Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-577/2024 15.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12 : 10 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı, X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Abşeron rayonunun, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyat olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə 2023-cü ilin mart ayında sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Afşin” adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 300 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binalarının yaxınlığında ağacın altına qoyulmuş yerdən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 201, 050 qram narkotik vasitə heroin götürüb qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 mart 2023-cü il tarixdə saat 01:35 radələrində ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 201,050 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik maddə olan “heroin“ istifadəçisidir. 13 mart 2023-cü il tarixdə, təxminən saat 1 radələrində şəxsi istifadəsi üçün Bakı şəhəri, Qara Qarayev adlı əraziyə, Ruslan 93 stadionu yaxınlığına narkotik vasitə əldə etməyə getmişdir. O, narkotik maddəni anket məlumatları ona məlum olmayan İran vətəndaşından əldə etməyi planlaşdırmışdır. Həmin İran vətəndaşı əvvəlcədən narkotik maddəni həmin əraziyə yerləşdirmiş və ərazinin şəklini çəkərək ona məlumat vermişdir. O, həmin yerə çatdıqda mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis idarəsinə aparmışlar. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik maddə olmamış, belə ki, o, həmin əraziyə narkotik maddə götürmək üçün getməsinə baxmayaraq, saxlanılan zaman hələ narkotik maddəni götürməmişdir. Onu polis əməkdaşları 25-ci polis bölməsinə aparmışlar. 25-ci polis bölməsində ona təzyiq olunmuş və elə bu səbəbdən o, külli miqdarda narkotik əldə etdiyini boynuna almalı olmuşdur. Daha sonra onu Şüvəlan təcridxanasına göndərmişlər. Narkotik vasitə əldə etmək istədiyi şəxsin İran, Azərbaycan yaxud başqa ölkə vətəndaşı olması ona məlum olmamışdır. Həmin şəxs ona özünü İran vətəndaşı kimi tanıtmışdır. O, həmin şəxslə bir dəfə telefonla danışmış və “instagram“ vasitəsilə həmin şəxslə tanış olmuşdur. Onun danışıq ləhcəsi İran ləhcəsinə oxşamış, mobil nömrəsi də İran qeydiyyatlı nömrə olmuşdur. İlk dəfə həmin şəxs ona “instagram“ vasitəsilə yazmışdır. Onun hesabını necə və hansı yolla tapdığını bilməmiş, yəqin ki, təsadüfi olmuşdur. O, 10 qram “heroin”i 300 manat qarşılığında əldə etməyə sövdələşmiş, ittiham aktı ilə tanışdır, orada 200 qram “heroin” yazılmışdır. Polislər İran vətəndaşı adı altında onu aldadıb tələyə salmışlar. Onsuz da, hər saxlanılan 5 nəfərdən 4-ü bu formada saxlanılır. Narkotik maddənin olduğu yerin şəkili atılan yerə çatmağa 20 metr qalmış saxlanılmışdır. O, həmin yerə tək getmiş, o, bölməyə aparılana qədər ümumiyyətlə kim tərəfindən və nə səbəbə saxlanıldığını bilməmişdir. Onu saxlayan şəxslərin heç polis olduqlarını da bilməmişdir. Onlar mülki geyimdə olmuş və onu döyə-döyə, sürüyərək, müqavimətlə zor gücünə polis bölməsinə aparmışlar. Həmin vaxt xəsarətlər almış, həmin xəsarətlər videoçəkilişdə görünür. Onu bölməyə gətirəndən sonra yenidən döyməyə başlamışlar. Gözünün altında və alnında xəsarətlər olmuşdur. Xəsarət alması təcridxanada qeydiyyata düşsə də, hüquqi savadsızlığı ucbatından Baş Prokurorluğa şikayət etməmişdir. ********** mobil nömrəsi ona məxsusdur. İbtidai istintaq zamanı telefonundan çıxarılan sms mətnləri ilə tanış olmuşdur. O, narkotik maddə istifadəçisidir, lakin, satışı ilə məşğul olmamış və telefonunda da buna aid sms olmamışdır. Yoldaşlarına narkotik maddə vermiş, amma, bu satış məqsədi olmadan, əvəzsiz olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Nizami rayon 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 Əlövsət oğlu ifadəsində göstərdi ki, 13 mart 2023-cü il tarixdə Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 13 mart 2023-cü il tarixdə daxil olmuş məlumat raportla Nizami RPİ-nin 25ci PŞ-nin rəisinə məruzə olunmuşdur. Daha sonra əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz olaraq əldə edib saxlanılmaqla daşınması və istifadəsində şübhəli olması bildirilərək Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət olunmuşdur. Bundan sonra Nizami RPİ-nin 25-ci PŞ-in baş təhqiqatçısı və müdafiəçinin iştirakı ilə barəsində axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü və gödəkcəsinin sağ yan cibindən özünə məxsus 01 ədəd mobil telefon aşkar olunmuşdur. O, 01 ədəd ağ rəngli sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükülü halda tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə bir ədəd kağız zərfdə qablaşdırlıb Nizami RPİ-in 25-ci PŞ-in “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Aparılmış şəxsi axtarış götürmə zamanı tərəfindən video çəkilişdən istifadə edilmişdir. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamış, video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola daxil edilərək imzalanmışdır. Təqsirləndirilən şəxsi Nizami rayonu, Ə. Vəliyev küçəsi yaxınlığında saxlayan zaman təxminən gecə saat 1-2 radələri olmuşdur. Narkotik vasitələrinin qanunsuz olaraq əldə edib saxlanılmaqla daşınması barədə məlumat daxil olmuş, satış barədə məlumat olmamışdır. Əməliyyat qrupu 2 nəfər, o və Şahid2 ibarət olmuşdur. Hadisə yerindən qaçmaq və başqa formada hər-hansı yayınma halı olmamışdır. Müdafiəçi ilə birlikdə yaxınlaşıb onu saxlamış və özlərini təqdim etmişlər. Hadisə yerinə xidməti maşınla getmişlər. Maşını o, idarə etmiş, digər əməkdaş arxada şübhəli şəxsin yanında əyləşmişdir. Şübhəli şəxsin əlinə qandal vurmamışlar. Şübhəli şəxsi Nizami RPİ-in 25-ci polis şöbəsinə aparmışlar. Şübhəli şəxsin saxlanıldığı yer polis şöbəsinə yaxın olduğu üçün təxminən 10-15 dəqiqə ərzində onu polis şöbəsinə aparmışlar. Şübhəli şəxsi Nizami RPl-in 25-ci PŞ-in baş təhqiqatçısına təhvil vermişlər. Həmin zaman təhqiqatçı və müdafiəçi polis şöbəsində olmuşdur. Müdafiəçi baş təhqiqatçı tərəfindən çağırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirmişdir. O, narkotik vasitələrin bir qismini satış, bir qismini isə şəxsi istifadəsi üçün əldə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan tünd rəngdə, narkotik vasitə heroinə bənzər maddə olmuşdur. Həmin maddə 1 topa bükümdə olmuşdur. Həmin maddə hər hansı tərəzi ilə çəkilməmiş, tərkibi, çəkisi, mənşəyinin araşdırılması üçün qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Narkotik maddə Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin yan cibindən aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş əməliyyat tədbiri zamanı Nizami rayon 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 ifadəsində göstərdi ki, 13 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 13 mart 2023-cü il tarixdə daxil olmuş məlumat raportla Nizami RPİ-nin 25-ci PŞ-nin rəisinə məruzə olunmuşdur. Daha sonra əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbirləri nəticəsində 14 mart 2023-cü il tarixdə, saat 01:35 radələrində, Nizami rayonu, Əli Vəliyev küçəsi 9 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxs aşkar olunmuşdur. Onlar əvvəlcə Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, daha sonra ona narkotik vasitələrinin qanunsuz olaraq əldə edib saxlanılmaqla daşınması, istifadəsi və satışında şübhəli olması bildirilərək Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət olunmuşdur. Bundan sonra Nizami RPİ-nin 25-ci PŞ-də, müdafiəçinin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmiş və bu zaman onun üzərindən 01 ədəd mobil telefon və 01 ədəd ağ rəngli sellofanda narkotik maddə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik maddələr bir ədəd kağız zərfdə qablaşdırılaraq tərkibi müəyyən olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Əməliyyat tədbirində o, Şahid1 və təhqiqatçı olmaqla üç nəfər birlikdə iştirak etmişlər. Əməliyyat keçirilən zaman 14 mart 2023-cü il, saat 01:35 radələri olmuşdur. Onlar Təqsirləndirilən şəxs ünvan 6 ünvanının yaxınlığında saxlamışlar. Şübhəli şəxs onu saxlayan zaman çöl şəraitində, qaranlıqda, piyada hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxsı saxlayan zaman o, tək olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşan zaman o, əvvəlcə həyəcanlanmış, daha sonra polis əməkdaşı olduqlarını və narahat olmamasını ona bildirmişlər. Şübhəli şəxs nəqliyyat vasitəsinə mindirildikdən sonra təhlükəsizlik üçün onun qoluna qandal vurulmuşdur. Şübhəli şəxsin qoluna kimin qandal vurmasını xatırlamır. Şübhəli şəxsi avtomobilə mindirdikdən təxminən 5-10 dəqiqə sonra polis idarəsinə gətirmişlər. Şübhəli şəxsi polis şöbəsinə gətirdikdən neçə dəqiqə və ya saat sonra videoçəkiliş aparıldığını xatırlamır. Şübhəli şəxsi polis şöbəsinə gətirdikdən sonra onun barəsində lazımi sənədlər tərtib olunmuşdur. Daha sonra təhqiqatçı və müdafiəçi gəlmiş, ardınca videoçəkiliş aparılmışdır. Şübhəli şəxsin üzərinə baxış keçirildikdən sonra o, müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Şübhəli şəxs tutulduqdan dərhal sonra onun üzərindən narkotik maddə aşkar olunmuş və o, öz təqsirini boynuna almışdır. Təqsirləndirilən şəxs ilkin ifadəsində narkotik maddələri İran vətəndaşından aldığını bildirmişdir. Belə ki, o, “instagram” internet sosial şəbəkə platforması vasitəsilə tanış olduğu həmin İran vətəndaşının bank hesabına “m10” mobil pul tətbiqi vasitəsilə 300 Azərbaycan manatı pul göndərmiş və qarşılığında narkotik maddələri əldə etmişdir. Təqsirləndirilən şəxs pul göndərməsi barədə çek onun üzərindən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik maddələri həm şəxsi istifadəsi, həm də satış məqsədilə əldə etdiyini bildirmişdir. Onun bu əməliyyat tədbirindən 1 ay sonra xidməti iş yeri dəyişildiyi üçün Təqsirləndirilən şəxs narkotik maddələri kimə satacağı barədə məlumatı öyrənə bilməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli 6/1558 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə tozşəkilli maddə şübhəli şəxs(imza) Muradov “yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 201,050 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə!ərin”-in siyahısına daxildir. (İş vərəqə 39-43) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 iyun 2023- cü il tarixli 3623 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş vərəqə 109-110) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”-nın 05 may 2023-cü il tarixli 6587 nömrəli məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin xx.xx.2016-cı il tarixli 22№-li göndərişinə əsasən yuxarıda adı göstərilən xəstəxanaya stasionar müayinəyə qəbul olunmuşdur. xx.xx.2016-cı il tarixdə X1 təqdim olunmuş və həmin tarixdə xəstəxanadan evə yazılmışdır. Diaqnoz:”Hal-hazırda psixi xəstəlik aşkar edilmir”.(İş vərəqə 107) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümünü və gödəkcəsinin sağ yan cibindən özünə məxsus 01 ədəd mobil telefonu çıxardaraq təhvil vermiş və 01 ədəd ağ rəngli sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olmasını həmin narkotik vasitəni “instaqram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı olan “Afşin” adlı şəxsdən online qaydada “M 10” proqramı vasitəsi ilə həmin şəxsin təqdim etdiyi xatırlamadığı hesab nömrəsinə 300 manat pul göndərməklə “Neftçilər, Qara Qarayev” kimi tanıdığı ərazidən əldə edib öz istifadəsi üçün üzərində saxladığını bildirməsi aşkar edilmişdir. (İş vərəqə 31-32) İş materiallarında olan "xxxx" MMC-dən 8015 nömrəli 07 aprel 2023-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş telefon danışıqlarına dair cədvəllərin özündə əks etdirən CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 18:37:15 saniyədə 994 *** ** ** 66 nömrəsindən 994 50 *** ** ** nömrəsinə “Nolar bir mençün düz qoşda”, xx.xx.2023-cü il tarixdə saat 20:47:22 saniyədə 994 50 *** ** ** nömrəsindən 994 50 *** ** ** nömrəsinə “Qaqa bu nedense lapm az oldu he qardaş canı iki dene narmanni cet çıxdı he bunun icinen qardaş canı bu niye bele olduki ay qaqa, xx.xx.2023-cü il tarixdə saat 17:04:57 saniyədə 994 50 *** ** ** nömrəsindən 994 50 *** ** ** nömrəsinə “Salam, Murad görüşməy isdiyirem sənlə tema lazımdı mənə buralardasan”, xx.xx.2023-cü il tarixdə saat 23:57:57 994 50 *** ** ** nömrəsindən 994 50 *** ** ** nömrəsinə “ama.murad.budeyqe Ölürem mene özündünda olsa yarımqıram verginen”, xx.xx.2023- cü il tarixdə saat 00:39:56 dəqiqədə 994 50 *** ** ** nömrəsindən 994 50 *** ** ** nömrəsinə “Qaqa 10luq alınar” və s. sms-lər aşkar edilmişdir. (İş vərəqə 99; 118-154) İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Nizami rayon 25-ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs sağ gözaltı və sol gözün üst qapağında, başın sol gicgah nahiyyəsində sıyrıqlar, hər iki saidin bayır səthində 1 ədəd çapıq toxuması, sol saidin ön səthində 1 ədəd çapıq toxuması aşkar olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən, Bakı şəhəri Nizami rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi xüsusatları üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, üzərindən narkotik vasitə aşkar edilməməsi, şəxsi istifadə üçün narkotik vasitə əldə etmək üçün gedən zaman, narkotik vasitələri əldə etmədən polislər tərəfindən saxlanılması və polis əməkdaşları tərəfindən döyülməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, həqiqəti əks etdirməməklə, məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün izahatı, xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində etirafedici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli 6/1558 saylı, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 iyun 2023-cü il tarixli 3623 nömrəli rəyləri, "xxxx" MMC-dən 8015 nömrəli 07 aprel 2023-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş telefon danışıqlarına dair cədvəllərin özündə əks etdirən CD diskə baxış keçirilməsi barədə protokol, «Şəxsi axtarış və götürmə haqqında» 14 mart 2023-cü il tarixli protokol, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin qanuniliyi barədə qərarı, Bakı şəhəri Nizami rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı və digər mötəbər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadələrində Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, 1-2 aydır ki, narkotik vasitə istifadə edir. Eyni zamanda Abşeron rayonu, Qobu qəsəbəsində üzdən tanıdığı şəxslərə narkotik vasitə satır. Narkotiki müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edir. O, ilk dəfə narkotik vasitə kimi tanıdığı «heroini» «instagram» sosial şəbəkəsində tanış olduğu “Afşin” adlı İran İslam Respublikası vətəndaşından «Online» qaydada, yəni ödəmə terminalı vasitəsi ilə «milliön» tətbiqi ilə həmin şəxsin dediyi xatırlamadığı hesab nömrəsinə pul ödəməklə əldə etmişdir. Həmin İran vətəndaşı da narkotik vasitəni qoyduğu ünvanı ona göndərir və o da gedib götürürmüş. 12 mart 2023- cü il tarixdə eyni qaydada narkotik vasitə olan «kakos» kimi tanıdığı heroini İran vətəndaşı olan “Afşin” adlı şəxsin xatırlamadığı hesab nömrəsinə ünvan 7 ünvanında yerləşən “Spar” marketdə olan ödəmə terminalı vasitəsi ilə 300 manat pul göndərmişdir. 14 mart 2023-cü il tarixdə isə İran vətəndaşı olan “Afşin” adlı şəxs votçap sosial şəbəkəsi vasitəsi ilə ünvan 8 ünvanında yaşayış binalarının həyətində ağacın yanında bir sellofan bükümündə narkotik vasitənin qoyulduğu yeri ona bildirmişdir. O da həmin günü gecə saat 01:35 radələrində qeyd edilən ünvana yəni ünvan 9 ağacın yanından bir sellofan bükümündə olan narkotik vasitəni götürmüşdür. O, bir neçə addım hərəkət etdikdə mülki geyimdə olan şəxslər yaxınlaşmışdır. O, həmin şəxslərin polis əməkdaşları olmasını bilmədiyi üçün qışqırıb müqavimət göstərməyə çalışmış lakin sonradan onların polis əməkdaşları olduqlarını bildiyi üçün sakitləşmişdir. Polislər ona narkotik vasitələrin daşınmasında saxlanmasında şübhəli olduğunu izah edib Nizami RPİ-nin 25-ci polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən Nizami RPİ-nin 25-ci PŞ-nə getmişdir. Polis şöbəsinin xidməti otaqların birində üzərinə baxış keçirəcəkləri ona izah olunaraq videoçəkilişdən istifadə olunacağı bildirilmişdir. Daha sonra isə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif edilmişdir. O, da əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümünü və sağ cibindən mobil telefonumu çıxardıb polis əməkdaşlarına təqdim edərək həmin bükümün içərisində olan «heroin» kimi tanıdığı narkotik vasitə olmasını və hansı yolla əldə etdiyini yuxarıda qeyd etdiyi kimi izah verməsini bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq möhürlənib ekspert müayinəsinə göndərilmişdir. Həmin narkotiki bir qismini satış məqsədi ilə digər qismini isə şəxsi istifadəsi üçün əldə etmişdir. Saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmamışdır. Narkotik vasitənin satışı ilə məşğul oluram, həmçinin özüm də istifadə edirəm. O, ilk dəfə idi ki, “Afşin” adlı şəxsdən narkotik vasitə almışdır.”Afşin” adlı şəxsin ona satmış olduğu narkotik vasitəni necə, hansı yolla və kimin vasitəsi ilə göndərdiyindən xəbəri olmamışdtr. Ona bu haqda heç bir məlumat verməmişdir. Onun “Afşin” adlı şəxs ilə narkotik vasitə satışı ilə bağlı heç bir razılığı olmamışdır.”Afşin” adlı şəxs ilə təsadüfən instaqram sosial şəbəkəsindən tanımışdır. (iş vərəqə 52-54; 64-68) Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli qərarına əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş çəkisi 201,050 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla, külli miqdar təşkil edir, bu hal da təsdiq edir ki, o, qeyd olunan miqdarda narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 94) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(007)-132/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 20, 75-76) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 09 iyun 2023-cü il tarixli 3623 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 201,050 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 200,85 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılaraq, onun hüquqlarını müdafiə etmiş və təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən hazırki cinayət işi üzrə iştirakına xitam verilmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 60 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 200,85 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılaraq, onun hüquqlarını müdafiə etmiş və təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən hazırki cinayət işi üzrə iştirakına xitam verilmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 60 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-577/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-577/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver