Məhkəmə qərarları › İş №1(101)-577/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-577/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-577/2025 14.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –M.B.M Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa küçəsi ev 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

1. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə kuryer qismində fəaliyyət göstərərkən etibardan sui istifadə etməklə sifariş əsasında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 30A ünvanında yerləşən «İphone» telefon mağazasından ünvan 2 ünvanında yerləşən «Bakcell» rəsmi dillerində satış mütəxəssisi işləyən, X1 çatdırmaq üçün 1 ədəd 1530 manat dəyərində «İphone 13 128 GB» markalı mobil telefonu götürərək həmin ünvana çatdırmamış, ələ keçirərək mülkiyyətçi Zərərçəkmiş şəxs2 1530 manat ziyan vurmaqla dələduzluq etmişdir.

2. Bundan başqa, o, 12 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Yasamal rayonu, A.Şaiq küçəsi 120 ünvanda yerləşən «Dönər Kabab» kafesinin giriş qapısının qarşısında tanışı Zərərçəkmiş şəxs1 ilə ona 1 ədəd 15 manat dəyərində mobil telefon qulaqcıqlarının pulunun qalığını verməsindən imtina etməsi və üstəlik kafedən götürdüyü dəmir şişlə əl nahiyəsindən vurub sağlamlığına yüngül zərər vurması səbəbindən həmin kafedən götürdüyü, istintaqa məlum olmayan deşici-kəsici alətlə sonuncunun qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq, ona qarının ön divarının daxilə nüfuz edən, mədənin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 12 dekabr 2023-cü il tarixli raportdan (cild 01, iş vərəqə 2) görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:50-də KTM-dən həkim Xəlilov telefonla Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Yasamal rayonu, A.Şaiq küçəsi 120 ünvanının qarşısında döş qəfəsinin 1 ədəd daxilə nüfuz edən kəsilmiş deşilmiş bıçaq yarası ilə onlara müraciət etməsi barədə bildirmişdir.

4. 12 dekabr 2023-cü il tarixli raportdan (cild 01, iş vərəqə 3) görünür ki, X3 ***-***-**- ** nömrəsinə zəng vuraraq Yasamal rayonu, Qış parkının yanında əmisi oğlu X8 markalı 77FP903 dövlət qeydiyyat nişanlı avtomaşından bilmədiyi həmkəndlisini endirməsi sonuncunun 1 saat sonra kababxanada 1 nəfər şəxs tərəfindən bıçaqlanması və halhazırda 1 saylı KTM-də əməliyyat olması, lakin əmisi oğlu ərazi üzrə PB-dən zəng olunaraq avtomobili aparmalı olduqlarını bildirmələrindən narazı olduğunu bildirmişdir.

5. 13.12.2023-cü il tarixli qərardan (cild 01, iş vərəqə 11-12) görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır.

6. 10.01.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 35) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmış və ona həmin maddə ilə ittiham elan edilmişdir.

7. 10.01.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan (cild 01, iş vərəqə 37-38) görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutularaq Yasamal rayon Polsi İdarəsinin MSY-nə təhvil verilməsi qərara alınmış, cinayət işi üzrə icraat dayandırılmışdır.

8. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1460 nömrəli rəyindən (cild 01, iş vərəqə 42-44) görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət- qarının ön divarının daxilə nüfuz edən, mədənin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın), ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla qərarda qeyd olunan müddətə xx.xx.2024-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir.

9. 10.06.2024-cü il tarixli cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 47) görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir.

10. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 65-) görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə, saat 18:25dəqiqədə Yasamal RPİ-nin İŞ-də tutulmuşdur.

11. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən (cild 01, iş vərəqə 77-79) görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə ********* N°-ci cinayət işi xx.xx.2023-cü il tarixdə Abşeron rayon məhkəməsinə göndərilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən qeyd edilən cinayət işi xx.xx.2023-cü ildə Abşeron rayon məhkəməsinə daxil olmuş və baxılması üçün hakim C.Səfərovanın icraatına verilmişdir. Hakim C.Səfərovanın xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış verilmiş və hazırkı vaxtadək təqsirləndirilən şəxs məhkəməyə təqdim edilmədiyindən iş üzrə yekun məhkəmə qərarı çıxarılmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış hesab edilir.

12. 14 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 80) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuşdur.

13. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 642 nömrəli rəyindən (cild 01, iş vərəqə 99-101) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər: sağ əlin 4-cü barmağının əsas falanqasında və sağ əlin 5-ci barmağımın əldarağı falanqa oynağında çapıq toxumaların (keçmiş yara yerləri) kənarlarının xarakteri aydın seçilmədiyindən onların törənmə alətinin müəyyən etmək mümkün deyil, bu yaralar çapıqlaşdığından və eləcə də həmin yaralarla əlaqədar Təqsirləndirilən şəxs heç bir tibb müəssisəsinə müraciət etmədiyindən onun törənmə müddəti barədə fikir söyləmək mümkün deyil, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilə bilərdi, bu xəsarətlər Təqsirləndirilən şəxs yıxılması nəticəsində törənməsi inkar olunur, özü-özünə yetirməsi isə inandırıcı deyildir.

14. 14 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan (cild 01, iş vərəqə 103) görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin istintaq zamanı ifadəsində etdiyi əməli yerində göstərmişdir. İfadənin yerində yoxlanması zamanı o göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, o kuryer işləyir və qida məhsullarının çatdırılması, həmçinin mobil telefon qulaqçıqlarının 2-3 manata alıb, təxminən 10 manata satmışdır. Təxminən xx.xx.2023-cü il tarixdə, o ünvan 3 ünvanında yerləşən dönərxanada qulaqcıqları satdığını bidlridikdə əvvəlləlr tanımadığı, istintaq zmanaı adını bildiyi Zərərçəkmiş şəxs1 ondan 2 ədəd qulaqcıq almış, həmin vaxt Eloğlu ona 1 ədəd qulaqcığın pulunu, yəni 10 manat pulu verib, qalan 10 manat pulu isə bir həftədən sonra həmin dönərxanada ona verəcəyini demiş, 12 dekabr 2023-cü i tarixdə, təxminən saat 13 radələrində o, həmin dönərxanaya gedib dönər və kofe sifariş edib, orada əyləşərək yemiş, bir qədər sonra Eloğluda həmin dönərxanaya gəlmiş, bu vaxtı o, Eloğlundan ona verməli olduğu 10 manat pulu istəmiş, bu sözündən sonra Eloğlu anidən onunla uca səslə danışmağa başlamış, onun ünvanına nalayiq söyüşlər işlətmişdir. O, oturub dönər yediyi zmana Eloğlu onun əyləşdiyi masaya dəydiyi üçün kofe onun sol ayağına tökülmüş, buna görə o, ayaq üstə durmuş və Eloğlu ilə tutaşmış, bu zaman Eloğlu qaçıq dönərxanada dönər bıçağı götürüb onu vurmaq istədikdə, bıçağın kəsməyən hissəsi onun sol qoluna dəymiş, lakin o, xəsarət almamış, bundan sonra Eloğlu həmin dönər bıçağı ilə onu yenidən vurmaq istədikdə, dönər bıçağı onun sağ əlini orta, adsız və çəçələ barmaqlarına xəsarət yetirmiş, bu vaxtı o,a rxa-arxaya getdiyi üçün dönərxana dan çölə çıxmış, sonra odönərxanadan bıçağı götürüb bıçaql Eloğlunun döş qəfəsinə bir dəfə xəsarət yetirmiş və bıçağı həmin dönərxanada ataraq hadisə yerindən qaçıb yaşadığı ünvana getmişdir.

15. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(101)-556/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından (cild 01, iş vərəqə 116-118) görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır.

16. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə protokolundan (cild 01, iş vərəqə 120-125) görünür ki, istintaq hərəkəti keçirilmiş və hər ikisi ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı söyləmişlər.

17. 04.10.2023-cü il tarixli raportdan (cild 01, iş vərəqə 139) görünür ki, X2 çatdırlmasını kuryer xidməti vasitəsi ilə sifariş etdiyi dəyəri 1530 manat olan “İphone 13” markalı mobil telefonun kuryer tərəfindən çatdırılmaması və sonda ələ keçirilməsi barədə DİN-nin 102 xidməti daxil olmuşdur.

18. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan (cild 01, iş vərəqə 146-148) görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Azadlıq prospekti 30A ünvanında yerləşən “iphone” telefon mağazasından kuryerin telefonu götürürək lazimi ünvana çatdırmaması halı baş vermişdir. Hadisə bir istiqamətli üç zolaqlı yolun sol tərəfində baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir.

19. 23.11.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan (cild 01, iş vərəqə 184-185) görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır.

20. 11.12.2023-cü il tarixli qətimkan tədbiri şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 194-195) görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayınması səbəbindən, onun tutulması üçün haqqında axtarış elan olunması, tutulduğu halda Nəsimi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır.

21. 11 dekabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan (cild 01, iş vərəqə 197-198) görünür ki, Təqsirləndirilən şəxs Məhərərm oğlu istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır.

22. 10 iyun 2024-cü il tarixli cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 200) görünür ki, dayandırılmış icraat təzələnmişdir.

23. 10 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 217) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddasi ilə şübhəli bilinərək, 10 iyun 2024-cü il tarixdə tutulmuşdur.

24. 12 iyun 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan (cild 01, iş vərəqə 229-231) görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, Təqsirləndirilən şəxs onun dedikləri ilə razılaşsa da “Moon Af 50” markalı mopedi aldıqdan sonra Yasamal rayonu «Kaspian Plaza» nın qarşısında olarkən Ramazan ondan həmin mopedi necə əldə etdiyini soruşmuş, o isə törətdiyi əməli etiraf edərək bu yolla mopedi aldığını Ramazana dediyini göstərmişdir.

25. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 237) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham irəli sürülmüşdür.

26. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Muraddan 15 manata qulaqcıq almış, 10 manatını vermişdir. Murada yerdə qalan 5 manatı 3-4 günə verəcəyini bildirmişdir. Hadisə baş verən gün o dönərxanada yemək yemişdir. Murad da orada olmuş və ondan qulaqcığın pulunu istəmişdir. Zərərçəkmiş şəxs1 ona borcunu sabah verəcəyini bildirmişdir. O, oturub yemək yemiş, bu zaman Murad üstünə gəlmiş, o isə qalxıb, özünü müdafiə edən zaman onları ayrımışlar. Muradı çölə çıxartmışlar, o isə içəridə qalmışdır. Təxminən 15-20 dəqiqə sonra Murad yenidən geri gəlmişdir. Qışqırmış və onun ünvanına nalayiq ifadələr istifadə etmişdir. O, da Muradın üzərinə tərəf getmişdir. Murad onu bıçaqlamış, lakin zərbəni hiss etməmişdir. Murad qaçmış. Murad qaçanda o şiş götürmüş. Muradın üzərinə tərəf getmiş və o da Muradı vurmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o Muradı şiş vasitə ilə qolundan vurmuş, Murad onu vurduqdan sonra o da Muradı vurmuşdur. Murad içəri gəlmiş və daha sonra bıçaq gətirmişdir. Murad onun ünvanına nalayiq ifadə istifadə etdiyi üçün o çölə çıxmışdır. O ilk gündən şikayətçi olmamışdır. İki dəfə polis bölməsinə gedib barışıq ərizəsi vermişdir. O, Murad ilə barışmış, ona dəymiş zərər isə qismən ödənilmişdir. Onun hər hansı tələbi yoxdur.

27. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə təxminən 1 il əvvəl baş vermişdir. O, mağazaya telefon sifariş etmişdir. Telefonu gətirib onlara çatdırmalı olan kuryer isə Təqsirləndirilən şəxs idi. Murad yolda olarkən telefonu söndürüb, yoxa çıxmışdır. Daha sonra Murad eyni qəbildən olan başqa cinayət əməlinə görə həbs olunmuşdur. Hazırki dövrdə ona dəymiş zərər ödənilib. Muradın ailə üzvləri ilə aralarında barışıq əldə olunub. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Murad ona “İphone 13” markalı mobil telefon gətirməli olmuşdur. Ona dəymiş zərər ibtidai istintaq dövründə ödənilmişdir. Muraddan heç bir şikayət və tələbi yoxdur.

28. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, müddətli həqiqi hərbi xidmətdən yenicə təxris olmuşdur. Qohumları vasitəsilə Bakı şəhərində iş tapmış, kuryer işləmişdir. İş yeri “Caspian Plaza” tərəfdə olmuşdur. Orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Murad özünü ona Nicat adı ilə təqdim etmişdir. Beləcə onlar dostlaşmışlar. Bir müddət sonra Murad ona maddi olaraq çətin vəziyyətdə olduğunu bildirmiş və ondan kömək istəmiş, o, da razılaşmışdır. Murad “Uber” hesabının bloklandığını bildirərək, öz adına sim kart almasını xahiş etmişdir. Murad əlavə olaraq ona 10,00 Azərbaycan manatı da təklif etmişdir. Lakin o razılaşmamışdır. Onlar sim kart almaq üçün, birlikdə telefon mağazasına yollanmışlar və sim kart almışlar. Bundan sonra Murad yoxa çıxmışdır. Günlərin birində polis əməkdaşları ona zəng edərək, cinayət törətdiyini bildirmişlər. O, məsələni araşdırmaq üçün polis şöbəsinə yaxınlaşmışdır. Eyni məzmunlu izahat verərək, baş verənlərlə heç bir əlaqəsi olmadığını bildirmişdir.

29. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Eloğlu ilə Təqsirləndirilən şəxs əvvəlcə kafenin içərisində mübahisə etməyə başlamışlar, onların mübahisəsinə səbəb pul məsələsi olmuşdur. Belə ki, Murad zərərçəkmiş şəxsdən pulunu tələb etmiş, lakin zərərçəkmiş şəxs onun sözünə əhəmiyyət verməmişdir. Əvvəlcə Murad daha sonra isə Eloğlu çölə çıxmışdır.Bıçaqlanma hadisəsi kafenin çölündə baş vermişdir. Bu zaman Şahlar adlı şəxs və hadisə yerində olan digər şəxslər tərəfləri ayırmağa çalışmışlar. Daha sonra Murad daha bir neçə dəfə zərərçəkmiş şəxsdən pulunu tələb etmiş. Bu hadisələr baş verən zaman, o içəridə öz işilə məşğul olmuşdur. Buna görə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurduğu anın şahid olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o nə təqsirləndirilən şəxsin, nə də zərərçəkmiş şəxsin bıçaq götürməsinin şahidi olmamışdır. O vəziyyətin gərginləşdiyini görüb, əvvəlcə zərərçəkmiş şəxsin çölə çıxmağına maneə olmuşdur. Lakin daha sonra zərərçəkmiş şəxs çölə çıxmışdır. Mübahisə qısa müddət, təxminən 1-2 dəqiqə davam etmişdir. Hadisə sadə mübahisə ucbatından baş tutduğundan, səs-küy yaranmamışdır. X11, nə də Eloğlu Muradın ünvanına təhqiramiz söyüş işlətməmişlər. Hadisə vaxtı dönərxananın içərisində başqa müştərilər də olmuşdur. Dönərxananın yanında kababxana da olmuşdur. Lakin o orada şiş olmasının şahidi olmamışdır. O pəncərədən baxdıqda, zərərçəkmiş şəxsin yerdə uzandığının şahidi olmuşdur. Murad həmin zaman hadisə yerindən qaçmışdır. O eşitdiyinə görə bıçaqlanma hadisəsi baş vermişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

30. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 126.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, kuryer kimi işləmişdir. Evinin yaxınlığında dönərxana olmuşdur və o hər axşam evə qayıdan zaman orada yemək yemişdir. Orada bir neçə dəfə gördüyü bir şəxs olmuşdur. Bundan əlavə o, həm də qulaqcıq satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb, ondan iki ədəd qulaqlıq istəmişdir, ona qulaqlıqlardan birinin ödənişini etmiş, digərinin isə ödənişini bir həftə sonra edəcəyini bildirmişdir. Bundan üç həftə keçməsinə baxmayaraq sonuncu ona qulaqcığın pulunu verməmişdir. O yenə həmişəki kimi həmin kafeyə getmiş, həmin şəxs də içəri daxil olmuş, salam filan vermədən sifarişini vermiş və əyləşmişdir. O həmin şəxsə borcunu nə vaxt verəcəyini soruşmuş, sonuncu isə ayağa qalxaraq “Verəcəm.”demişdir. Sonuncu onun üstünə gələndə stolun üzərində olan kofe onun ayağına tökülmüşdür. O kofenin ayağının üstünə töküldüyündən anidən ayağa qalxmışdır, həmin şəxs isə onu vuracağını zənn etmişdir. Həmin şəxs onun yaxasından tutmuş və o da sonuncunun yaxasından tutmuşdur. Bundan sonra onların arasında sözlü mübahisə olmuş və söyüş söymüşlər. Zərərçəkmiş şəxs1 əsəbləşmiş və dönərxanadan bıçağı götürmüş, qapı tərəfə keçmiş, əlindəki stulla özünü müdafiə etmiş, bu zaman əli yaralanmışdır. Ona bir neçə dəfə vurmuş və o çölə çıxmış, o motosikleti ilə gəldiyi üçün içəridə kaskası, açarları, telefonu qalmışdır. Qapını açmış, bu zaman həmin şəxs çölə çıxmışdır. O, Zərərçəkmiş şəxs1 onun üzərinə gəlməsinə mane olmaq üçün qapını itələmiş, lakin gücü çatmamışdır. Zərərçəkmiş şəxs onun üzərinə gəlmiş, o dönərxana tərəfə qaçmış, orada əlini atdıqda əlinə bıçaq keçmiş, həmin bıçaqla onu vurmuş, necə vurduğunu bilməmiş, sonra ona xəbər gəlmişdir ki, həmin şəxs yüngül xəsarət almışdır. O mübahisə zamanı xəsarət almışdır, həmin xəsarətləri zərəçəkmiş şəxsi bıçaqlamadan əvvəl olmuşdur. Xəsarəti sağ əli və sol qolunda olmuşdur. Onun əlində dönər bıçağı olmuşdur. Hazırda o zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş 300 manat zərəri ödəmişdir. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamla bağlı bildirimişdir ki, o kuryer kimi işləmişdir. Kuryer kimi işlədiyi vaxtda ona verilən mobil telefonun ünvana çatdırılması tapşırılmışdır. Həmin gün hava yağışlı olmuş, onun motosikleti xarab olduğu üçün, o telefonu götürmüş, çatdırmamış və geri qaytarmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun motosikleti xarab olduğu üçün o çatdırılmanı yekunlaşdırmamışdır. Bu barədə ona zəng də gəlməmişdir. Çox vaxt əşya qalanda və ya dəyərsiz olanda, ofis götürmür. Bu səbəbdən qaytarmaq mümkün olmamışdır. Onun həmin telefonu ələ keçirmək niyyəti olmuşdur, o bunu təsdiq edir. O, özü işdən əlavə həmin telefonu apara bilərdi, lakin aparmamışdır. Zərərçəkmiş şəxsə vurulan ziyanın ödənilməsini və aralarında barışıq olmasını nəzərə alaraq CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirildiyi epizod üzrə cinayət işinə xitam verilməsini xahiş etmişdir.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

31. Maddə 126.1 Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma cinayəti törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

32. Maddə 178.1 Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayəti törədildikdə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

33. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

34. Maddə 73-1.1 Cinayət Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189- 1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

35. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

36. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

37. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

38. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

39. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

40. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

41. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

42. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

43. Maddə 139. cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

44. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

45. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

46. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

47. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

48. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərar

49. Bənd 1- törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

50. Bənd 3- dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.

Avropa Məhkəməsinin presedent hüququ:

51. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

52. Qərarın 25-ci bəndi. Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

53. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Məhkəmənin hüquqi dəyərləndirməsi

54. Məhkəmə istintaqında sübutların hərtərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 1 ədəd 1530 manat dəyərində «İphone 13 128 GB» markalı mobil telefonu götürərək ünvana çatdırmamış, ələ keçirərək mülkiyyətçi Zərərçəkmiş şəxs2 1530 manat ziyan vurmaqla dələduzluq etmiş, həmçinin 12 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Yasamal rayonu, A.Şaiq küçəsi 120 ünvanda yerləşən «Dönər Kabab» kafesinin giriş qapısının qarşısında tanışı Zərərçəkmiş şəxs1 ilə ona 1 ədəd 15 manat dəyərində mobil telefon qulaqcıqlarının pulunun qalığını verməsindən imtina etməsi və üstəlik kafedən götürdüyü dəmir şişlə əl nahiyəsindən vurub sağlamlığına yüngül zərər vurması səbəbindən həmin kafedən götürdüyü, istintaqa məlum olmayan deşici-kəsici alətlə sonuncunun qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq, ona qarının ön divarının daxilə nüfuz edən, mədənin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət olmaqala dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur.

55. Belə ki, məhkəmədə araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Yasamal rayonu, A.Şaiq küçəsi 120 ünvanda yerləşən «Dönər Kabab» kafesində tanışı Zərərçəkmiş şəxs1 ilə arasında 15 manat dəyərində qulaqcığın dəyərini qismən ödəməsi və borcunun qalanını verməsini tələb etməsi zamanı mübahisə baş vermişdir.

56. Təqsirləndirilən şəxs qarının ön divarının daxilə nüfuz edən, mədənin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara ilə Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, 12 dekabr 2023-cü il tarixdə saat 13 radələrində ünvan 6 ünvanda yerləşən «Dönər Kabab» kafesində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurması Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, həm şahidlərin, həm ibtidai istintaq zamanı, həm də məhkəmədə vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunmuşdur.

57. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin deşici kəsici alətlə ona yetirdiyi zərbə nəticəsində almışdır.

58. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 126.1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə onun əməllərinə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir.

59. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir.

60. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

61. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.

62. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş zərəri qismən ödəməsi əməlində cinayət məsuliyyətini yüngülləşdirən hal hesab olunur, həmçinin onun əməlində cinayət məsuliyyətini ağırlaşdıran hal və ya hallar müəyyən edilmədiyi nəzərə alınır.

63. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

64. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır.

65. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 39-cu bəndi).

66. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.

67. Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-577/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs bəraətverici əsas olmadan zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə aid hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir.

68. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

69. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 31,32,33,35 və 36-cı bəndləri).

70. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

71. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 37-ci bəndi).

72. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(101)-556/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 01, iş vərəqə 116-118). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 15,46,47-ci bəndlər).

73. Məhkəmə hesab edir ki, həbsdə saxlanıldığı müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

74. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

75. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Fərid Namazov

Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar