Məhkəmə qərarları › İş №1(101)-578/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-578/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-578/2021 19.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X19, tərcüməçi X16 iştirakı ilə xx xxxx 1981-ci ildə İran İslam Respublikasının Miyanə şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 mənzil 128 ünvanında müvəqqəti qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən külli miqdarda təmiz çəkisi 41,394 qram olan narkotik vasitə heroini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Xırdalan şəhəri ərazisinə daşımaqla orada gizlətmiş, “Mehdi” adlı şəxsin verdiyi məlumat əsasında X20 istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitəni qeyd olunan yerdən əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində yerləşən “Qış Parkı” nın qarşısına daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində X20 xx xxxx 2020-ci il tarixdə saat 14:00-da Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində yerləşən “Qış Parkı” nın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 15:10-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli qısa yay şalvarının sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 38,710 qram və 2,684 qram olmaqla ümumilikdə 41,394 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitə olan heroindən və marixuanadan istifadə etsə də, narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində yerləşən X26 adlı dostu ilə görüşmək üçün gəzən zaman bir nəfər tanımadığı əvvəlcədən üzünü görmədiyi şəxs arxadan ona yaxınlaşaraq xüsusi fənd işlətməklə onu yerə çırpmışdır. O yerə yıxıldıqdan sonra həmin şəxsin yanındakılar yerdə sifət nahiyəsindən təpikləyərək ayağa qaldırmışlar. Onlar onun üstünü axtarmağa başlamış və üzərindən hər hansı bir narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. O, həmin şəxslərdən kim olmalarını və nə üçün belə hərəkət etmələrini soruşan zaman onu təcili avtomobilə əyləşdirib yanında oturmuşlar. Bundan sonra avtomobilə əyləşən şəxslərdən biri öz xidməti vəsiqəsini təqdim edərək polis əməkdaşı olmasını bildirmişdir. Onlar avtomobili “Tarqovu” adlanan yerdə məhəllələrin içərisinə sürmüşlər. Orada avtomobildən polis əməkdaşlarından biri düşüb uzaqlaşmış və əlində dəqiq görmədiyi əşya ilə geri qayıtmışdır. Bundan sonra birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. Polis İdarəsinin otaqlarından birində onu yenidən döymüşlər. Sonradan polis əməkdaşları şəffaf sellefon bükümündə olan narkotik vasitəni masanın üzərinə qoyaraq ondan həmin narkotik vasitənin özünə aid olmasını söyləməyini tələb etmişlər. Polis əməkdaşları narkotik vasitəni ona verib cibinə qoymağını və çəkiliş aparılacağını söyləmişlər. Həmçinən polis əməkdaşları ona vurulmağı ilə əlaqədar hər hansı bir söz deməməsini, pilləkanlardan yıxılmağını söyləməyini tələb etmişlər. Ona dediklərinə əməl etmədiyi halda kilolarla narkotik vasitələrlə sənədləşdiriləcəyini bildirmişlər. O da polis əməkdaşlarının dediklərindən qorxub qeyd etdiklərini söyləmiş və tərtib olunmuş sənədləri imzalamışdır. O, həmin sənədləri oxumadan imza etmişdir. Polis əməkdaşları ona narahat olmamağını, onlarla əməkdaşlıq edərsə 3-4 gün ərzində buraxılacağını söyləmişlər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. xx xxxx 2020-ci il tarixdə Baş İdarəyə ünvan 2 ünvanında yaşayan İran İslam Respublikası vətəndaşı X1 Yasamal rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. O, əməliyyat qrupunun rəhbəri olmaqla idarənin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvünü təlimatlandırarkən Baş İdarəyə ünvan 2 ünvanında yaşayan İran İslam Respublikası vətəndaşı X2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin X14 xarici əlamətlərini bildirmiş, bundan sonra birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qış Parkı” istiqamətində getmişlər. Daxil olmuş məlumatda X14 qeyd olunan parkda tez-tez görsənməsi bildirildiyindən bir qədər həmin parkda dayanıb müşahidə aparmışlar. xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində qeyd olunan parkda xarici əlamətlərinə görə X18 bənzər şəxsin hərəkət etməsini görmüşlər. Parkın içərisində həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs İran İslam Respublikası vətəndaşı X17masını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra X18 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə ilk öncə X18 İran İslam Respublikası vətəndaşı olduğu üçün tərcüməçi təyin edilmişdir. Daha sonra isə ona hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bildirilmişdir. Sonra inzibati otaqların birində təhqiqatçı Nəcəf Aburşu tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında X15 barəsində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. O, əynindəki boz rəngli qısa yay şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellefon bükümü çıxararaq təqdim etmişdir. Bundan sonra Shahramın təqdim etdiyi hər iki sellefon kəsiyi bükümü təhqiqatçı tərəfindən açılmışdır. Sorğu zamanı X20 qeyd olunan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı X14 üzərinə axtarış keçirməyə başlanmışdır. Axtarış zamanı X14 əynində olan qırmızı rəngli qolsuz gödəkçənin sağ ön üst cibindən 70 manat məbləğində pul, əynində olan boz rəngli qısa yay şalvarının sol yan cibindən “Huawei” markalı, ekranı zədələnmiş mobil telefon aşkar edilmişdir. X14 üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə ölçülmüşdür. Aşkar edilmiş bükümlərin birlikdə 44 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər zərfin içərisinə qoyulub qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən zərf imzalanmışdır. X18 məxsus mobil telefon aparatı isə əhəmiyyət kəsb etdiyindən götürülmüş, üzərindən aşkar edilmiş 70 manat məbləğində pul isə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Sorğu zamanı X20 üzərindən aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsdən əldə etdiyini, yəni Mehdinin söylədiyi Xırdalan şəhəri ərazisindən götürdüyünü, həmin narkotik vasitəni Bakı şəhəri ərazisində onun dediyi yerə qoyduqdan sonra 170 manat məbləğində gəlir əldə edəcəyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il 6/980 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “İİR vətəndaşı Salimi Torkamaninin üzərindən aşkar olunmuş” və s yazılar olan 01 ədəd kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 38,710 qram və 2,684 qram, ümumi təmiz çəkiləri 41,394 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. İki bükümdəki heroin kütlələri xarici əlamətlərinə və kimyəvi tərkiblərinə əsasən eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 109/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs sağ yanaq nahiyəsinin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən öz boyu hündürlüyündən yıxılma zəminində sifətin sağ yarısının küt əşyaya dəyməsi nəticəsində yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 1998 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinə görə, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcbur müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun cinayət törətməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 62-65-ci səhifələrində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə müdafiəçisi Cahangir Cavadov və tərcüməçi Əli Rzayevin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, o, xx xxxx 1981-ci il tarixdə İran İslam Respublikasının Miyanə şəhərində anadan olmuşdur. 2008-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş və həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Rəssamlıq Akademiyasına daxil olmuş və ali təhsilini azərbaycan dilində alıb təhsilini başa vurmuşdur. O, ali təhsilini başa vurduqdan sonra İran İslam Respublikasına qayıdıb ailə həyatı qurmuşdur. Həyat yoldaşı 2013-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmiş və həmin ərəfələrdən narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. 2018-ci ildə Bakı şəhərinə işləmək məqsədi ilə gəlmişdir. Mehdi adlı həmyerlisini İran İslam Respublikasında olan zaman təxminən 2-3 il bundan öncə tanımışdır. Onunla həmin vaxt Azərbaycan Respublikasına gələn zaman “Biləsuvar” sərhəd məntəqəsində tanış olmuşdur. Həmin vaxt ünsiyyətləri yarandığından bir-birlərinə istifadələrində olan nömrələri vermişlər. O, öz istifadəsində olan ***-***-**-** saylı nömrəni Mehdiyə verib onunla əlaqə saxlamışdır. Təxminən 7-8 ay öncə Mehdi onunla əlaqə saxlayıb Bakı şəhərində özünə məxsus narkotik vasitənin olmasını və həmin narkotik vasitəni onun dediyi yerdən götürüb söyləyəcəyi şəxsə verməyini istəmişdir. Mehdi ona bu işin əvəzində pul verəcəyini və əlavə olaraq həmin narkotik vasitədən də pay da verəcəyini bildirmişdir. O da Mehdinin təklifi ilə razılaşıb həmin narkotik vasitəni Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində fəaliyyət göstərən mağazanın arxasından götürmüşdür. Narkotik vasitəni ona verdiyi nömrə ilə watsappla əlaqə saxlayıb həmin nömrənin istifadəçisinə vermişdir. Həmin şəxs isə ona 200 manat məbləğində pul vermişdir. Həmin pulun 50 manatını özünə götürmüş, qalan pulu isə Mehdinin ona göndərdiyi hesab nömrəsinə yükləmişdir. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Mehdi istifadəsində olan ***-***-**-** saylı nömrəyə watsapp proqramı vasitəsi ilə yığıb narkotik vasitənin qoyulduğu yerin şəklini ona göndərmişdir. Aralarındakı danışıq zamanı Mehdi ona narkotik vasitənin 50 qrama yaxın çəkidə olacağını və həmin narkotik vasitənin Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında olmasını, gedib həmin narkotik vasitəni götürməyini bildirmişdir. Danışığa görə o, narkotik vasitəni götürdükdən sonra Mehdinin verdiyi nömrəyə zəng edib həmin şəxsə çatdırmalı idi. Mehdi bunun əvəzində ona 170 manat məbləğində pul verəcəyini demişdir. O, həmin narkotik vasitəni qeyd olunan yerdən götürüb yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Səhərisi gün, xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində narkotik vasitəni Mehdinin ona dediyi şəxsə vermək üçün şortunun sağ yan cibinə qoyub yaşadığı ünvandan çıxmışdır. Həmin narkotik vasitə iki ədəd bükümdə olmaqla sellefanın içərisində olmuşdur. Saat 14:00-da Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsi, Qış Parkının qarşısında olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib qeyd olunan idarəyə onlarla birlikdə getməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib dediklərini qəbul etmişdir. Baş İdarəyə gəldikdən sonra Fars dilini bilən tərcüməçi dəvət olunmuş, bundan sonra hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Axtarış və götürmə aparılan zaman polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. O da əynində olan boz rəngli şortun sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 02 ədəd şəffaf sellefon bükümü təqdim etmişdir. Həmin şortun sol yan cibindən 01 ədəd “Huawei” markalı telefonu, əynində olan qırmızı rəngli gödəkçənin sağ ön üst cibindən 70 manat pulu təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, əlavə hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitələrə baxış keçirilmiş və zərfə qoyularaq üzəri möhürlənmiş, iştirakçılar, eləcə də özü tərəfindən imzalanmışdır. Bundan sonra isə üzərindən çıxan 70 manat pul özünə qaytarılmışdır. Mobil telefon isə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və doğru yazıldığı üçün protokola imza etmişdir. Cinayət işinin 83-86-cı səhifələrində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə müdafiəçisi Cahangir Cavadov və tərcüməçi Əli Rzayevin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən də yuxarıda qeyd olunan məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əmələrini törətməsini bir daha etiraf etmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışır. Cinayət işinə əlavə olunmuş «Şəxsi axtarış və götürmə haqqında» xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:00-da Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində yerləşən, “Qış Parkı” nın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şortun sağ yan cibindən 02 ədəd şəffaf sellefon bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması “Samsung” markalı mobil telefon aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 01 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd DVD disk xx xxxxxx 2020-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, cinayət işinin 210-214-cü səhifələrində Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru İlkin Qulubəylinin xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə polis əməkdaşları tərəfindən törətmədiyi cinayəti etiraf etməsi üçün işgəncələrə məruz qalması barədə ifadəsində göstərdiyi xüsusat üzrə aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Salimi Torkamani qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs Salimi Torkamaninin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında nəzəzrdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə İran İslam Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın tətbiqini də zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonrakı qalıq qalıq çəkisi 41,314 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı bir ədəd DVD disk və telefon məlumatlarının əks olunduğu bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən 70 (yetmiş) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkil X13 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 3 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonrakı qalıq qalıq çəkisi 41,314 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı bir ədəd DVD disk və telefon məlumatlarının əks olunduğu bir ədəd CD disk cinayət işində saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Vəkil X13 tərəfindən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 3 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar