Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-587/2021 26.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Tərtər rayonu, Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 3A, mənzil 183-də qeydiyyatda olan, faktiki olaraq Tərtər rayonu, Xoruzlu kəndində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020ci il tarixdə, təxminən saat 19:00 radələrində ünvan 1 ünvanında yerləşən 138 saylı tam orta məktəbin həyətinin giriş darvazasının qarşısında iş yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində, yəni Təqsirləndirilən şəxs işlədiyi ünvan 1 ünvanında yerləşən «Əhmədli Ucuzluq» Univermağında guya Zərərçəkmiş şəxsla Şahid2 arasında sevgi münasibətləri olması barədə söhbət yayması ilə əlaqədar yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla onu vurmasından sonra üzərində gəzdirdiyi özünə məxsus qatlanan bıçaqla sonuncunun bədəninin sol qoltuqaltı hissəsindən qəsdən 2 (iki) dəfə vuraraq sol qoltuqaltı nahiyədən daxilə - plevra boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, döş qəfəsinin sol yarısından daxilə - plevra boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmotoraks ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019cu ilin oktyabr ayından etibarən Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli Ucuzluq” Univermağında satıcı işləmişdir. Zərərçəkmiş şəxs da həmin univermaqda işləmiş və o, Zauru univermaqdan tanımışdır. Zaur onların işlədikləri univermağı satılmalı olan geyim və digər əşyalarla təmin etmişdir. Təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində işlədiyi univermağın yanında yerləşən kişi geyimlərinin satışı yerində satıcı işləmiş Aygün Quliyeva univermağın birinci mərtəbəsində parfumeriya şöbəsində satıcı işləmiş Lalənin Zaur üçün köynək aldığını ona demişdir. O da bunun müqabilində Aygünə demişdir ki, “yəqin ki, onlar sevgilidirlər”. Təxminən iki gün sonra Aygün ona “Votsap” sosial şəbəkəsində mesaj yazaraq Zaurun univermağın birinci mərtəbəsində qadın paltarlarının satışı ilə məşğul olan Fəridəyə özünün Lalə ilə sevgili olması barədə söhbət yayıldığını deməsini ona bildirmişdir. X19 ilə özü arasında hansısa münasibətin olub-olmaması barədə univermaqda söhbət yaymış şəxs barəsində nalayiq söyüş söymüşdür. O da Zaura Aygünün ona yazdığı mesajı göstərərək bildirmişdir ki, bu məsələdə onun heç bir günahı olmamışdır. Bundan sonra Zaurla onun arasında olan münasibətlər bir qədər soyumuşdur. O, xx xxxxxxx 2020-ci il tarixdə işdən çıxdığı zaman Zaur ona yaxınlaşaraq söhbət etmək istədiyini və buna görə də univermağın çıxışında gözləməsini ona demişdir. Zaur, həmçinin Aygünlə onu üzləşdirəcəyini demişdir. Sonra o, univermağın çıxışında Zauru gözləmişdir. Zaur gəldikdən təxminən 10 dəqiqə sonra Aygün də univermaqdan çıxmışdır. Həmin vaxt X18 ilə özü arasında olan məsələ barədə ilk söhbəti Aygünün çıxardığını, daha sonra bu barədə Fəridəyə deməsini, ən sonda isə ona dediyini bildirmişdir. Bundan sonra Zaur ona irad bildirirək söz çıxaran şəxslərin qadın olduğunu, onun isə kişi olaraq söhbəti saxlamadığını demişdir. Bundan sonra Zaur sağ əli ilə onun üz nahiyəsinə iki dəfə möhkəm yumruq zərbəsi atmışdır. Həmin zərbələrdən biri ona dəysə də, o, ikinci zərbədən yayına bilmişdir. Həmin vaxt Aygün kənarda dayanıb onlara baxmışdır. Zaur bundan sonra yenə də onu döymək istəmişdir. O, bunu görüb cibində olan bıçağı çıxararaq Zaurun ondan kənarlaşmasını xahiş etmişdir. Lakin Zaur onu dinləməyərək onun üzərinə hücum edərək yenidən ona zərbə vurmaq istəmişdir. Zaur ondan fiziki cəhətdən güclü və yaşca xeyli böyük olduğundan onun Zaura gücü çatmamışdır. Zaur onun ütsünə gələrək vurmaq istədikdə o, bıçaqla Zauru iki dəfə vurmuşdur. Həmin vaxt Zaur əli ilə bıçaqlandığı yeri tutmuşdur. Bundan sonra o, Zaurun dostlarının onlara tərəf gəldiyini görüb oradan qaçıb getmişdir. O, qaçan zaman bıçağı 138 nömrəli məktəbin yaxınlığındakı yaşayış binasının həyətində olan kolluğa atmışdır. xx xxxxxxx 2020-ci il tarixdə Aygün ona zəng edərək Zaurun əməliyyat olunduğunu və bunun üçün 400-500 manat pul lazım olduğunu demişdir. O da iş yoldaşı Ədail vasitəsi ilə Zaurun əməliyyat olunması üçün Aygünə 300 (üç yüz) manat məbləğində pul göndərmişdir. Aygün də həmin pulu Zaurun adamlarına vermişdir. xx xxxxxxx 2020-ci il tarixdə isə polis əməkdaşları onun yaşadığı yerə gələrək onu 34-cü Polis şöbəsinə aparmışlar. O, orada törətdiyi cinayət əməlini etiraf edərək ifadə vermişdir. Zaur həmin gün onu döyməsəydi o, heç vaxt Zauru bıçaqlamazdı. Lakin Zaur onu döymək üçün üstünə gəldiyindən və bundan əvvəl ona iki dəfə zərbə vurduğundan o, Zaurdan qorxmuş və bu səbəbdən də bıçağa əl atmışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs cavan olduğunu, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxsə qarşı törətdiyi cinayəti sonuncunun ona zərbə endirməsindən sonra törətdiyini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən “Əhmədli Ucuzluq” Univermağında müxtəlif işlərdə işləmişdir. Onun univermaqda işləyən şəxslərlə münasibəti olmuşdur. O, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanımış və sonuncu ilə normal münasibəti olmuşdur. Hadisədən təxminən beş ay əvvəl o, univermaqda olduğu vaxt guya onunla Lalə arasında sevgi münasibətinin olduğunu eşitmişdir. Bundan sonra o, həmin sözü yayan şəxsi axtarmağa başlamışdır. Univermaqda qadın paltarlarının satışı ilə məşğul olan Fəridə də guya onun Lalə ilə sevgili olduğunu eşitdiyini ona demiş və bu söhbəti danışan şəxslərin bəzilərini susdurmuşdur ki, belə bir məsələ yoxdur. O, Fəridədən həmin sözü kimin deməsini soruşsa da, Fəridə həmin şəxsin kim olduğunu ona deməmişdir. Bundan sonra o, Fəridədən təkidlə həmin şəxsin kim olduğunu soruşmuşdur. Fəridə də həmin sözü yayan şəxslərin Aygün və Elməddin olduğunu ona demişdir. Bundan sonra oktyabr ayının əvvəllərində o, Elməddinlə görüşmüş və Aygünün dediyi sözlərlə əlaqədar onların arasında söhbət olmuşdur. Lakin Aygün ona heç nə deməmişdir. O, Lalə ilə barəsində çıxan söz-söhbət barədə Elməddindən soruşduqda sonuncu həmin sözsöhbəti yayan şəxsin Aygün olduğunu ona bildirmişdir. Həmin vaxt o, bu söhbəti yayan şəxslərin Aygün və Elməddin olduğunu başa düşmüşdür. Bundan təxminən iki gün sonra o, Aygünlə rastlaşdıqda sonuncu ona Elməddinin guya onun Lalə ilə sevgili olduqdan sonra ayrıldığını və onun həmin univermağın birinci mərtəbəsində işləyən Təbəssüm adlı qadınla sevgili olduğunu demişdir. Bundan sonra o, Aygünlə Elməddini üzləşdirmək qərarına gəlmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Elməddin işdən çıxdıqdan sonra o, Elməddini gözləmiş və söhbət etmək istədiyini deyərək Elməddindən onu məktəbin həyətində gözləməsini istəmişdir. Həmçinin o, Elməddinə Aygün işdən çıxdıqdan sonra sonuncuları üzləşdirəcəyini demişdir. Elməddin onun sözü ilə razılaşmışdır. Bundan təxminən 5-10 dəqiqə sonra Aygün də işdən çıxmışdır. Sonra onlar üçü univermağın yanındakı 138 saylı orta məktəbin həyətinin giriş darvazasının qarşısına getmişlər. O, orada Aygünlə Elməddini üzləşdirmişdir. Elməddin həmin vaxt məsələ ilə bağlı onun dediklərini etiraf etmişdir. Elməddin Aygünün də çox söz danışdığını ona bildirmişdir. Həmin vaxt o, Elməddinə iradını bildirib Aygüngilin qadın olduğunu, Elməddinin isə kişi olduğunu və sonuncuya sözü ağzında saxlamalı olduğunu demişdir. Daha sonra o, Elməddinin hərəkətinə görə sonuncunu vurmaq istəmiş və bu məqsədlə Elməddinə bir sillə zərbəsi vurmuşdur. Elməddin sillədən sonra ondan uzaq durmasını istəmişdir. Lakin o, əksinə olaraq Elməddini vurmaq üçün sonuncunun üstünə getmişdir. Bu vaxt Elməddin cibindən bıçaq çıxararaq yenidən ondan uzaq durmasını, əks halda onu bıçaqla vuracağını bildirmişdir. Lakin o, yenidən Elməddini iki dəfə yumruqla vurmaq istəmiş və sonuncuya iki yumruq atmışdır. Amma Elməddin onun yumruq zərbələrindən yayınmış və iki dəfə bıçaqla onu vurmuşdur. Elməddin onu vurduqdan sonra qaçıb getmişdir. Sonra o, Aygünlə birlikdə univermağa qayıtmışdır. Orada olan şəxslər təcili tibbi yardıma zəng etmişlər və sonra həkimlər ora gələrək onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. O, xəstəxanada olduğu vaxt Aygün onun qohumlarına Elməddinin müalicə üçün verdiyi pulu təqdim etmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Elməddinlə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, hazırda onların arasında normal münasibətlərin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, təxminən üç ildir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli Ucuzluq” Univermağının ikinci mərtəbəsində yerləşən kişi geyimləri şöbəsində satıcı işləmişdir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs univermaqda işlədiyi vaxtdan tanımışdır. O, univermaqda olduğu zaman xatırlamadığı qızların danışığından Zaurun Laləni yaşadığı evə ötürməsini eşitmişdir. O, bunu eşitdikdən bir neçə gün sonra univermağın birinci mərtəbədə qadın geyimlərinin satışı bölməsində işləyən Fəridə ilə bu barədə söhbət etmişdir. Söhbət zamanı Fəridə də bu söhbəti eşitdiyini və bu söhbətin şayiə ola biləcəyini ona demişdir. O, Fəridə ilə bu barədə söhbət etdikdən bir müddət sonra Elməddin ona yaxınlaşaraq Zaurla Lalə arasında olan münasibətdən ona danışmış və o da bu söhbəti eşitdiyini Elməddinə demişdir. Bundan sonra Elməddin tez-tez onun işlədiyi bölməyə gələrək Zaurla Lalə barəsində danışmış, həmçinin Zaurun Lalədən ayrıldığını və Zaurun başqa qızla danışdığını ona demişdir. Təxminən oktyabr ayının əvvəllərində o, Fəridə ilə söhbət edən zaman sonuncu ona bildirmişdir ki, Zaur Fəridəyə yaxınlaşaraq guya Fəridə ilə sevgili olması barədə univermaqda söz-söhbətin yayıldığını bildirmiş və Fəridə də cavabında Zaurun univermaqda özü ilə deyil, Lalə ilə sevgili olması barədə söhbət yayıldığını demişdir. Həmin günün axşam vaxtı Zaur ona zəng edərək bu söhbət barədə ondan soruşmuş və o da Zaura cavab vermişdir ki, Zaurla Lalənin sevgili olmasını o, univermaqda gedən söhbətlərdən eşitmişdir. Zaur, həmçinin ondan bu məsələdən Elməddinin xəbərinin olub-olmadığını soruşmuşdur. O da Zaura Elməddinin də bu məsələni bildiyini demişdir. O, xx xxxxxxx 2020-ci il tarixdə axşam işdən çıxıb evə getmək istədikdə Zaur ona bildirmişdir ki, “univermağın çıxışında məni gözlə, səninlə bir neçə dəqiqəlik işim var”. O da Zaurla razılaşaraq univermaqdan çıxmışdır. Bundan sonra Zaur ona yaxınlaşaraq söhbət etməyə başlamışdır. Həmin vaxt Elməddin də onlara yaxınlaşmışdır. Sonra Zaur onlara 138 saylı orta məktəbin giriş darvazasının qarşısına keçməyi təklif etmişdir. Onlar məktəbin giriş darvazasının qarşısına çatdıqda, Zaur onunla Elməddin arasında üzləşdirmə etmiş və məsələni aydınlaşdırmağa başlamışdır. Bu vaxt Zaur qəflətən Elməddini vurmağa başlamışdır. X11 arasında mübahisə başlamışdır. Mübahisə zamanı Zaur bir neçə dəfə Elməddini vurmağa cəhd etmişdir. Mübahisə zamanı Zaur Elməddinin sifətinə bir neçə dəfə yumruq zərbəsi atsa da, həmin zərbələrin bəziləri Elməddinə dəyməmişdir. Sonra Elməddin cibindən bıçaq çıxararaq Zaurdan uzaq durmasını xahiş etmişdir. X14 üstünə gedərək sonuncunu vurmaq istəmişdir. Həmin vaxt Elməddin cibindən bıçaq çıxararaq Zauru bıçaqlamışdır. Bundna sonra Elməddin qaçıb getmişdir. O, Zaura kömək edərək sonuncunu univermağa aparmışdır. Sonra onlar təcili tibbi yardıma zəng etmişlər və həkimlər gələrək Zauru xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, təxminən iki ildir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Əhmədli Ucuzluq” Univermağının birinci mərtəbəsində yerləşən qadın geyimləri şöbəsində satıcı işləmişdir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs orada işlədiyi vaxtdan tanımışdır. Söhbət zamanı onun iş yoldaşı X7 guya Zaurla Lalənin sevgili olduqlarını eşitdiyini ona demişdir. Bundan bir müddət sonra o, Zaurla birlikdə “X12” mal almaq üçün getdikdə, yolda Zaur ona guya Zaurun onunla sevgili olması barədə univermaqda söz-söhbətin gəzdiyini ona demişdir. O isə Zaurun onunla deyil, Lalə ilə sevgili olması barədə sözsöhbətin gəzdiyini Zaura bildirmişdir. Həmin vaxt Zaur ondan bu söhbəti kimin yaydığını soruşmuşdur. O isə Zaura ad verməmişdir. Lakin bu məsələ getdikcə uzanmış və Zaur hər dəfə onu gördükdə məlum söhbəti kimin yaydığını ondan soruşmuşdur. 2020-ci ilin sentyabr ayının axırlarında Zaur yenə də onun işlədiyi bölməyə gələrək məlum söhbəti kimin yaymasını ondan soruşmuşdur. O da həmin söz-söhbətdən bezib söhbəti yayan şəxsin Aygün olduğunu Zaura bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ər-arvad kimi bir evdə yaşamışdır. Elməddin 2019-cu ilin oktyabr ayının axırlarından Əhmədli qəsəbəsində yerləşən “Əhmədli Ucuzluq” Univermağının ikinci mərtəbəsində yerləşən kişi geyimləri bölməsində satıcı işləmişdir. Elməddinin evdə apardığı söhbətlərdən ona məlum olmuşdur ki, Elməddinin Zaur adlı iş yoldaşı ilə problemi olmuşdur. Belə ki, Zaurun həmin univermaqda işləyən Lalə adlı qadınla sevgili olması barədə söz-söhbət yayılmış və Zaur həmin söz-söhbətin yayılmasına Elməddini günahkar bilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 20:00 radələrində Elməddin onların birlikdə yaşadıqları evə gəlmiş və Zaurla dava edərək sonuncunu bıçaqla vurduğunu ona demişdir. Həmin gün gecə vaxtı Elməddinin Aygün adlı iş yoldaşı Elməddinə zəng edərək Zaurun əməliyyat olunduğunu demişdir. Bundan sonra Elməddinin Aygünlə nə barədə danışması barədə onun xəbəri olmamışdır. Səhərisi gün Elməddin onun yaşadığı evdən çıxaraq valideynlərinin yanına, yəni Yevlax rayonuna getmişdir. Onun hadisə barədə başqa məlumatı yoxdur. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, təxminən üç ilə yaxındır ki, Bakı şəhəri, Xətai rayonu, “Bakı Kinoteatrının” yaxınlığında, yəni ünvan 1 ünvanında yerləşən “Əhmədli Ucuzluq” Univermağında satıcı işləmişdir. O, 2019-cu ilin sentyabr ayından isə həmin univermağın birinci mərtəbəsində yerləşən parfumeriya bölməsində satıcı işləməyə başlamışdır. O, Zərərçəkmiş şəxs orada işlədiyi vaxtdan tanısa da, onların yaxın tanışlıqları 2019-cu ilin sentyabr ayından, yəni o, parfumeriya bölməsində işləməyə başladığı vaxtdan sonra başlamışdır. Belə ki, o, Zaurla birlikdə günün erkən saatlarında taksi və ya “Əhmədli Ucuzluq” Univermağına məxsus “Ford” markalı yük avtomobili ilə “X9” gedərək məhsul almış, daha sonra filiallara paylamış və bu işi bitirdikdən sonra iş yerinə qayıtmışdır. Zaur dindar olduğu üçün 2019-cu ilin dəqiq xatırlamadığı aylarında o, qonşu bölmələrdə işləyən Könül, Pakizə və Şərəf adlı xanımlarla birlikdə pul yığaraq Zaur üçün “Mövud” bayramı münasibəti ilə köynək almışlar. O, iş saatlarından sonra evdə olduğu müddət ərzində və günün istənilən vaxtında Zaurla telefon vasitəsi ilə gündəlik həyatı və şəxsi həyat tərzi barədə söhbət etmişdir. Təxminən 10 gün əvvəl univermaqda onun rəfiqə kimi münasibəti olduğu Könül, həmçinin Zaur ona bildirmişlər ki, univermaqda onunla Zaurun sevgili olması barədə söhbət yayılmışdır. Həmin söhbəti univermağın birinci mərtəbəsində qadın geyimlərinin satışı ilə məşğul olan Fəridə, eləcə də ikinci mərtəbədə yerləşən kişi geyimlərinin satışı ilə məşğul olan Aygün və Elməddin yaymışlar. Zaur həmin vaxt məsələni özü həll edəcəyini ona bildirmişdir. Bundan sonra o, Aygün, Elməddin və Fəridə ilə münasibətini kəsmiş və sonuncularla danışmamışdır. Daha sonra o, bu məsələdən hiddətlənmiş və məlum məsələ barədə univermağın müdiriyyəti olan Qaməddin və Fərman ilə danışıb sonunculara şərləndiyini bildirmiş, həmçinin onun barəsində söz-söhbət yayan şəxslər barəsində ölçü götürmələrini tələb etmişdir. Əks halda bu barədə ərinə deyəcəyini bildirmişdir. Fərman müəllim isə ərinə bu barədə heç nə deməməsini, özü məsələni həll edəcəyini ona bildirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində o, işə getmiş və işlərini görməyə başlamışdır. Axşam saat 19:00 radələrində o, işini yekunlaşdırdıqdan sonra işdən çıxıb evə getmişdir. Təxminən saat 21:00 radələrində onun rəfiqəsi Könül ona zəng edərək Zaurla Elməddin arasında mübahisə olduğunu, həmin vaxt Aygünün də sonuncuların yanında olduğunu və mübahisə zamanı Elməddinin Zauru bıçaqla vuraraq xəsarət yetirdiyini ona demişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 13) görünür ki, cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd uzunqol köynək maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 127) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 28-30) görünür ki, cinayətin törədildiyi yerdə, yəni ünvan 1 ünvanında yerləşən 138 saylı tam orta məktəbin həyətinin giriş darvazasının qarşısında olan hasarın dibindəki otluqdan cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd qatlanan cib bıçağı maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 34-36) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yerində, yəni ünvan 1 ünvanında yerləşən 138 saylı tam orta məktəbin həyətinin giriş darvazasının qarşısında əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 45) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 76-77) görünür ki, həmin gün Əmirli X4 Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-629/2020 saylı qərarından (cild 1, iş vərəqə 93-96) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni xx xxxxxx 2021-ci il tarixədək ev düstaqlığı qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbirinin əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 97) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X15 1123 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 101-103) görünür ki, vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin sol yarısından daxilə-plevra boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmotoraks ilə nəticələnən bir ədəd deşilmişkəsilmiş yara və sol qoltuqaltı nahiyədən daxilə-plevra boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx xxxxxxx 2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi, döş qəfəsinin sol yarısından daxilə-plevra boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmotoraks ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol qoltuqaltı nahiyədən daxilə-plevra boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X15 554- MTKŞ/2020 nömrəli maddi sübutların ekspertizası haqqında rəydən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 111-119) görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının orta nahiyəsində bir ədəd və sol qolunun arxa səthinin yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr kafi itilikli ülgüclü, kafi itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs məxsus köynək üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının orta nahiyəsində aşkar olunmuş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan döş qəfəsinin sol yarısından daxilə - plevra boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yara və köynəyin sol qolunun arxa səthinin yuxarı hissəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan sol qoltuqaltı nahiyədən daxilə plevra boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş - kəsilmiş yara xəsarətləri ilə yerləşmələrinə görə bir-biri ilə nisbi olaraq uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində fiziki qüvvə təsirindən, yəni dartınma, cırılma və sökülmə nəticəsində yaranmaya xarakterik heç bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X15 859/2020-MTBŞ nömrəli maddi sübutların ekspertizası haqqında rəydən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 121-125) görünür ki, Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyətini təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosurətinə əsasən - B(İİİ). Təqsirləndirilən şəxs qan qrupu şəxsiyyətini təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosurətinə əsasən - A(İİ). Ekspertizaya maddi sübut kimi təqdim edilmiş uzunqol kişi köynəyi üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız B antigeni alındı. Bu antigen B (İİİ) qrupunu xarakterizə etdiyindən ləkələrdə yalnız onun alınması qanın həmin qrupa məxsus olduğunu göstərir. Beləliklə bu qan ləkələrinin Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş 01 ədəd qatlanan bıçaq üzərində tədqiqat zamanı qan aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 128) görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 129-138) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunlu ittihamın elan olunması, cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd uzunqol köynəyin və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd qatlanan cib bıçağının maddi sübut qismində tanınması və saxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 140-141) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə yeni məzmunlu ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 181) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X13 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs tanış olmuşlar və onlar birlikdə ünvan 1 ünvanında yerləşən “Əhmədli Ucuzluq” Univermağında birlikdə işləmişlər. Cinayət hadisəsinin baş verməsinə səbəb onların arasında şəxsi münasibətlər zəminində yaranmış söz-söhbət, yəni dedi-qodu olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs işlədiyi univermaqda Zərərçəkmiş şəxs həmin univermaqda işləyən Şahid2 ilə sevgi münasibətində olmasını orada işləyən digər şəxsə bildirmiş və bundan sonra bu məsələ yayılmışdır. Həqiqətdə isə Zərərçəkmiş şəxsla Şahid2 arasında sevgi münasibəti olmadığından bu məsələ zərərçəkmiş şəxsin narazılığına səbəb olmuşdur. Zərərçəkmiş şəxs özü barəsində yayılmış dedi-qodu məsələsini aydınlaşdırmaq qərarına gəlmiş və həmin məsələni aydınlaşdıraraq dedi-qodunun Təqsirləndirilən şəxs tərəfindən yayıldığını öyrənmişdir. Zərərçəkmiş şəxs barəsində yayılmış dedi-qodu məsələsini Təqsirləndirilən şəxs dəqiqləşdirmək məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində sonuncunu işlədiyi yerdən bir qədər aralıda yerləşən, yəni ünvan 1 ünvanında yerləşən 138 saylı tam orta məktəbin həyətinin giriş darvazasının qarşısına dəvət etmişdir. Onların arasında həmin vaxt əvvəlcə sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə daha sonra Zərərçəkmiş şəxs təşəbbüsü ilə zorun tətbiq edilməsi hərəkətləri ilə müşayiət olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs yaranmış sözlü mübahisə zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə yumruqla zərbə endirmişdir. Lakin təqsirləndirilən şəxs özünü müdafiə etməyi bacarmış və zərərçəkmiş şəxsin zərbələrindən yayınmışdır. Zərərçəkmiş şəxs yaşca təqsirləndirilən şəxsdən böyük və fiziki cəhətdən güclü olduğundan sonuncu zərərçəkmiş şəxsə gücü çatmayacağını güman edib üzərində gəzdirdiyi cib bıçağını zərərçəkmiş şəxsə nümayiş etdirərək ondan aralaşmasını istəmişdir. Zərərçəkmiş şəxs isə bundan daha da qıcıqlanaraq təqsirləndirilən şəxsin üzərinə gedərək sonuncunu yenidən vurmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs yaranmış əlverişsiz şəraiti və zərərçəkmiş şəxsin ona qarşı sərgilədiyi aqressivliyi gördükdə həmin bıçaqla Zərərçəkmiş şəxs bədəninin sol qoltuqaltı hissəsinə 2 (iki) dəfə zərbə endirmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yetirdiyi xəsarətlərdən biri dərəcəsinə görə ağır, ikincisi isə yüngül xəsarət olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Müəyyən edilmiş hallardan açıq-aşkar görünür ki, məktəbin darvazasının qarşısında baş vermiş sözlü mübahisəyə və sonraki cinayət hadisəsinə səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı sərgilədiyi qanunsuz hərəkətləri olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs dedi-qodu məsələsini Təqsirləndirilən şəxs ilə aydınlaşdırmaq məqsədi ilə sonuncunu məktəbin həyətinin giriş darvazasının qarşısına çağırmasını, onların arasında baş vermiş sözlü mübahisəni, daha sonra zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə yumruqla zərbə endirməyə çalışmasını, lakin buna müvəffəq olmamasını, təqsirləndirilən şəxsin cib bıçağını çıxaraq zərərçəkmiş şəxsin ondan uzaqlaşmasını tələb etməsini, zərərçəkmiş şəxsin bunun əksinə olaraq təqsirləndirilən şəxsin üzərinə gedərək sonuncunu vurmaq istəməsini, həmin vaxt təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə cib bıçağı ilə 2 (iki) dəfə zərbə endirməsini məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 görmüşdür. Qeyd edilən şahid həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı sərbəst şəkildə ifadə verərək yuxarıda qeyd edilən halları dəqiqliklə bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayətin törədilməsinə səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı yol verdiyi və sərgilədiyi qanunsuz hərəkətlər olmuşdur. Bu səbəbdən də təqsirləndirilən şəxsin törətdiyi əmələ ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Əmirli X4 əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edir və hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirləndirilən şəxsin cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onun cavan olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ev düstaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalında dərhal həbs edilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti kimi istifadə edilmiş 1 (bir) ədəd cib bıçağı, həmçinin cinayət əməli törədilən zaman zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə (ev dustaqlığında) saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti kimi istifadə edilmiş 1 (bir) ədəd cib bıçağı, cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-587/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-587/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver