Məhkəmə qərarları › İş №1(101)-580/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-580/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-580/2022 17.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaçına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2,674 qram çəkidə narkotik vasitə heroini və 1,228 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 17 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:10-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli klassik şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,674 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, bir bükümdə təmiz çəkisi 1,228 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və əynindəki şalvarın sol yan cibindən narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda qeydiyyatda olsa da, faktiki olaraq həbs olunana kimi ünvan 2dır. Özü müxtəlif növ narkotik vasitələrdən istifadə edir. 17 iyul 2021-ci il tarixdə axşamüstü saat 18-19 radələrində yaşadığı evin həyətində oturub nəşə çəkərkən həyət qapıları döyülmüş, baxıb qapını döyənlərin polis əməkdaşları olduğunu görmüşdür. O, evlərinin pəncərəsindən dama çıxaraq damla evdən qaçmış, bu zaman qonşular hay-küy salmış, polislər onu aşkar edib tutmuş və Nəsimi rayon Polis İdarəsinə gətirmişlər. Polislər idarədə onu döymüş, özlərində olan narkotiki boynuna götürməsini təklif etmişlər. O da məcbur olub polis əməkdaşları verən narkotiki alıb cibinə qoymuş və həmin narkotik çəkiliş vaxtı cibindən aşkar edilmişdir. Məhkəmədə verilən suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirdi ki, çəkdiyim nəşəni tanımadığı adamlardan almış, 2019-cu ilin iyul ayına kimi metamfetamin çəkmiş, sonra narkomaniyadan müalicə almış və metamfetamini atmışdır. O, heç kimə narkotik vasitə satmamış və verməmişdir. Polislə onun arasında ədavət olmamış, elektron tərəzini də cibinə polislər qoymuşlar. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 17 iyul 2021-ci il tarixidə yaşadığı ünvanın qarşısında ətrafda gəzişən zaman tanımadığı, mülki geyimdə olan 2 nəfər şəxsin ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını deyib, onun narkotik vasitələrin saxlanmasında, istifadəsində şübhəli olduğunu bildirərək onu Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə Nəsimi RPİ-yə gəldikdən sonra polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirərək, onun üçün dövlət hesabına müdafiəçi dəvət etmişlər. Ona hüquq və vəzifələri izah olunduqdan sonra, videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, əynindəki tünd boz rəngli klassik şalvarının sağ yan cibindən 02 ədəd şəffaf polietilen sellofana bükülmüş bükümü və sol cibindən elektron tərəzini çıxararaq masanın üzərinə qoymuşdur. Ondan üzərindən çıxan iki ədəd bükümdə nə olduğu və haradan əldə etməsi sual edilmiş, o isə həmin 02 ədəd şəffaf polietilen sellofana bükülmüş bükümlərdən 01 ədəd bükümün içərisində “şüşə-patı” adlanan və digər 01 ədəd bükümün isə “kakos” adlanan narkotik maddə olduğunu bildirmiş, həmin narkotik vasitələri təxminən 1 ay əvvəl Lənkəran rayonunda tanımadığı şəxsdən 200 manat pul vəsaitinə öz şəxsi istifadəsi üçün aldığını demişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və Nəsimi RPİ-nin inzibati binasında olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır (cild 1, iş vərəqi 66-68, 93-97). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsi üzrə xidmət edir. 17 iyul 2021-ci il tarixdə Musa adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru polis baş serjantı Şahid2 ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, sonra Şahid2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsinə yollanmış, həmin tarixdə saat təxminən 20:10 radələrində ünvan 5 ünvanının qarşısında olan zaman Musa adlı şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncunu Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində İdarənin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən müdafiəçi təyin edilmiş, üzərinə baxışın keçirilməsi və şəxsi axtarışın aparılmasını video qeydiyyata almaq üçün mütəxəssis dəvət edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli klassik şalvarının sağ yan cibindən 02 ədəd şəffaf polietilen sellofana bükülmüş bükümləri və şalvarının sol yan cibindən 01 ədəd elektron tərəzini çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisi açılaraq, onun içərisində olan maddənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin 02 ədəd bükümlərdən birinin içərisində "kakos", digər bükülünün içərisində isə “şüşə-patı” adlanan narkotik maddələr olduğunu, həmin narkotik maddələri 1 ay qabaq Lənkəran rayonunda tanımadığı bir nəfərdən 200 manat verməklə öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatlatı tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17.07.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Nəsimi RPİ-yə daxil olmuş əməliyyat məlumatında "Musa" adlı şəxsin narkotik vasitələri qeyri-qanuni əldə etməsi, daşıması, saxlaması, satışı ilə məşğul olması göstərilmişdir. Eyni zamanda daxil olmuş əməliyyat məlumatında "Musa" adlı şəxsin 17.07.2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov istifadəsi ilə məşğul olması, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 17.07.2021-ci il tarixli qərardan görünür ki, “Musa” adlı şəxsin müəyyən edilməsi, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17.07.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə daxil olmuş əməliyyat məlumatını realizə etmək məqsədilə Nəsimi RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsində evin qarşısında özlərinə mövqe seçib orada müşahidə aparmağa başlamışlar. Saat təqribən 20:10 radələrində daxil olmuş əməliyyat məlumatında qeyd olunmuş "Musa" adlı şəxsi görüb ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, həmin şəxsdən şəxsiyyəti ilə bağlı maraqlandıqda məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra onlar həmin şəxsi saat 20:30 radələrində polis şöbəsinə dəvət etmişlər (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 17.07.2021-ci il tarixli protokoldan və DVD diskdən görünür ki, həmin gün saat 23:15-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli klassik şalvarın sağ yan cibindən, 02 ədəd şəffaf polietilen sellofana bükülmüş 2 ədəd bükümü, sonra sol cibindən 01 ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf polietilen sellofana bükülmüş bükümün içərisindəkinin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 01 ədəd şəffaf polietilen sellofana bükülmüş bükümün "kakos" və digər sellofana bükülmüş bükümün isə "şüşə-patı" adlanan narkotik maddə olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs, 1 ay bundan qabaq Lənkəran rayonunda tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 200 manat pul vəsaitinə aldığını bildirmişdir. Bundan sonra 02 ədəd şəffaf polietilen sellofana bükülmüş bükümün içərisində narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİnin zərflər üçün nəzərdə tutulmuş "186" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır (cild 1, iş vərəqi 49-55). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 18.07.2021-ci il tarixli, 6/2962 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №186 möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş ...” əl yazıları, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,228 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, digər 01 bükümdə təmiz çəkisi 2,674 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 59-63). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 16.08.2021-ci il tarixli, 6/3439 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Arayışlar üçün №186” dairəvi möhür əksi olan “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş elektron tərəzi yazı və imzalar olan zərfdə 01 ədəd 6x12 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 148-151). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03.11.2021-ci il tarixli, 4285 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 181-182). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 21.09.2021-ci il tarixli, 2207 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd ediln əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 152-154). İşdə olan Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin 01.12.2021-ci il tarixli, N-084- 2891-1221 nömrəli məktubundan görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etməsi və satışı ilə məşğul olması barədə dəfələrlə məlumat daxil olsa da, onun həmin narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən edərək, istintaqa təmin etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 171). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi barədə 22.12.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən əldə edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 iyun 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş mesaj mətnlərinə baxış keçirilən zaman həmin nömrəyə daxil olan və çıxan aşağıdakı mesaj mətnləri müəyyən edilmişdir: 01-06-2021-ci il saat 00:04:11, 01-06-2021-ci il saat 00:04:12, 1.1.**********22, 1.1.**********65 “Məzəlnirsən sən camatnan iş danışmışıq çatiriq uje alem qarışar bir birine sen ol dunennen gozduyuller məni melederler”; 01-06-2021-ci il saat 01:02:53, 1.1.**********97, 1.1.**********65 “gaga cox agriyiram gurban sene gelirsen”; 01-06-2021-ci il saat 01:03:07, 01-06-2021-ci il saat 01:07:15,1.1.**********22, 1.1.**********65 “Musa colanin ikisi duzdu ikisi 09 o prablem deyil ama bu usaq deyi indi camahatin isin tam asirdmir deyir ya pulu verev qalanında getir yada hamisi olmalidi bu isimizi asirdmir”; 01-06-2021-ci il saat 04:18:02, 1.1.**********17, 1.1.**********65 “Dolmanida temiz ele”; 01-06-2021-ci il saat 06:14:52, 1.1.**********97, 1.1.**********65 “men dedim ki halim cox pisti cox ahriyiram ama sen meni butun geceni firlatdin ki men dunenki uwagam neyney cox sahol canin saholsun men bir daha narahat”; 03-06-202-ci il saat 00:22:29,03-06-202-ci il saat 00:40:36 1.1.**********97, 1.1.**********65 “gaga defın bakida olacey gramda alimacax saat onda indi mene 20 m olurem ur ey i m par tay ar cox agriyiram gelirsen gaga gurban sene”; 03-06-2021-ci il saat 21:59:40, 1.1.**********97, 1.1.**********65 “salam gaga axwam onkiden sonra goruwek 30matig cavab ver gaga”; 08-06-2021-ci il saat 13:23:26, 08-06-2021-ci il saat 13:23:26,1.1,**********37, 1.1.**********65 “Qaqaw baxmirsansa peleng gelir birazdan verim ona”; 10-06-2021-ci il saat 01:04:25,1.1.**********37 1.1.**********65 “Musa piti var yiye”; 10-06-2021-ci il saat 17:10:25, 1.1.**********60, 1.1,**********65 “De ki patı yoxdı a”; 10-06-2021-ci il saat 17:04:55, 10-06-2021-ci il saat 17:04:55, 1.1.**********65 1.1.**********60 “1 dene gotur 03 aylr 07 buk qalın salafana kaglzada buk görsenmesın ver 07 mene 03 ayrl ver”; 10-06-2021-ci il saat 17:10:14, 10-06-2021-ci il saat 17:10:14, 1.1.**********65 1.1.**********60 “Deki patı yoxdı ama gotur ver mene” (cild 1, iş vərəqi 184-187). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "Azerfon” MMC-dən əldə edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 iyun 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş mesaj mətnlərinə baxış keçirilən zaman aşağıdakı mesaj mətnləri müəyyən olunmuşdur ki: 20-06-2021-ci il saat 21:12:22, 1.1.**********65, 1.1.**********06 Ämi saLam.bu nömremdi.cay gäLir ya bugün.uzağl sabaha oLacaq.SağoL 22-06-2021-ci il saat 09:12:49, 22-06-2021-ci il saat 09:12:49, 1.1.**********65, 1,1. **********90 “4 dänä qapl rucqasl var manda 07 ucun. Lazlmdl gal apar”; 22-06-2021-ci il saat 09:21:28, 1.1.**********65,1.1.**********90 “Gelende imkan olsa 3-4 dene balaca super kLey aLda”; 22-06-2021-ci il saat 22:44:26, 22-06-2021-ci il saat 22:44:26, 1.1.**********65, 1.1.**********06 “Cay 4-cu gun yaxwlsl olacaq onu gözdirem”; 24-06-2021-ci il saat 20:29:24, 1.1.**********65, 1.1.**********65 “De pt Yoxdi”; 24-06-2021-ci il saat 23:41:54, 24-06-2021-ci il saat 23:41:54, 1.1.**********65, 1.1.**********06 “Ämi salam cay yaxwlsl yoxdi hälä qändidä 60 verirlär mene 70verersuzde suzde mene araylwl lazlm olsa cvb diyersuz 1 saata gelib elxaram ora Ämi inwallah sagoL”; 25-06-2021-ci il saat 01:17:23, 1.1.**********65, 1.1.**********06 “Sabah cay gelir”; 29-06-2021-ci il saat 18:12:36, 29-06-2021-ci il saat 18:12:55 1.1,**********65, 1.1.**********11 “Aydlndlr kartln nomresini atlram pulu at karta cvb ver tele”; 01-07-2021-ci il saat 16:12:10, 1.1.**********65, 1,1.**********06 “Salam Ämi.yaxwl cay olmur häläki. Ola bilsin ki sabah olsun cay.olsa”; 01-07-2021-ci il saat 17:32:18, 1.1.**********65 ,1.1.**********06 “Ämi 2saat düzelir”; 01-07-2021-ci il saat 20:59:35, 1.1.**********65, 1.1.**********06 “Ämi äLa çayda getiribLär löq +4q qänd xäbär eLä gözdirem”; 01-07-2021-ci il saat 21:06:19, 01-07-2021-ci il saat 21:06:19 1.1.**********65, 1.1.**********06 “Ämi 4 qänd biryerde 50. Verersen cay superdi 10-250 eliyir”; 01-07-2021-ci il saat 23:06:19, 1.1.**********65, 1.1.**********06 “Ämi yarl-yarl eLe 03”; 05-07-2021-ci il saat 00:13:59 ,1.1.**********65, 1.1.**********65 “Sale ot var sende”; 05-07-2021-ci il saat 02:56:31, 05-07-2021-ci il saat 02:56:31, 1.1,**********65 1,1,**********24 “20 qr verersen”; 05-07-2021-ci il saat 16:48:52, 05-07-2021-ci il saat 16:51:05 1.1.**********65, 1.1,**********65 “Hardadl 03 özumunki yoxdiye özume isdirem”; 06-07-2021-ci il saat 23:31:58, 1.1,**********65, 1.1.**********65 “SaLeh ikisinende bir olsun”; 09-07-2021-ci il saat 21:06:18, 1,1.**********65, 1.1.**********06 “Emi salam.Qend 4d oLsunda he?Emi vaxwl cayda var idi ehtiyac varsa”; 09-07-2021-ci il saat 22:18:04, 1.1.**********65,1.1.**********06 “Hazlrdl Emi cvb de”; 15-07-2021-ci il saat 20:03:58, 1.1,**********65, 1,1.**********06 “Əmi 4d 65 verib Əmi sizdə”; 22-06-2021-ci il saat 09:12:51, 1.1,**********90, 1.1,**********65 “4 dänä qapl rucqas”; 22-06-2021-ci il saat 09:14:25, 1.1.**********90, 1.1.**********65 “He qaqaw sağol opurem lazımdı indi kecende oyana goturumde onu senen qardawimsan hec kime verme birazdan goturerem”; 24-06-2021-ci il saat 19:56:04, 24-06-2021-ci il saat 19:56:04 1.1.**********06,1,1,**********65 “Duz var?”; 24-06-2021-ci il saat 20:29:25, 24-06-2021-ci il saat 20:29:25 1.1.**********65, 1.1,**********65 “De pt Yoxdi”; 24-06-2021-ci il saat 23:44:59, 24-06-2021-ci il saat 23:44:59, 1.1.**********06, 1.1.**********65 “Getir4d”; 24-06-2021-ci il saat 23:58:20, 1.1,**********06, 1.1,**********65 “Amma duz getir”; 25-06-2021-ci il saat 01:12:36, 1.1.**********06, 1.1.**********65 “Negeder gelir?”; 25-06-2021-ci il saat 01:43:22, 25-06-2021-ci il saat 01:43:22, 1.1.**********64, 1.1,**********65 “İnanirsan Musa seherdendi seni gozduyurem eve getmirem getsem cixanmiyacam alindiranmirsansa men gedim xarabama”; 25-06-2021-ci il saat 17:30:50, 25-06-2021-ci il saat 17:30:50, 1.1.**********45, 1.1.**********65 “Menem derman isdeven oğlan adim kenandir”; 27-06-2021-ci il saat 20:24:45, 27-06-2021-ci il saat 20:24:45, 1.1.**********15, 1.1.**********65 “musa tulla pencereden gagawimsan mawin qozduyur meni”; 28-06-2021-ci il saat 06:26:16,1.1.**********15, 1.1.**********65 “musa taxta polkalarina goturum gelimda day?gagaw menim pulum gorursen yoxdu onun evezine camahata iontur yukluyuramii bitke nese eliyim.onuda atirsan mene”; 28-06-2021-ci il saat 06:34:24, 28-06-2021-ci il saat 06:34:24 1.1.**********37 1.1.**********65 “musa ne getirim sene ya da pul verim 40m varda he yoxdimene”; 28-06-2021-ci il saat 16:19:20, 1,1,**********17, 1,1,**********65 “Sms yaz mene bacm yanmda danwa bilmrem burda yaz tez.pati varndi???ucuz duwub burda İqram 30a 5qramdi qaib uwagdi tecili pul lazmdi ona deir”; 28-06-2021-ci il saat 16:21:36, 1,1.**********17 1.1,**********65 “Ayblee mene bir 15m atda sencani hec olmasa yari goturum ureym partdirr 1 qepik pulmda yoxdu.nevaxt geleceysen sen”; 29-06-2021-ci il saat 17:55:40, 1.1.**********37, 1.1.**********65 “zemfira senin adından 50m gönderdi dedi Musa verdi”; 01-07-2021-ci il saat 17:42:40, 1.1.**********06, 1.1.**********65 “Das olsun ve tam 4 d olsun . kecen defe 3,5 geldi”; 01-07-2021-ci il saat 21:04:08, 01-07-2021-ci il saat 21:04:08, 1.1.**********06 1.1.**********65 “Cay neciyedi?”; 01-07-2021-ci il saat 23:03:28, 01-07-2021-ci il saat 23:03:28, 1,1.**********06, 1.1.**********65 “40 d evde vam”; 01-07-2021-ci il saat 23:04:33, 1.1.**********06, 1.1,**********65 “200 bu gun galani sabah”; 02-07-2021, 11:47:04, 02-07-2021-ci il saat 11:47:04, 1.1.**********37, 1.1.**********65 “musa yeke petuxsan gözün doymur menim 20m düzelceyse oda senin olsu”; 02-07-2021-ci il saat 16:16:06, 02-07-2021-ci il saat 16:16:06 1.1.**********80, 1.1.**********65 “Ringin kakar ribaksin dektamatisyon iyne vitamin C bir parcka В 6 kepenek goy” (cild 1, iş vərəqi 188-198). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 22.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi çəkisı 2,674 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 1,228 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi iş üzrə maddi subut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq 2,624 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq 1,178 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və elektron tərəzi saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 200-208). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi barədə 22.12.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən naməlum şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi icraata ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 210-211). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 29.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 125). Məhkəməyə təqdim edilmiş sənədlərin surətindən və tibb arayışından görünür ki, Təqsirləndirilən şəxs 01.03.2002-ci il tarixdə X5 ilə nikah bağlamış, birgə nikahdan 26.07.2003-cü il təvəllüdlü Yusif, 28.08.2004-cü il təvəllüdlü Fatimə və 13.04.2015-ci il təvəllüdlü Zeynəb adlı övladları vardır. Təqsirləndirilən şəxs 23.06.2020-ci il tarixdən “fəqərələrin vərəmi fəsadlaşma ilə” diaqnozu ilə Bakı şəhəri 1 nömrəli vərəm əleyhinə dispanserdə qeydiyyatdadır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin yalnız istifadəçisi olması, narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması və onun polis əməkdaşları tərəfindən döyülüb təhdid edilməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin psixotrop maddə metamfetami məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, bir yetkinlik yaşına çatmamış uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, xəstə olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 19 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24-25, 106-109, 164-165). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 17 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2,624 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1,178 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 198,60 (bir yüz doxsan səkkiz manat altmış qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2,624 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1,178 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 198,60 (bir yüz doxsan səkkiz manat altmış qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar