Məhkəmə qərarları › İş №1(101)-591/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-591/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-591/2023 11.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "xxxx" MMC-nin 10 saylı filialında əməliyyatçı işləyən, məhkum olunmamış, Zaqatala rayonu, İmam Şamil küçəsi, ev 52-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ev 173-də kirayə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 9 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda yerləşən «Nicat» marketin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, bir ədəd ağ rəngli bükülüdə təmiz çəkisi 2,606 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 9 sentyabr 2022-ci il tarixdə, saat 10:20 dəqiqədə Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda yerləşən «Nicat» marketin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə gətirilmiş, 9 sentyabr 2022-ci il tarixdə saat 11:20 dəqiqədə üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı bir ədəd ağ rəngli bükülü təmiz çəkisi 2,606 qram külli miqdarda ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Ramil oğlu ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəli olmuş, ailədaxili problemlər səbəbindən bir müddət əvvəl boşanmışdır. Himayəsində iki azyaşlı uşağı var. Boşandıqdan sonra stress keçirtmiş və psixoloji zəiflik göstərib psixotrop maddə olan metamfetamin istifadə etməklə gərginlikdən yaxa qurtarmağa çalışmışdır. Bu məqsədlə 9 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda yerləşən «Nicat» marketin yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün bir ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin alıb əynindəki qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 10 radələrində marketin yaxınlığından olarkən iki polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində psixotrop maddə olmasından şübhə etdikləri üçün üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Bölmədə ona hüquq və vəzifləri izah edildikdən sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman əynində qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi kütlənin psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi metamfetamin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra şəxsi axtarışın nəticələrinə dair protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Əməlindən peşmandır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkilidir. 9 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonuncunun ətrafında əməliyyataxtarış tədbiri keçirtmək üçün bölmə rəhbərinə raportla müraciət edib, qərar qəbul etmişdir. Bundan sonra onun və bölmənin sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 9 sentyabr 2022-ci il tarixdə saat 10:20 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda yerləşən «Nicat» marketin yaxınlığında saxlayıb, bölməyə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş, bundan sonra onun və Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli bükülünü çıxardıb masanın üzərinə qoymuş, bükülüdəki ağ rəngli kütlənin psixotrop maddə metamfetamin olduğunu, onu 9 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan 30 dəqiqə əvvəl elə orada tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülüdə psixotrop maddəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq zərfin üzəri möhürlənmişdir. Sonda şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokol tərtib edilmiş, həmin protokol təhqiqatçı tərəfindən iştirakçılara oxunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təsir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 31-32-ci vərəqlərindəki «şəxsi axtarış və götürmə aparılması haqqında» 9 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Nahid Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis mayoru Nahid Məmmədov qanunvericiyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Şahid2 iştirakı ilə videoçəklişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim olunması təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli sellofan bükülünü, qara-boz rəngli gödəkcənin sol cibindən bir ədəd, sağ cibindən də bir ədəd «Rotmens» siqaret qutusunu, bir ədəd alışqanı və bir ədəd şokolad, qara rəngli cins şalvarın sol cibindən 15 manat pul, qara rəngli cins şalvarın sağ yan cibindən 20 qəpik pulu masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirdikdən sonra üzərində şəxsi axtarış aparılsa da qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli bükülüdəki ağ rəngli kütlənin psixotrop maddə metamfetamin olduğunu, onu 9 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanmazdan 30 dəqiqə əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda yerləşən «Nicat» marketin yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs şəxsi əşyaları və pulu özünə qaytarılmış, psixotrop maddəyə bənzər bir ədəd ağ rəngli sellofan bükülü çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə zərfə qoyularaq ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılıb götürülmüş, qeyd edilənlərlə əlaqədar təhqiqatçı Nahid Məmmədov tərəfindən tərtib edilmiş protokol iştirakçılara oxunaraq, möhürlənmiş zərfi və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İşin 73-cü vərəqindəki «videogörüntüyə baxış keçirilməsi haqqında» 11 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis mayoru Nahid Məmmədov qanunvericiyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Şahid2 iştirakı ilə videoçəklişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim olunması təklif olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli sellofan bükülünü, qara-boz rəngli gödəkcənin sol cibindən bir ədəd, sağ cibindən də bir ədəd «Rotmens» siqaret qutusunu, bir ədəd alışqanı və bir ədəd şokolad, qara rəngli cins şalvarın sol cibindən 15 manat pul, qara rəngli cins şalvarın sağ yan cibindən 20 qəpik pulu masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirdikdən sonra üzərində şəxsi axtarış aparılsa da qanunla qadağan olunmuş əşya aşkar olunmur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli bükülüdəki ağ rəngli kütlənin psixotrop maddə metamfetamin olduğunu, onu 9 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanmazdan 30 dəqiqə əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda yerləşən «Nicat» marketin yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildir. Təqsirləndirilən şəxs şəxsi əşyaları və pulu özünə qaytarılır. Psixotrop maddəyə bənzər bir ədəd ağ rəngli sellofan bükülü çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə zərfə qoyularaq ağzı Binəqədi RPİ-in zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılıb götürlənir. Qeyd edilənlərlə əlaqədar təhqiqatçı Nahid Məmmədov tərəfindən tərtib edilmiş protokol iştirakçılara oxunaraq möhürlənir. Zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanır. İşin 37-39-cu vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2022-ci il tarixli 6/5041 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN arayışlar üçün № 243» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs» sözlər, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,606 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci İl 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in (Siyahı İ) siyahısına daxildir. İşin 101-102-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022ci il tarixli 5139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 103-106-cı vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 oktyabr 2022-ci ii tarixli 2752 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Onda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 107-114-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,606 qram (ekspertiza tədqiqatından sonra qalıq 2,556 qram) psixotrop maddə metamfetamin və «11» sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetamin saxlanmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutların saxlama kamerasına təhvil verilmiş, bir ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 92-ci vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 23-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 sentyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 84-91-ci vərəqlərindəki Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, 11 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İşin 58-59-cu vərəqlərindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 adlı iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların (məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş üzrə toplanmış protokollar, maddi sübutlar) məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 9 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,606 qram (ekspertiza tədqiqatından sonra qalıq 2,556 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 11 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 9 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,606 qram (ekspertiza tədqiqatından sonra qalıq 2,556 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 11 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar