Məhkəmə qərarları › İş №1(101)-588/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-588/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-588/2024 25.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, himayəsində azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatla olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissəsə – CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, 22 may 2023-cü il tarixdə, saat 17:15 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında saxlanılıb, Qaradağ RPİ-nin 10-cu PB-in inzibati binasına gətirilərək həmin tarixdə, saat 18:30 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyinə yığılmış ümumi təmiz çəkisi 10,621 qram olan açıq qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, bu günə kimi nə narkotik vasitə, nə də psixotrop maddə istifadə etməmiş, spirtli içki qəbul etməmişdir. İş materiallarında olan ekspert rəyi də onun narkotik vasitə istifadəçisi olmadığını sübut edir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evinin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq sonuncularla Qaradağ RPİ-nin 10-cü PB-yə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarından nə üçün sonuncular ilə getməli olduğunu soruşmuşdur, lakin polis əməkdaşları bununla bağlı 10-cu PB-də açıqlama verəcəklərini bildirmişlər. O, polis əməkaşlarının dedikləri ilə razılaşmış və avtomobilə əyləşərək Qaradağ RPİ-nin 10-cu PB-yə getmişdir. 10-cu PB-də polis əməkdaşları ondan hər hansı sosial şəbəkədə nəsə paylaşıb-paylaşmadığını soruşmuşlar. O da polis əməkdaşlarına heç nə paylaşmadığını və ümumiyyətlə, sosial şəbəkədən az istifadə etdiyini bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni ilk dəfə Qaradağ RPİ-nin 10-cu PB-də görmüşdür. Ailəsi ilə təhdid etdikləri üçün narkotik vasitənin ona aid olduğunu etiraf etmişdir. Atası Qaradağ RPİ-nin 10-cu PB-yə gəlməmişdir. O, birinci dəfə tutulduğu üçün barəsində həbs qətimkan tədbiri seçilən zamanda məhkəmədə sözlərini utandığından deyə bilməmişdir. Tutulandan 10-15 gün sonra yenidən Müdafiəçi2 iştirakı ilə müstəntiqlə görüşmüşdür. Polis əməkdaşlarının nə üçün məhz onu tutmaqlarını bilmir. Bakı İstintaq Təcridxanasında kitabçasında İran İslam Respublikasında olduğu üçün nəzarətə götürüldüyü qeyd olunub. Ziyarətlə əlaqədar bir dəfə 2019-cu ildə ailəsi ilə birgə tur şəklində İran İslam Respublikasına getmişdir. Cəmi 7 gün İran İslam Respublikasında qalmışdır. İran İslam Respublikasına gedəndə, tutulana qədər boyaçı kimi işlədiyi Az-Fen şirkətdə işləyirdi. Mülki geyimdə olan polis əməkdaşları onu saat 16:15 radələrində yaşadığı evdən 15-20 metr aralı məsafədə saxlamışlar. Polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət etmişlər. Saxlanıldığı yerlə Qaradağ RPİ-nin 10-cu PB arasında 3 km məsafə olar. Qaradağ RPİ-nin 10-cu PBdə məhkəmə istintaq zamanı ifadə verən polis əməkdaşı 2 saat onunla söhbət aparmışdır. Polis əməkdaşları narkotik vasitəni etiraf etmədiyi təqdirdə atası və qardaşını 10-cu PB-yə gətirəcəklərini bildirmişlər. Məhkəmə istintaq zamanı ifadə verən 2 nəfər polis əməkdaşları video çəkilişdə iştirak etdikləri üçün tanımışdır, lakin məhkəmə istintaq zamanı ifadəsində onunla bir qəsəbədə qalan və onu əvvəllər tanıyan polis əməkdaşını tanımır. Onun üzərinə baxış video çəkilişlə aparmışlar, aşkar olunan narkotik vasitənin qramını ittiham aktını alandan sonra bilmişdir. Ziyarətlə əlaqədar getdiyi qrupdakı şəxslərdən heç kimlə əlaqəsi olmadığı üçün kiminsə tutulub-tutulmadığını bilmir. O, polis əməkdaşlarının dedikləri kimi etdiyi təqdirdə hədənin aradan qalxacağını düşünmüşdür. Polis əməkdaşlarının ona qarşı nə üçün belə qərəzli olmaqlarını bilmir. Polis əməkdaşlarının istəkləri onun tutulmağı olduğundan hədənin aradan qalxdığını fikirləşir. Müdafiəçisi ilə konfidensial söhbət etməmişdir. Müdafiəçisi ilə konfidensial söhbət etmək üçün şərait yaradılmamışdır. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü irəli sürülün ittiham üzrə, təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, heç vaxt narkotik maddə qəbul etməmiş, hal-hazırda da narkotik və ya psixotrop maddə qəbul etmir. xx.xx.2023-cü il tarixdə şəxsi işiylə bağlı Bakı şəhərinə getmişdir. Həmin gün saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən keçib gedərkən tanımadığı, bir nəfər şəxs ona yaxınlaşmış, üzərində narkotik maddə olan kakos olduğunu bildirib, həmin kakosu ona pay vermək istədiyini bildirmiş və əlindəki sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümü ona uzatmışdır. Sellofan kəsiyinin içərisindəki qəhvəyi rəngli, tanımadığı şəxsin bildirdiyi kimi narkotik maddə olan heroin onda maraq yaratdığından, həmin narkotik maddəni tanımadığı şəxsdən almış, əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibinə qoyub yaşadığı Lökbatan qəsəbəsinə qayıtmışdır. Lökbatan qəsəbəsində yerləşən evinə gedərkən pay şəklində əldə etdiyi narkotik vasitəni yandıraraq məhv etməyi fikirləşmişdir. Bundan sonra evinə getmiş toy şənliyinə gedəcəyi üçün hazırlaşmış və evdən çıxmışdır. Evdən çıxarkən qəti qərara gəlmişdir ki, zibilliyə çatıb, üzərində olan narkotik maddəni orada yandırmaqla məhv edib sonra toy məclisinə getsin. Həmin gün saat 17:15 radələrində evinin yaxınlığında piyada gedərkən iki nəfər mülki geyimdə olan şəxslər mənə yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək Qaradağ RPİnin 10-cu Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuş, o da polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi istəmiş, o isə polis əməkdaşlarına şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. 10-cu PB-də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə mobil telefon vasitəsi ilə video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarışa başlanılmazadan əvvəl ona üzərindəki qanuni və ya qeyriqanuni əşyalarını masanın üzərinə qoyması təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd evinin qapısının açarını, sağ arxa cibindən 01 ədəd cib dəsmalını, əynindəki açıq göy rəngli cins şalvarının sol yan cibindən kağız əskinzalarla 220 manat, 01 manat iyirmi qəpik isə qəpiklərdən ibarət 1 manat 20 qəpik pulunu, sağ yan cibindən Kapital-Bank və Turan- Banka aid iki ədəd plastik katlarını, 03 ədəd 01 manatlıq əskinazlardan ibarət 03 manat pulunu, yaşıl rəngli kiçik kisənin içərisində olan namaz qılmaq üçün istifadə etdiyi möhürü və əyindəki açıq göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan kəsiyində olan bükümü masanın üzərinə qoymuş, bükümün içərisindəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını, maraqlı olduğu üçün xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Kubinka adlana ərazidə tanımadığı şəxsdən pay kimi aldığını bildirmişdir. Sellofan kəsiyindəki büküm açılmış, bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə heroinə oxşar kütlə aşkar olunmuşdur. Üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş, içərisində narkotik maddə olan bir ədəd sellofan kəsiyindəki büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokola və zərfin üzərinə imzalar etmişdir. Üzərindən aşkar olunmuş cib dəsmalı, pulları, evinin açarı, Kapital-Bank ilə Turan-Banka aid iki ədəd plastik katları özünə qaytarılmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, narkotik maddə qəbul etmir, narkotik maddə gördüyü üçün özündən aslı olmayan səbəblərdən onda maraq yarandığı üçün əldə etmiş, ona pay verilmiş narkotik maddəni satmaq, kiməsə pay vermək niyyəti olmamışdır. Tanımadığı şəxsdən narkotik maddəni ona görə götürmüşdür ki, həmin narkotik maddəni kiməsə satmasın, pay verməsin. O, narkotik maddəni məhv etmək üçün götürmüş, narkotik maddəni əldə etdikdən sonra tanımadığı şəxs oradan uzaqlaşdığı üçün polis orqanına müraciət edə bilməmişdir. Həmin şəxsi tanımır, anket məlumatlarını bilmir. Birinci dəfə idi ki, həmin şəxslə qarşılaşmış və narkotik maddəni almışdır. Üzərində narkotik maddə olması barədə heç kimin məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin daşınması barədə məlumat daxil olmuşdur. Qaradağ rayon, Lökbatan qəsəbəsi, 6-cı massivdə Təqsirləndirilən şəxs saxlayıb Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət etmişlər. 10-cu PB-də təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən sellofana bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Narkotik vasitəyə bənzər maddənin tərkibinin müəyyən olunması üçün qablaşdırılıb ekspertizaya göndərilmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin həqiqətən də narkotik vasitə olduğu müəyyən olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə həyət evləri olan ərazidə saxlamışlar. Təqsirləndirilən şəxs küçədə tək hərəkətdə olan zaman, günün 2-ci yarısında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt heç bir etiraz bildirməmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra Qaradağ RPİ-nin 10-cu PByə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxladıqdan sonra avtomobilinə əyləşdirib Qaradağ RPİ-nin 10-cu PB-yə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni nə üçün əldə etdiyi barəsində dedikləri yadında deyil. Təqsirləndirilən şəxs barədə məlumat ona daxil olmuşdur. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması və saxlanılması göstərilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs 2 nəfər polis əməkdaşı saxlamışlar, 1 nəfər də polis əməkdaşı arxadan gəlmişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onu nə üçün saxladıqlarını izah etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın olmasını soruşanda, sonuncu üzərində qanunla qadağan olunmuş heç bir əşyanın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqları və 10-cu PB-yə apardıqları vaxt qoluna qandal vurmamışlar. Təqsirləndirilən şəxs saxladıqları yerdən 10-cu PB arasında 10 dəqiqəlik, 500 metr məsafə yol olmuşdur. Təqsirləndirilən şəxs 10-cu PB-yə gətirdikdən sonra təhqiqatçıya təhvil vermişlər və müdafiəçi dəvət etmişlər. Müdafiəçi yarım və ya 1 saatdan sonra 10-cu PB-yə gəlmişdir. Təqsirləndirilən şəxs müdafiəçi gələnə kimi təhqiqatçının otağında idi. Təqsirləndirilən şəxs müdafiəçisinin gəlməsini gözlədikləri vaxt otaqda o, Təqsirləndirilən şəxs, təhqiqatçı və digər polis əməkdaşları var idi. Təqsirləndirilən şəxs müdafiəçi ilə konfidensial söhbət etməsi yadında deyil, çünki həmin vaxt otaqdan çıxmışdır. Şəxsi axtarış birinci növbədə təhqiqatçının çıxışı ilə başlamışdır, sonra isə polis əməkdaşları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirtmişlər. Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binası 1 mərtəbədən ibarətdir. Təqsirləndirilən şəxs üzərinə aparılan şəxsi axtarış 7 dəqiqə yarım çəkmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində şalvar və köynək var idi. Hadisə 2-3 ay bundan qabaq olduğu üçün Təqsirləndirilən şəxs əynində geyim tam yadında qalmamışdır. Təqsirləndirilən şəxs əynində gödəkcə də olmalı idi. Narkotik vasitə Təqsirləndirilən şəxs şalvarının sağ cibindən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa nəyinsə aşkar olunması yadında deyil. Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan alması barədə dedikləri yadında deyil. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni kimə satmasını, sonuncunun narkotik vasitə ilə bağlı kimlərlə danışmasını müəyyən etməmişlər. Əməliyyat-axtarış tədbirləri hələ də davam etdirilir. Təqsirləndirilən şəxs saxladıqları vaxt 2 nəfər polis əməkdaşı olsalar da, tədbirdə 3 nəfər polis əməkdaşı iştirak etmişdir. Tədbirdə o, Şahid2 və Şahid3 iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı gün Qaradağ RPİ-nin 10-cu PBdə yalnız Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmışlar. Lakin həmin günü fərqlifərqli adamlar saxlanılaraq 10-cu PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və təzyiq göstərilməmişdir. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini xatırlamır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman baxışda iştirak etmişdir. Məhkəmə istintaqında verdiyi ifadə ilə ibtidai istintaqda verdiyi ifadə arasında olan ziddiyətlə bağlı heç bir fikir bildirə bilmir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü Təqsirləndirilən şəxslə o, ortaq tanışılarının toy məclisinə dəvətli olmuşlar. O da həmin günü icazəli olmuş, amma Qaradağ RPİ-nin 10-cu PB-də xidməti otağındakı bəzi sənədlərlə əlaqədar bölməyə gəlməli olmuşdur. 10-cu PB-yə daxil olanda Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili Şahid1lə rastlaşmışdır. Şahid1 onda məlumatın olmasını, onunla getməli olduğunu bildirmiş və Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivə getmişlər. Orada gözlədikdən sonra Təqsirləndirilən şəxs çıxdığını görmüşdür. Şahid1 avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşıb söhbət etdikdən sonra 10-cu PB-yə gəlmişlər. 10-cu PB-yə daxil olanda Şahid1lə Təqsirləndirilən şəxs təhqiqatçının otağına, o isə bəzi iş sənədləri ilə əlaqədar öz xidməti otağına getmişdir. Otaqdan çıxanda polis əməkdaşlarından biri ona Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınmasında şübhəli olduğu üçün şəxsi axtarışında iştirak etməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən özünə məxsus əl dasmalı, möhür və narkotik vasitə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, həmin günü toya gedəcəyi üçün hadisənin 17:00- 18:00 radələrində baş verdiyini xatırlayır. Şahid1 avtomobildən düşüb R.Fətəliylə söhbət etdikdən sonra hər ikisi də avtomobilə əyləşmişlər. Hadisənin may ayında baş verdiyindən 10-cu PB-yə daxil olduqdan nə qədər vaxtdan sonra təhqiqatçının otağına çağrılmağını dəqiq deyə bilməz. Təqsirləndirilən şəxs narkotik vasitəni hardan və nə üçün əldə etdiyi barədə dedikləri yadında deyil. Təqsirləndirilən şəxslə eyni qəsəbədə yaşayır, sonuncunu və atasını əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs atasını tez-tez məsciddə görmüşdür. İctimai asayişi qorumaqla əlaqədar tez-tez məscidlərə getmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid1 avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşıb görüşənə qədər Şahid1lə kimin arxasınca getdiklərini bilməmişdir. Təqsirləndirilən şəxs heç bir narazılıq bildirmədən Şahid1 avtomobilinə əyləşib onlarla 10cu PB-yə gəlmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxt qoluna qandal belə bağlamamışlar. Əməliyyat tədbirində Şahid1 və o olmuş, 3-cü şəxsin olub-olmamasını tam xatırlaya bilmir. Hadisə 2023-cü ilin may ayında, saat 17:00-18:00 radələrində baş vermişdir. 10-cu PB-yə çatdıqdan sonra Şahid1 Təqsirləndirilən şəxs təhqiqatçının otağına aparmışdır. Sonra onu Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyi üçün sonuncunun üzərinə video çəkilişlə şəxsi axtarış aparılmasına çağırmışlar. Şahid1 neçə dəqiqədən sonra onu çağırdığı yadında deyil. Şahid1 onu mobil telefonla çağırmışdır. Öz xidməti otağından təhqiqatçının otağına 2-3 dəqiqə sonra keçmişdir. Təhqiqatçının otağında şəxsən özü video çəkilişə başladıqdan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışda o, Orxan Cəfərov, Şahid3 və Təqsirləndirilən şəxs iştirak etmişlər. O, avtomobildən düşmədiyi üçün Şahid1 Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edib-etmədiyini bilmir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış X5 nitqi ilə başlamışdır. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni özü təqdim etmiş, sonuncu narkotik vasitəni təqdim etdikdən sonra aşkar olunanlar barəsində nə dediyini dəqiq bilmir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitədən əlavə pul və əl dəsmalı aşkar olunmuşdur. Əməliyyat-axtarış tədbirlərinin görülməsi və əməliyyat qrupunun yaradılması ilə əlaqədar qəbul olunmuş qərarla tanış olmuşdur. Sadəcə bəzi təxirə salınmaz tədbirlər olanda qərarla tanış olmadan əməliyyataxtarış tədbirində iştirak etmişlər. Həmin gün o, Şahid1 qarşısına çıxmasaydı 10-cu PB-nin digər polis əməkdaşı ilə tədbirə gedəcəkdi. Tədbir zamanı o, avtomobildə sükan arxasında, Şahid1 onun sağında, Təqsirləndirilən şəxs avtomobilin arxasında əyləşmişdir. Onun tərəfdən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-in əməkdaşları tərəfində saxlanılması bir neçə ay bundan qabaq baş vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında görəndə baş verən hadisəni xatırlamışdır. X5 xidməti otağında Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən sellofana bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən özünə məxsus əl dəsmalı, telefon, pul və möhür aşkar olunmuşdur. Bütün sənədləşmə işləri aparılandan sonra Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin İŞ-yə təhvil vermişlər. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında deyil, tutulmasında iştirak etmişdir. Əməliyyat qrupunun üzvü olsa da, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Özü şəxsən Təqsirləndirilən şəxs üzərinə baxış keçirtmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışda o, Ceyhun və təhqiqatçı Orxan Cəfərov iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərində aşkar olunanlarla bağlı heç bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Yadında qalmadığı üçün Təqsirləndirilən şəxs narkotik vasitəni nə edəcəyi barədə dediklərini deyə bilmir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman havanın işıqlı olmasını xatırlayır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs saxlanıldığı gün 10-cu PB-də əməliyyat qrupunun üzvü idi. Təqsirləndirilən şəxs barəsində aməliyyat axtarış tədbirlərinin görülməsi üçün qəbul edilmiş əmrdə qrupun üzvləri qeyd edilmişdir. Əməliyyat qrupunun üzvlərini bölmə rəhbərliyi müəyyən etmişdir. Qaradağ rayonu, Lokbatan qəsəbəsi, 6-cı massivlə Qaradağ RPİ-nin 10-cu PB-nin arasında 3-4 km məsafə olar. Tədbirin üzvü olsa da, həmin günü əməliyyat qrupun üzvü olduğu üçün Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati ərazisində DİN-nin 102 xidmətinə daxil olmuş çağırışlara getmək üçün PB-də qalmışdır. Təqsirləndirilən şəxs barədə məlumat ona daxil olmadığından məlumatda nə göstərildiyini dəqiq bilmir. Hadisə aylar öncə baş verdiyindən Təqsirləndirilən şəxs saxlanılmasında neçə nəfər polis əməkdaşının iştirak etdiyini dəqiq deyə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfində saxlanılıb Qaradaq RPİ-nin 10-cu PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə X5 xidməti otağında görmüşdür. Otaqda o, Orxan Cəfərov, Şahid2 və Təqsirləndirilən şəxs var idi. Təqsirləndirilən şəxs 10cu PB-yə nə vaxt gətirilməsindən xəbəri yox idi. Müdafiəçi video çəkiliş zamanı Təqsirləndirilən şəxs ona qarşı hər hansı təzyiq və təsirin, narazılığın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs sağ yan cibində narkotik vasitəni o, aşkar etmişdir. Təqsirləndirilən şəxs üzərində özünə məxsus əl dəsmalı, möhür, pul və telefonu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyindən neçə nəfər şəxsin tədbirə getdiyini dəqiq deyə bilməz. Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmişdir. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və təzyiq göstərməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, DİO-da 2007-ci ildən, hal-hazırda tutduğu vəzifədə isə 2021-ci ildən xidmət edir. xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Ramin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyinə məruzə olunduqdan sonra o və həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, müvafiq əməliyyat tədbirləri keçirilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 17:15 radələrində Lökbatan qəsəbəsi, massiv 6, 3-cü küçədə nömrəsiz ev ünvanı yaxınlığında əvvələcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Ramin adlı şəxsə oxşar bir nəfərə yaxılaşmış, xidməti vəsiqələrini təqdim edərək ona özlərini təqdim etdikdən sonra ondan anket məlumatlarını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, biz ondan şəxsiyyət vəsiqəsini tələb edərkən o, şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Onlar Raminə narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib, onu Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar. PB-də həmin şəxsin xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qediyyatda olan və Lökbatan qəsəbəsi, 6-cı massiv, 3-cü küçə, nömrəsiz ev ünvanında yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bu barədə müvafiq sənələşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan toplanmış materiallarla birlikdə 10-cu PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqova təhvil verilmişdir. Həmin vaxt Polis Bölməsinin rəhbərliyi tərəfindən digər tədbirlərə cəlb olunduğu üçün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosessual hərəkətlərin aparılmasında iştirak edə bilməmişdir. Lakin sonradan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi, toplanmış material və Təqsirləndirilən şəxs istintaqa təhvil verilməsi ona məlum olmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, DİO-da 2014-cü ildən, hal-hazırda tutduğu vəzifədə isə 2020-ci ildən xidmət edir. xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Ramin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyinə məruzə olunduqdan sonra o və həmin bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, müvafiq əməliyyat tədbirləri keçirilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 17:15 radələrində Lökbatan qəsəbəsi, massiv 6, 3-cü küçədə nömrəsiz ev ünvanı yaxınlığında əvvələcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Ramin adlı şəxsə oxşar bir nəfərə yaxılaşmış xidməti vəsiqəsini göstərib özünü təqdim etdikdən sonra ondan anket məlumatlarını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar ondan şəxsiyyət vəsiqəsini tələb edərkən həmin şəxs şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Raminə narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğu bildirilmiş, onu Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar. PB-də həmin şəxsin xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qediyyatda olan və Lökbatan qəsəbəsi, 6-cı massiv, 3-cü küçə. nömrəsiz ev ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyən edilmişdir. Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğundan 10-cu PBnin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov tərəfindən tutulmuş, müdafiəçi dəvət olunmuş, video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd evinin qapısının açarını, sağ arxa cibindən 01 ədəd cib dəsmalını, əynindəki açıq göy rəngli şalvarının sol yan cibindən kağız əskinazlarla 220 manat, 01 manat iyirmi qəpik isə qəpiklərdən ibarət 1 manat 20 qəpik pulu, sağ yan cibndən Kapital-Bank və Turan-Banka aid iki ədəd plastik katlarını, 03 ədəd 01 manatlıq əskinazlardan ibarət 03 manat pulu, yaşıl rəngli kiçik kisənin içərisində olan namaz qılmaq üçün istifadə etdiyi möhürü və əyindəki açıq göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan kəsiyində olan bükümü masanın üzərinə qoymuş, bükümün içərisindəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını ona maraqlı olduğu üçün xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən pay aldığını bildirmişdir. Həmin büküm açılmış, sellofan kəsiyindəki bükümün içərisində açıq qəhvəyi rəngli, toz şəklində, spesifik iyə malik narkotik maddə olan heroinə oxşar kültə aşkar olunmuşdur. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin zərfə və protokola imzalar etmişdirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pulları, plastik kartları və digər əşyaları özünə qaytarılmışdır. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, DİO-da 2008-ci ildən, hal-hazırda tutduğu vəzifədə isə 2021-ci ildən xidmət edir. xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində olarkən bölmə rəhbərliyi ona bildirmişdir ki, bölməyə bir nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs gətirilib, onun üzərinə şəxsi axtarış keçirləcəkdir, şəxsi axtarış və götürmənin aparılmasını mobil telefon vasitəsi ilə video çəkiliş aparmalıdır. O da rəhbərliyin göstərişinə əsasən 10-cu PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqovun xidməti otağına gəlmişdir. Ondan başqa həmin otaqda təhqiqatçı O.Ocaqov, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və vəkil olmuşdur. Çəkliş zamanı ona məlum olmuşdur ki, üzərinə şəxsi axtarış keçirilən şəxs xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qediyyatda olan və Lökbatan qəsəbəsi, 6-cı massiv, 3-cü küçə, nömrəsiz ev ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğundan 10-cu PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov tərəfindən tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd evinin qapısının açarını, sağ arxa cibindən 01 ədəd cib dəsmalını, əynindəki açıq göy rəngli şalvarının sol yan cibindən kağız əskinzalarla 220 manat, 01 manat iyirmi qəpik isə qəpiklərdən ibarət 1 manat 20 qəpik pulu, sağ yan cibindən Kapital-Bank və Turan-Banka aid iki ədəd plastik katlarını,03 ədəd 01 manatlıq əskinazlardan ibarət 03 manat pulu, yaşıl rəngli kiçik kisənin içərisində olan namaz qılmaq üçün istifadə etdiyi möhürü və əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofana kəsiyində olan bükümü masanın üzərinə qoymuş, bükümün içərisindəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını ona maraqlı olduğu üçün xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən pay aldığını bildirmişdir. Həmin büküm açılmış, sellofan kəsiyindəki bükümün içərisində açıq qəhvəyi rəngli, toz şəklində, spesifik iyə malik narkotik maddə olan heroinə oxşar kültə aşkar olunmuşdur. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin zərfə və protokola imzalar etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pulları, plastik kartları və digər əşyaları özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olması bildirilmişdir (İ cild, i.v. 7) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə Qaradağ RPİ-nin 10-cü PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 8-9) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild i.v. 26) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, o, əynindəki açıq göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd evinin qapısının açarını, sağ arxa cibindən 01 ədəd cib dəsmalını, əynindəki açıq göy rəngli şalvarının sol yan cibindən kağız əskinzalarla 220 manat, 01 manat iyirmi qəpik isə qəpiklərdən ibarət 1 manat 20 qəpik pulu, sağ yan cibndən Kapital-Bank və Turan-Banka aid iki ədəd plastik katlarını, 03 ədəd 01 manatlıq əskinazlardan ibarət 03 manat pulu, yaşıl rəngli kiçik kisənin içərisində olan namaz qılmaq üçün istifadə etdiyi möhürü və əynindəki açıq göy rəngli cins şalvarımın sağ yan cibində saxladığı 01 ədəd sellofana kəsiyində olan bükümü masanın üzərinə qoymuş, bükümün içərisindəkinin narkotik maddə olmasını, narkotik maddənin özünə məxsus olmasını ona maraqlı olduğu üçün xx.xx.2023cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən pay aldığını bildirmişdir. (İ cild i.v. 35-36, 74-75) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2960 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 222” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut, şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi- 10,621 qram açıq qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (İ cild i.v. 43-47) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 57-58) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(002)-113/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 80-81) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild i.v. 102) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,521 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (İ cild i.v. 103) xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild i.v. 106) Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 adlı 2 nəfər az yaşlı uşaqları vardır. (İ cild i.v. 109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X10 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3477 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 122-123) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, psixoloji təzyiqlərə məruz qaldığından ibtidai istintaq zamanı ilkin mərhələdə etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə etməsinə dair ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşaqlarının olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(002)-113/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,521 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 35 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 210 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,521 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar