Məhkəmə qərarları › İş №1(101)-586/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-586/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-586/2023 07.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, 6 dekabr 1970-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs narkotik vasitələri satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxslə internet informasiya ehtiyatlarından istifadə etməklə əvvəlcədən гаzılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində sonuncudan qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 3 ədəd bükümdə kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 18,278 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanın qarşısında həmin narkotik vasitə olan heroindən 1 ədəd bükümdə 1,246 qram çəkidə olan hissəsini Şahid1 20 manat müqabilində satmış, 10 sentyabr 2022-ci il tarixdə Şahid1 Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 20:15-də Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov 6 ünvanının qarşısında saxlanılıb ünvan 4İ-nin 35-ci PB-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindəki qara rəngli pul qabının içərisində külli miqdarda 2 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 5,823 qram və 11,209 qram olmaqla, ümumi təmiz çəkisi 17,022 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək gütürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Əli adlı şəxsi tanımır və onunla heç vaxt ünsiyyəti olmamışdır. 10 sentyabr 2022-ci il tarixdə saat 9:30 radələrində yaşadığı evdən Sabunçu rayonunda yerləşən xəstəxanaya getmiş və həmin xəstəxanadan oğlunun hərbi xidmətə göndərilməsi ilə əlaqədar sənədləri götürüb Qaradağ rayon Hərbi Komissarlığına təqdim etmək üçün Qaradağ rayonu ərazisinə getmişdir. O, Qaradağ rayon Hərbi Komissarlığına sənədlər təqdim etmək istədikdə ona hərbi komissarlığın saat 13:00-a kimi işlədiyini, 1-ci gün həmin sənədləri yenidən gətirməyini demişlər. O, təqribən saat 12:30 radələrində Qaradağ rayonundan çıxıb saat 13:30 radələrində Günəşli qəsəbəsinə gəlmiş və Xumar adlı dərziyə verdiyi paltarları götürmək üçün Günəşli qəsəbəsində yanacaqdoldurma məntəqəsinin yaxınlığında fərdi yaşayış evinə getmişdir. O, həmin fərdi yaşayış evinə daxil olan zaman polis əməkdaşlarından biri onun əlindən tutmuş, digəri isə üzünə şillə vurmağa başlamışdır. Evin qapısını Xumar xanım açdığı üçün o, içəridə polis əməkdaşları olduğunu bilməmişdir. Evin içində onun üzərinə baxış keçirilmiş, sonra Xumarla onu Xətai RPİ-nin 35-ci PB-nə gətirmişlər. Bölmədə olan zaman ona “baron” olmasını, narkotik vasitələrin yerini deməsini bildirmişlər. Sonra da mobil telefonuna baxış keçirilmiş və ona qarşı təhqiredici ifadələr işlətmişlər. Ona demişlər ki, “narkotik vasitələri boynuna al, səni buraxaq”. Digər tərəfdən “Əli” adlı şəxsi 3 nəfər polis əməkdaşı döymüşdür. O, Əlini döyməyi dayandırmaları üçün narkotik vasitəni boynuna almışdır. Həm də ona demişlər ki, “narkotik vasitəni boynuna alsan səni buraxacağıq”. Hətta bölmədə xanım vəkil ona təzyiq göstərilməsinə etiraz etdiyinə görə polis əməkdaşları onu işdən çıxarılmaqla hədələmişlər. Onunla birlikdə bölməyə gətirilən Xumar adlı qadını isə həmin gün saat 20:00-da buraxmışlar. O, tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. O, narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin satışını həyata keçirməmişdir. Ona demişlər ki, “sən boynuna almasan, ya oğlunu, ya yoldaşını tutacayıq”. O, İran vətəndaşından öz şəxsi istifadəsi üçün heroin almışdır. O, Bakıda yaşayan İran vətəndaşından heroin almış, narkotik vasitəni internet vasitəsilə əldə etmiş, narkotik vasitəni aldığı İran vətəndaşı ilə necə tanış olduğunu bilməmişdir. Şəxsi istifadəsi üçün aldığı narkotik vasitəni yaşadığı evdə istifadə etmişdir. Əlini döydükləri üçün narkotik vasitələrin onun olduğunu demiş və Şahid1 ilə heç vaxt ünsiyyəti olmamışdır. Xumar xanımı saat 20:00 radələrində bölmədə buraxmışlar. Şahid1 Xumar xanımla birlikdə yaşamışdır. 1 ədəd bükümdə narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitə heroini satmaq və ya kiməsə pay vermək niyyəti olmamışdır. Üzərində şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir. Təxminən 2 aya yaxın narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Narkotik vasitələri sosial şəbəkədən tanış olduğu şəxsdən əldə etmişdir. Təxminən 2 ay bundan əvvəl “instagram” sosial şəbəkəsi vasitəsi ilə özünün deməsinə görə İran İslam Respublikasının vətəndaşı olan “Əziz” adlı şəxslə tanış olmuşdur. Həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Onunla əlaqə saxladıqdan sonra “Əziz” adlı şəxsdən narkotik vasitələri əldə etmişdir. Bir müddət sonra “Əziz” adlı şəxslə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamağa başlamış, Əzizdən narkotik vasitələr istədikdə sonuncu müxtəlif bank kartlarının şəkillərini göndərib oraya pul göndərməyini istəmişdir. Həmin bank kartlarına pul göndərdikdən bir müddət sonra isə “Əziz” narkotik vasitələrin harada yerləşməsi barədə şəkillər göndərib göstərilən yerlərdən götürə biləcəyini demişdir. Narkotik vasitələri Əzizdən müxtəlif qiymətlərə əldə edib özü istifadə etməklə yanaşı onu tanıyan digər şəxslərə də satmışdır. Əzizə əvvəllər onun təqdim etdiyi hesab nömrəsinə pul köçürüb narkotik vasitələri alsa da daha sonradan Əzizin narkotik vasitələri qoyduğu yerlərdən narkotik vasitəni götürdükdən sonra oraya lazım olan pul vəsaitini qoyub onun özünə bildirmişdir. Sonuncu dəfə 10 sentyabr 2022-ci il tarixdə səhər saatlarında yenə də Əzizlə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladıqdan sonra onun narkotik vasitəni qoymuş olduğu Köhnə Günəşlidəki yerə gedərək narkotik vasitəni oradan götürüb 100 manat pulu həmin yerə qoyaraq oradan uzaqlaşmışdır. 10 sentyabr 2022-ci il tarixdə saat təxminən 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində olan zaman Əli adlı şəxs istifadəsində olan mobil nömrəyə zəng edib ondan “kakos”, yəni heroin istəmişdir. O da Əliyə heç bir bir problemin olmadığını, heroin təşkil edə biləcəyini demiş və onu 1 saata yaxın müddətdə ünvan 6 ünvanın yaxınlığına dəvət etmişdir. Təxminən 1 saat sonra 17 radələrində Əli ilə ünvan 7 ünvanın qarşısında görüşmüş və ona üzərində olan bükümlərdən 1 ədədini 20 manata satmış, qalan 2 ədəd bükümü isə yenidən satmaq məqsədi ilə əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan pul qabının içərisinə qoymuşdur. 10 sentyabr 2022-ci il tarixdə təxminən saat 20:15-də Xətai rayonu, İ.İsmayılov küçəsi 6 saylı ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli gödəkcənin sağ yan cibində olan pul qabını və onun içərisində olan 2 ədəd şəffaf rəngli sellofan bükümdə “kakos”, yəni heroini çıxarıb təqdim etmişdir. O, həmin narkotik vasitəni təqdim edən zaman satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. Üzərində şəxsi axtarış keçirilmiş və üzərindən ona məxsus olan 2 ədəd üzərində 4098-5844-6551-0285 nömrələri olun “leobank” və 4169-7385-9517-3232 nömrəli “Kapital Bank” plastik kartları və “Redmi” markalı mobil telefon aşkar edilmiş, bundan başqa üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və heroinlərin ayrı-ayrılıqda çəkiləri 6,08 və 12,18 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş heroinlər zərflərə qoyulub qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 98-101, 136-139, cild 2 iş vərəqə 57-60). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, 10 sentyabr 2022-ci il tarixdə saat 17:30-da Şahid1 ünvan 2 ünvanın yaxınlığında görüb saxlayaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək onu 35-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə şəxsin üzərinə baxış keçirilən zaman Şahid1 üzərindən “kakos” adı ilə tanınan heroin narkotik vasitəsi aşkar edilmişdir. Təhqiqatçı narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşduqda, Şahid1 həmin narkotik vasitəni Vüsalə adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra Vüsalə adlı şəxsin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbiri keçirilməsi üçün hərəkətə keçmişlər. Əməliyyat qrupunun rəhbəri olaraq o təyin edilmişdir. 10 sentyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ilə birlikdə ünvan 2 ünvanın yaxınlığında görüb onu saxlayıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib onu 35-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından bölməyə müdafiəçi dəvət olunmuş, videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin cibindən 2 ədəd ağ şəffaf sellofana bükülmüş narktotik vasitə olan heroinə bənzər kütlələri çıxarıb masaya qoymuş, həmin bükümlərin nə olması şübhəli şəxs Təqsirləndirilən şəxs soruşan zaman o, bükümlərin içərisindəki maddələrin narkotik vasitə heroin olduğunu demişdir. Həmin narkotik vasitənin çəkisi təxminən 18-20 qram olmuş, Vüsalə Babayeva həmin narkotik vasitəni İran vətəndaşından əldə etdiyini demişdir. Belə ki, Təqsirləndirilən şəxs iranlının bank kartına pul göndərdiyini, İran vətəndaşı “zakladka” yolu ilə, yəni qabaqcadan təyin edilmiş əraziyə narkotik vasitə yerləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitəni təyin olunmuş ərazidən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşı “Əziz” adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri İran vətəndaşından satış məqsədi ilə alması barədə təqsirləndirilən şəxsin mobil telefonun yazışmalar da vardır. Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun yanında heç kim olmamış, Xətai rayonu, İ.İsmayılov küçəsi 6 ünvanında Təqsirləndirilən şəxs saxlamış, o, Təqsirləndirilən şəxs qolunu arxadan tutmamış, şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 203-206). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 il narkotik vasitə olan ‘‘kakos”, yəni heroindən istifadə etmiş, narkotik vasitələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün almışdır. Əsasən çəkmək üsulu ilə qəbul etmişdir. O Təqsirləndirilən şəxs heç vaxt pul qarşılığında narkotik vasitə almamış, Təqsirləndirilən şəxs borc aldığı üçün onun hesabına bir neçə dəfə pul göndərmişdir. Narkotik vasitələri “instagram” sosial şəbəkəsində tanımadığı şəxslərlə əlaqə saxlayıb əldə etmişdir. Təqsirləndirilən şəxs ilə ortaq tanışları olduğu üçün yeyib-içmək məclisində tanış olmuş, Təqsirləndirilən şəxs kart hesabına təxminən 2 dəfə 30-40 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs mərc oyunları oynamaq üçün borc almış, 5-10 gün ərzində isə həmin pulu geri qaytarmışdır. Vüsalədən pul qarşılığında narkotik vasitə almamış, onunla dostları vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ehtiyacı olanda vaxt ona narkotik vasitə vermişdir. Təqsirləndirilən şəxs ehtiyacı olan vaxt ona 1-2 dəfə metafetamin vermişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxın narkotik vasitə olan ‘‘kakos”, yəni heroindən istifadə etmişdir. Narkotik vasitələri adətən tanımadığı şəxslərdən müxtəlif' qiymətlərə şəxsi istifadəsi üçün əldə edib əsasən çəkmək üsulu ilə qəbul etmişdir. Narkotik vasitələri “instagram” sosial şəbəkəsində anket məlumatlarını dəqiq bilmədiyi şəxslə əlaqə saxlavıb əldə etmişdir. Belə ki, həmin şəxsin ona təqdim etdiyi hesab nömrəsinə pul köçürmüş və həmin şəxs bir az müddət keçdikdən sonra ona işarələnmiş yerin şəklini ataraq narkotik vasitələrin həmin ünvanda olan şəxsdən götürə biləcəyini bildirmiş, o da oradan həmin şəxsdən özü üçün narkotik vasitəni götürmüşdür. Təxminən 1 müddət olar ki, Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində Vüsalə adlı şəxsin olmasını və onun da narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmiş və onun mobil nömrəsini öyrənib ondan bir neçə dəfə 20 manat pul müqabilində özü üçün 1 büküm narkotik vasitə olan “kakos”, yəni heroin almışdır. 10 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Vüsalənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və ondan özü üçün “kakos” istəmişdir. Vüsalə ona heç bir problemin olmadığını, narkotiki 1 saata təşkil edəcəyini dediyi vaxtda onunla görüşüb əldə edə biləcəyini demişdir. 10 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Vüsalədən narkotik vasitəni almaq məqsədi ilə onun dediyi ünvan 2 ünvanın yaxınlığına gedərək Vüsalə ilə görüşdükdən sonra ondan 20 manat qarşılığında 1 ədəd şəffaf rəngli bükümdə olan “kakos” alıb oradan uzaqlaşmağa başlamışdır. Həmin gün saat 17:30-da ünvan 8 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyərək onu Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofanda olan “kakos”, yəni heroini çıxarıb könüllü şəkildə təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş, “kakos”, yəni heroinin ümumilikdə 1,46 qram çəkidə olması müəyyən edilmişdir. Sonra aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalanmışdır (cild 2, iş vərəqə 54-56). Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 102-104). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və görtürmə aparılması” haqqında 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki qara rəngli gödəkcənin sağ yan cibində olan pul qabının içərisində olan 2 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddələr elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ayrı-ayrılıqda 6,08 və 12,18 qram çəkidə olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 71-72). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi” haqqında 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibində olan pul qabının içərisində olan 2 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda 5,823 qram və 11,209 qram olmaqla, ümumi təmiz çəkisi 17,032 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 139). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2022-ci il tarixli 6/5083 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 154 nömrəli” dairəvi möhür əksi, “...Balayevaimza. iştirakçılar - 3 imza...” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 2 ədəd bükümdə təmiz çəkisi 5,823 qram və 11,209 qram, ümumi təmiz çəkisi 17,032 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid1 üzərindən aşkar olunan heroin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidir (6/5081 nömrəli 11 sentyabr 2022-ci il tarixli ekspert rəyi). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinlərin ümumi təmiz çəkisi 17,032 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 16,932 qram, cild 1, iş vərəqə 86-89). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2022-ci il tarixli 6/5081 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 154 nömrəli” dairəvi möhür əksi, “... Şahid1 imza, iştirakçılar-3 imza” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,246 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasilə heroindir. Heroin Azərbaycan Respırəlikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1,246 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,196 qram, cild 1, iş vərəqə 79-82). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 21 sentyabr 2022-ci il tarixli 5389 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 17-18). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi” haqqında 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartına dair məlumatları özündə əks etdirən “Bakcell MMC”-dən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli 12692 nömrəli məktuba əlavə edilmiş 1 ədəd diskə baxış zamanı narkotik vasitələrin satışı ilə bağlı danışıqların olması müəyyən edilmişdir (cild 2, iş vərəqə 30-31). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onun təxirəsalınmaz tibbi müayinəsi zamanı bədənində hər hansı bir yeni xəsarət aşkar olunmamış, sol saidin ön səthinin orta 1/3-də inyeksiyadan sonra yaranmış böyük ölçüdə kobud çapıq toxuma aşkar edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 16,932 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 2 ədəd DVD disk, 4 ədəd CD disk və “Redmi Note 9S” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 61-77). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 215). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 60). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 179-184). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutarı saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 16,932 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Redmi Note 9S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilməli, -2 ədəd DVD və 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutarı saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 16,932 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Redmi Note 9S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilsin, -2 ədəd DVD və 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar