Məhkəmə qərarları › İş №1(101)-585/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-585/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-585/2023 28.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, 7 may 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Badamlı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3,744 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini və ümumi təmiz çəkisi 5,504 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 11 sentyabr 2022-ci il tarixdə saat 10:40 radələrində ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli parçadan olan şalvarının sağ yan cibindən 1 ədəd polietilen torbacıqda 8 ədəd sellofan kəsiyi bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,60 qram, 0,242 qram, 0,580 qram, 0,541 qram, 0,350 qram, 0,460 qram, 0,701 qram və 0,270 qram olmaqla, ümumi təmiz çəkisi 3,744 qram, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin və 6 ədəd sellofan kəsiyi bükümlərdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 1,321 qram, 1,720 qram, 0,77 qram, 0,782 qram, 0,450 qram və 0,461 qram olmaqla, ümumi təmiz çəkisi 5,504 qram, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 sentyabrda gecə saat 3:30 radələrində “Gənclik” metrostansiyanın yaxınlığında yerləşən “Araz” marketin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmşdır. Sonra polis əməkdaşları onu Nərimanov RPİnin 16-cı Polis Bölməsinə gətirmişlər. 16-cı Polis Bölməsinin 2-ci mərtəbəsində başda 16cı Polis Bölməsinin rəisi olmaqla, bölmənin əməkdaşları ona fiziki zor tətbiq etmişlər. O, tutulan vaxt üzərində 1 qramdan az miqdarda metafetamin olmuşdur. Lakin bölmədə 1 ədəd sellofan torbanı üzərində saxlayaraq videoçəkiliş vasitəsilə şəxsi axtarış zamanı təqdim etməyi üçün ona fiziki zor tətbiq etmişlər. Polis əməkdaşları verdikləri sellofan torbanın içərisində “kakos”, yəni heroin və “patı”, yəni metafetamin olmuşdur. Ona 16-cı Bölmənin rəisi və digər əməkdaşları tərəfindən dəfələrlə fiziki zor tətbiq edilmişdir. O saxlanılan zaman üzərində sadəcə metafetamin olmuşdur. O tutulan vaxtı eyni ərazidə ondan başqa daha bir nəfəri də tutmuşlar. Polis əməkdaşları rezin dəyənəklə baş və ayaq nahiyələrinə xəsarət yetirmişlər. Ona xəsarət yetirilməsi ilə bağlı Bakı İstintaq Təcridxanasında tibbi müayinə zamanı qeydiyyat aparılmışdır. O, etiraz etmək məqsədilə Bakı İstintaq Təcridxanasında olan zaman iynə və qaşıq udmuş və icazə verməmişdir ki, bədənindən həmin əşyaları götürsünlər. O özünə bizlə xəsarət də yetirmişdir. O, tutulmazdan əvvəl metafetamindən istifadə etmiş, tutulmazdan əvvəl metafetamini “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən almışdır. Müstəntiq ona demişdir ki, narkotik vasitəni aldığı şəxs də tutulub. Onun mobil telefonu ilə İran vətəndaşına göndərilmiş smslər bölmədə olarkən bölmə rəisi tərəfindən yazılmışdır. Bank kartlarının şəklini onun mobil telefonu vasitəsilə polis əməkdaşları çəkmişlər. Polis əməkdaşları onu tutarkən üzərində 1 qrama yaxın metafetamin və 400 manat pul olmuşdur. O, metafetamini 150 manata yox, 50 manata “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən almışdır. Bakıya tutulmazdan əvvəl 2 ay əvvəl gəlmiş, ondan əvvəl də 2019-cu ildə Bakıya gəlmişdir. Polis əməkdaşları tərəfindən ona xəsarət yetirmələri ilə bağlı bir çox dövlət orqanına şikayət etmişdir. Ona polis bölməsində xəsarət yetirilməsi ilə bağlı Ombudsmanın qəbulunda olmuş və ona da məhkəmə iclasında dediklərini demişdir. İbtidai istintaq zamanı barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini deyib onu aldatmışlar. İbtidai istintaq zamanı ona qarşı fiziki və psixloji təsir göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə sahə inspektoru vəzifəsində işləyir. O, 11 sentyabr 2022-ci il tarixdə saat 10:40 radələrində Nərimanov RPİnin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidmətdə olarkən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmaq üçün xidməti avtomobillə həmin şəxsə doğru hərəkət etmişlər. Həmin şəxs onları görüb uzaqlaşmaq istəmişdir. Nərimanov rayonu, S.Rəhman küçəsi 35 saylı ünvanın qarşısında “Araz” marketin yaxınlığında onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. Həmin vaxt həmin şəxs sənədlərinin üzərində olmadığını bildirmiş, şübhəli hərəkətlərlə onlardan yayınaraq getmək istədiyini və sağ əli cibində nəsə gizlətdiyini hiss etmişlər. Həmçinin saxlanılan şəxsin telefonuna dayanmadan zənglər gəlmişdir. Bundan sonra həmin şəxsin üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olmasından şübhələnib üzərində şəxsi axtarış aparılması üçün onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Sonra bu barədə raportla məruzə olunmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli parça materialdan olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan torba təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman hər birinin içərisində qəhvəyi rəngli maddə olan 5-6 ədəd büküm və hər birinin içərisində ağ rəngli maddə olan 6-7 ədəd xırda sellofan bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümlərdə olan maddələrin heroin və metafetamin olduğunu, həmin bükümlərdəki maddələri özü istifadə etmək məqsədilə internet vasitəsilə tanış olduğu, adını bilmədiyi İran vətəndaşından onun kart hesabına 150 manat pul ödəməklə “Araz” marketlə üzbəüz olan ünvandan götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri boynuna götürməsi üçün ona heç bir təzyiq göstərməmişlər. Narkotik vasitələri haradan əldə etməsi ilə bağlı Əşrəfəliyə sual verən zaman o, bildirmişdir ki, İran vətəndaşı ucuz “mal” olduğunu deyərək ona narkotik vasitələri göndərmiş, lakin o, həmin ünvanı tapa bilmədiyi üçün “Araz” marketin yanında dayanmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmiş, Təqsirləndirilən şəxs baş və bədən nahiyələrində xəsarət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid2 və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 124-131). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” və “diskə baxış keçirilməsi barədə” protokollardan görünür ki, baş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təkil olunur. Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan torbanı, şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı “A12” modelli mobil telefonu və 4 ədəd 100 manatlıq əskinazları çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan torba baş təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman hər birinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan 6 ədəd və hər birinin içərisində ağ rəngli kristal halında maddə olan 8 ədəd xırda sellofan bükümlər aşkar olunur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümlərdə olan maddələrin “kakos” və “patı” olduğunu, həmin bükümlərdəki maddələri özü istifadə etmək məqsədilə internet vasitəsilə tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından sonuncunun kart hesabına 150 manat pul ödəməklə ünvanını dəqiq bilmədiyi yerdə “Araz” marketin yaxınlığından götürdüyünü bildirir (cild 1, iş vərəqə 26-28, 50). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin mobil telefonda ***- ***-**-** saylı mobil nömrə istifadə olunması müəyyən edilmiş, həmçinin mobil telefonun galeriya qovluğundan cinayət işi üzrə əhəmiyyət kəsb edən skrin edilmiş 1 ədəd fotoşəkil aşkar edilmiş, həmin fotoşəkildə “WhatsApp” sosial şəbəkəsində “Montin Moyka” adlı istifadəçi ilə olan söhbətdə sonuncu tərəfindən göndərilmiş istintaqa məlum olmayan səs yazısı, həmin səs yazısından sonra mobil telefonun istifadəçisi tərəfindən “salamatlıq qaqa”, “Montin Moyka” adlı istifadəçi tərəfindən “hardasan”, mobil telefonun istifadəçisi tərəfindən “20 yanvar”, “Montin Moyka” adlı istifadəçi tərəfindən “10nug duz qos elemey olar”, mobil telefonun istifadəçisi tərəfindən “Sorsum deyim qaqa”, “Montin Moyka” adlı istifadəçi tərəfindən “Patı”, mobil telefonun istifadəçisi tərəfindən “Tm, Sorsum, Dem” sözləri yazılmışdır. Bundan başqa mobil telefonun yaddaş kitabçasında qeydə alınmış nömrələrə baxış zamanı “Montin Moyka” adı ilə qeyd alınmış +994-77-316-19-83 saylı mobil nömrənin olması aşkar edilmişdir (cild 1, iş vərəqə 51-52). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 16 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:16:56 dəqiqədə ***- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Bu hərəkətin adı nədiki hə? Bu gün o poxu satıb kirayə evə pul verəcəkdim, makler yığıb məni, budu mənə köməyin?”, xx.xx.2022-ci il tarixdə saat 12:24:00 dəqiqədə “Əli niyə belə etsəne bilsən axşamdan heçnəyim yoxdu, bilə bilə belə etsən bütün işlərimi sarvat elədine”, xx.xx.2022-ci il tarixdə saat 12:58:00 dəqiqədə “Əli teli aç lomkadan parkda burulub qalmışam” məzmunlu mesajlar yazılmışdır (cild 1, iş vərəqə 156-160). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli 6/5094 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs imza Təqsirləndirilən şəxs ...” yazılan zərfdə 1 polietilen torbacıqda 8 ədəd sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,60 qram, 0,242 qram, 0,580 qram, 0,541 qram, 0,350 qram, 0,460 qram, 0,701 qram və 0,270 qram olmaqla, ümumi çəkisi 3,744 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamindir, 6 ədəd sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,321 qram, 1,720 qram, 0,77 qram, 0,782 qram, 0,450 qramvə 0,461 qram olmaqla, ümumi çəkisi 5,504 qram tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 3,744 qram, tədqiqata sərf edildi 0,4 qram, qalıq 3,344 qram, heroinin ümümi təmiz çəkisi 5,504 qram, tədqiqata sərf edildi 0,3 qram, qalıq 5,204 qram, cild 1, iş vərəqə 36-40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 5 oktyabr 2022-ci il tarixli 2639 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, özünükəsmələrlə, anamnezində avtoqəza zamanı başından zədə alması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 186-188). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 5 oktyabr 2022-ci il tarixli 5793 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 183- 184). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 31 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onun təxirəsalınmaz tibbi müayinəsi zamanı bədəninə baxış keçirilərkən sol dirsəkdə üzəri qərtməkli sıyrıq yarası, sol diz büküşündə bənövşəyi rəngli qançır və başın təpə nahiyəsində şişkinliklər (yumşaq toxumanın əziyi) müşahidə edilmişdir (cild 1). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs sol dirsəyin sıyrığı, başın təpə nahiyəsinin şişkinliyi və sol dizin qançırı xarakterinə və yerləşdiyi nahiyələrə əsasən demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsi istisna edilməmişdir (cild 1, iş vərəqə 151-153). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 3,344 qram olan psixotop maddə metafetamin və 5,204 qran olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 2 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 134-204). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 2 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 18 yanvar 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 149-150, 178-182). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 172). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 17-18). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 100-104). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 3,344 qram olan psixotop maddə metafetamin və 5,204 qran olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 3,344 qram olan psixotop maddə metafetamin və 5,204 qran olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar