Məhkəmə qərarları › İş №1(101)-584/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-584/2025

06.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-584/2025 06.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, "Azərbaycan Hava Yolları” QSC-də aerodrom fəhləsi vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan tanışı İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək onunla cinayətdə iştirakçılığın qabaqcadan əlbir elan bir qrup şəxs formasında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən İran İslam Respublikası vətəndaşının bildirdiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1145 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə saat 23:20-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, 07 iyun 2024-cü il tarixdə saat 00:55-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı sol əlində saxladığı 01 ədəd sellefon torbanın içərisindən 01 ədəd bağlamada külli miqdarda 1145 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 01 (bir) ilə yaxın müddətdir narkotik vasitə istifadəçisidir. O, fəhləliklə məşğul olmuş, aylıq qazancı 600 manat olmuş, əlavə işlər də götürüb pul qazanmışdır. Ailəsi ilə birgə yaşamışdır. Narkotik vasitənin ancaq marixuana növündən istifadə etmiş, sosial şəbəkədə tanış olduğu şəxsdən şəxsi istifadəsi üçün 15 (on beş) qram narkotik vasitə istəmişdir. Ona narkotik vasitəni deyilən ünvandan götürməsi bildirilmiş, həmin ünvanda isə narkotik vasitənin çəkisinin artıq olduğunu görmüş və götürmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, narkotik vasitə almaq məqsədilə sosial şəbəkədə tanış olduğu şəxslə ilk dəfə idi ki, narkotik vasitə almağa gedirdi, məqsədinə çatmadan polis əməkdaşları tərəfindən taksidə saxlanıldı. Narkotik aludəçisi olduğu üçün marixuananın qramını ayrı-ayrı narkotacirlərlər 9-10 manata əldə etmiş, həmin miqdarı 2-3 dəfəyə istifadə etmişdir. Vurğulayır ki, sonuncu dəfə əldə etmək istədiyi narkotik vasitənin əldə edilməsinə görə narkotik vasitəni sifariş etdiyi şəxsin bank kartına 150 (yüz əlli) manat məbləğində pul göndərmişdir. Ona narkotik vasitəni müxtəlif ünvanlara qoymağı ilə bağlı hər hansı təklif gəlməmiş, heç vaxt narkotik vasitəni bəxşiş şəklində almamışdır. O, narkotik vasitəni başqa şəxslər vasitəsilə əldə etmişdir. Vurğulayır ki, narkotik vasitə sifariş etdiyi şəxsə zəng edərək qeyd olunan məkana qoyulmuş 15 qram marixuananın 15 qaram deyil daha artıq çəkidə olduğunu bildirmiş, həmin şəxs də ona “Qalsın, pulunu sonra göndərərsən” deyə cavab vermişdir. Polis əməkdaşları onu Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsində saxlamışlar. O, video çəkiliş zamanı polis əməkdaşlarına narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 15 (on beş) qram narkotik vasitə almaq üçün gəldiyini bildirmişdir. Narkotik vasitə ilə bağlı onunla telefonla əlaqə saxlayan şəxs Bakı ləhcəsi ilə danışmış, eyni zamanda Bakı şəhərini də yaxşı tanıyan şəxs olmuşdur. O, həmin şəxsi “Facebook” sosial şəbəkəsi vasitəsilə tanımışdır. O, İİ Qarabağ müharibəsi iştirakçısıdır. Narkotik vasitəni əldə etdikdən sonra yaşadığı evə getmək üçün taksi sifariş vermişdir. O, Bakı şəhərini yaxşı tanımır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. ***-***-**-** və ***-***-**-** saylı nömrələr istifadəsində olmuşdur. Təxminən bir ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Son zamanlar bəzən psixotrop maddə metamfetamindən də istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddələri anket məlumatlarını bilmədiyi şəxslərdən, bəzən isə internetdən tanıdığı şəxslərlə danışıb almışdır. 1 həftə bundan öncə o, öz istifadəsi üçün narkotik vasitə axtaran zaman “Facebook” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşına məxsus profildə “kola, patı” sözlərinin yazılmasını görüb həmin profilə yazmışdır. Onlar bir neçə gün ünsiyyət qurub danışdıqdan sonra o, həmin şəxsdən istifadə etmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuana istəmişdir. İİR vətəndaşı, ona hazırda Bakı şəhərində qurudulmuş marixuanasının olmadığını və bir neçə günə göndərəcəyini, adamları vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlara yerləşdiriləcəyini demişdir. Artıq bir-birləri ilə watsapp proqramı vasitəsi ilə əlaqə saxlamağa başlamışlar. xx.xx.2024-cü il tarixdə İİR vətəndaşı ona yazıb narkotik vasitənin Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğunu bildirib watsapp proqramı vasitəsi ilə ona konum göndərmişdir. Ona bildirib ki, narkotik vasitə olan bağlama qeyd olunan ərazidədir. Həmin içərisində narkotik vasitə olan bağlamanı götürüb sonradan İİR vətəndaşının bildirdiyi yerə qoyacağı halda ona da istifadə etmək üçün həmin bağlamadan 20 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana verəcəyini söyləmişdir. O da qeyd olunan təkliflə razılaşıb göndərilən məkan üzrə hərəkət etdmişdir. Qeyd olunan əraziyə çatdıqdan 01 ədəd sellefon torbanın olmasını görmüşdür. Ətrafa bir qədər baxıb kiminsə oraya baxmadığından əmin olduqdan sonra sellefon torbanı götürüb oradan uzaqlaşmışdır. 06 iyun 2024-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi 2 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etməklə xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarhqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirib ki, hazırda əlində saxladığı sellofon torbada narkotik vasitə olan nəşə vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə əlindəki sellofon torba ilə Baş Mütəşəkkil Cinayətlkarhqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilib və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində və əlindəki sellofon torbada narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, sol əlində saxladığı sellofon torbada narkotik vasitə nəşə olduğunu bildirib sellofon torbanı masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 01 ədəd sellofon torbada olan 01 ədəd bağlama iştirakçıların şahidliyi ilə açıldıqda bağlamanın içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Sorğu zamanı dünən, yəni xx.xx.2024-cü il tarixdə tanımadığı İran vətəndaşı ilə whatsapp vasitəsi ilə mesajlaşdığım, aralarında olan razılaşmaya əsasən İran vətəndaşının göndərdiyi ünvandan narkotik vasitəni götürüb başqa yerə aparmaq qarşılığında həmin bağlamadan özü istifadə edəcəyi qədər narkotik vasitə götürəcəyini bildirmişdir. Daha sonra dünən, yəni 06 iyun 2024-cü il tarixdə anket məlumatlarını bilmədiyi İran vətəndaşının göndərdiyi ünvana gedib içərisində narkotik vasitə əlan 01 ədəd bağlamanın olduğu sellofon torbanı Bakı şəhəri, Yasamal rayonu ərazisindən götürüb başqa ünvana aparmaq məqsədi ilə daşıdığını, özünün təxminən 1 ildir ki, nəşə istifadə etdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuna olan 01 ədəd bağlamanın olduğu sellofon torba cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən qablaşdırılmışdır. Daha sonra əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarın sol yan cibindən isə 01 ədəd “Bakı kartını”, 01 ədəd üzərində “Sobranie” sözü yazılmış siqaret qutusunu və 01 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşı tərəfindən götürülmüşdür. Eyni zamanda üzərindən aşkar edilmiş “Bakı kartı”, siqaret qutusu və alışqan isə polis əməkdaşı tərəfindən onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı saxlanıldıqda, eləcə də üzərinə baxış keçirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təziq edilməmişdir. Bədənində tutulmamışdan öncə və tutulduqdan sonra hər hansı bir xəsarət olmamışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində qeyd etmişdir ki, hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayoru rütbəsini daşıyır. Göstərir ki, 06 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra Murad Sədizadə, Namiq Məcidov və ondan ibarət əməliyyat qrupu təşkil edilmiş və həmin tarixdə onun olduğu ünvana getmişlər. Gecə saat 23:20 radələrində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Onun anket məlumatları dəqiqləşdirildikdən sonra saxlanılmasınınm səbəbini bildirərək Təqsirləndirilən şəxs Baş idarəyə gətirmişlər. Orada vəkilin iştirakı ilə təhqiqatçının otağında üzərinə baxış keçirilmişdir. Bu zaman o, əlindəki sellofan torbanı təqdim edərək içərisində marixuana olduğunu və onu “whatsapp” vasitəsilə tanış olduğu anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin maddənin bir qismini o, şəxsi istifadəsi üçün götürdüyünü, qalanını isə iranlının dediyi ünvanlara qoyacağını söyləmişdir. Təqsirləndirilən şəxs Salamzadə küçəsində yerləşən avtosalonun qarşısında saxlanılmış, Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs barəsində məlumat xx.xx.2024-cü il tarixdə daxil olmuş və onu elə həmin tarixdə də saxlamışlar. Şəxsi axtarış və baxış isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə keçirilmişdir. Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilibkeçirilmədiyini xatırlamır. O, Təqsirləndirilən şəxs telefonuna baxmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satması ilə bağlı məlumat olmamışdır. Onlara verilən əməliyyat tapşırığını icra etmiş, lakin heç nə müəyyən olunmamışdır. Narkotik vasitə böyük sellofanda olmaqla 01 (bir) ədəd bükümdə olmuş, Təqsirləndirilən şəxs narkotik vasitəni deyilən yerlərə qoyması müqabilində iranlıdan pul almayacağını, bunun müqabilində həmin maddənin bir qismini şəxsi istifadəsi üçün götürəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki,əməliyyat-axtarış tədbirləri nəticəsində “Emil” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə, saat 23:20 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə saat 23:20-də Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi 2 ünvanının qarşısında olduğu zaman saxlanılmış, Baş İdarədə 07 iyun 2024-cü il tarixdə saat 00:55-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı qara rəngli sellefon torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/927 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” yazıları və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi- 1145 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-774/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Maddi sübut hesab etmə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda 1145 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1144,8 qram qurudulmuş marixuana saxlanılması üçün Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-1482/2024 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev ərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir danışıqların, sms yazışmaların və digər məlumatların olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 xx.xx.2024-cü il tarixli, 9200 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə hər hansı bir xoşagəlməz hallar barədə heç bir məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4097 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi X9 xx.xx.2024-cü il tarixli, 340/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – sol dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyəsinin küt əşyaya çırpılması və ya həmin nahiyəyə küt əşyanın dəyməsi nəticəsində yarana bilərdi: dəqiq olaraq hansı şəraitdə yaranması hüquqi müstəvidə aydınlaşdırıla bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə olan danışıqlara baxış zamanı müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparılması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə olan danışıqlara baxış zamanı müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparılması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1145 qram, tədqiqata sərf edildikdən sonra qalıq hissəsi 1144,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, ekspert rəyləri və digər istintaq sənədləri, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilən videogörüntünü özündə saxlayan 01 ədəd DVD disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutullan ittiham yenidən elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, medalların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müharibə veteranıdır, X6 iştirakçısıdır, “Laçının azad olunmasına görə”, “Vətən Müharibəsinin iştirakçısı” medalları ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ondan aşkar olunan 01( bir) kiloqram 145 qram narkotik vasitəni satış məqsədi ilə əldə etmədiyinə, bu məqsədlə kiminləsə əlbir olmamasına dair xüsusata tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Qeyd olunan xüsusatlar iş üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, şahid qismində dindirilmiş polis əməkdaşının ifadəsi, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, iş materiallarında olan Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2- 7/927 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” yazıları və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi- 1145 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməli və o həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri də qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etdikdə və ya saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satdıqa müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuana 500 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananın birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, həcminə əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrıayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə bir daha vurğulayır ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini və X6 iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş qurudulmuş marixuananın çəkisini, həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 78 manat (yetmiş səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 1144,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Şəxsi axtarış və götürmə zamanı istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 06 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 1144,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 78 manat (yetmiş səkkiz) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar