Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-573/2022 25.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 25 yanvar 2022-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, müdafiəçi – «Kredo» Vəkil Bürosunun vəkili X6, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və onun nümayəndəsi «Femida» Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-573/2022 saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: 30 dekabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. 210110314 saylı cinayət işi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin müstəntiqi polis kapitanı X10 tərəfindən 15 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Zərərçəkmiş şəxs Hadi oğluna yumruq zərbəsi ilə ağır bədən xəsarəti yetirilməsi faktı ilə əlaqədar başlanmışdır. Həmin cinayət işi 16 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon prokurorluğunun stajor müstəntiqi X16 tərəfindən icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmiş və 30 dekabr 2021-ci il tarixdə ittiham aktının tərtib edilməsi ilə yekunlaşdırılmışdır. Cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və təqsirləndirilən şəxsin müdafiəçisi X8 vəsatətlə çıxış edərək, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92, 299, 303, 307-ci maddələrinin tələblərini rəhbər tutmaqla, cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, habelə məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. X2 vəsatətini onunla əsaslandırmışdır ki, 17.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi halda, müstəntiq Aqil Əşrəfov onun ifadəsini alarkən Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunması barədə qərara münasibət bildirmək əvəzinə ona 14.06.2021-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham elan olunması barədə qərara münasibətini soruşmuşdur. Bununla da, təqsirləndirilən şəxsin keyfiyyətli hüquq almağını nəzərdə tutan müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Bundan başqa, 17.09.2021-ci il tarixdə qəbul etdiyi və həmin tarixdə qeydə alınmış “vəsatətin rədd edilməsi” barədə qərarda müstəntiq Aqil Əşrəfov göstərmişdir ki, Təqsirləndirilən şəxs 15.12.2021-ci il tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarı və 15.12.2021-ci il tarixdə verdiyi ifadəsini imzalamaqdan imtina etmişdir. Bundan başqa, iş materiallarında, o cümlədən həkim məlumatında mərhumun ölümündən 3-4 gün əvvəl döyüldüyü qeyd olunsa da, müstəntiq saxta sübutlarla Təqsirləndirilən şəxs ittiham vermək xatirinə məhkəmə-tibbi ekspertizası təyin edərkən ona “ölümün 3-4 gün əvvəl döyülməyə xarakterikdirmi” sualı vemək əvəzinə mərhumun ölümünü Həsənin ona bir yumruq vurduğu günə uyğunlaşdırmaq üçün ekspertə “ölümün 8 gün əvvəl döyülməyə xarakterikdirmi” sualını vermiş, hansına ki, ekspert də müsbət cavab vermişdir. Nəticədə müstəntiq əsassız olaraq məhkəmə-tibb ekspertizasının rəyini də Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlar siyahısına daxil etmişdir. Həmçinin, məhkəmə tərəfindən cinayət işi öyrənilərkən ittiham aktının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmayan şəkildə tərtib olunduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.6-cı maddəsinə əsasən ittiham aktının təsviri və əsasandırıcı hissəsində göstərilməli halardan biri də təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallardır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 avqust 2020-ci il tarixdə doğulmuş azyaşlı övladı vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Lakin, ittiham aktının təsviri və əsasandırıcı hissəsində ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən halların olmadığını qeyd etmişdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının tam aydın olmaması və ya tam dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının Cinayət-Prosessual Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Cinayət işi məhkəmədə öyrənilərkən həm də müəyyən olunmuşdur ki, cinayət işi üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyekti araşdırılması təmin edilməmiş, iş üzrə mütləq dindirilməli olan şəxslərin – “Novruzova” soyadlı tibb bacısı və “Samir” adlı şahidlərin ifadələri alınmamış, mövcud ziddiyyətlərlə bağlı üzləşdirmələr keçirilməli olduğu halda keçirilməmişdir. İş üzrə keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası zamanı isə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 85.2.1-ci maddəsinə əsasən müstəntiqin cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək kimi vəzifələri vardır. Bundan başqa, həmin Məcəllənin 85.3-cü maddəsinə əsasən - Cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. İş materiallarında müstəntiq tərəfindən eyni məzmunlu, lakin fəqrli tarixlərdə qəbul edilmiş 17 sentyabr 2021-ci il və 15 dekabr 2021-ci il “təqsirləndirilən şəxsin vəsatətinin təmin edilməməsi haqqında”qərarlar mövcuddur ki, həmin qərarlarda müstəntiq təqsirləndirilən şəxsin 15 dekabr 2021-ci il tarixli vəsatətlərinin rədd edilməli olması qənaətinə gəlmişdir. 15 dekabr 2021-ci il tarixli vəsatətin verilməsindən 3 ay əvvələ, yəni 17 sentyabr 2021-ci il tarixə qərarın qəbul edilməsi bütövlükdə həmin qərarın qanuniliyini şübhə altına alır. Azərbaycan Respublikası CPM-nin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilir. İş üzrə tərtib olunmuş ittiham aktının 4-cü səhifəsində Təqsirləndirilən şəxs ifadəsi alındıqdan sonra onun ifadəsinin hadisə yerində yoxlanılarkən ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək 08.09.2021-ci il tarixdə törətmiş olduğu cinayət əməlini hadisə yerində əyani şəkildə ardıcıllıqla göstərdiyi, bu barədə fotoçəkiliş də aparmaqla protokol tərtib olunduğu qeyd edilmişdir. Bu isə Təqsirləndirilən şəxs hadisə yerinə baxış zamanı ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilməsi ilə bağlı qənaəti ifadə edir. Halbuki, cinayət işinin materiallarında, o cümlədən Təqsirləndirilən şəxs ifadələrində belə bir hal mövcud deyildir. Qeyd olunan ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs aralarındakı mübahisə zəminində zərərçəkmiş şəxsin qabırğa nahiyəsindən yumruqla vurması ilə bağlı araşdırmanın ilkin mərhələsindən başlayaraq ardıcıl ifadə etdiyi fikrini bir daha təkrarlamışdır. Ölümlə birbaşa səbəbli əlaqəsi müəyyənləşdirilmiş mərhumun başındakı xəsarətlə hər hansı aidiyyəti olmayan bu israrın cinayət əməli törətmənin etirafı kimi qiymətləndirilməsi tam ziddiyyətli yanaşmadır. Lakin, Təqsirləndirilən şəxs, istər ilkin izahatlarında, istərsə də şübhəli şəxs qismində dindirmə potokolunda, ümumiyyələ iş üzrə vermiş olduğu bütün ifadələrində, eləcə də ittiham aktında göstərilmiş ifadəsində özünü həmin cinayət hadisəsinin törədilməsində tam təqsirli bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarır. Qeyd olunanlar da Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsində nəzərdə tutulan qaydada ittiham aktının tərtibi ilə əlaqədar müvafiq tələblərin pozulduğunu və ittiham aktının prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığını təsdiq edir. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, Cinayət Məcəllənin 284-286, 288-289-cu və ya 296.3.1-ci maddələrinin tələblərini pozulması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə, müdafiəçinin bu vəsatəti ilə bağlı müzakirə apararaq və proses iştirakçılarının həmin vəsatətə münasibətini aydınlaşdıraraq belə qərara gəlir ki, vəsatət qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), 303.3.8-ci maddəsinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərini pozulması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin tələbinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Məhkəmə tərkibi həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq mərhələsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti müvafiq qaydada uzadılmışdır. Cinayət işi məhkəmənin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin məhkəmənin hazırlıq iclası yekunlaşana qədər dəyişdirilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə tərkibi həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti 24 fevral 2022-ci il tarixədək uzadılmalıdır. Göründüyü kimi, cinayət işi üzrə məhkəməyədək icraat zamanı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin edilməsini mümkünsüz edən təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, ittiham aktının tərtibi, sübutların yoxlanılması və qiymətləndirilməsinə dair CPM-nin tələblərinin kobud pozuntularına yol verilmişdir. Bu isə Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.6-cı və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. X1 vəsatəti qismən təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan dəyişdirilməsin, onun həbsdə saxlanma müddəti 24 fevral 2022-ci il tarixədək uzadılsın.
3. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə və qaydada iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).