Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-577/2020 05.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı və Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X6, müdafiəçi - Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1992-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qediyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni sahə, nömrəsiz evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində ərinin ona pis davranmasından şikayətlənən bacısı Şahid1 öz evlərinə aparmaq istəyərkən buna etiraz edən yeznəsi Zərərçəkmiş şəxs ilə aralarında ünvan 3 ünvanında yerləşən evin qonaq otağında baş vermiş münaqişə zamanı silah qismində istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə vuraraq ona həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs bacısı Mətanətin həyat yoldaşıdır. Onlar birlikdə ünvan 4 ünvanında yaşayırlar. Mətanətlə Eminin ailədaxili münasibətləri bir qədər gərgin olmuş və tez-tez aralarında söz-söhbət yaranmışdır. Buna görə o, bacısını bir neçə dəfə öz evlərinə gətirsə də, böyüklərin müdaxiləsi ilə inciklik aradan qaldırılmış, bacısı yenidən həyat yoldaşının yanına qayıtmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 19 radələrində bacısı Mətanət ona zəng edərək yenidən Eminlə söz-söhbət etdiklərini bildirmiş və gəlib onu aparmasını xahiş etmişdir. O, bacısının yaşadığı ünvan 4 ünvanına yollanmış, saat 19 radələrində ora çatmışdır. O, bu sözsöhbətə son qoymaq üçün bacısından əşyalarını toplamasını və onunla getməsini tələb etmişdir. Bacısı onunla getmək istəsə də içkili vəziyyətdə olan Emin onun qarşısına keçərək mane olmağa başlamış, həm də ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də aralarında sözlə mübahisə yaranmış və sonra bir-birlərinə qarşı əl-qol atmağa başlamışlar. Həmin vaxt Mətanət onların hər ikisini sakitləşdirməyə çalışsa da buna nail ola bilməmişdir. Həmin anda həm özü, həm də Emin stolun üzərində olan mətbəx bıçağına əl atmışlar. Amma o, Emini qabaqlayaraq bıçağı daha tez götürmüş və əsəblərini cilovlaya bilməyərək həmin bıçaqla Eminə bir zərbə endirmişdir. Bıçaqla vurarkən Eminə ciddi xəsarət yetirmək niyyəti olmamış, sadəcə yüngülvari cızaraq onu qorxutmaq istəmişdir. Bıçaq Eminin bədəninə bataraq xəsarət yetirmişdir. Emini vurduqdan sonra səhv etdiyini anlayıb əməlindən çox peşman olmuşdur. Həmin vaxt Eminin anası Rəsmiyyə içəri daxil olmuş və onu danlayıb evdən çölə çıxarmışdır. O da evlərinə çıxıb getmiş və sonradan könüllü şəkildə özünü polisə təslim etmişdir. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Hadisədən sonra Eminlə barışmışlar. Bacısı da ər evindədir. Hətta bacısı son vaxtlar koronavirusla bağlı Bakıdan Bərdə rayonuna gedərək qaynanası – Eminin anası ilə birlikdə yaşayır. Emin özü isə hal-hazırda Bakı şəhərində onunla birlikdə bir evdə qalır. Hazırda münasibətləri də təkcə yaxın qohum kimi deyil, bir qardaş münasibətidir. Emin də onu bağışlamışdır. Səhvini başa düşür və əməlindən çox peşmandır. Uzun müddətdir ki, həm də “Hepatit C” xəstəliyindən əziyyət çəkir və bununla bağlı müxtəlif xəstəxanalarda, habelə İranda müntəzəm müalicələr almışdır. Pandemiya ilə bağlı son aylar müalicə ala bilmir və bu səbəbdən səhhəti daha da ağırlaşmışdır. Ailəsinin yeganə oğludur. Valideynləri də işləmir və ağır maddi vəziyyətdə yaşayırlar. Məhkəmədən bütün bu halları nəzərə alaraq onun barəsində mümkün olan ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı səmimi etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı Mətanətin qardaşıdır. Münasibətləri həmişə normal olmuş, aralarında heç vaxt söz-söhbət olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında həyat yoldaşı Mətanətlə aralarında ailədaxili mübahisə olmuş və Mətanət dözməyib qardaşı Zaura zəng edərək bu barədə ona məlumat vermişdir. Bundan bir qədər sonra, təxminən saat 19 radələrində Zaur onların yaşadığı ünvana gəlmiş və bacısından əşyalarını toplayaraq onunla gəlməsini istəmişdir. O, ailə başçısı kimi həyat yoldaşının getməsinə etiraz etdikdə Zaurla aralarında sözlə mübahisə yaranmış, daha sonra isə bir-birilərinə əl-qol ataraq əlbəyaxa olmuşlar. Həyat yoldaşı Mətanət onları sakitləşdirməyə çalışsa da buna nail ola bilməmişdir. Həmin vaxt Zaur təsadüfən stolun üstündən götürdüyü bıçaqla ona kortəbii şəkildə vurmuş və bıçaq onun kürəyinin sol hissəsinə batmışdır. Mağazada olan anası həmin an evə gəlmiş və onun bıçaqlandığını görərək dərhal Zauru çölə çıxartmışdır. İlk öncə ciddi bir xəsarət aldığını düşünməmiş, lakin təxminən 20-25 dəqiqə sonra vəziyyəti pisləşdiyi üçün dayısı və qardaşı onu 3 saylı X5 aparmışlar və orada əməliyyat olunmuşdur. Əvvəllər də həyat yoldaşı Mətanətlə aralarında bir neçə dəfə ailədaxili mübahisələri olsa da, heç vaxt Zaurla mübahisəsi olmamışdır. Zaurla həmişə dost, qardaş kimi münasibət saxlamışlar, bir-birlərinin xətrini çox istəmişlər. Hadisə baş verən günə kimi aralarında bir dəfə olsun belə mübahisə, narazılıq olmamışdır. Bu hadisənin baş verməsində həm də özünü günahkar bilir. Belə ki, içkili vəziyyətdə evə gələrək əssassız yerə həyat yoldaşı Mətanətlə mübahisə edərək evdə söz-söhbət yaratmış, Zaur onlara gəlib Mətanəti aparmaq istədikdə isə ona qarşı nalayiq söyüşlər söyərək təhqir etmiş və onunla dalaşmışdır. Hadisədən sonra Zaurla barışmışdır, hazırda da onunla bir evdə yaşayır, həyat yoldaşı ilə də çox mehriban bir ailə kimi yaşayırlar. Ona görə də heç bir halda Zaurun həbs olunmasını istəmir. Bu səbəblərdən də məhkəmədən ədalətli və humanist qərar qəbul olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə onun həyat yoldaşıdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında içkili vəziyyətdə evə gələn Eminlə aralarında söz-söhbət olmuşdur. O, qardaşı Zaura zəng edərək bu barədə məlumat vermiş və gəlib onu aparmasını xahiş etmişdir. Bundan bir qədər sonra, təxminən saat 19 radələrində Zaur onların yaşadığı ünvana gəlmiş və ona əşyalarını toplayaraq onunla gəlməsini tapşırmışdır. Emin buna etiraz etdikdə sonuncu ilə Zaur arasında sözlə mübahisə yaranmış, daha sonra isə onlar birbirilərinə əl-qol atmağa başlamışlar. O, nə qədər çalışsa da Eminlə Zauru sakitləşdirə bilməmişdir. Həmin vaxt Zaur stolun üstündən götürdüyü bıçaqla Emini qorxutmaq istəmiş və o anda bıçaq təsadüfən Eminin kürək hissəsinə dəymişdir. Zaur gəlməmişdən öncə mağazaya gedən qaynanası Rəsmiyyə həmin an içəri daxil olmuş və Zauru danlayaraq çölə çıxartmışdır. Əvvəlcə bıçağın elə də ciddi olmayan yara vurduğunu düşünsələr də az sonra həkimə getməyin vacib olduğunu başa düşmüşlər və Emini 3 saylı X5 aparmışlar. Hazırda ailələri mehriban bir şəkildə yaşamaqda davam edir. Hətta o özü rayonda qaynanasının yanına getdiyi üçün Eminlə Zaur Bakıda bir evdə qalırlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs isə Eminin həyat yoldaşı Mətanətin qardaşıdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Eminlə Mətanət arasında ailədaxili münaqişə olmuş, lakin onun da müdaxiləsi ilə həmin münaqişə uzun sürməmişdir. Ara sakitləşdiyi üçün evə müəyyən ərzaqlar almaq üçün mağazaya yollanmış və təxminən 40-45 dəqiqə sonra geri qayıtmışdır. Evə yaxınlaşdıqda səs-küy eşidib cəld içəri daxil olmuş və içəri girdikdə Eminin kürəyini tutaraq dayandığını, Zaurun isə əlində bıçaq olduğunu görmüşdür. Münaqişənin davam etməməsi üçün Mətanətlə birlikdə tez Zauru evdən çıxarmışlar və Zaur çıxıb getmişdir. Bir az sonra Eminin xəsarəti ciddi olduğu üçün 3 saylı X5 getmişlər. Hadisə zamanı özü heç bir xəsarət almamışdır (cild 1, iş vərəqə 96-98). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 02:00 radələrində könüllü olaraq Sabunçu rayon Polis İdarəsinə gələrək Zərərçəkmiş şəxs xəsarət yetirdiyini etraf edib təqsirini boynuna almış, əməlindən peşman olduğunu bildirmiş və cinayətin törədilməsində alət kimi istifadə etdiyi bıçağı könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra könüllü gəlib polis orqanına özünü təslim və cinayətin törədilməsində istifadə etdiyi bıçağı təqdim etməsi müvafiq qaydada protokol tərtib edilməklə rəsmiləşdirilmişdir (cild 1, iş vərəqə 10, 12-13). İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 90-94). Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 394 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqə 106-108). Məhkəmə tibbi-kriminalistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 119/2020 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətin yara kanalı haqqında məlumat olmadığından bu xəsarətin konkret olaraq ekspertizaya təqdim olunmuş bıçaqla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmamışdır (cild 1, iş vərəqə 141-143) Ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 544 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 138-139). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 86-87). Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir (cild 1, iş vərəqə 67). Cinayət işinin materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif xəstəliklərdən əziyyət çəkir və müvafiq müalicələr almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, xəstəlikdən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə həm də hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-u il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, iş vərəqə 15, 25, 64-66, 72-77). Ona görə də Təqsirləndirilən şəxs ibtidai həbsdə və ev dustaqlığında saxlandığı 7 (yeddi) ay 23 (iyirmi üç) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 23 (iyirmi üç) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 2 (iki) il 4 (dörd) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına vəkil X9 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-577/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-577/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver