Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-582/2023 30.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 28 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, azərbaycan-rus dilləri üzrə tərcüməçi X2 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan, 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə saat 00:00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi, 10 saylı ünvanın qarşısından keçən yolun hərəkət hissəsinin kənarında sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs ondan istədiyi 1 manat məbləğində pulu sonuncuya verməkdən imtina etməsi səbəbindən, ünvanına nalayiq ifadə işlətməsinə görə aralarında yaranmış mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs bel nahiyəsindən tutaraq badalaq atmaqla yıxıb, yerdə yıxılmış vəziyyətdə olarkən qəsdən baş və sifət nahiyələrindən bir neçə dəfə ardıcıl yumruq və təpik zərbələri vuraraq ona sağ almacıq qövsünün, sol əng sümüyünün və burun sümüyünün sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid və müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyinin yüngül dərəcəli əzilməsi, sağ təpə sümüyünün xətti sınığı, sol gicgah payında hemorragik ocaq ilə nəticələnən həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Leyla” şadlıq sarayında toy məclisində iştirak etmiş, bir qədər spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətə düşmüşdür. Saat 23:30 radələrində toydan çıxaraq yaşadığı evə getmək üçün Xətai rayonu, S.Ə.Şirvani küçəsində yolun hərəkət hissəsinin kənarı ilə piyada hərəkət etmişdir. Bu zaman sonradan adını bildiyi Ruslan adlı şəxsin üzbəüz istiqamətdə gəlməsini görmüş, Ruslan ona yaxınlaşıb 1 manat pul istəmişdir. O, Ruslanın danışığından və hərəkətlərindən sərxoş olduğunu görüb ona baş qoşmamaq üçün yanından ötüb keçmək istəmişdir. Lakin Ruslan ona pul vermədiyinə görə əsaslı səbəb olmadan ünvanına nalayiq ifadə işlətmişdir. O, Ruslandan bunun səbəbini soruşsa da, sonuncu yenidən onu söymüşdür. Ruslanın nalayiq ifadə və söyüşlərindən əsəbləşmiş, ona yaxınlaşaraq belindən tutmaqla Ruslanı yerə yıxmışdır. Sonra onu yerdə yıxılmış vəziyyətdə baş və sifət nahiyələrindən bir neçə dəfə yumruq və təpiklə vurmuşdur. Təxminən 4-5 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşıb onu Ruslandan ayırmış, sonra onu Xətai rayon Polis idarəsinin 34-cü Polis şöbəsinə aparmışlar. Orada baş verən hadisəni olduğu kimi danışmış və polis əməkdaşı onu şübhəli şəxs kimi tutmuşdur. 2 gün həbsdə qaldıqdan sonra buraxılmış, hazırda polis nəzarətindədir. Təqsirləndirilən şəxs əvvəlcədən onun Ruslanı vurmaq və ona xəsarət yetirmək niyyətinin olmadığını, hadisənin baş verməsinə Ruslanın onun ünvanına bir neçə dəfə söyüşlər söyməsi və onun bir qədər içkili vəziyyətdə olması səbəb olduğunu, hazırda törətdiyi əmələ görə çox peşman olduğunu, özünün Ağdam rayonundan qaçqın olmaqla iki azyaşlı uşağının olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 09 iyul 2022-ci il tarixdə axşam yaşadığı evdə spirtli içki içmiş, saat 23:30 radələrində gəzmək üçün evdən çıxmışdır. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində piyada hərəkət edərkən əvvəllər tanımadığı və görmədiyi, sonradan adının Orxan olduğunu bildiyi şəxsin gəlməsini görmüşdür. Üzərində pulu az olduğu üçün Orxan ona çatdıqda sonuncudan 1 manat pul istəmişdir. Lakin Orxan ona pul verməmiş və kobud cavab vermişdir. Bu zaman Orxana pul vermədiyinə görə sakit səslə nalayiq ifadə işlətmiş və Orxan onun söyüşünü eşitmişdir. O, içkili olduğuna görə həmin söyüşü söymüş, onun Orxanı təhqir etmək fikri olmamışdır. Buna görə onların arasında sözlə mübahisə başlamış, Orxan onun belindən tutub badalaq vuraraq yerə yıxmış, yerdə olarkən ona yaxınlaşıb bir neçə dəfə əl və ayaqları ilə bədəninin sifət və baş nahiyəsindən yumruq və təpik zərbələri vurmuşdur. O isə, yerdə uzanıqlı vəziyyətdə həmin şəxsin zərbələrindən yayınmağa çalışmışdır. Bir neçə dəqiqə keçmiş hadisə yerinə polis əməkdaşları gəlmiş və onları ayırmışlar. Bundan sonra polis əməkdaşları onun xəsarətlər aldığını görüb hadisə yerinə Təcili tibbi yardım maşını çağırmışlar. Bir müddət keçmiş hadisə yerinə tibbi yardım maşını gəlmiş və onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, milliyətcə rus olsa da, Bakıda doğulduğunu və burada təhsil aldığını, Azərbaycan dilinin latın qrafikası ilə sərbəst yazmağı və danışmağı bacardığını, hadisənin baş verməsində özünün də günahı olduğunu, içkili vəziyyətdə olduğuna görə hadisənin bu vəziyyətə gəlib çıxdığını, hadisədən sonra Orxanın və valideynlərinin onun müalicə xərclərini çəkdiklərini, hazırda tam sağaldığını və Orxanla barışdığını, sonuncuya qarşı iddia tələbi və şikayəti olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X9 Alayının 3cü Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 10 iyul 2022-ci il tarixdə gecə saat 12 radələrində təyin olunmuş marşrut üzrə avtopatrulda polis nəfərləri X4 və Şahid2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, X10 küçəsində xidmət aparmışlar. Saat 00:45 radələrində Xətai RPİ-nin 34-cü Polis şöbəsindən Xətai rayonu, X10 küçəsində iki nəfərin dava etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında onlar X10 küçəsi, 10 ünvanına yaxınlaşan zaman yolun hərəkət hissəsinin kənarında bir nəfərin digər şəxsi yerə yıxmış vəziyyətdə olarkən əl və ayaq zərbələri ilə baş və sifət nahiyələrindən vurduğunu görmüşlər. Dərhal onlara yaxınlaşıb bir-birindən aralamış və sakitləşdirmişlər. Sonra yerdə yıxılmış vəziyyətdə olan şəxsin sifət nahiyəsindən qan axmasını görüb hadisə yerinə Təcili tibbi yardım avtomobili çağırmışlar. Avtomobili hadisə yerinə gəldikdən sonra xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilmiş və xəstəxanaya aparılmışdır. Xəsarət yetirmiş şəxsi isə avtopatrul maşını ilə Xətai RPİ-nin 34-cü Polis şöbəsinə aparıb təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şahid1 həmçinin bildirdi ki, dalaşan şəxslərin hər ikisi içkili vəziyyətdə olmuş, dalaşmalarının səbəbini soruşanda, Təqsirləndirilən şəxs Ruslan adlı şəxsin onun ünvanına nalayiq söyüşlər söydüyünü demişdir. Orxan onlar tərəfindən saxlanılıb şöbəyə aparılarkən heç bir müqavimət göstərməmiş və onların qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X9 Alayının 3cü Patrul Bölüyünün polis nəfəri Şahid2 həmkarı olan Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə saat 00:00 radələrində Bakı şəhəri, Xətai rayonu, X10 küçəsində yerləşən 7 saylı poliklinikanın qarşısından tək piyada keçən zaman əvvəllər tanımadığı və görmədiyi 2 nəfər şəxsin yolun hərəkət hissəsinin kənarında üzbəüz dayanmaqla bir-biri ilə sözlü münaqişə etməsini müşahidə etmişdir. Daha sonra həmin şəxslərdən biri digərinin bel nahiyəsindən tutub badalaq atmaqla yerə yıxmışdır. Həmin şəxs arxası üstə yerə yıxılmışdır. Yerdə yıxılmış vəziyyətdə olarkən ayaq üstə olan şəxs digərinin sifət və baş nahiyələrindən əl və ayaqları ilə ardıcıl zərbələr vurmağa başlamışdır. Onların danışıqlarından və davranışlarından açıq-aşkar sərxoş olması aydın müşahidə edilmişdir. Həmin şəxslərin arasında dava-dalaşın daha da qızışmasını görüb 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təxminən 5 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşlarının gəlişindən sonra hadisə yerinə TTY avtomobili çağırılmışdır. TTY avtomobilinin həkim personalı yerdə uzanıqlı vəziyyətdə olan şəxsi müayinə edib ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışdır. Həmin şəxsə xəsarət yetirən şəxsi isə polis əməkdaşları PPX avtomobilinə əyləşdirib özləri ilə aparmışlar (cild 1, iş vərəqi 127-129). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportlara əsasən, həmin tarixdə saat 00:14 radələrində Şahid3 adlı şəxs DİN-nin 102 xidmətinə zəng edərək iki nəfər içkili şəxsin bir-birini döyməsi barədə məlumat vermişdir. Həmin tarixdə saat 01:00 radələrində Neyrocərrahiyə xəstəxanasından tibb bacısı Cəfərova zəng edərək xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Şirvani küçəsi, 10 ünvanının yaxınlığında kəllə-beyin travması və burun sümüyünün sınığı xəsarəti ilə müraciət etdiyini bildirmişdir. Digər raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:45 radələrində AP 2435 saylı avtopatrulla vətəndaş Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü Polis şöbəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 4-6). Cinayət işində olan 89 saylı MKİS-nin xasiyyətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 12, mənzil 92-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs tüfeyli həyat sürür (cild 1, iş vərəqi 15). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 60/2022 saylı rəyinə əsasən: - Zərərçəkmiş şəxs baş-beynin yüngül dərəcəli əzilməsi, sağ təpə sümüyünün xətti sınığı, sol gicgah payında hemorragik ocaq, sağ almacıq qövsünün xətti sınığı, burun sümüyünün sınığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. - Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarma görə mövcud şəraitdə öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (cild 1, iş vərəqi 16-17). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il 2534 nömrəli rəyindən görünür ki;
1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir.
2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. 3.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 150-152). Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il 470/2022 nömrəli rəyindən görünür ki: - vətəndaş Zərərçəkmiş şəxs müştərək travma, qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sağ təpə sümüyünün xətti sınığı, sol gicgah payında hemorragik ocaq, sağ almacıq qövsünün, sol əng sümüyünün, burun sümüklərinin sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən əl və ayaqla vurulan zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə müştərək travma, qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sağ təpə sümüyünün xətti sınığı, sol gicgah payında hemorragik ocaq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ almacıq qövsünün, sol əng sümüyünün, burun sümüklərinin sınığı isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 153-156). Cinayət işində olan ifadənin yerində yoxlanılması haqqında 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları ünvan 3 ünvanın qarşısından keçən yolun hərəkət hissəsinin kənarında hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir (cild 1, iş vərəqi 131-133). İş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 2017-ci il və 2021-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır (cild 1, iş vərəqi 37-43). Cinayət işində olan xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı iddia tələbi və şikayəti yoxdur (cild 1, iş vərəqi 138). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 123-124). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün dəlillər gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağın olması və 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin qaçqın olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması və cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə iş üzrə şübhəli şəxsi qismində tutulmuş, 24 avqust 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, qaçqın olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, ona qarşı iddia tələbinin və şikayətin olmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla əməlindən səmimi peşman olmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilniş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia verilməməsi, maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev