Məhkəmə qərarları › İş №1(101)-588/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-588/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-588/2022 10.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 iyul 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 17 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 17 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluqları ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr olan heroini və qurudulmuş marixuananı, habelə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, üzərində və evində saxlamış, daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda - 22,425 qram çəkidə narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda - 1,733 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsinə daşımış və 06 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi səbəbindən həmin ünvanda saxlanılaraq Xəzər rayon Polis İdarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən külli miqdarda - 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,594 qram, 3,337 qram, 15,494 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda - 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,465 qram və 1,268 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış aparılarkən həmin evin zirzəmisindən bir kisədə külli miqdarda - təmiz çəkisi 14150 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, atasından qalan torpaq sahəsində 12 əvvəl tikdiyi evdə həyat yoldaşı ilə birlikdə yaşayır, övladı yoxdur. O, uzun müddətdir ki, heroini damara vurmaqla, qurudulmuş marixuananı və metamfetamini isə çəkməklə istifadə edir. 06 sentyabr 2021-ci il tarixdə səhər saatlarında metronun “İnşaatçılar” stansiyasının yaxınlığında bir nəfər tanımadığı şəxsdən öz istifadəsi üçün 90 manata üç ədəd bükümdə «kakos», yəni heroin və iki ədəd bükümdə «şüşə», yəni metamfetamin alaraq cibinə qoymuş və Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən yaşadığı evə getmişdir. Evə çatmağa az qalmış üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu Xəzər rayon Polis İdarəsinə gətirmişlər. İdarədə onun şübhəli şəxs qismində tutulacağı, hüquq və vəzifələri izah edilmiş və onun üçün vəkil çağırılmışdır. Daha sonra videoçəkilişdən istifadə etməklə onun üstünə şəxsi axtarış aparılmış, ona qanunsuz əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. O da idman şalvarının sağ yan cibindən beş ədəd sellofan bükümlərdə olan heroini və metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üstündə axtarış davam etdirilərkən alışqan, kiçik məbləğdə pul və tibbi maska aşkar edilmişdir. Üstündən aşkar edilərək götürülmüş 03 ədəd sellofan bükümdə heroin və 02 ədəd sellofan bükümdə metamfetamin müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüş, zərfə qoyulmuş, möhürlənmiş və iştirakçılarla birlikdə onun tərəfindən imzalanmışdır. Pulu və alışqanı özünə qaytarmışlar. Sonra onu yaşadığı evə aparmış, orada axtarış keçirmişlər. Onun evində marixuana olmadığı halda polis əməkdaşları özləri hansısa üsulla bu məsələni təşkil etmiş, evin zirzəmisinə özlərinin qoyub sonra da guya videoçəkilişlə tapacaqları kisədə yığılmış marixuananı üstünə götürməsini təklif etmişlər. O, bu təkliflə qəti olaraq razılaşmamışdır. Amma polislər o halda qardaşı oğlunu «malla» tutacaqları ilə hədələmiş, bütün bu söhbətlərdən sonra həmin marixuananı öz üzərinə götürməyə razılaşmışdır. Bir daha bildirir ki, evdən çıxarılmış kimi rəsmiləşdirilmiş marixuananın ona heç bir aidiyyəti yoxdur. Bu marixuana polislər tərəfindən ona «yüklənmiş maldır». Evdə axtarış keçirilməsi ilə bağlı ərizəni də özü imzalayıb, amma bunları polislər özləri formal bir şeylər kimi təşkil ediblər, öz hərəkətlərini qanuna uyğunlaşdırmağa çalışıblar. Sonradan müstəntiqə də bu barədə dəfələrlə şifahi olaraq bildirmiş, amma heç bir nəticəsi olmamışdır. Müstəntiqin tərtib etdiyi ifadələri də oxumadan imzalamışdır. Ona görə də ibtidai istintaq vaxtı marixuananın ona məxsus olmasını etiraf etməsi ilə bağlı ifadələrini təsdiq etmir. Amma üstündən çıxanlarla bağlı heç bir iradı yoxdur, o «mallar» həqiqətən özünündür, orada nə artıq var, nə də əskik. Polislərin ona qarşı belə davranışının bir səbəbini də onunla izah edə bilər ki, xeyli müddət əvvəl onun yanında narkotik vasitə qəbul etmiş kənd uşaqlarından biri «peredoz»dan ölmüş və bu məsələdən sonra onu da polisə çağırıb xeyli sorğu-sual etmiş və faktiki incitmişlər. Amma o vaxt boynuna heç nə qoya bilməmişlər. Bütün bu məsələləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini, yüngül cəza təyin edilməsini və marixuananın onun üzərindən götürülməsini xahiş edir. Ahıl yaşda olan anası da onun himayəsindədir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üstündən aşkar edilmiş heroini və metamfetamini öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı dindirilərkən verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində üstündən aşkar edilmiş heroin və metamfetaminlə bağlı hissədə məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə versə də, marixuana ilə bağlı göstərmişdir ki, yaşadığı ünvan 3 ünvanındakı evin zirzəmisində bir ədəd kisədə qurudulmuş marixuana saxladığını polislərə özü səmimi etiraf etmişdir və həmin marixuanının götürülməsi üçün evində axtarış keçirilməsinə etiraz etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 06 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin digər əməkdaşları Şahid1 və Şahid3 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Daha sonra keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yeri müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olduğunu bildirərək Polis İdarəsinə getməli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və sonuncu idarəyə gətirildikdən sonra araşdırma aparılması müstəntiqə həvalə edilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılmışdır. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o da tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan torbanı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin sellofan torba açıldıqda içərisində 03 ədəd şəffaf sellofan bükümlərdə qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə və 02 ədəd digər sellofan bükümlərdə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr olduğu aşkar edilmiş və zərfə qoyularaq üzəri möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 5 ədəd sellofan bükümlərdəki maddələrdən 03 bükümünün narkotik vasitə heroin, digər 02 ədəd bükümlərdəki ağ kristal maddələrin isə psixotrop maddə metamfetamin olmasını, həmin gün səhər saatlarında Yasamal rayonunda metronun “İnşaatçılar” stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün alaraq üzərində daşımasını bildirmişdir. Daha sonra axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən alışqan, pul və tibbi maska aşkar edilmişdir. Həmin pul və əşyalar zərurət olmadığından götürülməmiş və Hüseynağanın özünə qaytarılmışdır. Bundan sonra sorğu davam etdirilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanındakı evinin zirzəmisində də qurudulmuş marixana əldə edib özü üçün saxladığını etiraf etmişdir. Özünün yazılı razılığı ilə əməliyyat qrupu üzvlərinin, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı ünvan 4 ünvanındakı evə getmişlər. Müstəntiq tərəfindən Hüseynağaya yaşadığı evdə narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən keçərək evin mansardının alt hissəsində yerləşən kiçik ölçülü qapısı olan zirzəmini açıb içəridən bir ədəd kisəni çıxarıb təqdim etmişdir. Həmin kisə açılaraq içinə baxdıqda orada quru ot şəkilli bitki mənşəli maddənin olması aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kisədəki bitki mənşəli maddənin qurudulmuş marixuana olmasını, 6-7 ay əvvəl evinin həyətindəki parnikdə çətənə kollarını əkib becərdikdən sonra həmin kisəyə yığıb qurutduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs evinin zirzəmisindən aşkar edilmiş bir ədəd böyük kisədə olan marixuanaya bənzər maddə qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Bu barədə tərtib edilmiş protokolu o və iştirakçılar imzaları ilə təsdiq etmişlər. Bütün bu proseslərin gedişində Hüseynağa özünü kifayət qədər sakit və səmimi aparmış, ona qarşı hər hansı qanunazidd hesab edilə biləcək davranış göstərilməmişdir. Tədbirlərin gedişində Hüseynağa heç bir şəkildə hədələnməmiş, psixi və ya fiziki təsir göstərilməmiş, saxlandığı andan müdafiəçi ilə təmin olunmuş, keçirilən bütün prosessual hərəkətlərdə müdafiəçisi bilavasitə iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin digər əməkdaşları Şahid1 və Şahid3 Şahid2 oğnun ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış aparılması və götürülmə haqqında 06 sentyabr 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, saxlandıqdan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o da əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan torbanı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin sellofan torba açıldıqda içərisində 03 ədəd şəffaf sellofan bükümlərdə qəhvəyi rəngli tozşəkilli və 02 ədəd digər sellofan bükümlərdə ağ kristal şəkilli narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 5 ədəd sellofan bükümlərdəki maddələrdən 03 bükümünün narkotik vasitə heroin, digər 02 ədəd bükümlərdəki ağ kristal maddələrin isə psixotrop maddə metamfetamin olmasını, həmin gün səhər saatlarında Yasamal rayonu ərazisində “İnşaatçılar” metrosunun yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün alaraq üzərində daşımasını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 27-30, 80-81). Axtarış və götürmə aparılması barədə 06 sentyabr 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanındakı evində onun razılığı ilə axtarış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən keçərək mansard hissəsində yerləşən kiçik ölçülü qapısı olan zirzəmini açıb içəridən bir ədəd sintetik kisəni çıxarıb təqdim etmişdir. Həmin kisə açılaraq içinə baxdıqda orada quru ot şəkilli bitki mənşəli maddənin olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kisədəki bitki mənşəli maddənin qurudulmuş marixuana olmasını, 6-7 ay əvvəl evinin həyətindəki parnikdə çətənə kollarını əkib becərdikdən sonra həmin kisəyə yığıb qurutduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs evinin zirzəmisindən aşkar edilmiş bir ədəd böyük kisədə olan quru ot şəkilli, qurudulmuş marixuanaya bənzər maddə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 43 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 34-38, 80-81). Məhkəmə-bioloji ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 7/893 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı...evindən axtarış zamanı götürülmüş...” sözləri yazılmış yapışqanlı lentlə bağlanmış sintetik bağlamada təmiz çəkisi 14150 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 14149,9 qram təşkil etmişdir (cild 1, iş vərəqə 47-50). Məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 9/3905 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,594 qr, 3,337 qr, 15,494 qr, ümumi təmiz çəkisi 22,425 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,465 qr və 1,268 qr, ümumi təmiz çəkisi 1,733 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psxitorop maddələr”in siyahısına daxildirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 22,275 qram, metamfetaminin qalıq çəkisi 1,633 qram təşkil etmişdir (cild 1, iş vərəqə 51-56). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 dekabr 2021-ci il tarixli 4834 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir (cild 1, iş vərəqə 119-120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 iyul 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 17 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 17 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və 500 qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istehlak məqsədilə əldə etməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, üçüncü dərəcə əlil olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 06 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 87-92). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 22,275 qram təşkil edən heroin, qalıq çəkisi 1,633 qram təşkil edən metamfetamin və qalıq çəkisi 14149,9 qram təşkil edən qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvanda axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 203 ( iki yüz üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 48, 53, 166). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən, məhkəmə mərhələsində isə “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Arbitrum” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 154, 166). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 08 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 22,275 qram təşkil edən heroin, qalıq çəkisi 1,633 qram təşkil edən metamfetamin və qalıq çəkisi 14149,9 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvanda axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 203 (iki yüz üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına X4 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Arbitrum” Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar