Məhkəmə qərarları › İş №1(101)-571/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-571/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-571/2022 09.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi: Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğluna ittiham verilmişdir ona görə ki, o istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, 2021-ci ilin avqust ayının sonlarında axşam saatlarında satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 3,755 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,562 qram psixotrop maddə metamfetamin əldə edib üstündə saxlayaraq daşımış, 03 sentyabr 2021ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanın yaxınlığında Binəqədi RPİ-nin 40-cı PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində yerləşən 40-cı PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sol yan cibindən: 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində-04 ədəd gümüşü rəngli kağız bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,675 qr, 0,991 qr, l,313qr, 0,776 qr olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,755 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarının eyni cibindən 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 03 sentyabr 2021-ci il tarixdə Xocasən qəsəbəsində yerləşən evində yatdığı zaman 6-7 nəfər mülki geyimli polis əməkdaşı evin həyətində olan hasardan tullanaraq evə daxil oldular. Onlar onu Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə apardılar. Orada polis əməkdaşları tərəfindən ona təzyiq olundu, həmin polis bölməsinin rəis müavini stolun üzərinə narkotik vasitə qoyaraq, videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməyini tələb etdi. O da təzyiq altında olduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirdi. Özü narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələrdən istifadə etdiyi üçün əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində sahə inspektoru işləyir. Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrə meyilli olması barədə onlarda məlumat var idi. 3 sentyabr 2021-ci il tarixdə o və digər sahə inspektoru Zeynal Ağayev xidməti ərazidə gəzərkən, ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs zahiri əlamətləri uyğun gələn şəxs tərəflərindən saxlanıldı. Bundan sonra Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə apardılar. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirildi və onun üzərində xatırlamadığı miqdarda narkotik vasitə aşkar edildi. Bundan sonra protokol tərtib olundu və həmin protokol iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs saxlanılmasında Ağayev və Bədəlov da iştirak edirdi. Şahid2 kömək üçün zəng edilərək çağırdılar. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına əsaslı şübhələr var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin təhqiqatçısı işləyir, Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəis müavini Şahid2 və sahə inspektoru Şahid1 növbətçi hissəyə gətirmişdi və bildirmişdilər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir. Bundan sonra o vəkil dəvət etdi, lakin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı onun vəkildən imtina etdiyi üçün vəkil şəxsi axtarışın keçirildiyi otaqda yox, digər otaqda idi, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edildi. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı vəkilin iştirakı təklif edildi, lakin o imtina etdi. Videoçəkliş zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl izah etdi, ona hüquq və vəzifələrinin izah olunmasını təsdiq edən sənədi Təqsirləndirilən şəxs da imzalamaqla təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun üzərində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddə ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham olunan epizod üzrə əməlində cinayət tərkibi olmadığından ona qarşı irəli sürülmüş ümumi ittihamdan həmin ittiham çıxarılmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxsin narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-cİ maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1 -ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericilik hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.01.2022-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə verilən ittihamda istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girməsi iş materialları ilə sübut olunmadığından, belə nəticəyə gəlməsi əsas ola biləz. Azərbaycan Respublikası CM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işində olan 03.09.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Binəqədi rayon məhkəməsinin 05.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində barəsində Binəqədi rayon Polis idarəsinin 40-cı polis bölməsinin əməliyyat tədbirləri həyata keçirilməsi barədə 03.09.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan 05.09.2021-ci il tarixli şübhəli şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir və o Binəqədi rayonu MSY-dən azad olunmuşdur. Cinayət işində olan Binəqədi rayon məhkəməsinin 06.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2021-ci il tarixli, 6/3867 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “(imza) Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,675 qr, 0,991 qr, 1,313 qr, 0,776 qr, ümumi təmiz çəkisi 3,755 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,562 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroinin təmiz çəkisi 3,755 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 3,555 qram. Metamfetaminin təmiz çəkisi 1,562 qram, tədqiqata sərf edildi 0,1 qram qalıq 1,462 qram. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 07 oktyabr 2021-ci il tarixli, 6/4403 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin “Tədqiqat Obyekti №59” ştamp əksi olan paketdəki, vətəndaş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4(dörd) ədəd bükümdə olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd "gümüşü” rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub olmamasını müəyyən etmək mümkün deyildir.İlkin tədqiqat zamanı vətəndaş Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ayrıayrılıqda və ümumi təmiz çəkisi 4 sentyabr 2021-ci il tarixli 6/3867 saylı ekspert rəyində göstərilmişdir. Heroinin təmiz çəkisi 3,555 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 3,515 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsinin 01 dekabr 2021-ci il tarixli 4816 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Cinayət işində olan məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 2460 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan 03 sentyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən 02 ədəd mobil telefonları, həmin şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli elektron tərəzini və bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən 04 ədəd gümüşü rəngli kağız bükümlər və bir ədəd sellofan büküm aşkar olunur, həmin 04 ədəd gümüşü rəngli kağız bükümlər açıldıqda hər birinin içərisində qəhvəyi rəngli maddə, bir ədəd sellofan bükümdə isə ağ rəngli maddə aşkar olunur. Təqsirləndirilən şəxs kağız bükümlərdəki həmin maddələrin narkotik vasitə olan «kakos», sellofan bükümdəki maddənin isə «şüşə» olduğunu və həmin maddələri təxminən 3-4 gün əvvəl Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 80 manata öz istifadəsi və satmaq üçün alıb üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını 06 sentyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bineqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq 3,515 qram narkotik vasitə heroin, qalıq 1,462 qram metamfetamin, 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, X2 ekspertiza xərci təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğluna elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 03 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs oğluna qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq 3,515 qram narkotik vasitə heroin, qalıq 1,462 qram metamfetamin, 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar