Məhkəmə qərarları › İş №1(101)-585/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-585/2020

23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-585/2020 23.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 52 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 23 nömrəli evin 117 saylı mənzilinə gələrək, özünü onun mərhum oğlu X4 dostu kimi təqdim edib, bu adla mənzilə daxil olduqdan sonra Zərərçəkmiş şəxs ilə oğlu barədə söhbətlər aparıb, aldatma yolu ilə onu yanılma dərəcəsinə çatdıraraq 200 manat pulun borc olaraq ona verilməsinə çalışmasına baxmayaraq, istəyinə nail olmadığını görəndə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, onun qolundan tutub dartaraq yataq otağına aparıb yatağın üzərinə itələdikdən sonra əlləri ilə boğaz nahiyəsindən tutub sıxaraq nəfəs yollarını qapadıb boğmaqla ona hər iki göz orbitası və gözaltı nahiyədə cüzi şişkinlik fonunda qançır və hər iki göz almasının ağlı qişasında qansızmalar ilə müşaiyət olunan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid burun beli, üst dodağın ön səthi, boyun nahiyəsinin sağ və sol yan səthləri nahiyələrində qançırlar və boyun nahiyəsinin sağ yan səthi nahiyəsində sıyrıqlar ilə müşaiyət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, nəticədə Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətə gəldiyini görüb onun müqavimət göstərə bilməyəcəyini dərk edərək evdə axtarış aparmış, lakin pul tapa bilmədiyini gördükdə hadisə yerindən qaçıb uzaqlaşmaqla quldurluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildə bir neçə ay Xətai rayonu, Neapol küçəsi, 23 ünvanında yerləşən binanın qarşısında avtoyuma məntəqəsində işləmişdir. Bu müddətdə həmin binanın sakini, sonradan vəfat etmiş Yuri Ofiserovla tanış olmuş, sonradan aralarında dostluq münasibətləri yaranmışdır. Yurinin sağlığında onlar demək olar ki, hər gün içki məclisi quraraq birlikdə spirtli içki qəbul etmişlər. Həmin vaxt Yuri ona burada anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığını, anası Lidiyanın təqaüdçü olduğunu və hər ay 200 manat məbləğində təqaüd aldığını demişdir. Təqsirləndirilən şəxs sözlərinə görə, son zamanlar o, işsiz olduğu üçün maddi vəziyyəti pis olmuş və şəxsi ehtiyaclarını ödəyə bilməmişdir. Buna görə də, Yurinin sağlığında anası Lidiyanın təqaüdçü olması və hər ay 200 manat məbləğində təqaüd alması barədə dediyi sözlər onun yadına düşmüş, həmin evə pul almaq məqsədilə getmək fikrinə düşmüşdür. xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində o, Zərərçəkmiş şəxs pul almaq niyyəti ilə onun yaşadığı Xətai rayonu, Neapol küçəsi ev 23, mənzil 117 ünvanına yollanmışdır. Qapını döydükdə Lidiya onun kimliyini soruşmuş, o da, Lidiyanın rəhmətə getmiş oğlu Yurinin dostu olduğunu, sonuncu barəsində söhbət etmək istədiyini demişdir. Bundan sonra Lidiya qapını açaraq onu içəri dəvət etmişdir. O, içəri keçmiş, Lidiya onu qonaq otağına ötürərək özü çay gətirmək üçün mətbəxə yollanmışdır. Lidiya ona və özünə çay gətirdikdən sonra bir yerdə çay içib rəhmətə getmiş oğlu Yuri barəsində təxminən yarım saata qədər söhbət etmişlər. Bundan sonra Lidiya ona yatmaq istədiyini bildirərək onun getməsini istədiyini bildirmiş, həmin vaxt o, Lidiyadan 200 manat məbləğində pul istəmişdir. Ancaq Lidiya pulunun olmadığını bildirərək ondan getməsini tələb etmişdir. Həmin an o, Lidiyanın qollarından tutaraq sağa-sola vuraraq yataq otağına kimi aparmış və onu çarpayının üzərinə yıxaraq əlləri ilə Lidiyanın boğazından tutub boğmağa başlamışdır. Qadını boğmaqda məqsədi isə onu qorxutmaq və Lidiyanın ona pul verməsinə nail olmaq olmuşdur. Lakin bu zaman o, Lidiyanın gözlərinin qaraldığını və boğularaq özündən getdiyini görmüşdür. Həmin vaxt o, qısa müddətdə evin müəyyən yerlərini axtarmış, ancaq heç nə tapmayaraq hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə baxışı dövründə iş üzrə Zərərçəkmiş şəxs vəfat etməsi barədə məlumat daxil olmuş, bununla əlaqədar mərhumun xx.xx.2020-ci il tarixli AZ-İİ № 087183 saylı ölüm haqqında şəhadətnaməsinin surəti iş materiallarına əlavə edilmişdir. Həmin şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2020-ci ildə Bakı şəhərində ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Bununla əlaqədar onun qohumu X2 məhkəmə tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun qaynanası, mərhum Yuri Ofiserov isə həyat yoldaşı olmuşdur. O, baş vermiş quldurluq hadisəsinin şahidi olmamış, belə ki, əri vəfat etdikdən sonra o, köçüb Rusiya Federasiyasına getmişdir. 2019-cu il dekabr ayının 26-da Azərbaycana gələndən sonra mərhum Lidiya ona baş vermiş hadisə barədə danışmışdır. Lidiyanın sözlərindən bilmişdir ki, hadisə baş verən gün evdə olarkən mənzilin qapısı döyülmüş, qapıda əvvəllər tanımadığı orta yaşlı bir kişinin olduğunu görmüşdür. Lidiya həmin şəxsdən kim olduğunu soruşduqda, şəxs özünü Lidiyanın oğlu mərhum Yuri Ofiserovun dostu kimi təqdim etmişdir. O, Yuri barədə söhbət etmək istədiyini bildirdikdən sonra Lidiya qapını açmış və həmin şəxsi içəri buraxmışdır. Təxminən yarım saat söhbət etdikdən sonra Lidiya onun getməsini xahiş etmiş, lakin həmin şəxs Lidiyadan 200 manat pul istəmişdir. Lidiya pulunun olmadığını və evi tərk etməsini bildirdikdə, həmin şəxs qəflətən onun üzərinə gəlmiş və əlləri ilə onun boğazından tutub Lidiyanı boğaraq pul tələb etmişdir. Lidiya boğulduğu üçün həmin vaxt huşunu itirmiş, ayıldıqda isə evinin dağınıq olduğunu və həmin şəxsin getdiyini görmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi Yevqeniya Ofiserova təqsirləndirilən şəxsi əvvəllər tanımadığını və heç vaxt görmədiyini, hazırda da ona qarşı heç bir şikayəti və iddia tələbi olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Yevgeniya Ofiserovanın məhkəmədə verdiyi ifadələrinə uyğun ifadə verdiyi müəyyən olundu (icld 1, iş vərəqi 21-25). Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, 2019-cu ilin əvvəllərində Zərərçəkmiş şəxs oğlu Yuri rəhmətə getdikdən sonra Lidiya yaşadığı mənzildə tək yaşamış, o da, sonuncunun yaşlı qadın olmasını və heç kimi olmamasını nəzərə alaraq demək olar ki, hər gün onun yaşadığı mənzilə gedərək ona baş çəkmiş, ev işlərində qadına kömək etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində o, evdə olarkən binanın dəhlizindən səs eşitmiş, Zərərçəkmiş şəxs onu səslədiyini görmüşdür. O, bir mərtəbə aşağı düşdükdə, Zərərçəkmiş şəxs dəhlizdə yaşadığı mənzilin giriş qapısında dayandığını, hər iki gözətrafının və boğazının göyərdiyini görmüşdür. Həmin vaxt Lidiya qorxu və təlaş içində olmuşdur. O, Lidiyadan nə olduğunu soruşmuş, qadın ona tanımadığı bir nəfər kişinin onun boğduğunu demişdir. Lidiyanın qorxduğunu görərək, birlikdə qadının yaşadığı mənzilə keçmişlər. Lidiya bir az özünə gəldikdən sonra danışmışdır ki, bir nəfər orta yaşlı kişi mənzilə gələrək ona oğlu Yurinin dostu olduğunu bildirmiş və söhbət etmişlər. Sonra həmin şəxs Lidiyadan pul istəmiş, Lidiya isə ona pulunun olmadığını bildirəndə, gələn şəxs Lidiyanın qollarından tutub yataq otağına aparmış, orada qadını əlləri ilə boğazından tutub boğaraq pul istəmiş Lidiya isə ona pulu olmadığını bildirmişdir. Bundan sonra Lidiya huşunu itirmiş və ayıldıqda həmin şəxsin artıq evdə olmadığını, yataq otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, Lidiya ilə birlikdə yataq otağına keçdikdə otağın dağınıq vəziyyətdə olduğunu görmüş və Zərərçəkmiş şəxs bu hadisə barədə polisə məlumat verməsini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 54-57). Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, mənzil 117 ünvana keçirilən baxış zamanı mənzilin yataq otağında giriş qapısından içəri girdikdə sol tərəfdə olan paltar dolabı üzərindən 1 ədəd, mənzilin giriş dəmir qapısı üzərindən isə 1 ədəd əl-barmaq izləri götürülmüşdür (cild 1, iş vərəqi 14-15). Cinayət işində olan xx xxxxxx 2019-cu il tarixli şəxsin tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş xarici görkəmləri ilə kəskin fərqlənməyən eyni cinsli şəxslər sırasından Təqsirləndirilən şəxs sifət cizgilərindən tanıyıb məhz Təqsirləndirilən şəxs hadisə zamanı özünü ölmüş oğlunun yaxın dostu kimi təqdim edib yaşadığı mənzilə daxil olduğunu, daha sonra ondan 200 manat pul tələb edib imtina cavabı aldıqdan sonra onun qolundan tutub dartaraq yataq otağına aparıb yatağın üzərinə itələdiyini və əlləri ilə boğaz nahiyəsindən tutub sıxaraq boğduğunu bildirmişdir (cild 1, iş vərəqi 52-53). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 23 ünvanda yerləşən yaşayış binasının giriş qapısının üzərində quraşdırılmış kamera qurğularından əldə edilməklə 1 ədəd “CD-R” formatlı diskə köçürülmüş hadisə anını əhatə edən görüntülərə baxış zamanı qara rəngli şalvar, qara rəngli dəri kurtka və ayağında qara rəngli klassik ayaqqabı olan, xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin xx.xx.2019-cu il tarixdə saat 12:30:25-də Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş qapısından çıxaraq Zərərçəkmiş şəxs yaşadığı mənzilin yerləşdiyi binanın 3-cü giriş qapısından daxil olub, saat 13:29:28-də isə həmin girişdən çıxaraq hadisə yerindən uzaqlaşması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin onun özü olduğunu bildirmişdir (cild 1, iş vərəqi 92). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Təcrübi və X7 rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 1296 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs Vasilevnaın bədənində hər iki göz orbitası və gözaltı nahiyədə olan cüzi şişkinlik fonunda qançırlar və hər iki göz amasının ağlı qişasında qansızmalar, burun beli, üst dodağın ön səthi, boyun nahiyəsinin sağ və sol yan səthləri nahiyələrində qançırlar və boyun nahiyəsinin sağ yan səthi nahiyəsində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən əllə boynunu sıxma və sifətinə vurma nətiəsində gələ bilərdi, hər iki göz orbitası və gözaltı nahiyədə cüzi şişkinlik fonunda qançırlar və hər iki göz almasının ağlı qişasında qansızmalar ümumilikdə və ayrıayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddir, digər xəsarətlər ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 58- 59). Məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1621 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. - Təqdim edilmiş 1 və 2 saylı daktilolentin səthindəki papilyar naxış izləri tam, aydın əks olunmadığından, həmçinin kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. - 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının dırnaq falanqasından, toxunma nəticəsində qalmışdır (cild 1, iş vərəqi 105-110). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayətlər törətdiyinə görə beş dəfə cinayət məsuliyyətiniə cəlb edilməklə məhkum olunmuşdur. Hazırkı işdən əvvəl sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2008-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən, qəti olaraq 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 103-104). Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ödənilmişdir və o, hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən, cinayətin təqsirkar üçün aşkar surətdə qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 39). Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, maddi sübutlar hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş əl-barmaq izləri və “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1621 nömrəli rəyi üzrə məhkəmə məsrəfi hesab edilən 227 (iki yüz iyirmi yeddi) manat 16 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş əlbarmaq izləri və “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 227 (iki yüz iyirmi yeddi) manat 16 ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar