Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-574/2023 19.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 04 avqust 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 01 iyul 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, "Bakı fəhlə” zavodunda fəhlə işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmiracan qəsəbəsi, Sabir küçəsi, dalan 03, ev 05-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 nömrəli istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1057 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, təmiz çəkisi 350,3 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, özündə saxlamaqla daşımış, 09 avqust 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, X5 yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında Bakı işəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman sağ əlində olan qara rəngli sellofanın içərisində bir ədəd bükümdə təmiz çəkisi 1057 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 350,3 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və səthində narkotik vasitə heroinə və psixotrop maddə metamfetminə məxsus izlər olan bir ədəd “gümüşü” rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, onun tutulması yeri və zamanı ilə bağlı olan məlumatların hamısı düzgündür, lakin üzərindən qram yarım narkotik vasitə heroin aşkar edilmiş, ittiham aktında göstərilən narkotik vasitəni onu döyərək üzərinə yükləmişdirlər. Qram yarım narkotik vasitəni beşmərtəbənin qarşısından soyadını bilmədiyi Sahib adlı tanıdığı şəxsdən 9 avqust 2022-ci il tarixdə, gecə saat 11-12nin yarısı radələrində əldə etmiş, həmin gün də saxlanılmışdır. Həmin şəxsin haqqında yalnız onun beşmərtəbənin qarşısında satışla məşğul olduğunu bilir. Suraxanı rayonu ərazisində yaşayır.Onu döyən şəxslər əməliyyatçılardan Elvin adlı şəxs olmuşdur. Döyülməsi ilə bağlı hər hansı bir yerə müraciət etməmişdir. Saxlanıldıqdan iki gün sonra barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə hakimin qarşısında döyüldüyünü və bir kiloqram narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Döyülməsi ilə bağlı hər hansı bir araşdırma edilməmiş, bununla bağlı ondan izahat almamışdırlar. Üzərindən aşkar edilən yarım qram narkotik vasitəni ittiham aktında göstərilən bir kiloqram narkotik vasitənin üzərinə qoymuşdurlar. Bir kiloqram heroinin üzərindən aşkar edilməsinin nəticələrinin ağır olduğunu bilir və bildiyi halda onu döydüklərinə görə müvafiq sənədlərə imza etmişdir. “Saleh” adlı şəxsi tanıyır, ondan sonuncu dəfə tutulmazdan 10 gün əvvəl narkotik vasitə götürmüşdür. İstintaq zamanı verdiyi ifadələrlə tanışdır. Onun “Kapital bankın” birkartı olmamış, Salehə kapital bank kartı ilə 300-500 manat pul köçürməmişdir. Həmçinin üzərindən elektron tərəzi aşkar edilməmişdir. O, polis bölməsində narkotik vasitəni təqdim etdikdə yanında vəkil olmuşdur. O, döyülsə də üzərində xəsarət izləri qalmamışdır. Təcridxanaya yerləşdirilərkən döyüldüyünü bildirsə də üzərində xəsarət izi qalmamışdır. İdarədə videoçəkiliş zamanı və sənədlərə qol çəkdiyi zaman özündə olmamışdır. Onu döyən əməliyyatçıların üzlərində maska olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 2022-ci ilin avqust ayında Emin adlı şəxs barəsində Nizami rayonu ərazisində narkotik vasitələrin istifadəsi, daşınması,satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur.Əməliyyat məlumatında Emin adlı şəxsin avtomobildə hərəkətdə olduğu bildirilmişdi. O, Şahid2, 2 nəfər polis əməkdaşı, İlqar və Turaldan ibarət əməliyyat qrupu yaradılmışdır. Polis əməkdaşları həmin maşını saxlamış, sürücü maşından düşdükdə Emin adlı şəxs də maşında olmuşdur. Ona yaxınlaşdıqda özlərini təqdim etmiş, o da özünü təqdim etmişdir. Şəxs saxlanılaraq polis idarəsinə aparılmış, təhqiqat otağında üzərinə baxış keçirilmiş,sonuncu əlində olan qara sellofanı təqdim etmiş və həmin maddəni Yasamal rayonu ərazisində 5 mərtəbənin dairəsindən İran vətəndaşından aldığını, 1000 manat ödədiyini və 500 manat borcu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsə psixi-fiziki təsir göstərilməmişdir. Şəxsin üzərində tərəzi də aşkar edilmişdir. Onlar şəxsi onun zahiri görünüşü və qara rəng “Chevrolet cruze” modelli avtomobildə hərəkətdə olduğu barədə əməliyyat məlumatına əsasən ifşa etmişdirlər. Şəxs avtomobildə hərəkətdə olduğuna görə əməliyyat tədbirinin keçirilməsi üçün 2 nəfər yol polisi də ayrılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və taksi ilə Nizami rayonu ərazisindən keçməsi ilə bağlı onlara əməliyyat məlumatları daxil olmuş, əməkdaşlar tərəfindən əməliyyat qrupu yaradılmış və şəxs avtomobillə hərəkət edən zaman əməkdaşlar tərəfindən saxlanılaraq üzərində metamfetamin və heroin aşkar edilmişdir.Təqsirləndirilən şəxs İran vətəndaşının kartına 500 AZN pul atdıqdan sonra narkotik vasitəni Nizami metrosunun ətrafında əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsi gecə saatlarında Koroğlu metrosunun yaxınlağında saxlamış, üzərinə baxış keçirtmək üçün Nizami rayon polis idarəsinə aparmışlar. Təqsirləndilən şəxs özü narkotik vasitənin istifadəçisi olduğunu və onu İran vətəndaşı olan şəxsdən aldığını bildirmişdir. Şəxsə qarşı heç bir fiziki təzyiq göstərilməmiş, şəxsi Yol Patrul Xidmətinin əməkdaşları saxladıqdan sonra ona yaxınlaşmışdırlar. Müddət çox keçdiyinə görə hadisəni təxmini xatırlayır. Şəxsin üzərindən tərəzi, heroin və metamfetamin aşkar olunmuşdur. Yol Patrul Xidməti ilə onlar əvvəldən əməliyyat qrupu yaratmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Kriminalistik Tədqiqatlar Qrupunun inspektor kriminalisti Şahid4 ifadə verərək göstərmişdir ki, o şəxsin tutulmasında iştirak etməmiş, şəxsin üzərindən çəkilişlə narkotik vasitənin aşkar edilməsində iştirak etmişdir.Təqsirləndirilən şəxs çəkilişlə üzərinə baxış keçirilməsinə etiraz etməmiş, üzərində olan əşyalar video çəkilişlə aşkar edilmişdir. Şəxsə qarşı hər hansı bir fiziki və yaxud psixi təsir olduğunu müşahidə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, hadisə axşam saatlarında baş vermişdir. O, taksi fəaliyyəti ilə məşğul olur. Hadisə baş verən gün təqsirləndirilən şəxs ona mağazaya getməyi təklif etmiş, birlikdə Nizami metrosundan yuxarı hissəsində düşərək mağazaya getmişdirlər. Təqsirləndirilən şəxs mağazadan onun üçün su, bizon və kurabiyə almışdır. Mağazadan aldıqlarını ona verdikdən sonra o, Təqsirləndirilən şəxs əlində nə qaldığını bilməmişdir. Belə ki, axşam saatları və qaranlıq olmuşdur. Qayıdarkən “Koroğlu” metrostansiyası yaxınlığında polis əməkdaşlarının göstərişinə əsasən maşını saxlayaraq yerə enmiş, bu zaman Təqsirləndirilən şəxs maşında olmuş,o, yol polisi ilə danışarkən Təqsirləndirilən şəxs maşından düşmüş, getməyə çalışmış, amma hansı tərəfə getdiyini bilməmişdir. Təqsirləndirilən şəxs yerdə olarkən polis əməkdaşları ona yaxınlaşmışdırlar. Hər ikisi polis idarəsinə aparılmış, onun da izahatı alınmış, maşınına keçirilmiş baxış zamanı heç nə aşkar edilməmiş, Təqsirləndirilən şəxs aşkar edilən əşyanın isə nə olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yol Patrul Xidmətinin əməkdaşı X6 ifadə verərək göstərmişdir ki, Nizami Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə idarəsinin əməliyyatçıları tərəfindən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən qara rəng Chevrolet markalı avtomobili saxlamaq və sürücünün yanındakı vətəndaşı götürmək lazım olduğu onlara bildirilmişdir. Həmin məlumat üzrə təqsirləndirilən şəxsin olduğu avtomobili X5 Tural Ceyidovla birlikdə saxlamışdırlar. İdarədən digər əməkdaş vətəndaşa yaxınlaşmış, maşının içərisində qara sellofan paketdə nəsə görmüşdür. Onlar təqsirləndirilən şəxsin üzərində baxış keçirilərkən iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən hadisə yerində sərnişin qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən idarəyə dəvət edilmiş və o qaçmağa cəhd etməmişdir. Polis əməkdaşları tərəfindən hadisə zamanı şəxsə qarşı hər hansı fiziki təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yol Patrul Xidmətinin əməkdaşı X8 ifadə verərək göstərmişdir ki, əməliyyatçılar tərəfindən onlara şəhər istiqamətindən “Chevrolet” markalı avtomobilin gələcəyi və onu saxlamalı olmalarına dair məlumat verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən hadisə yerində sərnişin qismində iştirak etmişdir. Polis əməkdaşları tərəfindən hadisə zamanı şəxsə qarşı hər hansı fiziki təzyiq olunmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, “Emin” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvanın müəyyən edilərək yaxalanması məqsədi ilə “X2 haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqə 4-5). Nizami rayon məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərarı ilə həmin qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 77). 09 avqust 2022-ci il tarixli raportdan görünür ki, 09 avqust 2022-ci il tarixində saat 01:00 radələrində Nizami rayonu, X5, Koroğlu metrostansiyasının qarşısında narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 04 avqust 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq Nizami Rayon Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqə 9). Şəxsi axtarış və götürmə aparılması haqqında 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində olan qara sellofanın içərisində 01 ədəd qara rəngli sellofana bükülmüş, yapışqan lentlə bağlanmış, içindəki ağ rəngli, spesifik iyə malik, kristal halında olan maddənin patı və ya şüşə kimi tanıdığı narkotik vasitə olan metamfetamin olduğunu, 01 ədəd qara rəngli sellofana bükülmüş, yapışqan lentlə bağlanmış, içindəki tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddənin kakos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu və 01 ədəd markası bilinməyən, gümüşü rəngli elektron tərəzinin isə onların miqdarını ölçmək üçün olduğunu bildirmişdir. Bundan sonra həmin maddələr təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq 162 saylı möhürlə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 32-33). Şahid3 razılıq ərizəsinə əsasən “Avtomaşına baxış keçirilməsi haqqında” 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobilin salonunda və baqajında maraq kəsb edən heç bir əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 50-52). Məhkəmə-kimyəvi ekspertizasının 09 avqust 2022-ci il tarixli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr” yazısı və imzalar olan kağız paketdəki, 1 ədəd bağlamada təmiz çəkisi - 1057 qram (1 kq 57 qram) olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 ədəd bağlamada təmiz çəkisi 350,3 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və bir ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin və metamfetminin izləri vardır. İz şəkilində olduğu üçün, heroinin, metamfetaminin təmiz çəkilərini və bağlamalarda olan metamfetaminlə və heroinlə eyni kimyəvi tərkibi olubolmamasını müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatından sonra heroinin təmiz çəkisi 1056,8 qram, metamfetaminin qalıq çəkisi 350,1 qram təşkil etmişdir (cild 1, iş vərəqə 55-58). Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsinə etiraz etməməsi barədə ərizəsinə əsasən yaşadığı evdə axtarış istintaq hərəkəti aparılması barədə məlumatları özündə əks etdirən “Axtarış aparılması haqqında” 10 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, sonuncu evdə narkotik və ya psixotrop maddə olmadığını bildirmiş, könüllü olaraq 1ədəd “Huawei” markalı mobil telefonu təqdim etmişdir (cild 1, iş vərəqə 84-89). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 15 avqust 2022-ci il tarixli məktubundan görünür ki, arxiv məlumatlarına əsasən Təqsirləndirilən şəxs göstərilən xəstəxanada qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 118). “Maddi sübut qismində tanınma haqqında” 25 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1056,8 qram təşkil edən heroinin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 350,1 qram təşkil edən psixotrop maddə metamfetaminin və bir ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 125). “DVD diskə baxış keçirilməsi haqqında” 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofanın içindən iki ədəd yapışqanlı lentə bağlanmış qara rəngli sellofan büküm və bir ədəd gümüşü rəngli elektron tərəzini çıxararaq xidməti otaqda olan stolun üzərinə quymuşdur ( cild 1 iş vərəqə 148- 150). Məhkəmə-psixiatrik ekspertizasının 03 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə məcburi müalicə ehtiyac yoxdur (cild 1, iş vərəqə 175-176). Məhkəmə kompüter-texniki ekspertizasının 15 sentybar 2022-ci il tarixli 5/955 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “Huawei Y5” markalı “AMN-LX9” modelli “**********40983, **********91004” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “Huawei Y5” markalı “AMN-LX9” modelli mobil smartfonun yaddaşından toplanmış mümkün ola biləcək hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu (cild 1, 179-181). Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 *** ** ** və 077 *** ** ** mobil nömrəsi vasitəsilə ötürülən məlumatları özündə əks etdirən, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi barədə 01 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, 077 ******* mobil telefon nömrəsinə +**********25 nömrədən 04 iyun 2022-ci il tarixdə saat 16:15 radələrində “salam salehdi”, saat 16:44 radələrində “saleh iran”,” **********40 nömrədən 15 iyun 2022-ci il tarixdə saat 05:18 radələrində “Kola lazimdi 0.5,tez cavab ver”, 26 iyun 2022-ci il tarixdə “Emin düz 15 man pul var agriyiram,hereket elede brat”, ********** nömrədən ********** nömrəyə 04 avsuqt 2022-ci il tarixdə saat 21:32 radələrində “qaqas. evvdesen. suse. varundu. qaqass. zengeliyim. day ima. o. isdiyir. Suse”, 21:37 radələrində “qaqass. yarl. duzzeller.kolla” məzmunda sms-lər daxil olmuşdur. 01 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu , Əmircan qəsəbəsi, Sabir küçəsi, dalan 3, 5 nömrəli evdən aşkar edilərək götürülmüş 01 ədəd “Huawei” markalı mobil telefon maddi sübut qismində tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsində maddi sübut qismində saxlanılma anbarına təhvil verilməsi müəyyən olunmuş, şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd disk DVD cinayət işi materillarına əlavə edilmişdir (cild 1, iş vərəqə 185-195). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən qram yarım “kokos” narkotik vasitə aşkar edilərək götürüldüyünü, ibtidai istintaq dövründə etiraf edici ifadələrini fiziki təzyiq altında verdiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin dəlilləri ilə əlaqədar əvvəla qeyd edir ki, ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdən görünür ki, 2022-ci ilin iyun ayında o, mobil telefonunda “İnstagram” sosial şəbəkdə təsadüfən İran İslam Respublikasının vətəndaşı Salehlə tanış olmuşdur. O, Salehlə “İnstagram” sosail şəbəkdə yazışmış və Saleh ona təklif etmişdir ki, onda satılması üçün narkotik vasitə və psixotrop maddə vardır, istəsə təşkil edə bilər. Bundan sonra o, Salehə istifadəsində olan ***-***-**-** nömrəsini vermiş və Saleh onunla WhatsApp proqramı vasitəsi ilə əlaqə saxlamışdır. 08 avqust 2022-ci ildə axşam onun ağırları olduğu üçün Salehlə WhatsApp proqramı vasitəsi ilə əlaqə saxlamış və ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Saleh ona demişdir ki, 1 kq heroin və 350 qram metamfetamin göndərəcək, o, da kartına ilkin 500 manat, 2-3 gündən sonra 500 manat kartına vurar. O, Salehlə razılaşmış və Salehin ona göndərdiyi “Kapital banka” məxsus kart nömrəsinə 500 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Əmirxan qəsəbəsində İcra nümayəndəliyinin yanında olan Oba marketdən yükləmiş və qəbzi götürüb şəkilini çəkib WhatsApp proqramı vasitəsi ilə Salehə göndərmişdir. Bundan sonra Saleh ona yerin şəkilini göndərmiş, o, baxmışdır ki, Saleh həmişə “malı” ora qoydurur. Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 *** ** ** və 077 *** ** ** mobil nömrəsi vasitəsilə ötürülən məlumatları özündə əks etdirən, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi barədə 01 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, 077 ******* mobil telefon nömrəsinə +**********25 nömrədən 04 iyun 2022-ci il tarixdə saat 16:15 radələrində “salam salehdi”, saat 16:44 radələrində “saleh iran”məzmununda sms-lər daxil olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixə şübhəli şəxs qismində, 10 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində Saleh adlı iran vətəndaşı ilə tanış olması, üstündən aşkar edilərək götürülmüş narkotik vasitəni həmin şəxsdən əldə etməsini bildirməsi barədə ifadələrini "xxxx" MMC tərəfindən onun istifadəsində olan mobil nömrələr vasitəsiə ötürülən məlumatları özündə əks etdirən diskin göndərilməsindən əvvəl verməsini, ifadələri ilə yazışmaları arasında uğunluğu nəzərə alaraq ibtidai istintaq dövründə verdiyi ifadələri həqiqətə uyğun hesab edir. İbtidai istintaq dövründə etiraf edici ifadələrini fiziki təzyiq altında verdiyini bildirməsi barədə dəlili ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin sorğusu əsasında təqsirləndirilən şəxsin saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridaxanaya daxil olması zamanı ilkin tibbi müayinədən keçirilmiş, bədən səthində yeni zədə və xasarət izləri aşkar edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 oktyabr 2016-cı il təvəllüdlü azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Ağayev X4 rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir(cild 1, iş vərəqə 129-130). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3 -cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi təqsirləndirilən şəxs məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyi dövrdə yenidən qəsdən ağır cinayət törətmişdir. Məhkəmə qeyd olunan halı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1 və 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Təqsirləndirilən şəxs törədilməsinə görə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində müəyyən edilmiş cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması kimi yüngülləşdirici, əməlində residivin olması kimi ağırlaşdırıcı halları, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 09 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 113-116). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 avqust 2022-ci il tarixdən hesablanmalıdır. 23 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 172-173). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Nizami rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından qonra qalıq çəkisi 1056,8 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 350,1 qram təşkil edən metamfetamin, bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 *** ** ** və 077 *** ** ** mobil nömrəsi vasitəsilə ötürülən məlumatları özündə əks etdirən, "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd “Huawei”markalı mobil telefon onun ailə üzvlərinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 167,65 (yüz altmış yeddi manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən, məhkəmə zamanı 32 Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 45(qırx beş ) iş saatı həcmində göstərilmiş hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 54(əlli dörd) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 Vəkil Bürosunun hesabına ödənilməsi üçün 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8(səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarına təhvil verilmiş təmiz çəkisi 1056,8 qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 350,1 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 *** ** ** və 077 *** ** ** mobil nömrəsi vasitəsilə ötürülən məlumatları özündə əks etdirən, "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “01 ədəd “Huawei” markalı mobil telefon onun ailə üzvərinə qaytarılsın. Təqsirləndirilən şəxs 167,65 (yüz altmış yeddi manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş 45(qırx beş ) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına vəkil X7 üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 54 (əlli dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-574/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-574/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver