Məhkəmə qərarları › İş №1(101)-575/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-575/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-575/2023 22.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı vəkil bürosunun müdafiəçisi X7, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qarakollu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında qəsdən zərərçəkmişi bıçaqla vuraraq sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 28 iyun 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən “Bülbülə” şadlıq evinin yaxınlığında olan zavodun qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə ətrafda olan insanların yanında həmin ərazidə dayanmaqla ona əsassız yerə ünvanlanmış tullantı əşyalar atmaqla zibilləməsi ilə bağlı iradına dözməyərək, sonuncunun onun boğazından tutub sıxması və vurması səbəbindən, yəni zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında üzərində olan bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə sol döş qəfəsindən və bir dəfə qarın nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna nüfuz edən bir ədəd, diafraqmanın və dalağın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin qarın boşluğuna nüfuz edən bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə bir məhəllədə yaşayırlar. Hadisədən 2-3 gün əvvəl yaşadıqları evin yaxınlığında zərərkəmiş şəxs Zərərçəkmiş şəxs tikilisinin qarşısında dayanmışdır. Bu vaxt Niyazi bildirmişdir ki, buraya zibil atmasın. O, Niyaziyə bildirmişdir ki, o oraya zibil atmır. 28 iyun 2022-ci il tarixdə axşam saat 19-20 radələrində S.Bəhlulzadə küçəsi “Bülbülə” şadlıq evinin 50 metrliyində zavodun qabağında dayanmışdır. Bakıxanov qəsəbəsinə getmək üçün taksi sifariş vermək istəyirmiş. Yoldan keçən bir nəfərdən konturu olub-olmamasını soruşmuşdur. Bu zaman Niyazi onlara yaxınlaşıb yanındakı şəxsə kim olduğunu və burda niyə dayandığını soruşmuşdur. Yanındakı şəxs də Niyaziyə onun yanında dayandığını bildirmişdir. Niyazi ona bu şəxsin ona qarşı hörmətsizlik etdiyini və ona qarşı da hörmətsizlik etməməyi üçün burda dayanmamağını demişdir. O da Niyaziyə artıq ona hörmətsizlik etdiyini demişdir. Niyazi ona burda dayanmamağını demişdir. O da Niyaziyə bildirmişdir ki, heç kim ona burda dayandığına görə irad tuta bilməz. Bu vaxt yanında duran şəxs çıxıb getmişdir. Niyazi əl atıb yaxasından tutmuş, onu boğmağa başlamış və onun döş nahiyyəsindən vuraraq, yerə yıxmışdır. Lakin ona hər hansı xəsarət yetirməmişdir. O, Niyazinin hərəkətlərinə dözməyərək, onu hərəkətlərinə son qoyması və Niyazinin ondan əl çəkməsi üçün mətbəx bıçağı ilə Niyazini vurmuşdur. Niyazi qışqıraraq evinə tərəf getmişdir. O, bıçağı ora ataraq qaçmışdır. Hərəkətindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Niyazi ilə qonşudurlar. Lakin qonşu kimi salamı olmuşdur. Niyazi ilə barışmışlar. Niyazini xəstəxanaya atası aparmışdır. Niyazi ilə aralarında əvvəllər hər hansı bir münaqişə olmamışdır. Hadisədən əvvəl zibili oraya o atmamışdır. Orada dayandığı üçün Niyazi zibili onun atdığını düşünmüşdür. O, Niyazini bıçaqla vurarkən yanlarında heç kim olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə qonşudurlar. Qonşu kimi münasibətləri yaxşı olmuşdur. Onların həyətinə bir neçə dəfə zibil tullanılmışdır. O da dəfələrlə hər kəsə tapşırırmış ki, heç kim bura zibil atmasın. Rəşad çox vaxt orada dayanır. Ona görə o Rəşada bura zibil atmamasını demişdir. Əvvəl də bir-iki dəfə Rəşada demişdir ki, bura zibil atmasın. Bir dəfə də Təqsirləndirilən şəxs orada dayanan görmüşdür. Rəşadın yanında tanımadığı bir nəfər də dayanmışdır. Həmin adama kim olduğunu və niyə burda dayandığını soruşmuşdur. Rəşad isə ona həmin şəxsə niyə hörmətsizlik etdiyini demiş və bildirmişdir ki, həmin şəxs onun yanındadırsa, onun həmin şəxsə söz deməyi artıqdır. Bu söz xətrinə dəymişdir. Rəşada da demişdir ki, o da burda dayanmasın. Rəşad isə bildirmişdir ki, heç kim onun burda dayanmasına irad tuta bilməz. Rəşadın yanındakı şəxs yanlarından uzaqlaşmışdır. Bundan sonra Rəşadla aralarında mübahisə yaranmışdır. Rəşadın boğazından tutmuş amma xəsarət yetirməmişdir. Rəşadın döş nahiyəsindən vurduqda onlar yerə yıxılmışlar. Rəşadla dartışmağa başlamışlar. Rəşad bıçaqla ona bir dəfə zərbə endirmişdir. Rəşadın onu təkrar vurmağa imkanı var imiş, lakin, Rəşad onu vurmamışdır. O, qışqıraraq evə tərəf qaçmışdır. Onun müalicəsi üçün bütün xərclər Rəşad tərəfindən ödənilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxslə barışıq əldə etmişlər. Onun Rəşada qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci PB-nin məsul növbətçisi, polis mayoru Eynur Abdullayevin 28 iyun 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 21:20də 3 saylı ŞKX-dan tibb bacısı Əfəndiyeva zəng edərək, X4 bıçaq xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Cinayət işinin 12-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 iyun 2022-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci PB-dən daxil olmuş 18 sentyabr 2022-ci il tarixli, 099-1743-1222 saylı məktubdan görünür ki, cinayət hadisəsinin predmeti olan bir ədəd bıçağı tapmaq mümkün olmamışdır. Cinayət işinin 109-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 22 sentyabr 2022-ci il tarixli, 1119 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinə zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna nüfuz edən bir ədəd; diafraqmanın və dalağın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin qarın boşluğuna nüfuz edən bir ədəd (cəmi iki ədəd) deşilmişkəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə bıçaqla yetirilə bilərdi, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Xəsarətlərin yetirilməsi anında zərərçəkmiş şəxslə zədə yetirən şəxs bədənin istənilən duruş vəziyyətində ola bilərdi. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək, zərərçəkmiş şəxsi bıçaqla vurduğunu etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafını, zərərçəkmiş şəxsin ifadəsini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslə bağlı bəzi halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Cinayət işinin 90-92-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkume dilmiş; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il islah işləri cəzasına məhkum edilmiş; Bakı şəhəri Suraxanı RPİ-nin İŞ tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq, cinayət işi xx.xx.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Həmçinin, cinayət işinin 97-100-cü vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 1(010)-300/2021 saylı hökmünün kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 03 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 daxil olmuş 17 avqust 2022-ci il tarixli, 1/2419 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir. Cinayət işinin 95-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin 17 avqust 2022-ci il tarixli, 7517 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 105-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın 13 avqust 2022-ci il tarixli 2174 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə ütmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman həmin vaxt onda psixikanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçübbiçməklə ifadə vermək qabiliyyətinə malikdir. Cinayət işinin 82-ci vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs ailəsi tərəfindən ona maddi-mənəvi dəstək olunduğunu, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs 06 yanvar 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, müalicə xərclərinin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətə görə ancaq azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması nəzərdə tutulur. İttiham tərəfi belə bir cəzanın tətbiq olunmasını və real olaraq icraya yönəldilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə azadlıqdan məhrum etmə cəzasının sərt xəbərdaredici, islahedici rolunun məhkuma təsirini nəzərə alaraq ittiham tərəfinin mövqeyi ilə razılaşır. Lakin baş vermiş cinayətin zərərçəkmiş şəxsin əsassız iradının və qanunsuz hərəkətlərinin təsiri altında baş verməsini, zərərçəkmiş şəxsi səciyyələndirilən halları, yəni onun dəfələrlə məhkum olmasını, ictimai-təhlükəli əməlləri törətməkdə meyilli olmasını nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs barəsndə yüngülləşdirici halları, nəzərə alaraq, məhkəmə təyin olunacaq cəzanı çəkmədən cəzanın məqsədinə nail olmağı mümkün sayır. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbinin olmamasını, baş vermiş hadisə nəticəsində müalicə xərclərinin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və cəzanın real olaraq icraya yönəldilməsi onun ailəsinin həyat şəraitini acınacaqlı vəziyyətə salmış olar və cəzanın ədalətlilik prinsipinə xələl gətirmiş olar. Məhkəmə təqsirləndirilən şəxsi səciyyələndirən halları tam və hərtərəfli təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs onun barəsində təyin ediləcək cəzanı real olaraq çəkmədən islah oluna bilər. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin 30-cu vərəqəsində olan 29 iyun 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-76-cı vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 4(010)-393/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 142-143-cü vərəqələrində olan Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun 28 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatət təmin edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək həbsdə 04 (dörd) ay müddət ərzində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. R.N. Hacıyev barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Əhməd Quliyev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar