düşmüş, bu məqsədlə tikinti işlərinə başlamış, lakin Bakı şəhər İcra Hakimiyyətində dəyişikliklər olduğundan iş dayanmış və ondan bir müddət gözləmək tələb olunmuşdur. Onun tikinti ilə məşğul olan dostu ona Zaur adlı qohumunun olduğunu və bu işdə Zaurun ona kömək edə biləcəyini demişdir. Zaurla görüşüb danışmış, ilk öncə Zaurla 60.000 manat məbləğ qarşılığında tikintiyə icazənin alınması üçün razılaşmışlar. İlk olaraq 10000 manat pulu özünə məxsus klinikanın direktoru Mürşüd müəllim Zaura sürücü vasitəsilə çatdırmışdır. Zaurla əlaqə saxlayaraq həmin məbləğin onun tərəfindən qəbul edilməsinə əmin olmuşdur. Daha sonra Əli adlı tanışı klinikada 25.000 manat pulu Zaurun şəxsən özünə vermişdir. Bir müddət sonra isə yenidən 25.000 manat məbləğində pulu Mürşüd müəllim Zaura çatdırmışdır. Beləliklə, ilkin mərhələdə o, ümumilikdə 60.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Razılaşmaya əsasən, Zaur Bakı şəhər İcra Hakimiyyətindən müvafiq icazələri almaqda kömək edəcəkmiş. Daha sonra isə layihənin tamamlanması üçün daha 35 min manat pul tələb edildiyini bildirdiklərindən o, şəxsən 35.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs özü pulu mərhələli şəkildə istədiyindən, o, pulları hissə-hissə vermişdir. 95.000 manat məbləğə həm dövlət rüsumu, həm layihə planlaşdırılması, həm də müvafiq qurumlardan icazələrin alınması daxil idi. Ona ümumilikdə 95.000 manat məbləğində maddi ziyan vurulmuş, həmin məbləğin hazırda 17.500 manatı geri qaytarılmışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Özünün tikinti işlərindən anlayışı olmadığı üçün bu işi Zaura həvalə etmişdir. Təqsirləndirilən şəxsla ona vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar söhbətləri olmuş, ona vurulmuş ziyan ödənilərsə, Zaura qarşı şikayət, tələbi olmayacağını bildirmişdir.Həmin məbləği kiməsə rüşvət qismində verilməsi üçün verməmiş, sadəcə olaraq, zəhmət haqqı kimi Zaurun özünün də müəyyən məbləğ götürəcəyini bilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiaya dair münasibətini bildirərkən, ona vurulmuş ziyanın 77.500 manat hissəsinin ödənilməmiş qalmasını qeyd edərək, ümumilikdə 77.822 (yetmiş yeddi min səkkiz yüz iyirmi iki) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “32 Beauty” Stomatoloji klinikasında işləyir. Klinikanın baş həkimi Zərərçəkmiş şəxs klinikada liftlə əlaqədar əlavə tikinti işlərinin aparılması üçün sənədləşmə işlərini həll edə bilməməsi ilə əlaqədar çətinliyi olmuşdur. O, qohumu və özünü dövlət orqanlarında işləyən şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məsləhət görmüş və onları tanış etmişdir. Sənan ona 25.000 manat pul verərək Zaura çatdırmasını xahiş etmişdir. O, həmin pulu Zaura çatdırmışdır. Daha sonra iş uzanmış, və problem həll olunmamışdır. O, Zaurla Zərərçəkmiş şəxs tanış etmiş, qalan məsələləri özləri aralarında danışıb qərara gəlmişlər. Zərərçəkmiş şəxs onun vasitəsilə Zaura 25.000 manat pul vermişdir. Zaurun dəqiq olaraq harada işləməsini bilməmiş, Zaur söhbət əsnasında bu işin öhdəsindən gələ biləcəyini ona demişdir. 25.000 manatın Zaura hansı məqsədlə verildiyini bilmiş, həmin məbləğ bir dəfəyə verilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında direktoru olduğu “32 Beauty” Stomatoloji klinikasının baş həkimi Zərərçəkmiş şəxs xahişi ilə Bakı şəhəri, Səbail rayonu, “Malakan” bağı yaxınlığında 10000 manat pulu Zaura vermişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs ona verdiyi 25000 manat pulu klinikada Zaura vermişdir. Zərərçəkmiş şəxs nə üçün pulu özünün birbaşa verdiyini bilməmiş, ola bilsin ki, baş həkim olduğu üçün özünün vaxtı olmamışdır. Zaura verdiyi pulları ona baş həkim Zərərçəkmiş şəxs vermişdir. Pullar Zərərçəkmiş şəxs şəxsi pulları olmuşdur. O, Zaurun tikinti ilə bağlı sənədləşmə işlərini necə həll edəcəyini bilməmiş, bu məsələni Zaur baş həkim Zərərçəkmiş şəxs özü ilə danışmışdır. Əvvəllər tikintiyə icazə ilə əlaqədar dövlət qurumları ilə yazışmaları olsa da, məsələ həllini tapmamışdır. İlk dəfə 10000 manat, daha sonra isə 25 min manat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə ünvan 4 ünvanda baş vermişdir. Zərərçəkmiş şəxs deməsinə görə sonuncu dəfə pulu Zaur adlı şəxsə qeyd olunan ünvanda yerləşən “32 Beauty” stamatoloji klinikada vermişdir. Həmin klinika 2 tərəfli asfalt örtüklü nəqliyyat yolunun kənarında yerləşir. Həmin klinikanın yaxınlığında “Emiland” geyim mağazası, “Sunrise” hotel də vardır. Hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs oğlu xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş və saat 15:30-da Nərimanov RPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-512/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 aprel 2024-cü il tarixdən hesablanmaqla 11 iyul 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Daxili İşlər nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında xx.xx.2006-cı il tarixdən “VAZ 21060” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Təqsirləndirilən şəxs etibarnamə ilə istifadəsində və ya xx.xx.2022-ci il tarixdən sonra onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı, xx.xx.2016-cı il tarixli X5 və xx.xx.2013-cü il tarixli X4 adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi surətdə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-337/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay meddətinə, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri iş üzrə sübut kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı faktiki tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin cinayət hüquqi tövsifi düzgün olmuşdur. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsifini düzgün hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli külli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməli ilə bağlı epizodu, cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın ödənilməməsini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza yuxarı həddə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs ərizəsi nəzərə alınmaqla, mülki iddia təmin olunmalı və ümumilikdə 77.822 (yetmiş yeddi min səkkiz yüz iyirmi iki) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 36 saylı Vəkil Bürosunun vəkili İsrafilov X7 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli 16 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddiası təmin olunsun və ümumilikdə 77.822 (yetmiş yeddi min səkkiz yüz iyirmi iki) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Həsənağa oğluna 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-569/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-569/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver