Məhkəmə qərarları › İş №1(101)-591/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-591/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-591/2022 11.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası şəhər “Femida” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 04 avqust 1983-cı ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, əvəllər məhkum olunmayan, orta təhsilli, Yasamal rayonu, Vidadi küçəsi, ev 9-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və hazırda Bakı İstintaqTəcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkiləri 10,571 qram, 2,424 qram, 0,898 qram və 0,552 qram olmaqla, ümumi təmiz çəkisi 14,445 qram olan qəhvəyi rəngli tozşəkilli kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni təmiz çəkisi 2,326 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 03 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli olduğuna görə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıxcan küçəsində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin inzibati binasına aparılmış, Şöbədə onun üzərində aparılmış şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 10,571 qram, 2,424 qram, 0,898 qram, 0,552 qram olmaqla 4 ədəd bükümdə, psixotrop maddə metamfetamin təmiz çəkisi 2,326 qram olmaqla 1 ədəd bükümdə və üzərində heroinin izləri olan bir ədəd qara rəngli elektron tərəzi onun əlindəki qara rəngli əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir həm narkotik vasitə olan heroin adlı maddədən, həm də psixotrop maddə olan “şüşə” adlanan methamfetamin adlı psixotrop maddədən istifadə etmişdir. Tutulmamışdan öncə gözəllik salonunda saç ustası kimi fəaliyyət göstərmişdir. O, narkotik vasitələrin satışı ilə heç bir zaman məşğul olmamışdır. O, heroin adlanan narkotik vasitədən tibbi əməliyyat olunduğu üçün ağrılarını sakitləşdirmək üçün istifadə edirmiş, methamfetamin adlanan maddəni isə arıqlamaq məqsədilə istifadə etmişdir. Sosial şəbəkələr vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Şahin” adlı şəxsdən narkotik vasitələri və psixotrop maddələri əldə edirmiş. Sonuncu dəfə ona narkotik vasitələrin əvəzində 255 AZN hesabına pul köçürmüşdür. Bu əməlindən peşman olduğunu və narkotik vasitələrdən sadəcə istifadə etdiyini, satışı ilə məşğul oladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 sentyabr 2021-ci il tarixdə saat 19:00 radələrində Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıxcan küçəsində xidmət aparan zaman həmin küçədə bir nəfər qadının şübhəli davranışlarını müşahidə etdikləri üçün həmin qadına yaxınlaşmışlar. Təqsirləndirilən şəxsdən şəxsiyyətini təsdiq edən sənədlərini soruşduqda şəxsiyyət vəsiqəsinin üzərində olmadığını adının İranə olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər, şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi polis şöbəsinə gəlmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdır. Şübhəli şəxs qismində tutulması barədə təhqiqatçı tərəfindən qərar çıxarılmışdır. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, üzərinə keçiriləcək şəxsi axtarış və götürmə zamanı vəkilinin iştirak etməməsini xahiş etmişdir Daha sonra şəxsi axtarış aparılacağını Təqsirləndirilən şəxs izah edilmişdir. Üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan qara rəngli əl çantasının içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin əl çantasının içərisindən beş ədəd bükümü çıxarıb otaqda olan stolun üstünə qoyaraq təqdim etmiş və həmin bükümlərdən dörd ədədinin içərisində narkotik vasitə olan heroin, bir ədədinin içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Aşkar edilmiş maddələri necə əldə etdiyini soruşduqda İran İslam Respublikası vətəndaşı olan Şahin adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirmişdir. Şahin adlı şəxsin kart hesabına 255 manat pul köçürüb, Bakı şəhərinin xatırlamadığı ərazisindən götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bildirmək istəyir ki, bir neçə ay öncə avto-qəzada aldığı kəllə-beyin travması səbəbindən bir çox hadisələri xatırlamır, sadəcə onu deyə bilər ki, təqsirləndirilən şəxsi narkotik vasitələri qanunsuz saxlanması yadındadır. Səhv etmirsə, təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamışdır, özünü şübhəli apardığı üçün saxlamışlar. Tam xatırlamasada, üzərində həm heroin adlanan narkotik vasitə həm də psixotrop maddə sayılan methamfetamin aşkar edilmişdir. İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. İş materiallarındakı Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. (iş vərəqi 14) İş materiallarındakı 05 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (iş vərəqi 47- 48, 65-66) İş materiallarındakı Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 27 noyabr 2021-ci il tarixdə 1 ay olmaqla, 03 yanvar 2021-ci il tarixədək uzadılmışdır. (iş vərəqi 109-112) İş materiallarındakı 22 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (iş vərəqə 194-195) İş materiallarındakı 03 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələr ekspertizaya təqdim edilmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2021-ci il tarixli 6/3871 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş üzərində: ".vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş .." yazısı olan kağız zərfdəki 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,571 qr, 2,424qr, 0,898qr, 0,552qr, ümumi təmiz çəkisi 14,445 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasftə-heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,326 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir Tədqiqata təqdim edilmiş üzərində: "vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş elektron tərəzi .." yazısı olan kağız zərfdəki bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardlr. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. İş materiallarındakı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin "Azərbaycan Respublikasmın ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. (iş vərəqə 34-40) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 dekabr 2021-ci il tarixli 4974 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 154-155) Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 14,445 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 2,326 qram olan psixotrop maddə metamfetamin, eləcə də, bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatı zamanı sərf edilən miqdarlar nəzərə alınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (iş vərəqə 78-81) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış video görüntülər olan diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, video görüntü diskə “2_**********923883486” adı ilə əlavə edilmişdir. Video görüntü 8 dəqiqə 44 saniyədən ibarətdir. Video görüntüyə baxdıqda müəyyən edildi ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında Şöbənin X4in xidməti otağına iki nəfər kişi və bir nəfər qadın daxil olur. X4 özünü təqdim etməklə otağa daxil olan şəxslərin özlərini təqdim etmələrini bildirir. Həmin şəxslərdən biri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, digəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olduğunu bildirir. Digər şəxs, yəni qadın isə Təqsirləndirilən şəxs olduğunu, Bakı şəhəri, Yasamal rayonundan anadan olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsində yaşadığını bildirir. X6 Təqsirləndirilən şəxs qanunla dövriyyəsi əldə edilməsi, üzərində saxlanılması və daşınması qadağan edilmiş əşya və ya predmetlərin saxlanılması və üzərində gəzdirilməsi ilə bağlı şübhəli bilindiyindən Sabunçu RPİ-nin 12-ci PŞnin əməkdaşları tərəfindən 03 sentyabr 2021-ci il tarixdə saxlanılaraq Şöbəyə gətirildiyini deməklə ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etməklə Azərbaycan Respublikası cinayət-prosessual qanunverciliyinin tələblərinə əsasən onun üzərində şəxsi axtarış keçiriləcəyi və video çəkilişdən istifadə ediləcəyi barədə məlumat verir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan onun üzərində şəxsi axtarış aparılmasına etirazı olmadığını bildirir. Şəxsi axtarış başlanılmazdan qabaq Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs da əlində olan qara rəngli əl çantasının içərisindən bir ədəd elektron tərəzi, 4 ədəd sellofana bükümdə olan kütlələri çıxararaq masanın üzərinə qoyur və bükümlərdə olan kütlələrin “kokos” və “şüşə” olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Şahin” adlı şəxsin kartına pul köçürməklə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xatırlamadığı yerdən götürdüyünü bildirir. Bundan sonra Təqsirləndirilən şəxs əl çantasına yenidən baxış keçirilməklə hər hansı bir əşya və ya predmet aşkar edilmir. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd bükümdə olan kütlələr bir zərfə, elektron tərəzi isə digər zərfə qoyularaq qablaşdırılır, zərflərin üzəri yazılır və iştirakçılar tərəfindən imzalanmaqla möhürlənir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışla bağlı protokol tərtib olunacağını və tərtib edilmiş protokolla tanış olacağını bildirilməklə, hər hansı bir vəsatəti olub-olmaması, ona qarşı hər hansı bir zor və yaxud da təzyiq tətbiq edilib-edilməməsi soruşulduqda sonuncu ona qarşı hər hansı bir zor tətbiq olunmadığını və ya təzyiq göstərilmədiyini, vəsatəti olmadığını bildirir. (iş vərəqə 95) Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon ağ rənglidir, ekran və korpusdan ibarətdir. Mobil telefonun arxa tərəfində zavod üsulu ilə “İphone” sözü qeyd edilmişdir. Mobil telefon “İphone” markalı “6s” modellidir və üzərində bir ədəd “Bakcell”-ə məxsus mobil nömrə vardır. Telefonun “parametrlər” bölümünə baxarkən həmin mobil nömrənin ***-***-**-** saylı olması aşkar edilmişdir. Mobil telefonda “zənglər” bölümünə baxış keçirərkən danışıqların aparıldığı nömrələrin siyahısının olması müəyyən edilmişdir. Mobil telefonun “şəkillər” bölümünə baxış keçirdikdə bir neçə şəxsi şəkil olmaqla narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə bənzər kütlələrin, eləcə də, narkotik vasitə metadon həblərinə bənzər həblərin, elektron tərəzinin, müxtəlif ərazilərin, yerlərin işarələnmiş və yerlərin, həmin yerlərdə qoyulmuş kütlələrin çəkilərinin və bükümlərinin izahları verilmiş fotoşəkillərin olması müəyyən edilmişdir. Baxış zamanı mobil telefonun “Whatsapp”, “İnstagram” və digər bölümlərinə mailto:niko2106@icloud.comElektron ünvan icloud adresinin parolu bilinmədiyi və eyni zamanda Təqsirləndirilən şəxs unutduğunu qeyd etdiyi üçün daxil olmaq mümkün olmamış və “mesajlar” bölümündə də iş üçün mühüm əhəmiyyət kəbs edən hər hansı bir məlumat aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonun “şəkillər” bölümündə olan narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə bənzər kütlələrin, eləcə də, narkotik vasitə metadon həblərinə bənzər həblərin, elektron tərəzinin, müxtəlif ərazilərin, yerlərin işarələnmiş və yerlərin, həmin yerlərdə qoyulmuş kütlələrin çəkilərinin və bükümlərinin izahları verilmiş fotoşəkilləri ona kimin göndərməsini, ümumiyyətlə həmin şəkilləri nə səbəbə görə mobil telefonunda saxladığını xatırlamadığını bildirmişdir. Baxış zamanı mobil telefonda olan müxtəlif şəkillərin fotoşəkli çəkilmiş və fotoşəkillər çıxarılaraq baxış zamanı tərtib edilmiş protokola əlavə edilmişdir. (iş vərəqə 121-139) İş materiallarındakı iş üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, həmçinin sonuncunun narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və satması barədə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə məlumat daxil olmuşdur. (iş vərəqə 164) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 82-83) Beləliklə də, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop və narkotik maddələri əldə edib saxlamaqla daşıması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs oğlu X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən Müharibəsi dövründə 27.09.2020-ci il tarixdən Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və 01 yanvar 2021-ci il tarixli fəxri fərmanla təltif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut ekspertiza tədqiqatı zamanı sərf edilən miqdarlar nəzərə alınmaqla təmiz çəkisi 14,445 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 2,326 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 114 manat (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri Femida vəkil bürosunun vəkili X5 120 (yüz iyirmi) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatı zamanı sərf edilən miqdarlar nəzərə alınmaqla təmiz çəkisi 14,445 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 2,326 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 114 manat (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri Femida vəkil bürosunun vəkili X5 120 (yüz iyirmi) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar