Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-573/2021 11.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhlumluğu olmayan, yaşayış yeri üzrə müsbət xarakterizə olunan, ünvan 1 ünvanında qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamaqla daşımışdır: belə ki, o, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,640 qram narkotik vasitə olan heroini 03 (üç) bükümdə əldə edərək saxlayaraq daşımış, 05.09.2020-ci il tarixdə, saat 23:30 radələrində Xəzər rayonu, Qala qəsəbəsində fəaliyyət göstərən “Təbriz” marketin yaxınlığında Xəzər RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Xəzər RPİ-nin polis idarəsinin inzibati binasına gətirilmiş və orada 06.09.2020-ci il tarixdə saat 00:40-da videoçəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə nəticəsində, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən “Rotmans” siqaret qutusunun içərisindən siqaretin gümüşü rəngli kağızma bükülmüş, 03 ədəd şəffaf sellofana bülükümş, ayrı-ayrılıqda təmiz çəkiləri 2,350 qram, 0,650 qram, 0,640 qram, ümumi təmiz çəkisi 3,640 qram, külli miqdarda tünd qəhvəyi rəngli, tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitələri satış məqsədi ilə deyil şəxsi istifadə üçün əldə etmiş, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir; 2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fəaliyyət göstərən kafedə ofisant işləyən Venera Mahmudova ilə tanış olmuş, Venera ilə aralarında səmimi münasibətlər, yəni sevgi münasibətləri yarandığı üçün Venera ilə qeyri-rəsmi qaydada ailə həyatı qurmuş, təzəlikcə bir övladları olmuş, son bir il ərzində mütəmadi olaraq narkotik vasitələrin “kakos” adlanan heroin növündən falqaya yerləşdirərək siqaretin boş kağızı vasitəsilə istifadə etmiş, Venera ilə tanış olduqdan sonra Veneranın narkotik vasitə qəbul etməsini bilmiş, 2019-cu ilin əvvəllərindən o da narkotik vasitə “kakos” adlanan narkotik vasitə heroin istifadə etməyə başlamış, lakin narkotik vasitəni istifadə etməyi ona Venera deyil, özü öyrənmiş, narkotik vasitə qəbul etmək istəyən zaman Bakı şəhərinin konkret olaraq, tanımadığı müxtəlif yerlərindən bir qramı 20- 25 manat olmaqla əldə edib istifadə etmiş, Venera onun narkotik vasitə istifadə etdiyini bildikdən sonra isə Venera ilə birlikdə narkotik vasitə “kakos” adlanan heroin istifadə etməyə başlamışlar, 3 sentyabr 2020-ci il tarixdə Venera ilə evlərində saxladıqları ümumi puldan 200 manat götürərək öz istifadəsi üçün qramı 40 manata cəmi 5 qram narkotik vasitə heroin almış, həmin heroinin bir hissəsini 5 sentyabr 2020-ci il tarixədək istifadə etmiş, 05 sentyabr 2020-ci il tarixdə saat 23:30 radələrində alış-veriş etmək üçün Venera ilə birlikdə getdikləri Qala qəsəbəsində yerləşən “Təbriz” marketin qarşısında olarkən üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb, “Əbülfəz” olub-olmadığını soruşmuş, o, həmin şəxslərə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra onlara yaxınlaşmış şəxslər xidməti vəsiqələrini çıxarıb, Bakı şəhər, Xəzər rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirib, ona və Veneraya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları və üzərinə baxış keçirmələri üçün birlikdə Bakı şəhər Xəzər rayon polis idarəsinə getmələri təklif olunmuş, polis idarəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmıqla üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunsuz hər hansı bir əşya və ya predmetin olduğu halda könüllü olaraq təqdim edilməsi təklif edilmiş, bundan sonra o, könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli “Rothmans” markalı siqaret qutusunun içərisində olan 1 ədəd gümüşü rəngli folqaya bükülmüş içərisində 3 ədəd sellofan bükümünü təqdim edərək həmin bükümlərdə olan maddələrin “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirmiş həmin bükümlər polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənmiş, tərtib edilmiş protokol və ondan aşkar edilmiş narkotik vasitənin qablaşdırıldığı zərf imzalanmış, həmin vaxt o, düzgün olmayaraq, polis əməkdaşlarından qorxduğu üçün üzərindən aşkar edilmiş narkotik vasitəni ona Veneranın verdiyini demiş, Venera da ona kömək etmək məqsədi ilə, həmçinin polislər tərəfindən Veneraya təzyiq olunduğundan üzərində aşkar edilmiş narkotik vasitə heroini ona Veneranın verdiyini demiş, əslində isə narkotik vasitəni o özü tanımadığı şəxsdən Venera ilə birlikdə istifadə etmək üçün hər ikisinə məxsus olan pul vəsaitinə əldə etmiş, narkotik vasitəni Venera əldə etməmiş, narkotik vasitəni ona Venera verməmiş, narkotik vasitəni satmaq niyyəti olmamış, heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrin satışından heç bir vaxt heç bir mənfəət əldə etməmiş, əvəzli olaraq heç bir vaxt başqa şəxsə narkotik vasitə verməmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Xəzər RPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1la birlikdə 5 sentyabr 2020-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində Bakı şəhəri, Xəzər rayonu, Xəzər qəsəbəsi, Qala qəsəbəsində yerləşən “Təbriz” marketin yanında saat 23:30 radələrində Təqsirləndirilən şəxs və sonuncunun qeyri-rəsmi nigahda olduğu X2 yerini müəyyəe edib sonunculara yaxınlaşmış, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib üzərinə baxış keçirilməsi üçün Xəzər RPİ-nə dəvət etmişlər, polis idarəsinin müstəntiqi Qafar Qafarlının xidməti iş otağında video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Rothmans” markalı siqaret qutusunu çıxartmış və içərisində 3 ədəd bükümlərdə narkotik vasitə “kakos” olduğunu bildirmiş, Əbülfəz narkotik vasitəni qeyri-rəsmi nigahda yaşadığı X7 qəsəbəsində “Nizam” adlı şəxsdən aldığını, Veneranın narkotiki istifadə etmək üçün ona verdiyini bildirmişdir; müstəntiq Qafar Qafarlı tərəfindən bükülülər açılmış, içərisində qəhvəyi rəngli maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməmiş, içərisində narkotik vasitəyə bənzər maddə olan 03 (üç) ədəd sellofan bükümlərdə olan maddə zərfə qoyulmuş, möhürlənmiş və imzalanmış, protokol tərtib edilmiş və imzalanmışdır; Venera Mahmudova bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 5 qram narkotik vasitə heroini 03.09.2020-ci il tarixdə Qala qəsəbəsində Nizam adlı şəxsdən qramı 40 manat olmaqla almış, bir qədərini özü istifadə etmiş, qalanını isə istifadə etmək üçün Əbülfəzə vermiş, bundan sonra Venera Xəlilovanın üzərinə baxış keçirilmiş və üzərindən heç nə aşkar edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 oğlu Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X6 göstərmişdir ki, faktiki ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxsla birilkdə yaşadığı evdə saxladığı və birlikdə dolanışıqları üçün ayırdıqları puldan götürüb Xəzər rayonu, Qala qəsəbəsində Nizam adlı şəxsdən qramı 40 manatdan 5 qram “kakos” almış, aldığı narkotik vasitə ayrı-ayrı bükümlərdə olmaqla 3 bükümdə olmuş, 03 sentyabr 2020-ci il tarixdə, axşam saatlarında Əbülfəzə qramına görə 40 manat, ümumilikdə isə 200 manat vermək müqabilində “kakos” adlanan narkotik vasitə heroin aldığını, həmin heroindən bir qədərini istifadə etdiyini demiş və həmin aldığı 3 bükümü Əbülfəzə istifadə etmək üçün vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İş üzrə keçirilmiş üzləşmədirmələr zamanı şahidlər Şahid2, Şahid1 ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, üzləşdirmə zamanı heç bir ziddiyyət müəyyən edilməmişdir (1-ci cild iş vərəqi 209-216). İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06.09.2020-ci il tarixli 6/171 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərndən aşkar edilmiş 03 ədəd narkotik vasitəyə bənzər maddələr” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 2,350 qr; 0,650 qr; 0,640 qr; ümumi təmiz çəkisi 3,640 qr tünd qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 57-63). İş üzrə təyin edilmiş ambulator məcburi-narkoloji yoxlamanın 24 sentyabr 2020-ci il tarixli 2644 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 186-187). İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 6 noyabr 2020-ci il tarixli 2218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 198-200). Təqsirləndirilən şəxs adına DİN-in BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o, əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 139). Təqsirləndirilən şəxs üzərindən axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi haqqında video görüntülər yazılmış 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 225-227). Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd bükümdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 2,350 , 0,650 və 0,640 qram, ümumi təmiz çəkisi 3,640 qram heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış qalığı 3,490 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün Xəzər RPİ-nin dəftərxanası vasitəsilə maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 6 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 17-19). İşdə olan Xəzər Rayon Məhkəməsinin 7 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 79-80; 125-128). İşdə olan maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd bükümdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 2,350 , 0,650 və 0,640 qram, ümumi təmiz çəkisi 3,640 qram heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış qalığı 3,490 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün Xəzər RPİ-nin dəftərxanası vasitəsilə maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (1-ci cild iş vərəqi 196-197). İşdə olan 14 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, X3 barəsində axtarış elan edilmişdir (1-cicild iş vərəqi 169-170). İşdə olan XəzərRPİ-nin istintaq şöbəsinin 11 dekabr 2020-ci il tarixli qərarından görünür ki, X3 barəsində ayır icraata cinayət işi ayrılmışdır (1-c cild iş vərəqi 217-227). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd bükümdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 2,350 , 0,650 və 0,640 qram, ümumi təmiz çəkisi 3,640 qram heroin məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən Əbülfəx Xəlilova elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, işdə olan Xəzər RPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi və Xəzər RPİ-nin rəisinə ünvanladığı 05 sentyabr 2020-ci il tarixli raportda Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirinin aparılması zərurəti yaranmasının hansı cinayəti törətməklə bağlı olması göstərilməmişdir, yəni raportda əməliyyat tədbirinin narkotiklə bağlı olması barədə hec bir məlumat göstərilməmişdir, yalnız sonuncunun anket məlumatları bildirilməklə cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat tədbirlərinin keçirlməsindən ötrü göstəriş verilməsi xahiş edilmiş, qeyd edilən raport əsasında isə Xəzər RPİ-nin rəisi tərəfindən əməliyyat tədbirinin keçirilməsi haqqında 05 sentyabr 2020-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarda RPİ-nin NBM-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması göstərilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, uzun müddət ərzində və mütamadi olaraq narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitənidə şəxsi istifadəsi üçün əldə etdiyini göstərmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı narkotik vasitələrin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji yoxlamanın 24 sentyabr 2020-ci il tarixli, 2644 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məhkum olunmamış, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, məhkəmə zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat, sübut müəyyən edilməmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Bu səbəbdən onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs və Venera Mahmudovanın verdikləri ifadələrini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, qeyri-formal nikahda olan (yəni qeyri-rəsmi ər-arvad münasibətlərində - faktiki nikahda olan) Təqsirləndirilən şəxs və Venera Mahmudovanın hər hansı birinin narkotik vasitəni birgə təsərrüfat apardıqları ailənin ümumi mülkiyyəti hesab edilən 200 manat pul vəsaitdən əldə edilməsi və mənfəət əldə etmək məqsədi olmadan bir-birilərinə istifadə etmək üçün vermələri (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan), həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş heroini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir: belə ki, o, məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istfiadəsi üçün şəxsi istehlak miqdarından artıq olan - 3,640 qram narkotik vasitə olan heroini 3 (üç) bükümdə əldə edərək saxlayaraq daşımış, 05.09.2020-ci il tarixdə saat 23:30 radələrində Xəzər rayonu, Qala qəsəbəsində fəaliyyət göstərən “Təbriz” marketin yaxınlığında Xəzər RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Xəzər RPİ-nin polis idarəsinin inzibati binasına gətirilmiş və orada 06.09.2020-ci il tarixdə saat 00:40-da videoçəkiliş aparılmıqla üzərinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə nəticəsində Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən “Rotmans” siqaret qutusunun içərisində aşkar edilmiş gümüşü rəngli siqaret folqasına bükülmüş 3 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 2,350 qram, 0,650 qram, 0,640 qram, ümumi təmiz çəkisi 3,640 qram təşkil edən külli miqdarda tünd qəhvəyi rəngli tozşəkilli maddələr - xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, narkotik vasitə heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3,640 qram olmuş, qeyd edilən tövsiyyələrə və cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən təxminən 1,640 qram çox heroinin yalnız miqdarı, onun narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət töərtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 6 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həbs müddətinin başlanğıcının 6 sentyabr 2020-ci il tarixdən hesablanmasını, cəza təyin edilərkən həmin müddətin nəzərə alınmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İş üzrə təyin edilmiş ambulator məcburi-narkoloji yoxlamanın 24 sentyabr 2020-ci il tarixli, 2644 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs nakomaniyadan məcburi müalicəsinin məhz hansı müddətə təyin edilməsi Ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 177-178). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs götürülmüş Xəzər RPİ-nin saxlanc otağında saxlanılan ekspertiza təqdqiqatından sonra qalıq qalmış 3,490 qram heroin məhv edilməlidir; 1 ədəd DVD disk iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxsndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 6 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs götürülmüş Xəzər RPİ-nin saxlanc otağında saxlanılan ekspertiza təqdqiqatından sonra qalıq qalmış 3,490 qram heroin məhv edilsin; 1 ədəd DVD disk iş materiallarına əlavə edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-573/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-573/2021
11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver