Məhkəmə qərarları › İş №1(101)-578/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-578/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-578/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 5 iyun 1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, M.Rüstəmov küçəsində kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 yanvar 2024-cü il tarixdə, saat 12:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1,022 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 2,761 qram təşkil edən psixotrop maddə metamfetamini 50 (əlli) manat pul müqabilində əldə edib üzərində saxlayaraq daşımış, 14 mart 2023-cü il tarixdə, saat 08:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X8 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən şübhəli davranışlarına görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Şir heykəli” deyilən ərazinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş 2 (iki) ədəd büküm olmaqla, həmin bükümlərdən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,022 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə isə təmiz çəkisi 2,761 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək 20 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında ifadə verərək göstərdi ki, üzərində ona elan edilmiş ittihamda göstərilən çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin videoçəkiliş zamanı olmuş, lakin həmin predmetləri satış məqsədi ilə əldə etməmiş, onun üzərində ümumiyyətlə elektron tərəzi də olmamışdır. Belə ki, Yusif adlı şəxs onlara ünvan göndərəcəyini, həmin ünvana gedib narkotik vasitə və psixotrop maddəni götürməsini demiş, o isə həmin ünvanı Zaur adlı şəxsin istifadəsində olan mobil telefonuna göndərmişdir. Daha sonra Zaur adlı şəxslə narkotik vasitə və psixotrop maddə götürməyə getmişlər, lakin həmin narkotik vasitə və psixotrop maddəni götürmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Zaur adlı şəxsin mobil telefonunda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin yerləşdirildiyi ünvan göstərildiyindən polislər onları saxladıqdan sonra sonuncular həmin telefonda göstərilən ünvana gedib ağacın üzərindən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürmüşlər. Onlar gecə saat 3-4 radələrində polis şöbəsinə gətirilmiş, daha sonra videoçəkiliş aparılmışdır.

3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, psixotrop maddə metamfetamindən istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddənin olduğu ünvanı Yusif adlı şəxs Zaurun istifadəsində olan mobil telefona göndərmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən Zaur adlı şəxslə birlikdə olmuş, narkotik vasitə və psixotrop maddəni götürməyə sonuncunun idarə etdiyi avtomobillə getmişlər. Narkotik vasitə və psixotrop maddə Yusif adlı şəxsə məxsus olmuş, sonuncu həmin predmetləri götürmələri müqabilində sonradan onlara həmin narkotik vasitə və psixotrop maddədən istifadə etmək üçün verəcəyini vəd etmişdir. O, Zaurla birlikdə 4-5 nəfər polis əməkdaşı tərəfindən tutulduqdan sonra Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparılmışdır. Saxlanılarkən Zaur və onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamış, bölmədə polis əməkdaşları həmin predmetləri onun üzərinə qoyaraq törətmədiyi əməli boynuna almasını tələb etmişlər. Polis əməkdaşları Zaurun mobil telefonuna göndərilmiş “konuma” gedərək oradakı ağaca yerləşdirilmiş narkotik vasitə və psixotrop maddəni götürmüşlər. Həmin vaxt üzərində sadə mobil telefon olmuşdur. "xxxx" MMC mobil operatoruna məxsus 077 315 86 54 saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Saxlanılarkən təxminən gecə saat 3-4 radələri olmuşdur. Üzərində videoçəkiliş isə saxlanıldıqları günün səhər saatlarında olmuşdur. Polis əməkdaşları tərəfindən sillə və təpiklə vurulmaqla fiziki təzyiqlərə məruz qalaraq döyülmüş, lakin bədənində hər hansı xəsarət izləri olmamışdır. Sonradan saxlanıldığı istintaq təcridxanasına daxil olarkən onun bədəni üzərində hər hansı xəsarətin olub-olmaması yoxlanılmamışdır.

4. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixli məhkəmə iclasında ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşları Şahid2 və Şahid1 onun saxlanılmasında ümumiyyətlə iştirak etməmişdir. Həmin polis əməkdaşları ondan narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə sənədləşdirilməməsi üçün iki min manat pul tələb etmişlər. Bu səbəbdən soyadını, atasının adını və ünvanını bilmədiyi tanışı Yusif adlı şəxsə zəng edib ondan pul istəmiş, lakin polis əməkdaşları tərəfindən ondan “buraxılması” üçün pul tələb edilməsi barədə hər hansı şəxsə məlumat verməmişdir. Onları saxlayan başqa dörd-beş nəfər şəxslə buraxılmaları barədə danışmış, gecə saat 3-4 radələrində “Bülbülə” restoranı yaxınlığına aparılmış və orada 1 saat saxlanıldıqdan sonra 32-ci Polis Bölməsinə getmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən müalicə olunmaq istədiyini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən iki aydır psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. 14 mart 2023-cü il tarixdə, təxminən saat 08:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Şirin heykəli” deyilən yerin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq Bakı şəhəri, Suraxanı RPİnin 32-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə həmin bölmənin inzibati binasına gəlmişdir. Bölmənin inzibati binasındakı xidməti otaqlardan birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində hər hansı qeyri-qanuni predmet və ya əşya varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxlayaraq daşıdığı bir büküm narkotik vasitə olan heroini, bir büküm isə psixotrop maddə metamfetamini cibindən çıxararaq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin iki büküm kütlənin ondan nə olduğu soruşulduqda təqdim etdiyi bir büküm kütlənin narkotik vasitə heroin, bir büküm kütlənin isə psixotrop maddə metamfetamin olduğunu və həmin bükümləri öz istifadəsi məqsədilə üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman saxlanılması və ya daşınması qadağan edilmiş başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunaraq o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sorğu zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 14 mart 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşından 50 manata almışdır. O, ifadəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, xəstə olduğundan öz istifadəsi üçün əsasən narkotik vasitə tiryək əldə edərək istifadə etdiyini, həmçinin narkotik vasiyə olan heroini və psixotrop maddə olan metamfetamini çəkmək yolu ilə istifadə etdiyini, təxminən iki aydır narkotik vasitə tiryəkdən də istifadə etdiyini göstərmişdir. "xxxx" MMC-dən bir ədəd diskdə təqdim edilmiş onun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə digər mobil telefon nömrələri arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə jarqon ifadələrlə ilə aparılmış sms-mesaj yazışmalarla bağlı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həmin mobil telefon nömrələrinin kimə məxsus olmasını, habelə həmin nömrələrə istifadəsində olmuş mobil telefon telefon nömrəsindən göndərilən və daxil olan sms-mesaj mətnlərinin məzmunlarını xatırlamır. Zaurun onun üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmamış, nə Zaurla, nə də hər hansı başqa şəxslə qabaqcadan əlbir olararaq hər hansı narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 50-51; 63-65; 143-145;).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X8 7-ci Patrul Bölüyünün polis nəfəri (bundan sonra mətndə - DİNin ƏÇPA), polis serjantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 14 mart 2023-cü il tarixdə, saat 08:30 radələrində xidmət yoldaşı DİN-in ƏÇPA-nın 7-cı Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2lə birlikdə onlara təhkim olunmuş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində xidmət aparan zaman Qaraçuxur qəsəbəsində yerləşən “Şirin dairəsinin” yaxınlığında iki nəfər şəxsin özlərini şübhəli aparmasını görmüş və həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək onlardan da özlərini təqdim etməsini tələb etmişlər. Həmin şəxslər də özlərini Təqsirləndirilən şəxs və Şahid3 kimi təqdim etmişdir. Həmin iki nəfər şəxsi sorğu-sual etməyə başlamışlar və onlar verilən suallara qeyri-səlis və narahat şəkildə cavablar verməyə başlamışlar. Bu zaman onlardan birinin narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olmasından şübhələnmişlər və onlara üzərlərinə şəxsi axtarış keçirilməsinin zəruri olduğunu izah edərək ərazi üzrə Bak şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Həmin iki nəfər şəxs də razılaşaraq onlarla birlikdə 32ci PB-nə gəlmişlər. Belə ki, əraziyə avtopatrul çağıraraq onları bölməyə aparmışlar. Həmin şəxslərə 32-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə əvvəlcə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 2 (iki) ədəd bükümü, əynindəki gödəkçənin sol yan cibindən isə bank kartı, metro kartı və pul kisəsini, eləcə də əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin iki ədəd büküm açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması, nə vaxt, kimdən və hansı üsulla əldə etməsi soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içində “kola” və digər bükümün içərisində isə “patı” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu, həmin predmetləri 14 mart 2023-cü il tarixdə təxminən saat 8 radələrində İran İslam Respublikası vətəndaşı olan tanımadığı şəxsdən “zaklatka” yolu ilə Suraxanı rayonunda cəmi 50 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin iki ədəd büküm, bank kartı və bir ədəd “Nokia” markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.

9. Verilmiş suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid3 təxminən səhər saat 8:25 radələrində saxlamış, onlar saxlanılarkən, habelə Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Onlara qarşı hər hansı qanunsuz tələb, o cümlədən pul tələbi olmamışdır.

10. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 7-ci Patrul Bölüyünün, polis nəfəri, polis serjantı Şahid2 Astan oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, şəxsin saxlanıldığı yerdən 32-ci Polis Bölməsinə qədər olan məsafə təxminən 8-10 dəqiqədir. Şəxslər saxlanıldıqdan sonra onların “Bülbülə” restoranına aparılması və orada sonunculardan pul tələb edilməsi barədə məlumatı yoxdur. “Bülbülə” restoranı ümumiyyətlə onların xidməti ərazi dairəsinə daxil deyildir.

11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hazırda “Uber” taksi şirkətində sürücü işləyir. Həmin şirkət tərəfindən ona idarə etməsi üçün etibarnamə əsasında “Toyota Prius” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmiş və həmin avtomobil ilə şirkətin verdiyi sifarişləri icra edir. Təqsirləndirilən şəxs hadisədən təxminən bir neçə ay əvvəl avtoyuma məntəqəsində avtomobilləri yuyub-təmizləyən şəxs kimi tanımışdır. Belə ki, Rəşid bir neçə dəfə həmin avtoyuma məntəqəsində onun idarə etdiyi avtomobili təmizlədiyi üçün onunla münasibət yaranmışdır. 14 mart 2023-cü il tarixdə, təxminən saat 7 radələrində o, səhər tezdən idarə etdiyi avtomobili təmizlətdirib işə çıxmaq üçün həmin avtoyuma məntəqəsinə getmiş, həmin vaxt Rəşid avtomobilini yuyub təmizlədikdən sonra onu Suraxanı rayonunda yerləşən “Şirin heykəli” deyilən yerə aparıb gətirməsini xahiş etmişdir. Rəşiddən hara və nə üçün getdiklərini soruşduqda isə şəxsi məsələsi olduğunu demişdir. Rəşid ona şəxsi işi ilə əlaqədar dediyi yerə gedəcəyini dediyi üçün ondan əlavə heç nə soruşmamışdır. O, Rəşidi idarə etdiyi avtomobil ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Şirin heykəli” deyilən yerin yaxınlığına gətirmişdir. Həmin yerə çatanda Rəşid avtomobili saxlamağını bildirmişdir. O, avtomobili saxlamış, Rəşid avtomobildən düşərək nəsə axtarmağa başlamış, o isə avtomobildən düşüb siqaret çəkməyə başlamışdır. Elə bu zaman polis avtomobili onlara tərəf gələrək, həmin avtomobildən bir neçə nəfər polis əməkdaşı düşərək onlara yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onların kim olması barədə maraqlanmışlar. O və Rəşid özlərini təqdim etmiş, bundan sonra onları ərazi üzrə Suraxanı rayonu, 32-ci Polis Bölməsinə dəvət etmişlər. Orada hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Daha sonra onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı onun üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra onun narkotik vasitə və ya psixotrop maddələrdən istifadə edib etməməsinin yoxlanılması üçün o, müayinəyə göndərilmişdir. Belə ki, o, özü narkotik vasitə və psixotrop maddələrdən əvvəllər tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Bu barədə Rəşidlə yaxın münasibəti olmadığına görə danışmamışdır. Rəşidlə narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, onunla hər hansı əlbirliyi olmamışdır. Hazırda narkotik vasitə və ya psixotrop maddələrdən artıq istifadə etmir. Həmin dövrdə onun müayinəsi zamanı qanında narkotik vasitə və psixotrop maddənin istifadə etməsi müəyyən olunduğuna görə, onun barəsində inzibati qaydada protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi tərəfindən barəsində 21 (iyirmi bir) gün müddətinə inzibati həbs tənbehi verilmiş və o, həmin müddət ərzində inzibati həbsdə qaldıqdan sonra azadlığa buraxılmışdır. Onun Təqsirləndirilən şəxs narkotik maddələri götürmək üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Şirin heykəli” deyilən yerə getməsi barədə məlumatı olmamışdır. Bu barədə onun məlumatı olsaydı, Rəşidi həmin yerə aparmaqdan imtina edərdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və ya psixotrop maddələrin kimə məxsus olması barədə hər hansı məlumatı yoxdur. Rəşiddən həmin yerə getmələrinin səbəbi barədə soruşduqda o, şəxsi məsələsi olduğunu dediyi üçün Rəşiddən başqa heç nə soruşmamışdır. O, heç vaxt tək halda və ya Rəşidlə və yaxud başqa hər hansı bir şəxslə qabaqcadan əlbir olub narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmamışdır.

12. Verilmiş suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, o, səhər saatlarında avtomobilini yuduzdurduqdan sonra evə qayıdarkən Təqsirləndirilən şəxs onu da evə aparmağını xahiş etmişdir. Rəşid Qaraçuxur qəsəbəsində yerləşən “Şir” heykəlinin yanında ona işinin olduğunu, həll etdikdən sonra gələcəyini və onu orada gözləməsini deyərək maşından düşmüş, lakin Rəşidin hara getməsinə fikir verməmişdir. Rəşid geri qayıdıb avtomobilə əyləşdikdən sonra iki nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış zamanı üzərindən narkotik vasitə və psixotrop maddə çıxdığını öyrənmişdir. Onun da üzərində şəxsi axtarış aparılmış, lakin videoçəkilişdən istifadə olunmamışdır. O, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən orada iştirak etməmiş, buna görə də sonunucunun üzərindən nəyin çıxmasını polis əməkdaşlarının deməsinə görə sonradan bilmişdir. O, hadisə vaxtı avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyinə görə 21 gün müddətə inzibati qaydada həbs edilmişdir. Polis əməkdaşları onları polis bölməsinə aparana qədər yolda gözlətməmiş və buraxılmaları üçün onlardan hər hansı məbləğdə pul istəməmişlər. O, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə istifadə etməsini, habelə narkotik vasitə və ya psixotrop maddə götürmək üçün avtomobildən düşməsini bilməmişdir.

13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

14. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 14 mart 2023-cü il tarixdə, saat 08:30 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman ondan şəffaf rəngli sellofana bükülmüş 2 (iki) ədəd bükümdə, həmin bükümlərdən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,022 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə isə təmiz çəkisi 2,761 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktına görə Bakı şəhəri Suraxanı Rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin (bundan sonra mətndə - Suraxanı RPİ-nin 3-ci PB) təhqiqatçısı, polis mayoru X5 tərəfindən 14 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v.1;).

15. DİN-in ƏÇPA-nın 7-ci Polis Bölməsinin polis nəfərləri, polis serjantları Şahid1 və Şahid2 Astan oğlu tərəfindən Suraxanı RPİ-nin 32-ci PB-in rəisi, polis mayoru Samir Çobanova ünvanlanmış raportdan görünür ki, 13 mart 2023-cü il tarixdə, təxminən saat 08:30 radələrində xidmət apardıqları inzibati ərazidə Qaraçuxur qəsəbəsində yerləşən “Şirin dairəsi” adlanan yerin yaxınılığında iki nəfər şəxsin özünü şübhəli apardıqlarını görüb həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsləri sorğu-sual etmiş, bu zaman həmin şəxslərdən birinin narkotik vasitənin təsiri altında olduğunu hiss edib həmin şəxsləri polis bölməsinə dəvət etmişlər. Polis bölməsində sonuncuların 1 dekabr 1979-cu il təvəllüdlü Şahid3 və 5 iyun 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur (Cild 1, i.v.4).

16. “Şübhəli şəxsin tutulması haqqında” 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən həmin tarixdə, saat 9:40-da müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə, saat 9:55-dən saat 10:10dək bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, onun saxlanıldığı 14 mart 2023-cü il tarixdə, saat 8:30-dan tutulmuş hesab edilmiş, həmin tarixdə, saat 8:40-da 32-ci PB-nə gətirilmişdir (Cild 1, i.v.16).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisi X4 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Suraxanı RPİ-nin 32ci PB-in təhqiqatçısı, polis mayoru X5 tərəfindən DİN-in ƏÇPA-nın 7-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid1 və Şahid2 Astan oğlunun iştirakı ilə Suraxanı RPİnin 32-ci PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 2 (iki) ədəd şəffaf sellofana bükülmüş bükümü, sol yan cibindən isə 1 (bir) ədəd özünə məxsus bank kartı və metro kartı olan pul kisəsini, həmçinin göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir, həmin bükümlərin içərisində “kola” və “patı” kimi tanıdığı maddələr olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələri 14 mart 2023-cü il tarixdə, saat 8 radələrində tanımadığı İran İslam Respublikası vətəndaşından “zaklatka” yolu ilə Suraxanı rayonunda tanımadığı şəxsdən 50 (əlli) manat ödəməklə almışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd şəffaf sellofanda olan bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə DİN-in ƏÇPA-nın 7-ci Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid1 tərəfindən videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra həmin gün, saat 10:20-dən 10:35-dək bu barədə protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Sonradan müdafiəçinin həmin protokolla tanış olaraq protokolu imzalaması müəyyən edilmişdir (Cild 1, i.v. 24; 27-28).

18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 7 dəqiqə 40 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq R.A.Nuriyev tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakı ilə baxış keçirilməsinə dair müvafiq olaraq 14 iyun 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 134;).

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/1563 saylı, 14 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 196“ dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,022 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,761 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 1,022 qram, tədqiqata cəmi sərf edildi 0,05 qram, qalıq 0,972 qram. Metamfetaminin ümumi təmiz çəkisi 2,761 qram, tədqiqata cəmi sərf edildi 0,05 qram, qalıq 2,711 qram. Aparılmış tədqiqatın dəyərinin 80 (səksən) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 35-40;).

20. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işi istintaqın davam etdirilməsi üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 42).

21. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 45).

22. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi X4 iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 1, i.v. 55-56).

23. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 4(010)- 123/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 14 mart 2023cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında avtoyuma yerində işlədiyini və bir neçə ay orada həm də yaşadığını qeyd etmişdir. Belə ki, gecələr işləyə bilsin deyə oyaq qalmaq üçün narkotik vasitədən istifadə etdiyini, həmin gecə tanışı tərəfindən “Whatsapp” vasitəsilə narkotik vasitələri verəcəyi adamın olduğu ünvan barədə məlumat alıb həmin ünvana getdiyini və narkotik vasitələri alan kimi tutulduğunu, əslində bir hissəsini özü üçün, qalanlarını isə həmin tanışına verəcəyini bildirmişdir. Həmin məhkəmənin 14 iyul 2023-cü il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 3 avqust 2023-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v. 75-77;183-185).

24. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 3(010)- 1435/2023 saylı qərarından görünür ki, Şahid3 Azərbaycan Respublikasının İnzibati- Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 21 (iyirmi bir) gün müddətinə inzibati həbs olunmuş, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilmiş və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi qərara alınmışdır (Cild 1, i.v. 78-79).

25. “Maddi sübut hesab edilməsi haqqında” 16 mart 2023-cü il tarixli qərardan və müvafiq məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,022 qram kustar üsulla hazırlanmış narkotik vasit heroin (tədqiqata sərf edildikdən sonra qalıq 0,972 qram) və təmiz çəkisi 2,761 qram təşkil edən psixotrop maddə metamfetamin (tədqiqata sərf edildikdən sonra qalıq 2,711 qram) cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil veriilmişdir (Cild 1, i.v. 80; 166;).

26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 28 mart 2023-cü il tarixli cavabından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilmiş, həmçinin Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 28 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (cild 1, i.v. 99-100; 105-107).

27. Mingəçevir Şəhəri 2 saylı MİS-nin rəisi V.X.Hümbətov tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, C.Əliyev küçəsi, bina 26, mənzil 58-də qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır, həmin mənzil başqa şəxsə məxsusdur. Arayışda Təqsirləndirilən şəxs hansı ünvanda yaşaması və ailə üzvləri barədə MİS-də məlumat olmadığından onun barəsində ailə tərkibi haqqında arayış və xasiyyətnamənin verilməsinin mümkün olmaması qeyd edilmişdir (cild 1, i.v.109- 110).

28. Suraxanı RPİ-nin 32-ci PB-nin rəisi, polis mayoru Samir Çobanovun 18 may 2023cü il tarixli məktubunda göstərilmişdir ki, zəruri əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v.121).

29. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 8 aprel 2023-cü il tarixli, 911 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onunla istintaq hərəkətlərini həyata keçirmək mümkündür. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin təsviri-əsaslandırı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələrdən “anaşa” qəbul etməsini bildirmişdir (cild 1, i.v. 122-124).

30. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 9 iyun 2023-cü il tarixli, 3612 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, deməsinə görə, iki aydır narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Narkotik vasitələr və psixotrop maddələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşmışdır (Cild 1, i.v.125-126).

31. “Diskə baxış keçirilməsi haqqında” 6 iyul 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında alınmış 1 (bir) ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi A.A.Ağayev tərəfindən baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, 23 fevral 2023-cü il tarixdə, saat 20:39:21-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Ferid 200 manat pul nece tapa bilerik 20 qram pati goturek”, 26 fevral 2023-cü il tarixdə, saat 17:46:37də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Ureyim sene qurban 25 manatim var yarim hell ede bilersenmi”, 2 mart 2023-cü il tarixdə, saat 22:30:18-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Abi cox vacibdi qonajim var sabah inşallah goturecem bu gunluk 40 manata 1 vere bilersenmi qardasin ucun - Vallah qaqam sabah goturen kimi yari sənindi", 4 mart 2023-cü il tarixdə, saat 03:45:26-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Qaqas guya 15 qram gondermeli idi sende hirslendaa mene birazdan”, 6 mart 2023-cü il tarixdə, saat 12:34:20-də ***-***-**-** saylı mobil telefon nömrədən ***-***-**-** saylı mobil telefon nömrəsinə “ Kola isdiyen var - Yari neceyedi - Deyerem - Gelirem temiz olsun terezi goturub ...(söyüş var)- Qaqam 25 verecem sene”, 8 mart 2023-cü il tarixdə, saat 01:15:52də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobili telefon nömrəsinə “Qaqa qurban olaram usaq var xeber gozduyurem nolar gor 100 manat hell ede bilirsen nolar bezmisem vallah”, 9 mart 2023-cü il tarixdə, saat 23:22:51-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “**********812853 qaqa leo bankdi qurban olum tezol .... (söyüş var) beynimi”, 11 mart 2023-cü il tarixdə, saat 15:57:52-də ***-***-**-** saylı mobil telefon nömrədən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Yusqa bidenede 10 lux getir olurem calis tez gelda nolar”, 13 mart 2023-cü il tarixdə, saat 19:37:04-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Qaqam eger vermek isdemirsense de vallahi billahi incimerem hecvaxt cunki meni gozduyuller cox sajol”, 14 fevral 2023-cü il tarixdə, saat 03;30:08-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Qaqa dedim istiyirsen 40 ver bibi oğluya vermiyik pula ehtoyacim var ona o qiymete verecem 2 ncisi dedim neye gucum catir verecem 3 ncusideki demedim qonagim var dedin ximciskani yola verim - Qaqam temizdi 05” , 14 fevral 2023-cü il tarixdə saat 04:02:37- də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Abim sene verdiyimide tok bidamcida ozum goturmuwwm - Bele wey yazmada brat smsde” , 24 fevral 2023-cü il tarixdə, saat 17;38:07-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Yeke kiwisen adama bir cvb denende dunnrn seni gozduyurem - Qaqa gelecem 1 saata - Var nese - Camaaata soz verim? - 1 saata - heeeeee - onda 1 sata deyirəm”, 26 fevral 2023-cü il tarixdə, saat 17:47:47-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Senin malin gelmedi”, 2 mart 2023-cü il tarixdə, saat 22:30:59-da ***- ***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “ 40 m dobru alinar - 40 sene vore 07 falan qoyaram”, 4 mart 2023-cü il tarixdə, saat 03:45:27-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Qaqas guya 15 qram g" , 6 mart 2023-cü il tarixdə, saat 12:34:22-də ***-***-**-** saylı mobil telefon nömrədən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Kola isdiyen var - 20 deq gel - Yari neceyedi - 30 Qaqam 25 verecem sene - Menim .. (söyüş var) yeyir 25 m verir terezide getirib var yoxun,... (söyüş var) temiz cekinu qarayevde 40 verirler” ,11 mart 2023-cü il tarixdə, saat 02:52:52-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***- ***-**-** saylı mobil telefon nömrəsinə “Ayqaa acc iwim var ot lazimdi” məzmununda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və satışı ilə bağlı çoxsaylı sm-mesaj mətnləri və yazışmalar müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**- ** saylı mobil telefon nömrəsinin özünün istifadəsində olmasını təsdiq edərək sms mesajlarının məzmununu xatırlamadığını bildirmişdir (Cild 1, i.v. 141-142).

32. “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 6 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd “DVD-R” diski və "xxxx" MMCdən alınmış 1 (bir) ədəd “CD” disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 1,022 qram narkotik vasitə heroini və 2,761 qram psixotrop maddə metamfetamini əldə etdiyi naməlum şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata cinayət işinin ayrılaraq icraata götürülməsi qərara alınmışdır (Cild 1, 146-156).

33. “Cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında” 6 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1,022 qram narkotik vasitə heroini və 2,761 qram psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə ********* saylı cinayət işindən müstəntiq Rəşad Nuriyev tərəfindən ayrıca icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v. 158-159).

34. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.M.Nuriyev tərəfindən 10 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 11 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.167-177;).

35. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 2608/2023 saylı məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin kitabçada göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirilmiş, həm özünün deməsinə, həm də müayinəyə əsasən üzərində hər hansı yeni zədə və xəsarət izləri aşkar olunmamışdır (Cild 2).

36. Müdafiə tərəfinin vəsatəti əsasında verilmiş sorğuya əsasən Suraxanı RPİ-nin 32-ci PB-nin rəisi, polis mayoru Samir Çobanov tərəfindən imzalanmış 23 yanvar 2024-cü il tarixli məktub və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə, saat 08:30-da DİN-in ƏÇPA-nın 7-ci Patrul bölüyünün polis nəfərləri, polis serjantları Şahid1 və Şahid2 tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şir heykəli” deyilən yerdə saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə hesab edilən 2 (iki) ədəd bükümdə 1,022 qram heroin və 2,761 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin gün şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs saat 8:35-də PB-nə gətirilmiş, 11:10-da RPİ-nin MSY-nə təhvil verilmişdir (Cild 2).

37. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs ailə tərkibi 9 iyul 1986-cı il təvəllüdlü arvadı X2 və 5 sentyabr 2006-ci il təvəllüdlü qızı Ayşən Abdullayevadan ibarətdir (Cild 2). Əməlin tövsifi və digər hüquqi məsələlər:

38. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

39. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

41. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

42. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

43. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

44. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroininin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

45. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 1,022 qram narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 6,8 dəfə artıq olması, habelə 2,761 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının isə şəxsi istehlak miqdarından təxminən 18 dəfə, külli miqdarından isə təxminən 1,4 dəfə artıq olması, habelə istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş və çıxmış narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair sms-mesaj yazışmaların müəyyən edilməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

46. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, ittihamda göstərilən vaxtda deyil, başqa vaxtda tutulması, narkotik vasitələr və psixotrop maddələrin ona deyil, başqa şəxsə məxsus olması, həmin predmetləri olduğu yerdən götürə bilmədən polislər tərəfindən saxlanılması, Şahid2 Astan oğlu və Şahid1 onun saxlanılmasında iştirak etməməsi, o cümlədən onu saxlayan başqa dörd-beş nəfər polis əməkdaşlarının Yusif adlı şəxsin narkotik vasitə və psixotrop maddələri qoyduğu ünvana gedərək oradan həmin predmetləri götürmələri, sonradan həmin predmetləri videoçəkiliş zamanı üzərinə qoyaraq ondan aşkar olunması kimi sənədləşdirmələri ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

47. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə polis bölməsinə aparılana qədər polis əməkdaşlarının “Bülbülə” restoranı yaxınlığında o və Şahid3 buraxılmaları üçün iki min manat məbləğində pul istənilməsini bildirsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən Şahid3 vermiş olduğu ifadələrlə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatın da tam inkar olunduğu müəyyən edilmişdir.

48. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

49. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

51. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

52. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

53. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefon vasitəsilə aparılmış müxtəlif sms-mesaj yazışmaların aşkar edilməsi, üzərində iki bükümdə olmaqla müxtəlif növdə narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi və sair hallar nəticədə ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

54. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

55. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 17-18, 23 və 35-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

56. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla onun qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.

57. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

58. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

59. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

60. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

61. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

62. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

63. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

64. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

65. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

66. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs hazırda 17 yaşında olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və özünün 42 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq sağalmaq istəməsini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

67. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

68. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

69. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

70. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

71. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

72. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

73. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 14 mart 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 14 iyul 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 3 avqust 2023cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

74. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.

75. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 mart 2023-cü il tarixdən hesablanmalıdır.

76. Məhkəmə hökmün 30-cu bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

77. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

78. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 0,972 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 2,711 qram olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk və "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd disk olmaqla, cəmi 2 (iki) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

79. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

80. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

81. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

82. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

83. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

84. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 0,972 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 2,711 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar