Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-583/2023 07.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–«Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsinin girişində, “Bus” yazılan lövhənin alt tərəfinə əvvəlcədən qoyulmuş «Davıdoff» markalı siqaret qutusunda 01 ədəd bükümdə təmiz çəkisi 19,025 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd bükümdə, külli miqdar təşkil etməyən, təmiz çəkisi 0,936 qram təşkil edən ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 01:05 radələrində Daxili İşlər Nazirliyinin X3 Alıayınm 4-cü polis bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsi Bibiheybət yolu 2 ünvanında saxlanılaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparılmış və orada onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli qısa şalvarın sol yan cibində olan “Davıdoff" markalı siqaret qutusunun içərəsindən 2 ədəd ayrı-ayrı sellofan bükülü vəziyyətdə külli miqdar təşkil edən 19,025 qram çəkidə narkotik vasitə heroin və külli miqdar təşkil etməyən 0,936 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. Özünü evdə müalicə edir. Üzərində 20 qram kola kimi tanıdığı narkotik vasitə heroin və 01 qram patı kimi tanıdığı psixotrop maddə metamfetamin olmuşdur. Narkotik vasitələri təxminən 3-4 ildir ki, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən online yolu ilə əldə etmişdir. Belə ki, İran vətəndaşı ona narkotik vasitənin yerini deyir və onun göndərdiyi hesab nömrəsinə pul yükləmişdir. Müxtəlif növ narkotik maddələri bir-birinə qarışdırıb inyeksiya yolu ilə qəbul etmişdir. 03 sentyabr 2022-ci il tarixdə saat 00:45 radələrində narkotik vasitə qoyulmuş “Davudov” siqaret qutusunu götürmüş, qayıdan zaman polis əməkdaşları ona yaxınlaşaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparmışlar, bölmədə baxış zamanı üzərində olan 20 qrama yaxın heroin və az miqdarda metamfetamin aşkar olunub götürülmüşdür. O heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, xəstə olduğu üçün həmin narkotik vasitələri şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ərazi Çevik Polis Alayının 4-cü Patrul Bölüyünün polis nəfəridir, polis serjantı rütbəsini daşıyır. 03 sentyabr 2022-ci il tarixdə gecə radələrində Bibiheybət qəsəbəsində iş yoldaşı Şahid2 ilə xidmət aparan zaman bir kişi, biri qadın olmaqla iki nəfər şəxsin yol kənarında dayandığını görmüşlər, onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və sənəd tələb edəndə üzərilərində heç bir sənəd olmadığını bildirmişlər. Qeyri-qanuni əşya istədikdə isə kişi üzərində narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra onu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, şalvarının cibindən siqaret qutusunu çıxararaq təqdim etmişdir. Siqaret qutusunun içərisində 1 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli və 1 ədəd şəffaf sellofana bükülmüş ağ kiristal rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs tünd qəhvəyi rəngli maddənin heroin, şəffaf kristal rəngli maddənin isə metamfetamin olduğunu bildirmiş və həmin maddələri onlayn qaydada özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Rza” adı şəxsdən aldığını bildirmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Nizami oğlu ifadəsində göstərmişdir ki, o, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısıdır, polis baş leytenantı rütbəsini daşıyır. 03 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində X3 Alayının 4-cü patrul bölüyünün əməkdaşları Bibiheybət qəsəbəsində xidmət aparan zaman üzərində narkotik olmasından şübhələnərək Təqsirləndirilən şəxs saxlayaraq 8-ci polis bölməsinə gətirmişlər. Orada onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, şalvarınnın cibindən siqaret qutusunu çıxararaq təqdim etmiş və içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. Aşkar olunmuş maddələri internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid4 Nizami oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs beş ilə yaxındır ki, tanıyır, aralarında yaxın münasibətləri var. 03 sentyabr 2022-ci il tarixdə saat 00:50 radələrində Eminlə o, “Nizami” metrostansiyasının yaxınlığında olan “Caspian” plazanın qarşısnda görüşmüşlər. Emin ona demişdir ki, bir nəfər şəxslə Səbail rayonu Bibiheybət qəsəbəsində görüşəcək, bu səbəbdən həmin yerə getmək lazımdır. Onlar Eminlə birlikdə taksi ilə Bibiheybət qəsəbəsinə getmişlər. Emin taksidən düşmüş və ona gözləməyini bildirərək qaranlıq tərəfə getmiş, təxminən beş dəqiqədən sonra qayıdaraq taksidən düşməyini bildirmişdir. O, taksidən düşmüş, Emin onu qaranlıq küçəyə tərəf aparanda yaxınlıqdan keçən polis maşını saxlamış və onları polis bölməsinə aparmışlar. Orada Emində narkotik vasitə olmasından şübhələndiklərini bildirmişlər və vəkil dəvət edərək, onun yanında Eminin üstünə baxış keçirilmişdir. Baxış zamanı Eminin əynində olan qısa model şalvarın sol yan cibində olan göy rəngli “Davudov” markalı siqaret qutusunun içindən iki ədəd şəffaf rəngdə salafan torba aşkar edilmiş, həmin torbaların birində tünd qəhvəyi rəngdə maddə, digər salafan torbada kristal formada maddə olmuşdur. Emin həmin maddələrin narkotik vasitə və psxotrop maddə olduğunu demişdir. Eminin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq götürülmüşdür. Özü narkotik vasitə, yaxud psixotrop maddə qəbul edir. Təqsirləndirilən şəxs ona narkotik vasitə qəbul etməyi təklif etməmiş, Eminlə birlikdə yeyib içmişlər, lakin birlikdə narkotik qəbul etməmişlər. Məhkəmə iclasında tədqiq olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** nömrəsinə gələn SMS siyahısına dair məlumatları özündə əks etdirən "xxxx" Telekom MMC-nin xx.xx.2022-ci il tarixli 18980 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, xx/xx/2021-ci il tarixdə 16:58:33 saatda **********39 nömrədən **********01 nömrəyə gələn SMS yazısında “Emka menem malika qadasi temiz 100 qram meti getire bilersen 22 manat vererem”. xx/xx/2021 -ci il tarixdə saat 07:02:37-da **********00 nömrəsindən **********01 nömrəyə gələn SMS yazısında “Emin evde hec kim yoxdu bizde. Qalmışam bayırda bir saata Sabina dedi gelecey. Deyirdim gelerdim size 25 manat vere bilerem. 2 fayız qalib indi sonecey t”. xx/xx/2021-ci il tarixdə saat 08:13:51-də **********98 nömrəsindən ******* 12701 nömrəyə gələn SMS yazısında “Emin menem Kamil kisisen ala blok elemisen nomrelerimi sağlıq olsun meti suyuna geleceksen seni biyabir eliyim seni bax gör nece fırladırlar adamı”. xx/xx/2021-ci il tarixdə saat 18:04:01-də **********76 nömrədən **********01 nömrəyə gələn SMS yazısında “əcəkm sat rAhat malıvi uzbeyuz geleceyuk saqlıq olsun”. xx/xx/2022-ci ıl tarixdə saat 05:03:40-də **********05 nömrədən **********01 nömrəyə gələn SMS yazısında “Emil pul var gəl götür, mənim malımı gətir”. xx/xx/2022-ci il tarixdə saat 05:04:07-da **********05 nömrədən **********01-yə gələn SMS yazısında “Telefonu aç”. xx/xx/2022-ci il tarixdə saat 23:05:46-da **********76 nömrədən **********01 nömrəyə gələn SMS yazışmada “Yetim lonka gelib yüngül gelim cxartda meni vezyetden”. xx/xx/2022 tarixdə saat 23:52:53-də 99455761Ö26 nömrəsindən **********01 nömrəyə gələn SMS vazısmda “Emin saat 12ni keçdi. Menim ad gunumdu..yeni dostuvun .13.05. Emin faiq deyir birazda aqdan qoyda.olar?”. və s. Kimi mesajlarla aralarında «patı» və ya «şüşə» adlandırdıqları psixotrop maddə metamfetamin, öz aralarında «mal», «ağ» və ya «kakos» adlandırdıqları narkotik vasitə heroin istəmişlər ki, bu da iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edir. Məhkəmə iclasında tədqiq olunmuş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının, güclü təsir edən və zəhərli maddələrinin, dərman vasitələrinin tədqiqinə dair» 03 sentyabr 2022-ci il tarixli 6/4752 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №159» möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs ...» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,936 qram ağ rəngli, kristallik kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 19,025 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1). Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı 1) daxildir. Məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 4964 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq , ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, onun üzərində aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə etmədiyini və həmin narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etdiyini bildirməkdə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirsədə o, həmin narkotik vasitələrin ayrı-ayrı çəkib bükümlərə yerləşdirməsi, eləcədə SMS yazışmalarından müəyyən olunur ki, ondan narkotik asitə verməsinə dair xahişlər və təkliflər olmuşdur, bu isə onun həmin narkotik maddələri satış məqsədi ilə əldə eməsini göstərir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, SMS yazışmalarından və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Beləliklə də, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayə Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.3-cü maddələrinə əsasən – az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs olsa da, məhkumluğu xx.xx.2019-cu il tarixdə ödənildiyindən onun hazırda qəsdən törətdiyi cinayət əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində onun czasını ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 4964 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasının 3.2-ci maddəsinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Səbail rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,886 qram metamfetamin və 18,925 qram heroinin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntüsü köçürülmüş 01 ədəd «DVD» disk və Azercell» Telekom MMC-nin xx.xx.2022-ci il tarixli 18980 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 163 (bir yüz almış üç) manat 65 (almış beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından –«Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından –«Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (bir yüz səkkiz) manat pul ödənilsin. İş üzrə maddi sübut olan və Səbail rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,886 qram metamfetamin və 18,925 qram heroinin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntüsü köçürülmüş 01 ədəd «DVD» disk və Azercell» Telekom MMC-nin xx.xx.2022-ci il tarixli 18980 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 163 (bir yüz almış üç) manat 65 (almış beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-583/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-583/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver