Məhkəmə qərarları › İş №1(101)-574/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-574/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-574/2022 11.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 26 yanvar 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dırnıs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dırnıs kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2, Korpus 74-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan “Saşa” adlı şəxslə və istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 24 avqust 2021-ci il tarixdə, saat 17:00 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Maştağa qəsəbəsinin mərkəzi küçəsində “Saşa” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,460 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 9,396 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 24 avqust 2021-ci il tarixdə, saat 21:00 radələrində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3 ünvanında “Rahat” marketin yanında saxlanılaraq 4-cü Polis bölməsinə gətirilmiş, Polis bölməsində saat 21:00 radələrində onun üzərinə şəxsi axtarış keçirilərkən əlindəki ağ-bozqəhvəyi qarışıq rəngli pulqabıdan 2 (iki) ədəd şəffaf selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,826 qram və 3,634 qram olan, ümumi təmiz çəkisi 4,460 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və 1 (bir) ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 9,396 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 5-6 ildir ki, narkotik vasitələrdən istifadə etmişdir. O, əslən Ordubad rayonundan olsa da, həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2, Korpus 74 ünvanında kirayədə yaşamışdır. O, müxtəlif şəxslərin evlərinə gedərək və orada təmizlik işləri görərək dolanmışdır. O, narkotik vasitələrdən istifadə etmişdir. Onun əlinə pul düşdükcə, özünə narkotik vasitə alaraq istifadə etmişdir. Tutulmamışdan bir neçə müddət əvvəl o, “Votsap” sosial şəbəkəsi vasitəsi ilə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. O, iranlı şəxslə tanış olduqdan sonra sonuncu Bakı şəhərində olan adamları vasitəsi ilə ona narkotik vasitə satılmasını təklif etmişdir. O da iranlı şəxslə razılaşaraq bir neçə dəfə iranlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan “Saşa” ləqəbli şəxsdən narkotik vasitələr almışdır. Sonuncu dəfə o, 24 avqust 2021-ci il tarixdə Maştağa qəsəbəsinə gedərək orada “Saşa” ilə görüşmüş və sonuncudan 3 (üç) ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin götürmüşdür. O, narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün götürmüşdür. O, narkotik vasitə kimi tanıdığı həm “kakosdan”, həm də psixotrop maddə kimi tanıdığı “şüşədən” istifadə etmişdir. O, “Saşadan” götürdüyü narkotik vasitə və psixotrop maddənin pulunu “Saşaya” deyil, sosial şəbəkədən tanıdığı iranlı şəxsin ona “Votsap” vasitəsi ilə göndərdiyi bank hesabına hissə-hissə 225 manat pul köçürməli olmuşdur. 24 avqust 2021-ci il tarixdə, saat 21:00 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində taksidə evə qayıdan zaman 2 (iki) nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq Binəqədi RPİ-nin 4-cü Polis bölməsinə aparmışlar. Polis bölməsində olduğu zaman video çəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış zamanı o, əlində olan pulqabının içərisindən “Saşadan” götürdüyü 3 (üç) ədəd bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, polislərə heroinin və metamfetaminin ona məxsus olduğunu və öz istifadəsi üçün aldığımı demişdir. Lakin müstəntiq ona qarşı qanunsuz ittiham irəli sürərək onu “satışla” rəsmiləşdirmişdir. O, heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Onun güclü ağrıları olmuş və bu səbəbdən də demək olar ki, o, hər gün 4 qram narkotik vasitə və psixotrop maddəni qarışıq formada istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini, şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı obyektiv sübutları məhkəmə ayrı-ayrılıqda və məcmu halda təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 24 avqust 2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü Polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonra Təqsirləndirilən şəxs onlar tərəfindən müəyyən olunmuş və Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində onun tərəfindən Binəqədi RPİ-nin rəhbərliyinə raportla məruzə edilmişdir. Məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi barədə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa, 4-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil edilmişdir. Sonra onlar əməliyyat məlumatında göstərilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən ünvanında yerləşən “Rahat” marketin qarşısına getmişlər. Həmin gün saat 21:00 radələrində onlar “Rahat” marketin qarşısında dayanıb gözləyərkən Kəmalənin özünü şübhəli aparması onların diqqətini cəlb etmişdir. Kəmalə yolda piyada gəzərək özünü şübhəli aparmışdır. Onlar da həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Bundan sonra həmin şəxs özünü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra onlar Kəmaləyə daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermişlər və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 4-cü Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək onlarla birlikdə 4-cü Polis bölməsinə getmişdir. Orada Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş və vəkil dəvət edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. Bu vaxt Təqsirləndirilən şəxs əlində saxladığı pulqabını təqdim edərək pulqabının içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. Pulqabı açıldıqda içərisindən 3 (üç) ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərin ikisinin içərisində narkotik vasitə heroinə oxşar vasitə, digər bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan narkotik vasitə və psixotrop maddəni “Saşa” adlı şəxsdən öz istifadəsi üçün aldığını demişdir. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2021ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 32-33) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı pulqabını polis əməkdaşlarına təqdim edərək həmin pulqabının içərisində 3 (üç) ədəd bükümün olduğunu, iki bükümün içində psixotrop maddə, üçüncü bükümün içində isə narkotik vasitə olduğunu, həmin bükümləri 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndində yaşayan “Saşa” adlı şəxsdən aldığını etiraf etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3684 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 41-44) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 173” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,396 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,826 qram və 3,634 qram, ümumi təmiz çəkisi 4,46 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-1210/2021 saylı qərarından (cild 1, iş vərəqə 50-53) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 24 avqust 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 58-59) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-894/2021 saylı qərarından (cild 1, iş vərəqə 74-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 97) görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4019 nömrəli rəyindən (cild 1, iş vərəqə 119-120) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi Şəxsin 2462 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 122-123) görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1231/2021 saylı qərarından (cild 1, iş vərəqə 115-118) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 dekabr 2021-ci il tarixədək uzadılsın. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 noyabr 2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 135) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 136-141) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, ona həmin maddələr üzrə yeni məzmunda ittihamın elan edilməsi, 2 (iki) ədəd diskin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 9,346 qram təşkil edən narkotik vasitə heroinin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,360 qram təşkil psixotrop maddə metamfetaminin, habelə Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd pulqabının maddi sübut kimi tanınması və Binəqədi rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 154- 155) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə əldə olunmuş sübutları, habelə ona qarşı irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkarlanmış külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə narkotik vasitə və psixotrop maddəni qanunsuz şəkildə əldə etməsini müəyyən etməmiş, bunun əvəzinə Təqsirləndirilən şəxs bu hissədə (“Saşa” adlı şəxsdən alması) ifadəsində göstərdiyi halı lazımi qaydada yoxlamadan onun “Saşa” adlı şəxsdən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə alması nəticəsinə gəlmişdir. Başqa sözlə, ibtidai istintaq orqanının sözügedən hissədə gəldiyi nəticə yalnız Təqsirləndirilən şəxs verdiyi məlumat əsasında formalaşmışdır. Halbuki Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etməsi ilə bağlı hissədə də ittiham irəli sürüldüyündən, qeyd edilən xüsusatın tam şəkildə araşdırılıb müəyyən edilməsi Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ən əhəmiyyətli məsələlərdən birini təşkil etmişdir. Belə ki, qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin (müstəntiqin) üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Bu səbəbdən də məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və aparılmış ibtidai istintaqı natamam və qüsurlu aparılmış ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, əldə etdikdən sonra üzərində saxlaması və daşıması, habelə 24 avqust 2021ci il tarixdə, saat 21:00 radələrində Binəqədi RPİ-nin 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3 ünvanında yerləşən “Rahat” marketin yanında saxlanılaraq 4-cü Polis bölməsinə aparılması, orada onun üzərinə şəxsi axtarış keçirilməsi və həmin vaxt onun əlində olan pulqabının içərisindən 2 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,826 qram və 3,634 qram, ümumi təmiz çəkisi 4,460 qram olan külli miqdarda psixotrop maddə metamfetaminin və 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,396 qram təşkil edən külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini kiməsə satması, ümumiyyətlə onun həmin vasitə və maddələrin “alqı-satqısı” barədə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması təsdiq edilməmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsdən külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilməsini, həmin vasitə və maddənin bir neçə bükümdə olmasını, aşkarlanmış narkotik vasitə heroinin və psixotrop maddə metamfetamin məhz güclü təsir edən vasitə/maddəyə aid edilməsini, aşkarlanmış vasitə və maddənin ümumi çəkisinin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin təxminən 30 dəfədən çox istifadə dozasını təşkil etməsini, habelə təqsirləndirilən şəxsin öz istifadəsi üçün qabaqcadan təxminən 1 (bir) ay müddətinə narkotik vasitə və psixotrop maddə tədarük etməsini inandırıcı olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs bu əməlləri isə özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, onun əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ələlxüsus da onun qadın olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaya əsasən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Binəqədi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd pulqabı və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,346 qram təşkil edən narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,360 qram təşkil psixotrop maddə metamfetamin məhv edilməli, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 137 (yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 137 (yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Binəqədi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd pulqabı və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,346 qram təşkil edən narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,360 qram təşkil psixotrop maddə metamfetamin məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 137 (yüz otuz yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar