Məhkəmə qərarları › İş №1(101)-585/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-585/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-585/2022 28.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fədi əməklə məşğul olan, subay, məhkum olunmamış, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, 29 avqust 1997-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan və ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşib Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə olunan N saylı hərbi hissədə əsgər hərbi rütbəsində xidmətdə olan tanışı Şahid Müsafir oğlunun 60 manat nağd pul müqabilində istifadə etmək məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib çatdırılması barədə verdiyi sifariş əsasında sonuncunun 05 fevral 2021-ci il tarixdə istintaqa məlum olmayan taksi sürücüsü vasitəsi ilə ona göndərdiyi 60 manat nağd pulu qəbul edərək həmin gün saat 22:00 radələrində ünvan 4 ünvanında yerləşən “Lokomotiv Depo1' adlanan ərazidə qrup üzvü Təqsirləndirilən şəxs1lə görüşüb sonuncunun istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,274 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Şahid aldığı pulun 50 manatını ödəyərək Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamış və Şahid vermək məqsədilə içərisində ərzaq məhsulları olan bağlamaya yerləşdirərək həmin bağlamada Bakı şəhəri, Nərimanov rayonu, X15 99 ünvanda yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına daşımış, 2021 -ci ilin fevral ayının 05-dən 06-na keçən gecə saat 24:00 radələrində X1 gətirdiyi bağlamaya keçirilmiş baxış zamanı bağlamanın içərisindən şirniyyat qutusunda həmin 01 ədəd bükümdə təmiz çəkisi 0,274 qram ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,274 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin əldə edib üzərində saxlayaraq daşımış və 05 fevral 2021 -ci il tarixdə saat 22 radələrində ünvan 6 ünvanında yerləşən “Lokomotiv Depo" adlanan ərazidə qrupun digər üzvü Təqsirləndirilən şəxs2la görüşüb 50 manat pulun müqabilində həmin 0,274 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satışını həyata keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 vermiş, sonuncu da öz növbəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə olunan N saylı hərbi hissədə əsgər hərbi rütbəsində xidmətdə olan tanışı Şahid Müsafir oğlunun əvvəlcədən 60 manat ödəniş etməklə verdiyi sifariş əsasında Şahid satmaq məqsədilə qeyd edilən psixotrop maddəni içərisində ərzaq məhsulları olan bağlamaya yerləşdirərək həmin bağlamada Bakı şəhəri, Nərimanov rayonu, X15 99 ünvanda yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına daşımış və 2021 -ci ilin fevral ayının 05-dən 06-na keçən gecə saat 24 radələrində X3 Məntəqəsində Təqsirləndirilən şəxs2 gətirdiyi bağlamaya keçirilmiş baxış zamanı bağlamanın içərisindən şirniyyat qutusunda həmin 01 ədəd bükümdə təmiz çəkisi 0,274 qram ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid Müsafir oğlu onunla eyni küçədə yaşamışdır. Eşqinlə dostluq münasibətləri olmuşdur. Şahid hərbi xidmətə getməmişdən əvvəl narkotik vasitədən istifadə etmişdir. O Eşqinin narkotik vasitə İstifadə etməsinin şahidi olmuşdur. Eşqin narkotik vasitə hesab olunan marixuananı qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 almış, bəzən də birlikdə istifadə etmişlər. 05.02.2021-ci il tarixdə saat 18 radələrdində “İnstagram” sosial şəbəkəsində onunla eyni küçədə yaşayan, hazırda hərbi xidmətdə olan Şahid “eşqin_mmm’’ adlı özünə məxsus səhifəsindən onun səhifəsinə mesaj yazaraq, hal əhval tutmuşdur. O da eyni zamanda Eşqinin nələr etdiyini və harada olduğunu soruşmuşdur. Şahid ona cavab olaraq Hospitalda müalicə oldunuğunu, şiddətli ağrılarının olmasını deyərək, başının açılması üçün məhlə uşağı və eyni zamanda narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olan Təqsirləndirilən şəxs1 “patı” adlandırılan və ya digər adı “şüşə” kimi bilinən “metamfetamin” adlı psixotrop maddə götürüb Eşqinə çatdırmağını ondan xahiş etmiş və bildirmişdir ki, həmin maddənin dəyərini, yəni 60 (altmış) manat məbləğində pulu bir neçə dəqiqə ərzində taksi ilə Hospitaldan ona göndərəcəkdir. Hərbi xidmətə getməmişdən əvvəl Şahidla Təqsirləndirilən şəxs1 arasında narkotik vasitənin satışı ilə bağlı, yəni daha doğrusu tam bilmədiyi pul məsələsi ilə bağlı problem yaşandığından Eşqinlə Xəyal biri-biriləri ilə danışmır və əlaqə saxlamamışlar. Bu səbəbdən Şahid onun vasitəsi ilə həmin “şüşə”ni Təqsirləndirilən şəxs1 əldə etmək istəmişdir. Əvvəllər Şahid hər hansı narkotik vasitə və ya psixotrop maddə göndərməmişdir. Saat təxminən 19 radələrində Şahid ona zəng edərək taksinin onu gözləməsini, taksi sürücüsündən 60 (altmış) manat pulu götürməyini bildirmişdir. O həmin əraziyə gedən zaman üzərində “Bolt” taksi şirkətinin emblemi olan nömrəsini xatırlamadığı, ağ rəngli “Toyota Prius” markalı avtomobili görüb Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən “Lokomotiv Depo" adlanan ərazidə taksiyə yaxınlaşmışdır. Həmin taksi sürücüsü ona 60 manat pulu vermişdir. O, pulu aldıqdan sonra qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 zəng etmişdir. Danışıq zamanı, Xəyala küçəyə çıxmasını bildirmişdir. Saat təxminən 22:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən “Lokomotiv Depo" adlanan ərazidə Təqsirləndirilən şəxs1 ilə görüşmüş və sonuncuya 50 manat pulu verərək ona “patı”, digər adı “şüşə” olan metamfetamin adlı psixotrop maddə verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 də 50 manat pulu götürüb saymış və cibindən qara rəngli selofan paketə bükülmüş psixotrop maddəni vermişdir. Bir qədər sonra Şahid ona yenidən zəng etmişdir. O, Şahid dediyini götürdüyünü, qısa müddət ərzində hospitala gələcəyini demişdir. Şahid təxminən 15-20 dəqiqə sonra məhləyə öz tanışı olan başqa bir “Nurlan" adlı şəxsin gələcəyini və Eşqinə göndərəcəyi hədiyyəni də Nurlan adlı şəxsdən götürüb, özündə olan “patı” ilə birgə DSX-nin Hərbi Hospitalına çatdırmağını xahiş etmiş və bildirmişdir ki, taksi pulunu, yəni 10 (on) manatı gətirəndə verəcəkdir. Bir neçə dəqiqədən sonra, hazırda xatırlamadığı nömrədən ona zəng gəlmişdir. Telefonda olan şəxs özünü “Nurlan” kimi təqdim edərək Şahid çatacaq əmanəti gətirdiyini bildirmişdir. O, həmin şəxslə danışmış və “Lokomotiv Depo” adlanan yerə getmişdir. Saat təxminən 22:30 radələrində həmin yerdə içərisində iki nəfər olan nömrəsini xatırlamadığı qara rəngli “Daewoo Gentra” markalı avtomobil yaxınlaşmışdır. Həmin şəxslərdən biri, sərnişin olan özünü “Nurlan” adlı şəxs kimi təqdim edərək Şahid dostu olub-olmadığını soruşmuşdur. O, müsbət cavab verdikdə ona ağ rəngli “Sobranie” siqaretinin qutusunu vermiş və həmin qutunu Şahidla çatdırmağını xahiş etmişdir. Bundan sonra, həmin şəxslər oradan ayrılmışlar. O, siqaret qutusunun içərisinə baxan zaman orada siqaret olmamasını, boş paketin içərisində “rızla” adlanan kağıza bükülmüş marixuana olmasını görmüş və Təqsirləndirilən şəxs1 götürdüyü “şüşə”ni həmin “Nurlan” adlı şəxsin verdiyi paketin içərisinə qoymuşdur. Bundan sonra o, Şahid göndərdiyi 60 manat puldan qalan 10 manata marketdən şirniyyat almış və şirniyyatın kənarından açaraq həmin içərisində narkotik vasitə və psixotrop maddə olan “Sobraniya” siqaret qutusunu qoymuşdur ki, hospitalda həmin əşyalar aşkar olunmasın. Bundan sonra yoldan taksi tutub Hospital istiqaməti ilə yola düşmüş və yoldan Şahidla əlaqə saxlayaraq yolda olduğunu, bir azdan orda olacağını bildirmişdir. Bu zaman, Şahid ona paketi Hospitalın “NBM”-nə verərkən, həmin paketin Emin Kazımova çatacağını demişdir. Lakin Eşqin sonra fikrini dəyişərək həmin paketin Şulan Bağırov adlı kiçik gizirə çatacağını deməyini xahiş etmişdir. Saat 24 radələrində o, hospitala çatmışdır. Hospitalın “NBM”-nə paketi təqdim edərək, kiçik gizir Şulan Bağırov adlı şəxsə çatacağını demişdir. Orada mühafizə işçisi paketi ondan götürərək yoxlamağa başlayan zaman, narkotik vasitələri aşkar etmiş və ondan həmin maddələrin nə olduğunu soruşduqda isə nəişə olduğunu bildirib dərhal oradan qaçaraq uzaqlaşmışdır. O, Xəyala psixotrop maddəni Eşqin üçün almaq istəditini deməmişdir. Təqsirləndirilən şəxs1 həmin psixotrop maddəni özü üçün almaq istədiyini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 fevral 2021-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs2 hazırda xatırlamadığı mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edərək psixotrop maddə metamfetamin əldə etmək istəyini bildirmişdir. Nurlan ona 50 manat pul vermiş və o, tanımadığı şəxsdən psixotrop maddə olan metamfetamini almışdır. Həmin psixotrop maddə olan metamfetamini Nurlanla birlikdə istifadə etmişlər və qalan hissəni isə Nurlan götürüb getmişdir. Şahid onun qonşusu olmuş, lakin münasibətləri olmamışdır. Nurlanın ondan aldığı psixotrop maddənin Eşqinə verməsindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 27 sentyabr 2020-ci il tarixdə başlayan döyüş əməliyyatlarında Qazax istiqamətində iştirak etmiş, Ali Baş Komandanın sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. 2021-ci ilin yanvar ayının əvvəllərindən diz oynağında yaranan sümük kistası diaqnozu ilə DSX-nin Hərbi Hospitalına qəbul olunmuşdur. 2021 -ci ilin yanvar ayının sonlarında sol ayağından cərrahi əməliyyat olunmuşdur. O, 2021-ci ilin yanvar ayında müalicədə olduğu Hospitalın cərrahiyyə şöbəsində hazırda adını xatırlamadığı bir hərbi qulluqçunun smartfon tipli telefon istifadə etdiyini görmüş və sonuncudan internet sosial şəbəkələrinə baxmaq üçün telefonu ona verməsini xahiş etmişdir. O, “İnstagram” sosial şəbəkəsində məlumatlara baxan zaman, öz yaşadığı məhlədə qonşu olan Təqsirləndirilən şəxs2 səhifəsini görmüş və yazışmağa başlamışdır. O da döyüşlərdən qayıtdığını və hal hazırda səhhəti ilə bağlı DSXnin Hospitalında müalicə aldığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs2 ondan əlaqə saxlamaq üçün istifadə etdiyi və ya yaxınlığında olan şəxslərdən birinin hər hansı bir mobil nömrəsini verməyini istəmişdir. O da, həmin vaxt özünə məxsus və Hospitalda gizlin istifadə etdiyi smartfon olmayan sadə bir telefonda olan “***-***-**-**” mobil nömrəsini vermişdir. Bir müddət Təqsirləndirilən şəxs2la mütəmadi əlaqə saxlayıb halını soruşmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs2la 05 fevral 2021- ci il tarixdə günorta saatlarında danışmışdır. Həmin vaxt ağrıları artmış və o, Təqsirləndirilən şəxs2 ağrılarının olduğunu və Hospitaldakı dərmanların ağrılarını kəsmədiyini, ona “patı” və ya “şüşə” adlanan psixotrop maddə hesab olunan metamfetamin alıb göndərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da, ona 60 (altmış) manat məbləğində pul müqabilində həmin psixotrop maddə hesab olunan metafitamini alıb göndərə biləcəyini bildirmiş, o isə pulunun olduğunu, narahat olmamasını demiş və beləliklə də onlar razılaşmışlar. O, həmçinin Təqsirləndirilən şəxs2 çox gec gətirməməsini, Hospitala axşam saat 6- dan sonra həm xəstə qəbulunun olmadığını, həmçinin xəstələrə əşya verilməsinə icazə verilmədiyini bildirmişdir. Həmçinin o, hazırda xatırlamadığı taksi şirkətlərinin birinə zəng edərək taksi sifariş vermiş və 60 manat pulu həmin taksi vasitəsilə Təqsirləndirilən şəxs2 göndərmişdir. Həmin gün hərbi hospitaldan tanıdığı X6 ona zəng etmişdir. Onlar telefonda hal-əhval tutmuş və o, Nurlan Məmmədova ağrılarının olmasını, ona narkotik vasitə göndərməsini xahiş etmişdir. O, Nurlan Məmmədovun narkotik maddə istifadə etməsini bilməmiş, sadəcə bu sözü zarafat üçün demişdir. Nurlan Məmmədov da ona bir neçə gün öncə yerdən narkotik vasitə tapdığını, özü istifadə etmədiyi üçün ona göndərə biləcəyini demişdir. O həmin vaxt Nurlan Məmmədova əlavə olaraq qril və çörək də göndərməsini, özünün hospitala gəlməsinə ehtiyac olmamasını, tanışı Təqsirləndirilən şəxs2 yanına gələcəyini, sonuncu ilə görüşüb qeyd olunan əşyaları verməsini xahiş etmişdir. Nurlan Məmmədov da onunla razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs2 nömrəsini Nurlan Məmmədova vermiş və bu barədə Təqsirləndirilən şəxs2 da xəbərdar etmişdir. Həmin gün, yəni 05 fevral 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 ona zəng vuraraq şirniyyat, meyvə şirəsi və narkotik vasitə gətirdiyini bildirmiş, o həmin qidaları nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq gizir X8 çatmalı olduğunu deməsini bildirmişdir. Lakin sonradan fikrini dəyişmişdir. Belə ki, gizir Şulan Bağırov ondan rütbəcə və vəzifəcə böyük olduğu üçün, Təqsirləndirilən şəxs2 gətirdikləri əşyaları əsgər X7 çatmalı olduğunu deməsini bildirmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs2 ona zəng vuraraq, psixotrop maddəni və narkotik vasitənin “NBM”-də yoxlama zamanı aşkar edildiyini bildirmişdir. Beləliklə də, həmin narkotik vasitəni və psixotrop maddəni içəri keçirə bilməmiş və hər şey aşkara çıxmışdır. Bundan sonra, o, Emin Kazımova yaxınlaşaraq ətraflı bu barədə, yəni sonuncunun adına “NBM”-dən keçirməsini istədiyi şirniyyat və meyvə şirəsinin içərisində eyni zamanda ağrılarını kəsdirəcək dərmanın, yəni psixotrop maddəni və narkotik vasitənin də olduğunu və həmin maddənin yoxlama zamanı aşkar edildiyini bildirmişdir. Həmçinin xahiş etmişdir ki, onun adını verməsin və hər şeyi özünün sifariş etdiyini bildirsin. Emin Kazımovun həqiqətən də həmin ona gələn qidaların arasında psixotrop maddənin və narkotik vasitənin olmasından xəbəri olmamış, sonuncuya bir tək şirniyyat və meyvə şirəsi gələcəyini bildirmişdir. Verilən sualları cavab olaraq Şahid Msafir oğlu bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 həmin maddəni Təqsirləndirilən şəxs1 almasını deməmişdir. X6 onun narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Sadəcə ağrıları olduğunu bildiyi üçün ona narkotik vasitə göndərmişdir. Nurlan Məmmədov ona həmin narkotik vasitəni yerdən tapmasını, özünün istifadə etmədiyi üçün ona göndərməsini bildirmişdir. Onun Təqsirləndirilən şəxs2 narkotik vasitə istəməsinin şahidi heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs2 telefon vasitəsilə danışıb sifariş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2021-ci il tarixli 6/564 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketin içində üzərində “Sobraniye” göstəricisi olan bir ədəd siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi 0.274 qramm olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in İ siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi narkoloji tibb yoxlamanın 31 iyul 2021 -ci il tarixli, 2587 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 çətənə bitki preparatlarından periodiq istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 “narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilakik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi narkoloji tibb yoxlamanın 05 noyabr 2021-ci il tarixli 4332 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 sintetik opioidlərin və psixotrop maddə olan metamftaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniya məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 22.09.2021-ci il tarixli 2226 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sairi sübut edir . Belə ki, Təqsirləndirilən şəxs2 əvvələr psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcbnuri müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş 19 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəni təsdiq edərək Şahid aldığı 60 manat pulun 50 manatını Təqsirləndirilən şəxs1 verərək sonuncudan psixotrop maddə metamfetamini əldə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid Müsafir oğlu ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş 16 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, tərəflər istintaqa verdikləri ifadələri təsdiq edərək, bir birilərinin üzlərinə qarşı təkrar etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid Müsafir oğlu ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş 19 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, tərəflər istintaqa verdikləri ifadələri təsdiq edərək bir birilərinin üzlərinə qarşı təkrar etmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsi onun ibtidai istintaq zamanı verdiyi ifadəsi, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilərək müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, Şahidla 05 fevral 2021-ci il tarixdən öncə, 2020-ci ilin mart ayında sonuncu hərbidən məzuniyyətə gələn zaman məhlədə görüşmüşdür. Həmin vaxt onlar sadəcə söhbətləşmiş, yəni bir o qədər yaxın münasibətləri olmamışdır. Eşqin məhlədə olan zaman ən çox Təqsirləndirilən şəxs1lə bir yerdə olmuş, biri-birilərinin evlərində mütəmadi narkotik vasitələrdən istifadə etmişlər, bu barədə sonuncu həmişə məhlədə danışmışdır. Emin Kazımov adlı şəxsi o tanımamış və barəsində heç vaxt eşitməmişdir. Şahid ona paketi ilk olaraq Emin Kazımova çatmasını desə də, sonradan fikrini dəyişərək Şulan Bağırov adlı kiçik gizirin adına gətirdiyini və NBM-də sonuncuya çatacağını bildirməyini ondan xahiş etmişdir. O, Nurlan adlı şəxsi tanımamışdır. O, "Beko” adlı şəxsi tanımışdır, həmin şəxs adı Bəhruz soyadı isə Məmmədov olmamışdır. Sonuncu Təqsirləndirilən şəxs1 yeznəsi olmuş, yəni bibisinin əri olmuşdur. Xəyal və Bəhruz Məmmədov birgə narkotik vasitələrin alqısatqısı və istifadəsi ilə məşğul olmuşlar. Həmin Bəhruz adlı şəxs Əhmədli qəsəbəsində yaşamış, tam ünvanını bilməmiş, lakin, mütəmadi qohumu olan Təqsirləndirilən şəxs1 evinə gəlib-getmişdir. Onun Şahidla danışdığı telefon nömrəsi kiçik qardaşı X4 məxsus ********** saylı nömrə olmuşdur. Şahid nömrəsi isə yadında qalmamışdır. Onlar “vatsap” proqramı vasitəsilə əlaqə saxlamışlar. Onun özü Şahid Təqsirləndirilən şəxs1lə və ya tək məhlədə narkotik vasitədən istifadə etməsinin şahidi olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədəki ifadəsində ibtidai istintaq zamanı adından yazılıan ifadəni oxumadan imza etməsi, bundan başqa ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs1lə Şahid birgə narkotik vasitələrin alqı-satqısı və istifadəsi ilə məşğul olmaları barədə ifadəsini təsdiqləməməsi, bundan başqa Təqsirləndirilən şəxs1 aldığı psixotrop maddə olan metamfetamini Şahid üçün almasını Xəyalın bilməməsi barədə ifadələrini həm özünümüdafiə, həm də Təqsirləndirilən şəxs1 müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onların əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Beləliklə, məhkəmə istintaqında şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnaməldən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş müayinə məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 3-cü dərəcəli əlildir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 3-cü dərəcəli əlil olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmalı, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs2 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, o cümlədən 26 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablanmalı, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 16 oktyabr 2021-ci il tarixdən 18 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, ümumilikdə 02 (iki) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nəsimi rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,224 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə üzləşdirilmələri özündə əks etdirən CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 32,50 (otuz iki manat əlli qəpik) manat olmaqla cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından müdafiəçilər: Müdafiəçi2 üçün 120 (yüz iyirmi) manat və Müdafiəçi1 üçün 120 (yüz iyirmi) manat məbləğində pullar onların vəkil işlədikləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, o cümlədən 26 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi ) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 16 oktyabr 2021-ci il tarixdən 18 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Nəsimi rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,224 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə üzləşdirilmələri özündə əks etdirən CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 32,50 (otuz iki manat əlli qəpik) manat olmaqla cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından müdafiəçilər: Müdafiəçi2 üçün 120 (yüz iyirmi) manat və Müdafiəçi1 üçün 120 (yüz iyirmi) manat məbləğində pullar onların vəkil işlədikləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar