Məhkəmə qərarları › İş №1(101)-574/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-574/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-574/2021 14.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 28, mənzil 76-da yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan «Samir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq, ümumi çəkisi 49,835 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana, külli miqdarda, yəni ümumi miqdarı 58,5 qram olan güclü təsir edən maddə hesab edilən preqabalin və külli miqdarda, yəni ümumi miqdarı 20,23 qram olan psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin, ekstazi) əldə edib özündə saxlayaraq, ünvan 1 ünvanında yerləşən «Troya Pub» adlı restorana daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 19:10 radələrində Səbail RPİ-nin 9-cu PB-nin və Səbail RPİnin PPXB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən «Troya Pub» adlı restoranın qarşısında saxlanılmış və həmin ünvana baxış keçirilən zaman restoranın 3-cü mərtəbəsində yerləşən otaqdan, ümumilikdə təmiz çəkisi 49,835 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, ayrı-ayrılıqda təmiz çəkiləri 3,700 qram; 3,852 qram; 2,925 qram; 2,915 qram; 1,182 qram; 1,893 qram; 0,515 qram; 2,979 qram; 3,960 qram; 2,954 qram; 3,807 qram; 0,796 qram; 1,978 qram; 1,674 qram; 1,762 qram; 3,790 qram təşkil edən 16 ədəd sellafon bükümlərdə və 9,153 qram çəkidə 1 ədəd karton qutunun içərisində; külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 58,5 qram təşkil edən, güclü təsir edən maddə hesab edilən preqabalin - bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qram olmaqla, 195 ədəd ağ-qəhvəyi qırmızı rəngli kapsulalarda; külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 20,23 qram təşkil edən, psixotrop maddə hesab edilən MDMA-nın (metilendioksimetamfetamin, ekstazi) - 1 ədəd həbdə təsir maddəsinin miqdarı 0,2 qram olmaqla, çəkisi 17,4 qram təşkil edən 87 ədəd üzərində kişi şəkli həkk olunmuş narıncı rəngli həblər, çəkisi 2,6 qram təşkil edən 13 ədəd üzərində «Silver» göstəricisi olan boz rəngli dərman həblər və çəkisi 0,230 qram təşkil edən boz rəngli həb qırıntılarında aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər aşbaz işləmişdir. Bir neçə ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitəni +**********09 saylı mobil nömrədən istifadə edən «Samir» adlı şəxsdən almışdır. Sonuncu ilə yalnız «WhatsApp» tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Samir ona «WhatsApp» tətbiqi vasitəsilə narkotik vasitənin olduğu yerin şəklini göndərmiş və o, həmin ünvana gedib narkotik vasitəni götürmüşdür. Tutulmamışdan üç gün əvvəl Samirə məxsus narkotik vasitələri satmağa başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Samir Binəqədi rayonu 9-cu mikrorayon ərazisində ağacların arasında olan böyük sellofan torbadakı paketi götürüb, içərisindəki narkotik vasitələri satmağı tapşırmışdır. Həmin ünvana gedib torbanı götürmüş, torbanın içərisində narkotik vasitə və müxtəlif həblərin olmasını görmüşdür. Samir həmin torbada 30 qram «banzay», 100 qram «ispanka» adlı qurudulmuş marixuana, 400 ədəd «lirika» həbinin və 150 ədəd «extazi» adlı narkotik vasitələrin olduğunu bildirmişdir. İki gün ərzində Samirin sifarişi ilə həmin narkotik vasitələrin bir çoxunu satmışdır. xx xxxxxx 2020-ci il tarixdə üzərində olan narkotik vasitələri bölmək üçün yer axtarmağa başlamışdır. Əvvəllər işlədiyi Bakı şəhəri Səbail rayonu, Ş.Şamil küçəsi 10-da yerləşən «Troya Pub»da aşbaz işləyən tanışı Şahid7 ilə əlaqə saxlamışdır. Sonuncuya obyektin pəncərəsini açıq qoymağı xahiş edib, güya obyektdə tanış bir qızla çay içəcəyini bildirmişdir. Bağır ona etiraz etməmişdir. Bundan sonra həmin ünvana gedib, pəncərədən içəri daxil olmuşdur. Obyektin üçüncü mərtəbəsinə qalxıb üzərində olan narkotik vasitələri satmaq üçün onları sellofanlarda bölüşdürmüşdür. Daha sonra su almaq üçün aşağı düşmüş və bu zaman Səbail RPİ-nin PPXB-nün əməkdaşları oğurluq etməsini güman edib onu saxlamışlar. Daha sonra ora 9cu PB-nin əməkdaşları gəlmişlər. Videoçəkiliş aparılmaqla baxış keçirilərkən obyektin üçüncü mərtəbəsinə qoyduğu narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu 9-cu PB-nə aparmışlar. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Səbail rayonu, Şeyx Şamil küçəsi 10-da yerləşən qeyri-yaşayış sahəsi olan iaşə obyekti tanışı X2 məxsusdur. Sonuncunun ona verdiyi etibarnamə əsasında o, həmin obyekti başqasına icarəyə vermişdir. Sonuncu dəfə icarəyə verlildikdən sonra obyekt «Troya Pub» adı altında restoran kimi fəaliyyət göstərmişdir. Tətbiq edilmiş karantin rejimi ilə əlaqədar 2020-ci ilin mart ayından restoranların fəaliyyətinə icazə verilməmiş və icarədar çıxıb getmişdir. Bundan sonra həmin obyektin icarəyə verilməsi üçün “Tap.az” saytında elan yerləşdirmişdir. Yay aylarında Raqif adlı şəxs müraciət edib obyektlə maraqlanmış və obyektə baxdıqdan sonra icarəyə götürmək qərarına gəlmişdir. Restoranların fəaliyyəti xx xxxxxx 2020-ci il tarixdə bərpa ediləcəyindən, icarə müqaviləsi də həmin tarixdə bağlanmalı olmuşdur. Raqiflə danışıqlarına əsasən hazırlıq işləri görməsi üçün obyektin açarını sonuncuya vermişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində obyektə kənar şəxsin pəncərədən daxil olduğu barədə ona 9-cu PB-dən məlumat verib, obyektə yaxınlaşmasını demişlər. Dərhal həmin yerə getmiş və Təqsirləndirilən şəxs pəncərədən obyektə daxil olduğunu öyrənmişdir. Raqif adlı şəxsi də ora çağırmışdır. Daha sonra ünvana baxış keçirilmişdir. Baxış zamanı obyektin 3-cü mərtəbəsində yerləşən otaqda müxtəlif həblər, qurudulmuş ot halında maddə və elektron tərəzi aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olduğunu, maddələri orada aşkar edilmiş tərəzidə çəkib satış məqsədilə ayırdığını bildirmişdir. Baxışla bağlı olaraq protokol tərtib edilmiş, həmçinin videoçəkiliş aparılmışdır. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tanımır, sonuncunun obyektə hansı məqsədlə və kimin icazəsi ilə daxil olmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2010-cu ildən «Socar» şirkətinə aid olan X13 İdarəsində mühəndis işləyir. Əlavə qazanc əldə etmək üçün kafe icarəyə götürüb işlətmək qərarına gəlmişdir. Bu məqsədlə «Tap.az» saytına daxil olmuş və Səbail rayonu Şeyx Şamil küçəsi 10-da yerləşən «Troya Pub» adlı kafenin ayda 500 manata icarəyə verildiyini görmüşdür. Elanda göstərilən Mirbakir adlı şəxslə əlaqə saxlayıb danışmışdır. Sonuncu ilə görüşüb obyektə baxdıqdan sonra xx xxxxxx 2020-ci il tarixdə icarə müqaviləsi bağlamaq barədə razılığa gəlmişlər. Mirbakir hazırlıq işləri görmək üçün obyektin açarını ona vermişdir. Bundan sonra sonuncu ilə görüşməmişdir. Həmin obyektdə aşbaz kimi işləməsi üçün Şahid7 ilə danışıb razılaşmışdır. Buna görə də, obyektin açarını sonuncuya vermişdir. Bağır obyektin yaxınlığında yaşadığından, ondan obyektə gedərək nəzarət etməsini də xahiş etmişdir. xx xxxxxx 2020ci il tarixdə, saat 19 radələrində Mirbakir ona zəng edib, obyektə pəncərədən kiminsə daxil olduğu bildirmişdir. Dərhal həmin obyektə getmiş, onun iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla obyektə baxış keçirilmişdir. Baxış zamanı obyektin 3cü mərtəbəsində yerləşən otaqda müxtəlif həblər, qurudulmuş ot halında maddə və elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olduğunu, ona məxsus olduğunu, həmin maddələri orada aşkar edilmiş tərəzidə çəkib satış məqsədilə ayırdığını bildirmişdir. Baxış keçirilməsi barədə tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra araşdırma aparılması üçün 9-cu PB-nə dəvət edilmişdir. Sonradan obyektin açarını verdiyi Şahid7 keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs obyektə gəlməsinə icazə verdiyini öyrənmişdir. Obyektə keçirilmiş baxış zamanı aşkar edilmiş maddələr barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Səbail RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində xidmət yoldaşı Şahid4 ilə birlikdə **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Səbail rayonu Şeyx Şamil küçəsində xidmətdə olmuşdur. Həmin küçədə yerləşən «Troya Pub» restoranının qarşısından keçərkən bir nəfərin pəncərədən içəri girdiyini görmüşlər. Restorana nə üçün pəncərədən girdiyini müəyyən etmək üçün həmin şəxsə yaxınlaşmışlar. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs özünü qeyri-adekvat aparmaqla, onlara narkotik vasitənin təsiri altında olduğunu etiraf etmişdir. Bu səbəbdən də aidiyyəti üzrə araşdırma aparılması üçün 9-cu PB-nə məlumat vermişlər. Bölmənin əməkdaşları gəlmiş, onların iştirakları ilə videoçəkiliş aparılmaqla X6 tərəfindən «Troya Pub» restoranına baxış keçirilmişdir. Baxış zamanı restoranın 3-cü mərtəbəsindəki otaqdan çoxlu sayda həblər və qurudulmuş ot halında kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə və psixotrop dərmanlar olduğunu, onları satmaq məqsədilə əldə etdiyini və saxlanılmazdan bir qədər əvvəl restorana gətirdiyini bildirmişdir. Baxış zamanı həmin maddələr təhqiqatçı tərəfindən götürülmüşdür. Bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə 9-cu PB-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində işlədiyi PB-də xidmətdə olarkən Səbail RPİ-nin PPXB-nin polis nəfərləri Şahid4 və Şahid3 PB-nə müraciət edərək Səbail rayonunun Şeyx Şamil küçəsində xidmət edərkən «Troya Pub» restoranının qarşısında bir nəfər şəxsin pəncərədən içəri daxil olduğunu görüb ona yaxınlaşdıqlarını, sorğu-sual zamanı həmin şəxs narkotik vasitənin təsiri altında olduğunu etiraf etdiyini bildirmişlər. Bu səbəbdən də aidiyyəti üzrə araşdırma aparılması üçün 9-cu PB-nin əməkdaşlarını çağırmışlar. O, digər polis əməkdaşları ilə birlikdə həmin yerə yaxınlaşmış və şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra PB-nin təhqiqatçısı Şəhliyar Hacıyev tərəfindən Şeyx Şamil küçəsi 10-da yerləşən «Troya Pub» restoranına videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı restoranın 3-cü mərtəbəsindəki otaqdan çoxlu sayda həblər və qurudulmuş ot halında kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə və psixotrop dərmanlar olduğunu, onları satmaq məqsədilə əldə etdiyini və restorana gətirdiyini bildirmişdir. Baxış zamanı həmin maddələr təhqiqatçı tərəfindən götürülmüş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 9-cu PB-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Səbail RPİ-nin 9-cu PB-nin kiçik insektoru vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində xidmətdə olarkən bölməyə Təqsirləndirilən şəxs gətirilmişdir. X6 tərəfindən sonuncunun üzərinə baxış keçirilmişdir. Baxışda o, müdafiəçi X5 və 9-cu PB-nin əməliyyat müvəkkili Şahid5 iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, təxminən bir il əvvəl Bakı şəhəri Səbail rayonu, Şeyx Şamil küçəsi 10-da yerləşən «Troya Pub» restoranında aşbaz işləməyə başlamışdır. Ondan başqa restoranda Təqsirləndirilən şəxs da aşbaz işləmişdir. Həmin vaxtdan onların münasibətləri yaranmışdır. 2020-ci ilin mart ayında karantin rejimi ilə əlaqədar restoranların fəaliyyəti dayandırılmışdır. 2020-ci ilin iyul ayında Şahid2 ona müraciət edib, həmin restoranı icarəyə götürəcəyini, xx xxxxxx 2020-ci il tarixdən işə başlayacağını bildirib, onun da aşbaz kimi işləməsini təklif etmişdir. O, razılığını bildirmiş, Raqif təmizlik və hazırlıq işləri aparmaq üçün restoranın açarını ona vermişdir. Elvinlə telefon əlaqəsi saxlayarkən «Troya Pub» restoranında isə başlayacağını, restoranın açarının ona verildiyini demişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində Elvin ona zəng edib, bir nəfər qızla görüşəcəyini bildirib, restoranda görüşmələrinə şərait yaratmasını xahiş etmişdir. Tanışlıqlarını nəzərə alıb Elvinə etiraz etməmiş və yaxınlaşıb qapını açacağını bildirmişdir. Elvin isə qapını açmağa ehtiyac olmadığını, sadəcə giriş qapısının yanında olan pəncərəni açıq vəziyətdə saxlamağı xahiş etmişdir. O, etiraz etməmiş, giriş qapısının yanındakı pəncərəni bağlamadan örtülü vəziyyətdə saxlamış və bu barədə Elvinə məlumat vermişdir. Bir neçə saat sonra, təxminən saat 19 radələrində yaşadığı evdə olarkən Raqif ona zəng edib, restoranda olubolmadığını soruşmuş, o da evdə olduğunu demişdir. Sonuncu ondan restorana yaxınlaşmağını xahiş etmişdir. Dərhal restorana getmiş və Elvinin pəncərədən restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Daha sonra onun iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və obyektin 3-cü mərtəbəsində yerləşən otaqdan müxtəlif həblər, qurudulmuş ot halında maddə və elektron tərəzi aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olduğunu, həmin maddələri orada aşkar edilmiş tərəzidə çəkib satış məqsədilə ayırdığını bildirmişdir. Keçirilmiş baxışla bağlı olaraq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra araşdırma aparılması üçün 9-cu PB-nə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, aşbaz işləyir. Bir neçə ildir ki, Təqsirləndirilən şəxs tanıyır. Onlar Biləcəri qəsəbəsində qonşuluqda yaşamış və Nizami küçəsində yerləşən «Casual Brasserie» restoranında birlikdə işləmişlər. Münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin iyul-avqust aylarında müxtəlif vaxtlarda Elvinlə zəng edib danışmışdır. Sonuncu narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmuşdur. Əvvəllər təxminən 2-3 dəfə narkotik vasitələrdən istifadə etmiş, hər dəfə narkotiki Elvindən 10 manata almışdır. Hazırda narkotik vasitələrdən istifadə etmir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İşin 6-7-ci vərəqlərindəki xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Səbail rayonu, Şeyx Şamil küçəsi 10 ünvanda yerləşən «Troya Pub» restoranıdır. Restorana giriş iki laylı taxta qapıdan ibarətdir. Qapıdan sağ tərəfdə olan pəncərə açıqdır. Obyektin fəaliyyətinin dayandırılmış vəziyyətdə olduğu müəyyən edilmişdir. Obyekt 3 mərtəbəlidir. İkinci mərtəbəyə pilləkənlə qalxır. İkinci mərtəbədə müştərilərin əylənmələri üçün kabinetlərin olduğu müəyyən olunur. Obyektin üçüncü mərtəbəsinə taxta pilləkən qalxır. Üçüncü mərtəbədə bir otaq vardır. Həmin otağın giriş qapısı yoxdur, yerdə iki ədəd yataq döşəkçəsi vardır, döşəmənin üzərinə tünd rəngli xalça sərilmişdir. Həmin xalçanın üzərində döşəyin kənarında çoxsaylı həblər, şəffaf selofan bükümlər, qurudulmuş ot halında maddələr aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələr narkotik vasitədir. Bunlardan əlavə baxış zamanı həmin maddələrin arasında bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Baxış zamanı maddi sübut əhəmiyyəti kəsb edən 16 ədəd şəffaf selofan bükümlər, bir ədəd «Vinston» markalı siqaret dənəsi, içərisində qurudulmuş halda ota bənzər kütlə olan ağ rəngli qutu, bir ədəd elektron tərəzi, 195 ədəd ağ-tünd qəhvəyi rəngli kapsula formasında həblər, 87 ədəd narıncı rəngli həblər, 16 ədəd boz rəngli həblər qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin videoçəkilişi aparılaraq diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 216-217-ci vərəqlərindəki x xxxxxx 2020-ci il tarixli hadisə yerinə keçirilmiş baxış protokolu və narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddələrin götürülməsi istintaq hərəkətinin gedişatının çəkildiyi videogörüntülərə baxış protokolundan görünür ki, polis kapitanı geyim formasında Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı X8, ətrafında mülki və polis geyim formasında şəxslər görüntülənir. Onlar Bakı şəhəri Səbail rayonu, Şeyx Şamil küçəsi-10 ünvanında yerləşən «Troya pub» restoranının qarşısında dayanmışlar. Təhqiqatçı özünü təqdim etdikdən sonra «xx xxxxxx 2020-ci il tarixdə Səbail RPİ-dən bir nəfər şəxsin Bakı şəhəri Səbail rayonu, Şeyx Şamil küçəsi-10 ünvanında yerləşən «Troya pub» restoranına daxil olması» barədə məlumat daxil olmasını və həmin məlumat əsasında həmin ünvana gəldikləri, sonra baxışda iştirak edən şəxsləri: X1, Şahid2, polis əməkdaşları: Şahid5, Şahid3, Şahid4, saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edir və sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs «Troya pub» obyektinə nə məqsədlə daxil olmasını soruşulur. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra narkotik vasitələri ayırmaq üçün obyektə daxil olduğunun bildirir. Sonra təhqiqatçının: «narkotik vasitələri üzərindəmi gətirmişdin?» sualına saxlanılan şəxs Təqsirləndirilən şəxs «bəli» deyə cavab verir. Təhqiqatçının: «obyektə haradan daxil olmuşdun?» sualına saxlanılan şəxs Təqsirləndirilən şəxs əli ilə zirzəmi tipli yerə pilləkənlərlə düşüb açıq şəkildə olan pəncərəni göstərib: «burdan» deyə cavab verir. Sonra açıq pəncərədən zirzəmi tipli binaya daxil olur və iştirakçılar da həmin yerdən binaya daxil olurlar. Həmin yer zal kimidir, lakin istifadəsizdir. Təhqiqatçının: «gətirdiyiniz narkotik vasitə haradadır?» sualına saxlanılan şəxs Təqsirləndirilən şəxs: «3-cü mərtəbədədir» deyə cavab verir. Bundan sonra qaranlıq, işıqsız vəziyyətdə olan pilləkənlərlə obyektin 3-cü mərtəbəsinə qalxırlar. Saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı yer qapısız açıq yerdir. Divara və döşəməyə döşək salınıb. Həmin ağ-qırmızı zolaqlarla döşəyin yan hissəsində, döşəmədə pərakəndə halda ağ kağız və selofan bükümlər, həblərlə qutular, elektron tərəzi, boş kağız və selofan torbacıqlar səpilmişdir. Bundan əlavə döşəmədə qurudulmuş ota oxşar bitki mənşəli kütlə dağınıq haldadır, bir ədəd ağ rəngli kardon qutuda ağ-qəhvəyi rənglərlə kapsula formalı həblər vardır. Başqa selofan torbacıqlarda da həblər dağınıq şəkildə atılmışdır. Sorğu zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs bildirir ki, həmin torbalarda və selofanlarda olanlar narkotik vasitə və həblərdir. Təhqiqatçının həmin narkotik vasitə və həbləri nə vaxt ora gətirdiyi soruşulduqda saxlandan şəxs Təqsirləndirilən şəxs onları iki saat əvvəl ora gətirdiyini bildirir. Orada olan elektron tərəzidən nə məqsədlə istifadə etdiyini soruşduqda o, narkotik vasitələri «qramlamaq» üçün istifadə etdiyini bildirir. Təhqiqatçı tərəfindən döşəməyə dağıdılmış qurudulmuş ota bənzər kütlə orada olan boş ağ kardon qutuya yığılır, sonra kağız və selofan bükümlərdə olan kütlələr toplanır, cəmi 17 bükümdədir. Sonra ağ kardon qutuda olan həblər, səpələnmiş halda təhqiqatçı tərəfindən yığılmış qurudulmuş ota bənzər kütlə yığılan ağ kardon qutu, həmin 17 bükümlər, selofan torbacıqda olan həblər, 1 ədəd elektron tərəzi, 1 siqaret giləsi hadisə yerindən götürülmüş və üzərində 4G «PATRON» sözləri yazılmış selofan torbaya qablaşdırılır və təhqiqatçı tərəfindən selofan torba «166» saylı möhürlü kağızla möhürlənir və sonra istintaq hərəkətinin başa çatdığı təhqiqatçı tərəfindən elan olunur. Görüntülərə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs həqiqətən də görüntülərdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin özü olduğunu, həmin vaxt polis əməkdaşları tərəfindən ona hər hansı formada təzyiq edilmədiyini, görüntülərdə göstərilən narkotik vasitə və psixotrop maddələri, güclü təsir edən, zəhərli maddələrin özü tərəfindən ora gətirdiyini və orada tək başına qramlayıb hissələrə ayırdığını bildirir. Obyektə baxış və narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin götürülməsinin gedişatı barədə təhqiqatçı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli protokolda göstərilənlər həmin istintaq hərəkətinin videogörüntüləri köçürülmüş CD diskdəki görüntülərə uyğundur və protokolda göstərilənlərlə görüntülərdə əks olunanlar eyinilik təşkil edir. İşin 39-41-ci vərəqlərindəki «şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri varsa könüllü təqdim etməsi təklif edilmiş, sonuncu üzərində, geyim paltarlarında narkotik vasitə, qanunsuz əşya və sənədlər olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs «Xiomi Mi9» markalı mobil telefon cihazı, Beynəlxalq banka aid **********766629, «Unibank»a aid **********130187, **********126706 və **********422644 nömrəli plastik kartlar götürülmüşdür. İşin 218-219-cu vərəqlərindəki x xxxxxx 2020-ci il tarixli təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının görüntüləri köçürülmüş diskə baxış protokolundan görünür ki, polis kapitanı geyimində olan şəxs özünü Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı X8, masa arxasında əyləşən şəxsin müdafiəçi, 3 saylı Vəkil Bürosunun vəkili X5, mülki formada olan şəxslərdən birinin polis leytenantı Şahid5, ikincisinin polis serjantı Şahid6 olduğu, üzərində axtarış aparılan şəxsin isə Təqsirləndirilən şəxs olduğu bildirilir. Sonra təhqiqatçı Ş.K.Hacıyev saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmalı olmasını elan edir. Etiraz daxil olmadıqdan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs təklif edilir ki, «üzərində dövriyyəsi qadağan edilən əşya və predmet vardırsa, könüllü olaraq təqdim etsin». Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilən predmet, əşya olmadığını bildirdikdən sonra təhqiqatçının təklifi ilə mülki formada olan polis əməkdaşları saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlayırlar. Təqsirləndirilən şəxs üst geyim paltarlarına, ciblərinə baxış keçirilir və şəxsi axtarış zamanı onda hər hansı dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Bundan sonra təhqiqatçı şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər-hansı qanunsuz predmet aşkar edilmədiyini və şəxsi axtarış istintaq hərəkətinin başa çatdığını elan etdi. Diskdə olan görüntülərə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirmiş ki, həqiqətən də görüntülərdə özünü Təqsirləndirilən şəxs adı ilə təqdim edən şəxs özüdür. Həmin vaxt polis əməkdaşları tərəfindən ona hər hansı formada təzyiq edilməmişdir. Şəxsi axtarış barədə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli protokolda göstərilənlər həmin videogörüntüləri köçürülmüş CD diskdəki görüntülərə uyğundur və protokolda göstərilənlərlə görüntülərdə əks olunanlar eyinilik təşkil edir. Diskdə olan görüntülər 01:46 dəqiqə davam edir. İşin 193-194-cü vərəqlərindəki diskə köçürülmüş telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsi ilə 2020-ci ilin iyun ayının 15-dən avqust ayının 15-dək aparılmış danışıqlar və SMS yazışmaları «xxxx» MMC-dən götürülərək köçürülmüş CD diskdəki izahlı qaiməyə baxış zamanı müəyyən edilmişdir ki, 48656 Zəng statistika (Qarşı abunə) 9947... xx.xx.2020 15:42 səhifədə **********47, başlanğıc tarix: xx.xx.2020 00:00:00, bitiş tarixi: xx.xx.2020 00:00:00, keçirildiyi tarix: xx.xx.2020 15:39:58 yazıları və sonra da mobil telefon vasitəsilə aparılmış danışıqların siyahısı və göstəriciləri əks olunmuşdur. İlkin danışıq xx.xx.2020-ci il 21:17:01, müddət - 14, istiqamət - çıxış zəngi, hədəf nömrə - **********47, hədəf imei - **********9674, hədəf imei - **********3959, hədəf B/S- **********23472, hədəf yer - Biləcərİ qəs, məhəllə - 5057-68 ev - 11 mənzil - 175, qarşı nömrə-**********34, qarşı abunə - X14, qarşı imei - **********005, qarşı imei - **********43434, qarşı B/S-**********04172, qarşı yer - Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Səhhət küçəsi - 1 Fabrika göstərilmişdir. Səhifədəki telefon danışıqlarının 1078-1 180 sıra nömrələri 13-xx xxxxxx 2020-ci il tarixlərdə olan danışıqları əks etdirir. Həmin gün ilk danışıq xx.xx.2020-ci il tarixdə, saat 00:56:38-də 29 saniyə müddətində ***- ***-**-** nömrəsi ilə Lyudmila Ağamalıyeva ilə olmuşdur. Həmin vaxtdan başlayaraq xx.xx.2020-ci il, saat 23:50:10-da 49 saniyə müddətində Şahid8la 055-291-7658 mobil nömrəsi ilə olan danışıqlaradək çıxış zəngi ilə ***-***-**-** nömrəsindən Dilşan Muradova aid ***-***-**-** mobil nömrəsinə, Azər Bayramova aid ***-***-**-** mobil nömrəsinə, Şahid7 aid ***-***-**-** mobil nömrəsinə, İsa Şıxəliyevə aid ***-***-**-** mobil nömrəsinə, Əfsanəyə aid ***-***-**-** mobil nömrəsinə, Nəsrin Məmmədzadəyə aid 070-838-22-1 mobil nömrəsinə, Lamiyə Sadıqovaya aid ***-***-**-** mobil nömrəsinə, Elmar Bayramzadəyə aid ***-***-**-** mobil nömrəsinə, Gülnarə Osmanovaya aid 055-943- 99-76 mobil nömrəsinə, Gülarə Əkbərovaya aid ***-***-**-** mobil nömrəsinə, Samir Müslümova aid ***-***-**-** mobil nömrəsinə, Hüseynzadə Çokar aid ***-***-**-** mobil nömrəsinə, Gündüz Qəhrəmanova aid ***-***-**-** mobil nömrəsinə, Elmar Əliyevə aid ***-***-**-** mobil nömrəsinə, Vüqar Əhmədova aid ***-***-**-** mobil nömrəsinə, Elmar Abdullayevə aİd ***-***-**-** mobil nömrəsinə, Elçin İsmayılova aid ***-***-**-** mobil nömrəsinə, Emil Ramazanzadəyə aid ***-***-**-** mobil nömrəsinə, sonuncu 5 zəng isə Şahid8 aid ***-***- **-** mobil nömrəsinə zənglər olmuşdur, 48657_SMS statistika (Qarşı abunə 9947... səhifəsində ilk danışıq xx.xx.2020-ci il, 02:08:19-da istiqaməti - Giriş SMS, Hədəf nömrə - **********747, Hədəf yer - Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 6, qarşı nömrə **********97, Qarşı abunə Vəlizadə Tərlan, qarşı yer - Biləcəri qəsəbəsi məhəllə 5057 - 68, ev 11, mənzil 175-dir. Həmin səhifədə cəmi 209 giriş SMS barədə məlumatlar vardır, 2020-ci ilin avqust ayının 12 və 13-də daxil olmuş SMS məlumatları qeyd edilməmişdir, xx.xx.2020-ci il tarixdə 06 SMS məlumatı gəlməsi göstərilmişdir, həmin tarixdə ilk SMS 03:15:36-da ünvan 3 ünvanına «777» vasitəsilə gəlmiş, ikinci SMS yenə həmin ünvana Şıxəliyev İsanın adına olan **********88 nömrəsindən Abşeron rayonu Xırdalan qəsəbəsi 26-cı məhəllədən gəlmişdir, sonuncu SMS-lər Biləcəri qəsəbəsi məhəllə 5057-68 ev 11, mənzil 175 ünvanına «777», «717», «8117» çağrıları ilə daxil olmuşdur. 48658_B-S Yer Dəyişdirmə (Hamısı) 99477 səhifəsinin açılması düyməsinə basıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş **********747 mobil nömrəsinin 2020-ci ilin avqust iyul ayının 15-dən avqust ayının 15-dək olan dövrdə harada olmaları barədə məlumatlar izahlı şəkildə qeyd edilmişdir. Siyahıda 13979 məlumat siyahısı qeyd edilmişdir həmin məlumatların 11988-13979 sıraları 2020-ci ilin avqust ayının 13 və 14 günlərinə düşür. İlk məlumat xx.xx.2020-ci il tarixdə 21:17:01-də hədəf nömrə - **********747, hədəf yer - Biləcəri qəsəbəsi məhəllə 5057 - 68, ev 11, mənzil 175 qeyd edilmişdir, sonuncu 13979-cu sırada isə xx.xx.2020, 23:55:02, hədəf yeri isə Biləcəri qəsəbəsi məhəllə 5057 - 68, ev 11, mənzil 175 göstərilmişdir. Siyahıda hədəf yeri kimi əsasən «Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi, 99 saylı yaşayış binasının arxasında qeyri yaşayış obyektinin damı», «Milli aerokosmik agentliyi Akademik T.İsmayılov adma Təbii ehtiyatların kosmik tədqiqatlar institutu», Binəqədi rayonu A.Zeynallı küçəsi göstərilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 7/526 nömrəli rəyindən görünür ki, tədqiqiata təqdim olunmuş kağız paketi açdıqda içərisində 16 ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 3,700 qram; 3,852 qram; 2,925 qram; 2,915 qram; 1,182 qram; 1,893 qram; 0,515 qram; 2,979 qram; 3,960 qram; 2,954 qram; 3,807 qram; 0,796 qram; 1,978 qram; 1,674 qram; 1,762 qram; 3,790 qram və 01 ədəd karton qutuda təmiz çəkisi 9,153 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-quruduİmuş marixuanadır. Ümumi çəkisi - 49,835 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin kağız paketdə də 01 ədəd «Winston» adlı siqaretin tərkibində narkotik aktivliyə kompanentlər yoxdur, onun tərkibi yalnız tütündən ibarətdir. Bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Materialların məhkəmə ekspertizası, «narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi» ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/1568 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN-nin zərflər üçün №-166 dairəvi möhür əksləri olan «ünvan 5 ünvanından götürülmüş» sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd şəffaf sellofanda qablaşdırılmış 195 ədəd ağ-qəhvəyi qırmızı kapsulaların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 58,5 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi. Üzərində kişi şəkli həkk olunmuş narıncı rəngli 87 ədəd narıncı rəngli həbin tərkibində MDMA-nın (metilendioksimetamfetamin, ekstazı) təsir maddəsinin ümumi miqdarı 17,4 qram (bir ədəd həbdə MDMA-nın təsir maddəsinin miqdarı 0,2 qram) olduğu müəyyən edildi. Üzərində «Silver» göstəricisi olan 13 ədəd boz rəngli dərman həbinin tərkibində MDMA-nın (metilendioksimetamfetamin, ekstazı) təsir maddəsinin ümumi miqdarı 2,6 qram (bir ədəd həbdə MDMA-nın təsir maddəsinin miqdarı 0,2 qram) olduğu müəyyən edildi. Təqdim olunmuş ümumilikdə təmiz çəkisi 0,390 qram olan boz rəngli həb qırıntılarında MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,230 qramdır. MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı 1), Preqabalin «Gücİü təsir edən maddələrin siyahısı»na (1 №-li əlavə) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 №-li əlavə) daxildir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxxx 2020-ci il tarixli, 2594 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixatrik ekspertizasının x xxxxxx 2020-ci il tarixli, 2196 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəlik əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. İşin 43-cü vərəqindəki «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə yoxlanılarkən, onun marixuanadan istifadə etdiyi aşkar olunmuşdur. İşin 207-208-ci vərəqlərindəki 65 saylı MKİS-dən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs H.Seyidzadə küçəsi 28 saylı evin 76 nömrəli mənzilində qeydiyyatdadır və yaşayır. 65 saylı MKİS-ə onun barəsində heç bir şikayət daxil olmamışdır. Bütün dövlət tədbirlərində yaxından iştirak etmişdir. Mənzil-kommunal xərclərini vaxtı-vaxtında ödəmişdir. Qonşular tərəfindən nizam-intizamlı kimi tanınır. İşin 188-190-cı vərələrindəki xx xxxxxx 2020-ci il tarixli maddi sübut hesab etmək haqqında qərardan görünür ki, Bakı şəhəri Səbail rayonu, Ş.Şamil küçəsi 10-da yerləşən «Troya pub» restoranının 3-cü mərtəbəsindən götürülmüş təmiz çəkisi 49,835 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 16 ədəd sellafon bükümlərdə qurudulmuş marixuana (tədqiqata istifadə olunmuşdur - 0,85 qram, qalıq 48,985 qram); ümumilikdə təmiz çəkisi 58,5 qram təşkil edən, güclü təsir edən maddə hesab edilən preqabalin - bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qram olmaqla 195 ədəd ağ-qəhvəyi qırmızı rəngli kapsulalarda (tədqiqata sərf edildi 02 ədəd həb, qalıq 193 ədəd); ümumilikdə təmiz çəkisi 20,23 qram təşkil edən, psixotrop maddə hesab edilən MDMA-nın - 01 ədəd həbdə təsir maddəsinin miqdarı 0,2 qram olmaqla, çəkisi 17,4 qram təşkil edən 87 ədəd üzərində «kişi şəkli» həkk olunmuş narıncı rəngli həblər (tədqiqata 01 ədəd həb istifadə edilmiş, qalıq 86 ədəd); çəkisi 2,6 qram təşkil edən 13 ədəd üzərində «Silver» göstəricisi olan boz rəngli dərman həblər və çəkisi 0,230 qram təşkil edən boz rəngli həblər (tədqiqata 01 ədəd həb sərf edilmiş, qalıq 12 ədəd) və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İşin 205-206-cı vərələrindəki x xxxxxx 2020-ci il tarixli maddi sübut hesab etmək haqqında qərardan görünür ki, baxış və götürmə, şəxsi axtarış istintaq hərəkətlərinin görüntüləri köçürülmüş 02 ədəd CD disklər, mobil telefon danışıq və yazışmalarının siyahısı köçürülmüş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 166-cı vərəqəsindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 30-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə tam təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Bakı şəhəri Səbail rayonu, Ş.Şamil küçəsi 10-da yerləşən «Troya pub» restoranının 3-cü mərtəbəsindən götürülmüş təmiz çəkisi 49,835 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 16 ədəd sellafon bükümlərdə qurudulmuş marixuana (tədqiqata istifadə olunmuşdur-0,85 qram, qalıq 48,985 qram); ümumilikdə təmiz çəkisi 58,5 qram təşkil edən, güclü təsir edən maddə hesab edilən preqabalin-bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qram olmaqla 195 ədəd ağ-qəhvəyi qırmızı rəngli kapsulalarda (tədqiqata sərf edildi 02 ədəd həb, qalıq 193 ədəd); ümumilikdə təmiz çəkisi 20,23 qram təşkil edən, psixotrop maddə hesab edilən MDMA-nın - 01 ədəd həbdə təsir maddəsinin miqdarı 0,2 qram olmaqla, çəkisi 17,4 qram təşkil edən 87 ədəd üzərində «kişi şəkli» həkk olunmuş narıncı rəngli həblər (tədqiqata 01 ədəd həb istifadə edilmiş, qalıq 86 ədəd); çəkisi 2,6 qram təşkil edən 13 ədəd üzərində «Silver» göstəricisi olan boz rəngli dərman həblər və çəkisi 0,230 qram təşkil edən boz rəngli həbləri (tədqiqata 01 ədəd həb sərf edilmiş, qalıq 12 ədəd) və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üç ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 134 (yüz otuz dörd) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona CMnin 234.4.1, 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Bakı şəhəri Səbail rayonu, Ş.Şamil küçəsi 10-da yerləşən «Troya pub» restoranının 3-cü mərtəbəsindən götürülmüş təmiz çəkisi 49,835 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 16 ədəd sellafon bükümlərdə qurudulmuş marixuana (tədqiqata istifadə olunmuşdur-0,85 qram, qalıq 48,985 qram); ümumilikdə təmiz çəkisi 58,5 qram təşkil edən, güclü təsir edən maddə hesab edilən preqabalin-bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qram olmaqla 195 ədəd ağ-qəhvəyi qırmızı rəngli kapsulalarda (tədqiqata sərf edildi 02 ədəd həb, qalıq 193 ədəd); ümumilikdə təmiz çəkisi 20,23 qram təşkil edən, psixotrop maddə hesab edilən MDMA-nın - 01 ədəd həbdə təsir maddəsinin miqdarı 0,2 qram olmaqla, çəkisi 17,4 qram təşkil edən 87 ədəd üzərində «kişi şəkli» həkk olunmuş narıncı rəngli həblər (tədqiqata 01 ədəd həb istifadə edilmiş, qalıq 86 ədəd); çəkisi 2,6 qram təşkil edən 13 ədəd üzərində «Silver» göstəricisi olan boz rəngli dərman həblər və çəkisi 0,230 qram təşkil edən boz rəngli həbləri (tədqiqata 01 ədəd həb sərf edilmiş, qalıq 12 ədəd) və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, üç ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 134 (yüz otuz dörd) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar