Məhkəmə qərarları › İş №1(101)-581/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-581/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-581/2023 07.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda, ümumi təmiz çəkisi 5,085 qram olan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək daşıyaraq saxlamış, 10 avqust 2022-ci il tarixdə saat 20:45 radələrində narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısa şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 5,085 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metametamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadə verməkdən imtina edərək, ibtidai istintaqda verdiyi ifadəsini təstiq etməklə, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə üstündə imiş, marketə gedəndə polis əməkdaşları Keşlədə onu tutmuşlar. 1 il olmazmış, 5-6 ay imiş ki, narkotik vasitədən istifadə edirmiş, heç kəsə narkotik vasitə pay verməmişdir, psixotrop maddəni axırıncı dəfə sosial şəbəkədən almışdır. Əvvəllər satanlardan kimdə olurmuşsa alırmış. Əməlindən çox peşamandır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir psixotrop maddə olan metamfetamin qəbul edir. Metamfetamini tanımadığı şəxslərdən əldə edir. 10 avqust 2022ci il tarixdə saat 20:45 radələrində o Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən “Məhəllə” marketin qarşısında olan zaman ona mülki geyimdə olan iki nəfər yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun narkotik vasitə və psixotrop maddələrin daşınması və saxlanmasında şübhəli olduğunu bildirib Bakı şəhəri Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Sonra polis əməkdaşlarının iştirakı və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı maddə, yaxud əşya olduğu halda könüllü təqdim etmək təklif olunmuşdur. Həmin vaxt o əynində olan qısa şalvarının cibindən içərisində metamfetamin olan 01 ədəd sellefon bükümü təqdim edib bildirmişdir ki, həmin maddə psixotrop maddə olan metamfetamindir, öz istifadəsi üçün bir neçə gün əvvəl tanımadığı şəxsdən almışdır. Üzərindən aşkar edilmiş metamfetamin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, tərkibinin və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspetrizasına göndəriləcəyi bildirilmişdir. Şəxsi axtarışın nəticəsinə dair təhiqatçı tərəfindən protokol tərtib edilmiş, onun və şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Bütün bu proseslərdə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada zor, ya da təziq tətbiq olunmamışdır. O heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, üzərindən aşkar edilmiş metamfetamini öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi Keşlədə məhəllədən tanıyırmış, məhəllə uşağı imişlər. Polislər Elnurdan narkotik vasitə aldığını deyirlər, lakin o Elnurdan narkotik vasitə almamışdır. Elnuru məhəllə uşağı kimi tanıyırmış. Narkotik vasitədən istifadə etmişdir, lakin indi istifadə etmir. Elnur adlı şəxsdən narkotik vasitə almışdır. Narkotik vasitə aldığı Elnur mebel ustası imiş. Bu Elnurdan narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 avqust 2022-ci il tarixdə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış Şahid3 izahatında narkotik vasitələri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan “Elnur" adlı şəxsdən aldığını bildirmişdir. Məlumat əsasında o və digər əməkdaşlar Şahid1 iştirakı ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 avqust 2022-ci il tarixdə ünvan 5 ünvanın qarşısında “Elnur” adlı şəxs müəyyən edilərək tərəflərindən saxlanılmış Nizami rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis idarəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş və onun Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülünü təqdim edərək içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini bir gün əvvəl “Şamaxinka” adlanan ərazidə sosial şəbəkədə tanış olduğu Rəşad adlı şəxsdən öz istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “Samsung” markalı mobil telefon da aşkar edilərək götürülmüşdür. Həmin bükülü təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək tərəflərindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaqda verdiyi ifadəaini təsdiqləyir. Tərəflərindən Təqsirləndirilən şəxs təzyiq göstərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarına görə, Nizami rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə dair" 10 avqust 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxs Əlişov X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 10 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 10 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPlnin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş protokoldan görünür ki, 10 avqust 2022-ci il tarixdə saat 22:25 radələrində Nizami RPl-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 4/17 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-nə gətirilmiş, xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli, qısa şalvarın sağ yan cibində içərisində psixotrop maddə olan metamfetaminə oxşar 01 ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4274 saylı rəyindən görünür ki, “ Tədqiqata təqdim edilmiş, üzərində AR DİN Zərflər üçün № 162 möhür əksi və “Saxlanılan şəxs....Təqsirləndirilən şəxs...” və.s. yazılar, imzalar olan rəfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 5,085qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublkasının 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş ‘Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir.” Qeyd: Metamfetaminin təmiz çəkisi – 5,085 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 4,985qram Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı vardır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4531 saylı rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dinpanserində qeydiyyata alınması məsləhət görünür.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 10 avqust 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 110 (yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nzami rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,985 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nzami rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,985 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar