Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-587/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nizamətdin qızının iştirakı ilə, 1 aprel 2001-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbir seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni, həmçinin narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 2024-cü ilin mart ayında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, həmçinin narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Aryan” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada 1000 manat pul müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi, “Masazır kruqu” adlanan ərazidə yerləşdirdiyi sellofan bağlamada təmiz çəkisi 2040,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxananı, təmiz çəkisi 34,637 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış pisxotrop maddə metafetamini və təmiz çəkisi 51,442 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki həmçinin təmiz çəkisi 0,035 qram olan üzərində “Mydrax 0,5% 10ml” göstəriciləri qeyd edilmiş dərman flakonlarının içərisində ümumilikdə 7 ml həcmində məhlulun əsəs təsiredici maddəsi tropikamid olan güclü təsir edici maddəni üzərində saxlamaqla 20 iyun 2024-cü il tarixdə səhər saatlarında ünvan 3 ünvanına daşımış, həmin gün 20 iyun 2024-cü il tarixdə saat 15:10-da Yasamal Rayon Polis İdarəsinin NMB-nin bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanının qarşısında saxlanılıb Yasamal Rayon Polis idarəsinin inzibati binasına gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan göy rəngli sellofanın içərisində qara rəngli sellofana bükülmüş üzəri yapışqanlı lentlə sarılmış içərisində təmiz çəkisi 2040,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxana, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd ağ rəngli qırmızı qapaqlı üzərində “Mydrax 0,5% 10ml” göstəriciləri olan dərman flakonlarının içərisində ümumilikdə 7 ml həcmində məhlulun əsəs təsiredici maddəsi tropikamid olan güclü təsir edici maddənin quru maddəsinin təmiz çəkisi 0,035 qram, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 34,637 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış pisxotrop maddə metafetamin və 1 ədəd qara rəngli sellofana bükülmüş üzəri yapışqanlı lentlə bağlanmış bükümdə təmiz çəkisi 51,442 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 iyun 2024-cü il tarixdə BNMİ-nin əməkdaşları onu saxlayaraq baş idarəyə apardılar. İdarədə onun qabağına narkotik vasitə qoyub bunu öz boynuna götürməli olduğunu bildirmişlər. O isə etiraz edib həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Həmin an polislər onu döymüş, o da məcbur qalıb həmin narkotik vasitəni üzərinə götürüb, polislərin dediklərini etmişdir. Şəxsi axtarış zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu və polislərin ona dediyi kimi 3 ay əvvəl İran vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq göstərmişdir ki, saxlanılarkən üzərindən narkotik vasitə aşkar olunmamışdır. Narkotik vasitə istifadəçisidir. İbtidai istintaq zamanı dindirilmişdir. Tutulmamışdan 2 gün əvvəl narkotik vasitə istifadə etmişdir. İranlı Aryan adlı şəxsi tanımır. X7 petrol tərəfdə kirayədə qalmışdır. Bank kartı yoxdur, kiminsə bank kartına pul göndərməmişdir. Telefon istifadə etmişdir. Telefonumda “Whatsapp” proqramı olmamışdır. Onu 3 nəfər polis əməkdaşı tutmuşdur. Narkotik vasitəni üzərinə götürmədiyi üçün onu döymüşlər. Tutulmamışdan yarım ay əvvəl Yeni Yasamalda yaşamağa başlamış, bir neçə ay əvvəldən isə narkotik vasitədən istifadə etməyə başlamışdır. Əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Tutulmamışdan əvvəl polislər narkotik vasitənin istifadəsi ilə bağlı ona yaxınlaşmamışlar. Onu saat 11:00 radələrində tutmuş və BNMİ-yə aparmışlar. Onu saxlayan şəxslər arasında Şahid1 olmamışdır. Şəxsi axtarış zamanı vəkil də iştirak etmişdir. Polislər onu hədələyən zaman vəkil də orada olmuşdur. Polislər onu döydükdən sonra bədənində xəsarət yaranmamışdır. Bakı İstintaq Təcridxanasında bədəninə baxış keçirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun ifadəsini mötəbər hesab etmir. Məhkəmədə tədqiq edilib sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci ildən başlayaraq narkotik vasitə heroin qəbul etmiş, sonradan narkotik vasitə qəbulun tərgitmişdir. Lakin son zamanlar o, “kakos” kimi bilinən narkotik vasitə heroini müxtəlif üsullarla qəbul etmişdir. Təxminən 3 ay əvvəl mart ayında istifadəsində olan mobil nömrə ilə “Whatsapp” tətbiqi vasitəsi ilə ona mesaj göndərən +**********43 saylı mobil nömrə sahibi ilə danışan zaman sonuncu narkotik vasitə lazım olarsa onunla əlaqə saxlamağını bildirmişdir. Onunla əlaqə saxlayan İran İslam Respublikasının vətəndaşı “Aryan” olduğunu bildirərək müəyyən pulun müqabilində narkotik vasitəni satmaq üçün ona verəcəyini bildirmişdir. O, Aryanla razılaşdıqdan sonra sonuncunun ona göndərdiyi 5411-2498-0277-1480 saylı karta 1000 (min) manat pul göndərməyini bildimişdir. O da razılaşaraq 5411-2498-0277-1480 saylı plastik kart hesabına Bakı şəhəri, Yasamal rayonu “Asan” xidmət mərkəzinin yaxınlığında yerləşən terminaldan 1000 manat pul göndərmişdir. Bir neçə saatdan sonra “Whatsapp” tətbiqi vasitəsi ilə Aryan ona +**********43 saylı mobil nömrəsindən mesaj göndərərək Abşeron rayonu, Masazır dairəsinin yaxınlığına getməyini bildirmişdir. Təxminən həmin günü saat 2 radələrində Masazır dairəsi yaxınlığında Aryanın ona şəkil formasında atdığı yerə gedərək narkotik vasitə, psixotrop maddə narkotik vasitə qurudulmuş marixuana olan paketi götürərək yaşadığı ünvan 7 ünvanına getmişdir. Bundan sonra Aryanın onu polislərə satacağından qorxduğu üçün mobil telefonunun sim kartını sındıraraq atmış, mobil telefonu isə təxminən bir ay öncə satmışdır. Aryanın ona verdiyi narkotik vasitə və psixotrop maddələrin bir qismini özü istifadə etmiş, təxminən 100 qrama yaxın hissəsini isə üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxslərə sataraq təxminən 300-400 manat qazanc əldə etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən səhər saatlarında kirayədə yaşamağa başqa ev axtarmaq istədiyi üçün yaşadığı ünvan 7 ünvanından çıxarkən saxladığı narkotik vasitə və psixotrop maddələri də öz üzərində götürmüşdür. Kirayə ev axtarmaq üçün saat 15:10 radələrində ünvan 8 ünvanı ilə hərəkətdə olan zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda onlar ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, daşınmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasına getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əlində olan göy rəngli sellofan paketi içərisində nakotik vasitə olan qurudulmuş marixuananı və əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibində saxladığı 2 ədəd olan güclü təsir edici maddə trapini və şalvarının sağ yan cibində olan 1 ədəd bükümdə narkotik vasitə tiryəki, 1 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin göy rəngli sellofan paketin içərisində üzəri yapışqanlı lentlə bağlanmış qara rəngli bükülü onun iştirakıyla açılan zaman onun içərisində yaşıl rəngli otşəkilli maddə, 1 ədəd qara rəngli sellofana bükülmüş büküm açılan zaman içərisində tünd qəhvəyi rəngli maddə, 1 ədəd büküm açılan zaman içərisində kristall şəkilli maddə olması aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin maddələrin nə olduğunu və onları haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, həmin maddələrin “nəşə” kimi bilinən narkotik vasitə qurudulmuş marixuana, trapin, narkotik vasitə tiryək, psixotrop maddə metamfetamindir, həmin maddələri təxminən 3 ay əvvəl İran İslam Respublikası vətəndaşı Aryan adlı şəxsin ona bildirdiyi Abşeron rayonu, Masazırın dairəsi adlanan ərazidən 1000 manat qarşılığında almışdır. Bundan sonra onun üzərindən aşkar olunmuş maddələr qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş o və digər iştirakçılar imzalarıyla həmin protokolu təsdiq etmişdirlər. O, üzərindən aşkar olunmuş həmin maddələri təxminən 3 ay əvvəl İran İslam Respublikası vətəndaşı Aryan adlı şəxsin qoyduğu Abşeron rayonu, Masazırın dairəsi adlanan ərazidən götürmüşdür. Həmin maddələri 1000 manat pul müqabilində almışdır. Onun “Samsung” mobil telefonu olmuş, lakin həmin telefonu satmışdır. Mobil sim kart nömrəsini qırıb atdığı üçün nömrəsini xatırlamır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olur və özü də istifadə etmişdir. O, istifadəsində olan mobil nömrə ilə İran İslam Respublikası vətəndaşı “Aryan” adlı şəxsin istifadəsində olan +**********43 saylı mobil nömrə ilə “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Lakin hal-hazırda mobil telefonunu satdığı üçün Aryan adlı şəxslə əlaqəsi kəsilmişdir. Həmçinin telefonunun sim kartını qırıb atdığı üçün həmin mobil nömrəni xatırlamır. Aryan adlı şəxsin anket məlumatlarını bilmir, onunla ancaq “Whatsapp” tətbiqi vasitəsi ilə yazışmışdır. O, həmin maddələri 1000 manat müqabilində özü sataraq qazanc əldə etmək üçün almışdır. Əldə olunmuş qazancdan heç bir şəxsə verməyəcəkmiş. Narkotik vasitə və psixotrop maddələri satdığı şəxsləri tanımır. Həmin şəxslər təsadüfən narkotik vasitə və psioxotrop maddə istədikləri üçün müxətlif məbləğlərə satmışdır. Polis əməkdaşalrı tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki zor və təzyiqlər göstərilməmişdir. Onun üzərindən aşkar olunmuş maddələrdən əlavə nə yaşadığı evdə, nə də ki, başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddələr saxlamamışdır (cild 1, iş vərəqə 83-86). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 iyun 2024-cü il tarixdə Şərifzadə küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün onu polis idarəsinə dəvət etdik. Yasamal RPİdə təhqiqatçının və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı ondan 4 ədəd sellofan paketdə narkotik vasitələr olan marixuana və tiryək, bundan başqa psixotrop maddə olan metamfetamin və dərman vasitələri aşkar olunmuşdur. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmiş və qaçmamışdır. Təqsirləndirilən şəxs Yasamal RPİ-nə aparmışlar. Tutularkən sonuncunun əlində paket olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadəsindən görünür ki, onlar, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Yasamal RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sağ əlindəki göy sellofanın içərisində yaşıl rəngli spesfik iyə malik marixuanaya bənzər kütlə, onun əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 2 ədəd üzərində İran hərfləri ilə yazılı olan ağ rəngli qırmızı qapaqlı mayer “Tropin", əynindəki şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan büküm içərisində psixotrop maddə metamfetaminə bənzər maddə və 1 ədəd qara rəngli sellefona büküm içərisində qara rəngli maddə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (cild 1, iş vərəqi 31-32). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi” protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin inzibati binasında xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD-R diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 20 iyun 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Ariz Qədiməliyevin əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, X2in qarşısında daha sonra sağ tərəfində masa arxasında əyləşmiş şəxs, “22 saylı” vəkil bürosunun müdafiəçisi X1r. Xidməti otaqda olan masanın sağ tərəfində - əynində tünd göy rəngli cins şalvar, tünd qəhvəyi rəngli köynək olan, üç nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxs Sədrixan oğludur. Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər - adları videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin bölmənin kiçik əməliyyat müvəkkili Şahid3dur. Video çəkilişin davamında X2 Təqsirləndirilən şəxs Sədrixan oğluna qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs Sədrixan oğlu əlində olan mavi rəngli üzərində Next sözləri yazılmış sellofan paketi, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən qırımızı qapaqlı 2 ədəd ağ flakonu və əynində olan tünd göy rəngli cinas şalvarın sağ yan cibindn isə 2 ədəd üzəri yapışqanlı lentlə bağlanmış bükülünü çıxaraq qarşısında masanın üzərinə qoyur. Daha sonra X2 masanın üzərində olan 1 ədəd mavi rəngli üzərində NEXT sözləri yazılmış sellofan paketin bükülmüş bükümün içərisindən qara rəngli üzərini yapışqanlı lentlə bağalnamış bükümü açan zaman içərisində yaşıl rəngli , otşəkilli maddənin nə olduğunu soruşduqdan Təqsirləndirilən şəxs “nəşə” olduğunu bildirir. X2 həmin maddəni hardan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin maddəni “Aryan” adlı İran İslam Respublikası vətəndaşından 1000 manat pul müqabilində əldə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs sol əlini əynində olan tünd göy rəngli cins şalvarın arxa cibinə salaraq orada "Aryan” adlı iran İslam Respublikası vətəndaşının mobil nömrəsi olan kağızı təqdim edir. X2 həmin kağızda bank hesab nömrəsi və mobil nömrəni Təqsirləndirilən şəxs elan edir. Daha sonra Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etdiyi soruşduqda Təqsirləndirilən şəxs həmin maddəni Masazır dairəsi adlanan ərazidən götürdüyünü bildirdi. Bundan sonra X2 masanın üzərində olan 2 ədəd qırmızı qapaqlı ağ flakonun nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin Tropin olduğunu bildirir. Daha sonra masanın üzərində olan qara rəngli üzəri şəffaf yapışqanlı lentlı bağlanmış büküm açılan zaman isə içərində qara rəngli maddə oldu görünür. Həmin maddənin Təqsirləndirilən şəxs tiryək olduğunu bildirir. Daha sonra masanın üzərində olan digər şəffaf sellofana bükülmüş büküm açılan zaman isə içərisində ağ rəngli kristal formalı maddə olması müəyyən edilir, Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu bildirir. X2 həmin maddələri təxminən nə zaman əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs 3 ay bundan öncə əldə etdiyini həmin maddələrdən bir qismini satdığını və təxminən 300 manat qazanc əldə etdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə və kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq bağlanır, üzərləri Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs Sədrixan oğlunun üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır (cild 1, iş vərəqi 120-121). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/3320 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... (imza) Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 34,637 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 51,442 qram olan tündqəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, iki ədəd üzərlərində “Mydrax 05% 10ml” göstəriciləri olan dərman flakonlarının içərisində ümumilikdə 7 ml həcmində məhlulun əsas təsiredici maddəsi tropikamiddir və həmin məhlulda tropikamidin quru maddəsinin təmiz çəkisi 0,035 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tiryək Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.Tropikamid “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir (cild 1, iş vərəqi 45-52). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/1011 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bağlamada təmiz çəkisi 2040,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 53-56). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 4962 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 139- 140). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2186 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 141-143). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 122-123). Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 5 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bağlamada təmiz çəkisi 2040,0 qram narkotik vasitə qurudulmuş mariuxana, bir ədəd bükümdə təmiz çəkisi 34,637 qram olan psixotrop maddə metafetamin, bir ədəd bükümdə təmiz çəkisi 51,442 qram olan narkotik vasitə tiryək, təmiz çəkisi 0,035 qram olan üzərində “Mydrax 0,5% 10 ml” göstəriciləri olan dərman flakonlarının içərisində ümumilikdə 7 ml həcmində məhlulun əsəs təsiredici maddəsi tropikamid olan güclü təsir edici maddə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2039,95 qram olan bir ədəd bağlamada narkotik vasitə qurudulmuş mariuxana, 34,537 qram olan bir ədəd bükümdə psixotrop maddə metafetamin, 51,342 qram olan bir ədəd bükümdə narkotik vasitə tiryək, 5 ml olan üzərində “Mydrax 0,5% 10 ml” göstəriciləri olan dərman flakonlarının içərisində məhlulun əsəs təsiredici maddəsi tropikamid olan güclü təsir edici maddə saxlanılması üçün üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş, 20 iyun 2024-cü il tarixdə Yasamal RPİnin inizbati binasında xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 148-156). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 93-97). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normanın tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2039,95 qram olan bir ədəd bağlamada narkotik vasitə qurudulmuş mariuxana, 34,537 qram olan bir ədəd bükümdə psixotrop maddə metafetamin, 51,342 qram olan bir ədəd bükümdə narkotik vasitə tiryək, 5 ml olan üzərində “Mydrax 0,5% 10 ml” göstəriciləri olan dərman flakonlarının içərisində məhlulun əsəs təsiredici maddəsi tropikamid olan güclü təsir edici maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmənin videogörüntü fayllarının saxlanıldığı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2039,95 qram olan bir ədəd bağlamada narkotik vasitə qurudulmuş mariuxana, 34,537 qram olan bir ədəd bükümdə psixotrop maddə metafetamin, 51,342 qram olan bir ədəd bükümdə narkotik vasitə tiryək, 5 ml olan üzərində “Mydrax 0,5% 10 ml” göstəriciləri olan dərman flakonlarının içərisində məhlulun əsəs təsiredici maddəsi tropikamid olan güclü təsir edici maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmənin videogörüntü fayllarının saxlanıldığı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-587/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-587/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver