Məhkəmə qərarları › İş №1(101)-578/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-578/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-578/2023 24.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X8 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanda yaşamış, yaşamış və hal-hazırda barəsində "həbs" qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal ərazisində şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısına daxil edilmiş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,436 qram və 1,011 qram, ümumi təmiz çəkisi 1,447 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, eləcə də 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,777 qram və 1,458 qram, ümumi təmiz çəkisi 2,235 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 avqust 2022-ci il tarixdə saat 14:05 dəqiqədə yaşadığı ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq 29-cu PŞ-ə gətirilmiş, üzərində axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd «Marlbro» siqaret qutusunun içərisində saxladığı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,436 qram və 1,011 qram, ümumi təmiz çəkisi 1,447 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də əlavə olaraq 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,777 qram və 1,458 qram, ümumi təmiz çəkisi 2,235 qram olmaqla külli miqdar təşkil edən ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, əynindəki şalvarın sağ yan cibindən isə üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 4-5 il olar ki, narkotik vasitə olan, “kakos” kimi tanıdığı heroini falqaya qoyub çəkir, hərdən psixotrop maddə olan, “patı” kimi tanıdığı metamfetamini də falqaya qoyub çəkir. 30 avqust 2022-ci il tarixdə saat 17 radələrində Yeni Yasamal ərazisindən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 45 manata 4 büküm mal almışdır. Həmin bükümlərdən 2 ədədi “kakos”, yəni heroin, 2 ədədi isə “patı”, yəni metamfetamin olmuşdur. O, həmin maddələri özü istifadə etmək üçün almışdır. Həmin maddələri alıb evə gəlmiş, şalvarının cibində «Marlbro» siqaret qutusunun içinə qoymuşdur. Səhəri gün saat 13-14 radələrində evdən həyətə düşmüşdür ki, münasib yer tapıb həmin maddələrdən istifadə etsin. Həyətə düşəndə zibilliyin yanından keçərkən 1 ədəd elektron tərəzi tapmışdır. Tərəzini yerdən götürüb cibinə qoymuşdur ki, gələcəkdə narkotik vasitəni alanda çəkidə onu aldatmasınlar, həm də istifadə edərkən doza həddini aşmasın. Bu zaman piyada hərəkət edən vaxt ona tanımadığı mülki geyimli 2 nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini çıxarıb təqdim etmişlər. Onlar onu polis şöbəsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə getmişlər. Həmin vaxt “patı” və “kakos” əynindəki göy rəngli şalvarının cibində siqaret qutusunun içərisində olmuşdur. Eyni zamanda tərəzi də şalvarının digər cibində olmuşdur. Polis əməkdaşları tərəfindən İdarədə onun şəxsiyyəti müəyyənləşdirilmiş və onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları üzərində qeyri qanuni nə varsa çıxarıb təqdim etməyini bildirmişlər. O da əynindəki şalvarın cibindən bir ədəd «Marlbro» siqaret qutusunun içərisindən 4 ədəd bükümü, 2 ədəd “kakos” olan büküm və 2 ədəd “patı” olan bükümü, şalvarının digər cibidən isə 1 ədəd elektron tərəzini çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan bu maddələrin nə olduğunu soruşduqda bu maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Yeni Yasamaldan tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrinin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərində aşkar olunmuş elektron tərəzini yoldan tapmış, öz istifadəsini tənzimləmək üçün, eyni zamanda malları aldıqda çəkidə onu aldatmasınlar deyə götürmüşdür, özü ilə gəzdirmişdir. Onun üzərindən aşkar olunmuş tərəzi ilə bağlı bildirmək istəyir ki, tərəzini təsadüfən yolda tapmış, onu polis əməkdaşları tutana qədər hələ istifadə etməmiş, yalnız istintaq zamanı həmin elektron tərəzinin düzgün işləmədiyindən xəbəri olmuşdur. Son olaraq bildirmişdir ki, himayəsində 3 övladının olmasının, arvadı X1 vəzinin xərçəngi diaqnozunun olduğunun, müalicə aldığının, ailədə yeganə qazanc gətirən şəxs olmasının və bütün qeyd etdiklərinin nəzərə alınmasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı X7 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 31 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Yasamal RPİ 29-cu PŞ-ə əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsi və digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli olmuşdur. Bu məqsədlə onun özündən, Yasamal RPİ 29-cu PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 31 avqust 2022-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ 29cu PŞ-yə dəvət etmişlər. 29-cu PŞ-də, xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd «Marlbro» siqaret qutusu və içərisində 04 ədəd şəfaff seloffanda olan büküləri, əynində olan şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək, həmin 4 ədəd bükümdən 2 ədədinin narkotik vasitə hesab edilən heroin- kakos, digər 2 bükümün isə psixtorop maddə hesab edilən metamfetamin-patı olduğunu bildirmişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni tutulan günündən 1 gün əvvəl saat 17 radələrində Yeni Yasamal ərazisindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi 01 ədəd elektron tərəzinin də özünə məxsus olduğunu, narkotik vasitəni alarkən çəkidə aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin sahə inspektoru polis leytenantı Şahid2 X7 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2022- ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində faktiki olaraq tutulmuşdur. (cild 1, iş vərəq 20) Cinayət işi materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində 31 avqust 2022-ci il tarixdə saat 14-05-də ünvan 5 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-ə gətirilmiş və Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd “Marlbo” siqaret qutusu, içərisində 4 ədəd şəffaf sellofanda olan bükülünü və əynində olan şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükülülərin içərisində narkotik vasitə olan “şüşə”, “kokos” olduğunu və həmin narkotik vasitələrə oxşar kütləni 30 avqust 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Yeni Yasamal ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə alıb üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Elektron tərəzinin isə özünün olduğunu, aldığı narkotikləri çəkidə yoxlamaq üçün istifadə etdiyini bildirmişdir. (cild 1, iş vərəq 31-33) Cinayət işi materiallarında olan 6/4686 ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd siqaret qutusunda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,436 qram, 1,011 qram ümumi təmiz çəkisi 1,447 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,777 qram, 1,458 qram ümumi təmiz çəkisi 2,235 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Təqdim edilən bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. (cild 1, iş vərəq 43-46) Cinayət işinə əlavə edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, iş vərəq 56-57) Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 737/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 77-81) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. (cild 1, iş vərəq 84) Cinayət işi materiallarında olan 10/6837 ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 100 qram çəki daşının çəkisindən 0,17 qram az olmaqla göstərdiyi və bununla da elektron tərəzinin xəta ilə işlədiyi müəyyən edilmişdir. (cild 1, iş vərəq 130-132) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli 6628 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəq 156) Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı andan narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. İbtidai araşdırmanın sonrakı bütün müddəti ərzində də o, narkotik vasitəni və psixotrop maddəni ardıcıl olaraq özünün şəxsi istehlakı üçün əldə etdiyini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış narkotik vasitənin və psixotrop maddənin-maddi sübutların mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində cinayət işini təhqiqat orqanı tərəfindən toplanmış ilkin materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlamışdır (cild 1, iş vərəqə 1). Şübhəli şəxs kimi isə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulmuş (cild 1, iş vərəqə 19) və 02 sentyabr 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 56). Təqsirləndirilən şəxs qismində dindirilərkən də Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, üzərindəm aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün almış, üzərindən aşkar olunmuş tərəzini isə tutulduğu gün həyətdən tapmış, gələcəkdə narkotik vasitə istifadə edərkən çəkisini ölçmək üçün üzərində saxlamışdır. (cild 1, iş vərəqə 61-62). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixtrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və həmin maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin və ya psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tərəziyə münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, tərəzinin mövcudluğu təqsirləndirilən şəxsin onu narkotik vasitə və psixotrop maddələrin satışı məqsədilə istifadə etməsinə dəlalət etmir. Belə ki, ekspert rəyindən göründüyü kimi həmin elektron tərəzinin xəta ilə işlədiyi müəyyən edilmişdir. Belə olan halda həmin tərəzinin işlək vəziyyətdə olmamasına görə Təqsirləndirilən şəxs ondan istifadə edərək narkotik maddə və ya psixotrop maddənin satışı ilə məşğul ola bilməzdi. Bundan başqa Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, həmin tərəzini yolda tapanda götürüb özündə saxlamasında məqsədi narkotik maddə və ya psixotrop maddə alarkən onu aldanmamaq və özü də istifadə edərkən çəkini tənzimləmək istəməyi olub. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 1,347 qram heroin, 2,135 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında onun narkotik vasitələrin və psixotrop maddənlərin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut, hətta yanakı dəlil yoxdur. Şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən onun üstündən tapılmış narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumatın olmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda tək psixtrop maddənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda və iki bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülməlidir. “Satma” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq hər hansı üsulla yayılması anlaşılır. Buraya: satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurma və.s üsullar daxildir. Hazırkı cinayət işi üzrə ibtdiai istintaq zamanı aparılan araşdırma nəticəsində Təqsirləndirilən şəxs əməlində bu üsulların hər hansı birindən istifadə olunması müəyyən edilməmiş ümumiyyətlə onun satış məqsədini sübuta yetirəcək hər hansı fakt mövcud olmamışdır. Məhkəmə istintaqı zamanı da bu hal öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin tərkibi olduğundan, əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını, arvad Sona Mirzəxanovanın süd vəzinin xərçəngi diaqnozu ilə müalicə aldığını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı azadlığı faktiki məhudlaşdırılmaqla şübhəli şəxs qismində tutulduğu andan, yəni 31 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş- Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,135 qram psixotrop maddə olan metamfetamin, 1,347 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə təyin olunmuş ekspertiza tədqiqatına görə 65 (altmış beş) manat və məhkəmə texniki ekspertizası üzrə təyin olunmuş ekspertiza tədqiqatına görə 102 (yüz iki) manat, cəmi 167 (yüz altmış yeddi) manat məhkəmə xərcləri vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən cəmi 167 (yüz altmış yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş- Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,135 qram psixotrop maddə olan metamfetamin, 1,347 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 167 (yüz altmış yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar