Məhkəmə qərarları › İş №1(101)-576/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-576/2021

11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-576/2021 11.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə 1990-cı il sentyabrın 21-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Elmidar adlı şəxsdən qanunsuz olaraq olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 42,073 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, bundan sonra o, 2020-ci il sentyabrın 02-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117 «a» ünvanının qarşısında əldə etdiyi narkotik vasitənin 0,046 qramını tanışı Şahid7 beş manata satmış, həmin tarixdə saat 15 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2 «a» ünvanının qarşısında saxlanıb bölməyə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülü halda qəhvəyi rəngli kustar üsulla hazırlanmış istehlak miqdarından az miqdarda təmiz çəkisi 0,046 qram narkotik vasitə heroin aşkar edilməklə götürülmüş, göstərilən tarixdə saat 18 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıb bölməyə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki açıq boz rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan kəsiyinə bükülü vəziyyətdə, içərisində istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 42,027 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tanışı Şahid7la birlikdə arabir narkotik vasitə qəbul etsə də heç vaxt həmin maddələrin satışı ilə məşğul olmamışdır. Gecə sonuncu zəng etməklə ondan borc götürdüyü pulu verəcəyini bildirmiş, o, evin qabağına çıxan kimi polis əməkdaşları tərəfindən tutulub bölməyə aparılmışdır. Onun üzərində narkotik olmamış, belə ki, polis işçiləri onu tutanda bükümü əvvəlcə ayağının altına atmış, daha sonra isə cibinə qoymuşlar. O, bölmədə vəkil ilə tək görüşmək istəsə də imkan yaradılmamışdır, boynuna alması üçün polislər onu döymüş, daha sonra onun razılığı olmadan yaşadığı evə getmişlər. İş üzrə şahid qismində dindirilən hadisələr ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəis müavini işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2020-ci il sentyabrın 02-də saat 14 radələrində narkotik vasitələrin istifadəsi ilə məşğul olan Eyvaz adlı şəxsin saat 14:30-da Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2 «a» ünvanının qarşısında olacağı barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün o və əməliyyat müvəkkillərindən ibarət əməliyyat qrupu təşkil edilmişdir, saat 15 radələrində göstərilən ünvanın qarşısında şəxsiyyəti sonradan müəyyənləşdirilən X11 yaxınlaşaraq özlərini təqdim etməklə üzərində qanunsuz olaraq narkotik vasitələr saxlanılmasında şübhəli olduğunu bildirib həmin şəxsi bölməyə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə edilməklə sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi vaxtı X11 əgər üzərində qanunsuz saxlanılan əşya, narkotik vasitə və yaxud digər nə isə varsa, təqdim olunması təklif edildikdə sonuncu əynində olan boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb könüllü təqdim edərək masanın üstünə qoymaqla içərisindəki narkotik vasitə heroini Mirsəftər adlı şəxsdən Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən «Meqapolis» restoranının yanında beş manata aldığını bildirmişdir. Narkotik maddə qablaşdırılmışdır və iştirakçılar tərtib edilən protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Mirsəftər adlı şəxsin müəyyən edilməsindən ötrü davam etdirilən əməliyyataxtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 02-də saat 18 radələrində ünvan 4 ünvanının qarşısında şəxsiyyətini sonradan müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etmiş, üzərində qanunsuz olaraq narkotik vasitələr saxlanılmasında şübhəli olduğunu bildirməklə sonuncunu bölməyə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya əgər üzərində qanunsuz hər hansı bir əşya varsa, təqdim olunması təklif edildikdə Təqsirləndirilən şəxs könüllü surətdə əynindəki açıq boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülü vəziyyətdə, bir ədəd bükümü çıxarıb təqdim edərək içərisində olan narkotik vasitə heroini yaşadığı ünvanın yaxınlığında əslən Ağcabədidən olan Elmidar adlı şəxsdən 40 gün əvvəl həm özünün şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə aldığını söyləmişdir. Büküm açılıb içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilərək qablaşdırılmış, şəxsi axtarış davam etdirilməklə sonuncunun üzərindən başqa heç nə aşkarlanmamışdır, iştirakçılar tərtib edilən protokolun düzgünlüyü imzalarla təsdiq etmişlər. X12 və Təqsirləndirilən şəxs saxlanan və üzərlərinə şəxsi axtarış keçirilən zaman sonunculara qarşı heç bir təziq və fiziki zor tətbiq olunmamışdır, Təqsirləndirilən şəxs dəri səthində xəsarətlərin olub-olmadığını xatırlamır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində müvafiq qaydada polis baş leytenantı və polis leytenantı olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri işləmiş Şahid2 və Səbuhi Sədi oğlu X3 adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq əldə edib istifadəsi ilə məşğul olması haqqında məlumatın yoxlanılması ilə əlaqədar təşkil edilən əməliyyat qrupunun iştirakçıları olduqlarını bildirib Şahid1 ilə uyğun ifadə verdilər. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantları olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində əməliyyat müvəkkilləri işləmiş Şahid4 və Sadiq Sakit oğlu X4 Əsgərov adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq əldə edib satışı ilə məşğul olması barədə məlumatın yoxlanılması ilə bağlı yaradılan əməliyyat qrupunun iştirakçıları olduqlarını bildirib Şahid1 ilə analoji ifadə verdilər. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən əməllərini tam etiraf edib həm öz şəxsi istifadəsi, həm də digər şəxslərə satmaq üçün yaşadığı ünvanın yanında Ağcabədi rayonundan olan Elmidar adlı şəxslə görüşməklə ümumilikdə 600 manat dəyərində narkotik vasitə heroin aldığını, 2020-ci il sentyabrın 02də səhər saatlarında tanışı Şahid7 ondan istifadə üçün narkotik vasitə istəyəndə sonuncuya Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən «Meqapolis» restoranının yaxınlığında beş manata bir çet sellofan kəsiyində olan az miqdarda heroin satdığını, həmin axşam göstərilən yerdə olarkən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin işçilərinin onu bölməyə apardıqlarını, orada müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirildiyi vaxt könüllü surətdə əynindəki açıq boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan bükümdəki narkotik vasitə heroin çıxarıb təqdim etdiyini, saxlanarkən və bölməyə gətirilərkən ona qarşı hər hansı bir fiziki güc və zor tətbiq olunmadığını, üzərindən aşkarlanan narkotik vasitəni satış məqsədi ilə saxladığını, sata bilməyib ehtiyacı olduqda isə müəyyən qədər özünün də istifadə edəcəyini göstərmişdir (1-ci cild, iş vərəqi 59-60, 95-97, 128-130 və 219-221). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid7 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən bir müddətdir narkotik vasitə istifadə etdiyini, çoxdan tanıdığı Təqsirləndirilən şəxsla həmişə normal münasibəti olduğunu, 2020-ci il sentyabrın 02-də sonuncu ilə əlaqə saxlayıb Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən «Meqapolis» restoranının yanında beş manata bir ədəd bükümdə şəxsi istifadəsi üçün narkotik vasitə heroin aldığını, göstərilən gün saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2 «a» ünvanından keçərkən üç nəfər mülki geyimli şəxsin yaxınlaşaraq özlərini Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim etməklə onu bölməyə apardıqlarını, orada müdafiəçinin iştirakı ilə videoçəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynindəki boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb könüllü təqdim edərək içərisindəki narkotik vasitə heroini Mirsəftər adlı şəxsdən beş manata aldığını bildirdiyini, saxlanarkən və üzərinə şəxsi axtarış keçirilərkən heç bir gücə və təziqə məruz qalmadığını, əvvəllər də Mirsəftərdən bir neçə dəfə pul müqabilində narkotik maddə heroin almaqla istifadə etdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 101-103). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunan hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri işləmiş Şahid6 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən Şahid1la oxşar ifadə vermişdir (1-ci cild, iş vərəqi 173-175). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 2020-ci il 02 sentyabr tarixli raportlarından və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, 2020-ci il sentyabrın 02-də tərtib etdiyi protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 03 sentyabr tarixli qərarının surətindən görünür ki, Eyvaz adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, Şahid7 2020-ci il sentyabrın 02-də saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2 «a» ünvanının qarşısında saxlanıb bölməyə gətirilmiş, həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 6-9, 12 və 74-75). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 2020-ci il sentyabrın 02-də tərtib etdiyi protokoldan görünür ki, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən Şahid7 əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni öz şəxsi istifadəsi üçün Mirsəftər adlı şəxsdən Meqapolis restoranının yaxınlığında aldığını bildirmiş, bir ədəd videodisk protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 30-32). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 2020-ci il sentyabrın 02-də tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin narkotik vasitələrin qeyri-qanuni satışında şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 47-48). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 2020-ci il sentyabrın 02-də tərtib etdiyi protokoldan görünür ki, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülü halda qəhvəyi rəngli, tozşəkilli spesifik qoxuya malik maddəni könüllü təqdim edərək içərisində olan narkotik vasitə heroini satış məqsədi ilə Elmidar adlı şəxsdən yaşadığı yerin yaxınlığında aldığını və üzərində gəzdirdiyini bildirmiş, bir ədəd videodisk protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 55-57). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 03 sentyabr tarixli 6/1756 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «şübhəli şəxs: Şahid7» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,046 qram olan qəhvəyi rəngli tozşəkilli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla tədqiqatdan sonrakı qalığı 0,016 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 77-80). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 03 sentyabr tarixli 6/1757 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 42,027 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla tədqiqatdan sonrakı qalığı 41,927 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 83-86). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 04 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 105-106). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il sentyabrın 04-də tərtib etdiyi protokoldan görünür ki, iş üzrə şahid Eyvaz Bəhruz oğlu şübhəli şəxs X6 Əsgərovla üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu onun dedikləri ilə razılaşdığını bildirmişdir (1-ci cild, iş vərəqi 131-133). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 04 sentyabr tarixli qərarından çıxarışın kserosurətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il sentyabrın 02-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 143). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon MKTB-nin 59 saylı MKİS-inin 2020ci il 17 sentyabr tarixli S-16 nömrəli arayışından və tərtib etdiyi 2020-ci il 16 sentyabr tarixli xasiyyətnamədən görünür ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 177-178). İş materiallarında olan 2017-ci il 27 iyul tarixli AZ-İİİ seriyalı 908423 №-li, 2018-ci il 05 dekabr tarixli AZ-İV seriyalı 158500 №-li doğum haqqında şəhadətnamələrin və 2016-cı il 16 iyul tarixli AZ-İİ seriyalı 135419 №-li nikah haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Mirsəftər Mirkamil oğlu X1 ilə nikahından Esmira və Riad adlı azyaşlı övladları vardır (1-ci cild, iş vərəqi 179-180). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 2020-ci il oktyabrın 30-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 183-184). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 12 noyabr tarixli 3184 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla abstinensiya, intoksikasiya əlamətlərinin olmamasına görə məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 189-190). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 19 noyabr tarixli 6/2296 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən Təqsirləndirilən şəxs və Şahid7 götürülmüş narkotik vasitə heroin tərkibindəki komponentlərə və xarici əlamətlərinə görə eynidir, Təqsirləndirilən şəxs götürülmüş heroinin tədqiqatdan sonrakı qalığı 41,907 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 192-196). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 27 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə prosesinin qeydə alındığı CD diskinə həmçinin məhkəmədə baxış zamanı sonuncunun əynindəki açıq boz rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofanın içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni satış məqsədi ilə Elmidar adlı şəxsdən yaşadığı yerin yaxınlığında alaraq üzərində gəzdirdiyini və heroinin bir çetini Şahid7 beş manata satdığını bildirməsi müəyyən olunmuş, istintaq zamanı diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüləri təsdiq etmişdir (1-ci cild, iş vərəqi 217-218). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 27 noyabr tarixli sübutların qiymətləndirilməsi barədə, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, maddi sübut kimi tanınan sonuncudan götürülən narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 41,907 qram qalığı saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, iki ədəd videodiskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə cinayət işindən başqa cinayət işinin ayrılması qərara alınmışdır (1-ci cild, iş vərəqi 224-235 və 237-238). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 30 noyabr tarixli 8304 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 241). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 2021-ci il 02 fevral tarixli 20-12/43 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il sentyabrın 05-də təcridxanaya daxil olarkən tibbi müayinədən keçirilmiş, həbs olunarkən başqa şəxs tərəfindən xəsarət aldığını bildirmiş, baxış zamanı dəri səthində aşkarlanan çapıqlar və zədələrin təsvirində döş qəfəsinin sol yan səthində üç ədəd qərtməkli yara, sağ bazunun içəri səthində sarımtıl rəngli qançır müəyyən olunmuşdur. Məhkəməyə təqdim olunan 2021-ci il 24 may tarixli elektron məktubdan və Türkiyə Respublikasında notariat qaydasında təsdiq edilən 2021-ci il 29 iyul ərizədən görünür ki, Şahid7 istintaq zamanı verdiyi ifadəni təsdiqləməməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, sonuncudan heç vaxt narkotik vasitə almadığını, Təqsirləndirilən şəxs ilə bir neçə dəfə tanımadıqları şəxsdən narkotik vasitə alıb istifadə etdiklərini, ifadəsini oxumadan imzaladığını, sonradan ifadəsinin dəyişdirildiyini, Təqsirləndirilən şəxs ilə üzləşdirilmədiyini bildirmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni narkotik vasitə heroini şəxsi istifadəsi üçün alması, həmin maddələrin satışı ilə məşğul olmaması, həbs olunarkən başqa şəxs tərəfindən xəsarət aldığı barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla habelə Şahid7 2021-ci il 29 iyul tarixli ərizəsini Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki, şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, yaşadığı yer üzrə barəsində heç bir şikayət daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 41,907 qram narkotik vasitə heroinin qalığı məhv edilməli, iki ədəd videodiskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 342 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili X15 tərəfindən 08 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 48 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il sentyabrın 02-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il sentyabrın 02-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 342 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 48 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 41,907 qram narkotik vasitə heroinin qalığı məhv edilsin, iki ədəd videodiskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar