Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-577/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Abşeron rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxx 1979-cu il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 02 sentyabr 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd göy rəngli dəmir qutunun içərisində ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi külli miqdarda - 6,459 qram təşkil edən psixotrop maddə olan metamfetamini və ümumi təmiz çəkisi 1,104 qram təşkil edən narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlayıb daşımış və 03 sentyabr 2022-ci il tarixdə saat 02:00da Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu, Polad Həşimov küçəsinin yaxınlığında saxlanılaraq 35-ci Polis Bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli dəmir qutunun içərisində 09 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkiləri 2,677 qram, 0,452 qram, 0,513 qram, 0,492 qram, 0,498 qram, 0,425 qram, 0,501 qram, 0,495 qram və 0,406 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 6,459 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 03 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkiləri 0,405, 0,401 və 0,298 qram olmaqla ümumi təmiz çəkisi - 1,104 qram təşkil edən narkotik vasitə olan heroin və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, təxminən 5 ildir ki, narkotik vasitə olan heroin və metamfetamin qəbul edir. 02 sentyabr 2022-ci il tarixdə axşam radələrində Xətai rayonu, Polad Həşimov küçəsində tanışı Şahid3 ilə görüşmüşdür. O, Elşadla söhbət zamanı avtomobil almaq istədiyini bildirmiş və Elşad da öz avtomobilini ona məsləhət görmüşdür. Amma həmin avtomoibilin mühərrik başlığı nasaz vəziyyətdə olduğundan o, avtomobili saz vəziyyətdə almaq istəmiş və qərara gəlmişlər ki, mobil telefon vasitəsilə “tap.az” internet səhifəsində mühərrik başlığı axtarsınlar və belə detalı satan şəxslə əlaqə saxlasınlar. Sonra həmin internet səhifəsində axtardıqları mühərrik başlığını satan şəxs tapıb əlaqə saxlamış və söhbət zamanı həmin şəxs ona mühərrik başlığını 750 manata satacağını bildirmişdir. Onun üstündə 800 manat pul olduğundan həmin şəxslə razılaşmış və Elşadla birlikdə əlaqə saxladıqları həmin şəxsin olduğu Abşeron rayonunun Saray qəsəbəsinə tərəf yola düşmüşlər. Bu vaxt onları adları Cümşüd və Ramin olan mülki geyimli polislər saxlayaraq 35-ci Polis Bölməsinə aparmışlar. Bölmədə Ramin adlı polis onun üstündəki 800 manat pulu götürmüşdür. Bundan sonra polislər içərisində 12 ədəd bükümdə heroin və metamfetamin olan göy rəngli qutunu və 01 ədəd elektron tərəzini onun üstünə yerləşdirmişlər. Polislər tərəfindən ona göstərilən təsir və təzyiqlərə görə qorxub çəkinmiş, ona görə də içərisində narkotik vasitə və psixotrop maddə olan qutunu, elektron tərəzini üzərinə götürmüşdür. Həmin narkotik vasitə və psixotrop maddə olan qutu və 01 ədəd elektron tərəzi onun əynindəki şalvarın sağ yan cibinə qoyulmuşdur. Bundan sonra videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və qorxusundan həmin narkotik vasitənin və psixotrop maddənin, habelə elektron tərəzinin ona məxsus olduğunu bildirmişdir. O, narkotik vasitə və psixotrop maddələr istifadə edir, amma onların satışı ilə məşğul olmamışdır. Məhkəmədən himayəsində üç azyaşlı uşaqlarının olmasının, xəstəlikdən əziyyət çəkməsinin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. 2011-ci ildə X1 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç övladı vardır. 2020-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hal-hazırda usta kimi evlərin təmir olunmasında işləyərək fərdi əməklə məşğuldur. Təxminən 5 ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. 02 sentyabr 2022-ci il tarixdə gecə radələrində Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsinə dostları ilə görüşmək üçün getmişdir. Həmin küçədə binaların birinin qarşısında duran zaman tanımadığı bir neçə şəxsin binanın həyətində yerdən nəyisə axtarmasının şahidi olmuşdur. Özü narkotik vasitə qəbul etdiyindən həmin gördüyü şəxslərin də narkotik vasitə aludəçiləri olduqlarını anlamışdır. O, həmin şəxsləri seyr etdikdə anlamışdır ki, həmin şəxslər binanın həyətində yerdə narkotik vasitələr axtarır. Sonra həmin şəxslər onu gördükdə ondan şübhələnib həmin yerdən uzaqlaşmışlar. Bu zaman fikirləşmişdir ki, tanımadığı şəxslərin axtardığı yerləri o da axtararaq narkotik vasitələri tapa bilər. Buna görə də qeyd olunan yerdə narkotik vasitə axtarmağa başlamışdır. Bir neçə dəqiqə sonra Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində tanımadığı binanın həyətində 01 ədəd göy rəngli dəmir qutu tapmışdır. Həmin qutunu açdıqda içərisində 12 ədəd şəffaf sellofona bükülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar etmişdir. Həmin 12 ədəd bükümdən 03 ədədi heroin və 09 ədədi isə metamfetamin idi. Sonra fikirləşmişdir ki, həmin heroin və metamfetaminin çəkisi çox olduğundan onların hamsını istifadə edə bilməz. Ona görə də həmin narkotik vasitə və psixotrop maddəni satmağı düşünmüşdür. Həmin narkotik vasitə və psixotrop maddənin çəkisinin dəqiqliklə müəyyən etməli olduğu üçün Xətai rayonu, Polad Həşimov küçəsinin yaxınlığında yaşayan tanışı Elşad adlı şəxsə zəng vuraraq onda tərəzi olub-olmaması barədə soruşmuş, amma niyyətinin nə olduğunu bildirməmişdir. Elşad ona elektron tərəzisinin olduğunu demişdir. Bundan sonra o, Elşadla Xətai rayonu, Polad Həşimov küçəsində görüşərək gümüşü rəngli elektron tərəzini götürmüş və qısa müddət ərzində geri qaytaracağını bildirmişdir. O, əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etsə də, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Sonra həmin narkotik vasitə və psixotrop maddənin olduğu göy rəngli qutunu və elektron tərəzini cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonra həm istifadə edər və ya satar. 03 sentyabr 2022-ci il tarixdə təxminən saat 02:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsinin yaxınlığında olarkən, mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə onunla soğu-sual etmişlər. O, narkotik vasitələri və psixotrop maddələri qəbul etdiyini bildirdikdə, onu Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə aparmışlar. Orada hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Sonra o, səmimi etiraf edərək heroin və metamfetamin istifadə etdiyini bildirmiş və ona hüquqları izah olunduqdan sonra üzərinə videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Ona üzərində olan əşyaları təqdim etməyini dedikdə, əynindəki qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qutunun içərisində 12 ədəd şəffaf sellofana bükülmüş formada olan bükümü və 01 ədəd gümüşü rəngli elektron tərəzini çıxardıb təqdim etmişdir. Həmin qutudakı bükümlərdən 03 ədədinin heroin və 09 ədədinin isə metamfetamin olmasını bildirmişdir. Videoçəkiliş zamanı təhqiqatçı başqa haradasa hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını bilirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə və psixotrop maddə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Heç kimin onun üzərində olan narkotik vasitə və psixotrop maddələr barədə məlumatı olmamışdır. Etmiş olduğu cinayət əməlinə görə özünü tam təqsirli bilir. Əməlindən peşmandır (cild 1, iş vərəqə 66-69). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Şahid2 ilə 35-ci Polis Bölməsinin inzibati ərazisində xidmətdə olarkən Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 03 sentyabr 2022-ci il tarixdə saat 02:00-da Xətai rayonu, Polad Həşimov küçəsinin yaxınlığında olarkən Təqsirləndirilən şəxs və Şahid3 görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşaraq mülki geyimdə olduqlarından ilkin olaraq xidməti vəsiqələrini təqdim etmişlər və ondan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs heroin və metamfetamindən istifadə etdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs və onun yanında olan Şahid3 Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, sonra Polis Bölməsinə getmişlər və qanuna müvafiq araşdırma aparılması üçün təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd göy rəngli dəmir qutunun içərisində 12 ədəd şəffaf sellofana bükülmüş bükümü və 01 ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin 12 ədəd şəffaf sellofana bükülmüş bükümün 09 ədədi psixotrop maddə olan metamfetaminə bənzər maddə və 03 ədədi isə narkotik vasitə heroinə bənzər maddə olmuşdur. Təqsirləndirilən şəxs 12 ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 12 ədəd şəffaf sellofana bükülmüş bükümlərin bəzisinin metamfetamin və digərlərinin heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bütün bu prosesin gedişində Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz təsir edilməmiş, bütün hərəkətlər qanun çərçivəsində aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Namiq mütəmadi olaraq yaşadığı ünvanın yaxınlığında olur və buna görə də yaşadığı ünvanın yaxınlığında yaşayan məhəllə sakinlərinin yanında Namiqi görüb tanışlığı yaranmışdır. Təqsirləndirilən şəxs ilə söhbət əsnasında Namiq ona özü üçün avtomobil istədiyini bildirmişdir. O da özünün “Changan Eado” markalı avtomobilini Namiqə məsləhət görmüşdür. 02 sentyabr 2022-ci il tarixdə gecə radələrində o və Namiq görüşmüş və bir yerdə avtomobilə baxmışlar. O, Namiqə avtomobilin mühərrik başlığının nasaz olduğunu, ona görə də həmin ehtiyat hissəsinin işlək vəziyyətdə olanının alınaraq avtomobilə quraşdırılmalı olduğunu bildirmişdir. Namiq də onunla razılaşmış və avtomobili saz vəziyyətdə almaq istəmişdir. Bundan sonra Namiq və o, “tap.az” internet səhifəsində həmin avtomobil detalını axtarmağa balamışlar. Onlar bir nəfər şəxsi tapmışlar və Namiq həmin şəxslə əlaqə saxlamışdır. Söhbət əsnasında həmin şəxs mühərrik başlığını 750 manata Namiqə verə biləcəyini bildirmiş, Namiq də həmin şəxslə razılaşmışdır. 03 sentyabr 2022-ci il tarixdə təxminən saat 02 radələrində o və Namiq həmin avtomobilin mühərrik hissəsini almaq üçün Abşeron rayonu, Saray qəsəbəsinə tərəf yola düşmüşlər. O və Namiq birlikdə Xətai rayonu, Polad Həşimov küçəsinin yaxınlığında piyada hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları onu və Namiqi saxlamışlar. Həmin mülki geyimli polis əməkdaşları onları 35-ci Polis Bölməsinə aparmışlar. Polis Böməsində ondan və Namiqdən narkotik vasitələrin istifadə etmələri barədə soruşmuşlar. O, narkotik vasitə istifadə etmədiyini, Namiq isə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra bölmədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Həmin baxış zamanı o, Namiqin yanında olmasa da, sonradan ona məlum olmuşdur ki, Namiqin üzərindən bir ədəd qutunun içərisində narkotik vasitə və bir ədəd elektron tərəzi aşkar edilmişdir (cild 1, iş vərəqə 153-154). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli dəmir qutunun içərisindən 09 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər, 03 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddələri və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-34, 98-99). Məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 6/4746 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №154” möhür əksi olan, imzalar olan zərfdəki 09 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,677 qram, 0,452 qram, 0,513 qram, 0,492 qram, 0,498 qram, 0,425 qram, 0,501 qram, 0t495 qram, və 0,406 qram, ümumi təmiz çəkisi 6,459 qram ağ rəngli, kristaşəkilli kütlə kustar üsulla hazıranmış psixotrop maddə metamfetamindir, 09 ədəd bükümdəki matemfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir, 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,405 qram, 0,401 qram, və 0,298 qram, ümumi təmiz çəkiləri 1,104 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralrında eynilik təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1,014 qram, metamfetaminin qalıq çəkisi 6,279 qram təşkil etmişdir (cild 1, iş vərəqə 40-44). Məhkəmə-kimyəvi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 6/4873 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində “01 ədəd göy rəngli dəmir qutu və 01 ədəd elektron tərəzi” yazıları olan kağız paketdəki 01 ədəd gümüşü rəngli elektron tərəzinin və üzərində "MpactMints” markalanma yazıları olan metal qutucuqda narkotik vasitə-heroinin izləri müəyyən edilmişdir. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrlə eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır (cild 1, iş vərəqə 164-166). Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 12 sentyabr 2022-ci il tarixli, 5122 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 167-168). Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 01 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 218-219). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 mart 2012-ci il, 06 avqust 2015-ci il və 04 dekabr 2017-ci il təvəllüdlü üç azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 74-76). Cinayət işinin materiallarına əlavə edilmiş tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs uroloji xəstəlikdən (sidik kisəsinin divarının törəməsi) əziyyət çəkir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinib 01 il 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 03 may 2021-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 135-136,137-143). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, saxlanılarkən üzərində narkotik vasitənin və psixotrop maddənin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, uroloji xəstəlikdən (sidik kisəsinin divarının törəməsi) əziyyət çəkməsini, hazırda məhkumluğunun olmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 94-97). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,014 qram təşkil edən heroin, qalıq çəkisi 6,279 qram təşkil edən metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 41,165,239). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,014 qram təşkil edən heroin, qalıq çəkisi 6,279 qram təşkil edən metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-577/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-577/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver