Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-592/2023 24.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və rus-azərbaycan dilləri üzrə tərcüməçi X2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Tolstoy küçəsi, ev 5, mənzil 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 11 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 avqust 2022-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 11 dekabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə təmiz çəkisi 3,860 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini əldə edib, üzərində saxlamaqla daşımış və 11 avqust 2022-ci il tarixdə, saat 14:30-da Suraxanı RPİ-nin 32-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sayğac oğurluğu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2nvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) inzibati binasına aparılaraq üzərində şəxsi axtarış istintaq hərəkəti aparılan zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,860 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirib, məhkəmə istintaqında ifadə verməkdən imtina etdi. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, sonuncu tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət əvvəl narkotik maddə olan heroindən dəriyə inyeksiya etmək yolu ilə istifadə etmiş, həmin narkotik vasitəni isə Bakı şəhərinin müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə tutulmazdan bir neçə gün əvvəl Suraxanı rayonunun Əmircan qəsəbəsindən tanımadığı bir şəxsdən almış və özünün istifadəsi üçün üzərində saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində saxlanılanadək Suraxanı və digər rayon ərazilərdə su sayğaclarını oğurladığını səmimi etiraf etmiş, eyni zamanda ifadəsinin davamında göstərmişdir ki, 11 avqust 2022-ci il tarixdə, saat təxminən 14 radələrində özünün tanışı X3 ilə birlikdə ünvan 4 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onları 32-ci PB-nə aparıb təhvil vermişlər. PB-də onun şəxsiyyəti müəyyən olunmuş, üzərinə baxış keçirilməsinin zəruriliyi bildirilmiş, onun buna etirazı olmamışdır. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O isə əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı və istifadəsi üçün daşıdığı bir ədəd şəffaf rəngli selofana bükülmüş, içərisində «şüşə» kimi tanıdığı maddəni çıxarıb polisə təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açmış və içərisində metamfetamin kimi tandığı narkotik maddəni aşkar etmişlər. Sorğu zamanı aşkar edilmiş maddənin metamfetamin kimi tanıdığı narkotik maddə olduğunu, uzun müddət ərzində narkotik maddə olan heroin və metamfetamindən istifadə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 196 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş psixotrop maddəni bir neçə gün əvvəl tanımadığı şəxsdən almış və sonra istifadə etmək üçün üzərimdə saxlamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. O, nə Zaura, nə də başqa şəxsə narkotik maddə satmamış, pay verməmiş və ya narkotik maddə verəcəyi barədə qabaqcadan vəd verməmişdir. O, yalnız öz istifadəsi üçün narkotik maddə əldə edib istifadə etmişdir (iş vərəqə: 74-76). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 avqust 2022-ci i tarixdə, saat 14:30 radələrində iş yoldaşı, Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2la birlikdə onlara təhkim olunmuş xidməti ərazidə xidmət aparan zaman iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 1 ünvanında yerləşən binaya daxil olubçıxdıqlarını görmüş və onların özlərini şübhəli aparmaları səbəbindən həmin şəxslərə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Belə ki, həmin vaxt ərazidə su sayğaclarının oğurlanması faktı tez-tez baş verdiyindən onlar hər iki şəxsdən şübhələnmişlər. Həmin şəxslər də özlərini X3 və Təqsirləndirilən şəxs kimi təqdim etmişlər. Onlarla söhbət edən zaman onların narahatlıq keçirdiklərini hiss etmiş və onlardan narahatçılığın səbəbini soruşmuşlar. Həmin vaxt onların hər ikisi üzərlərində «kakos» adlanan narkotik maddə olduğunu səmimi etiraf etmişlər. Ona görə də, onlara üzərlərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu başa salaraq onların hər ikisini ərazi üzrə Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmiş və bölməyə aparmışlar. 32-ci PB-də onların şəxsiyyəti müəyyən edilmiş, Təqsirləndirilən şəxs adlı şəxsin hüquq və vəzifələri izah edilmiş, həmçinin ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi və milliyyətcə rus olması nəzərə alınmaqla tərcüməçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd büküm açılaraq içərisinə baxılmış, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması, nə vaxt, kimdən, hansı üsulla və hansı məqsədlə əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində «şüşə» kimi tanıdığı narkotik maddə olduğunu, özünə məxsus olduğunu, həmin narkotik maddəni bir neçə gün əvvəl Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd büküm götürülərək boş zərfə qoyulmaqla qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə digər əməliyyat müvəkkili - Şahid2 ifadəsində həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşaiyəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmiş, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümün içərisində «şüşə» kimi tanıdığı maddə olduğunu, həmin bükümün onun özünə məxsus olmasını, həmin «şüşə»ni bir neçə gün əvvəl Suraxanı rayonunun Əmircan qəsəbəsində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini və istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükümdə təqdim etdiyi narkotik vasitəyə şübhəli maddə götürülərək boş zərfə qoyulmaqla qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 196” saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Bundan sonra tərtib olunan protokol və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 35-36). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “diskə baxış keçirilməsi haqqında” 13 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 avqust 2022-ci il tarixli protokolun məzmununa uyğundur və diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 77-78). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD-R formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD-R formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» və “diskə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir (iş vərəqə: 78). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 12 avqust 2022-ci il tarixli, 6/4294 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 196” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,860 qram, ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 43-47). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2022-ci il tarixli, 6607 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 126-127). İbtidai istintaq orqanının «toplanmış sübutların qiymətləndirilməsi haqqında» 11 dekabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş cəmi 3,860 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,760 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 147-155). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs aşkar olunub götürülən psixotrop maddənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən araşdırma aparılması üçün material ayrılmışdır (iş vərəqə: 157-158, 159). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 3,860 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmiş, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş və 17 mart 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır (iş vərəqə: 109-111). Məhkəmə baxılan iş üzrə cinayət hadisəsinin 11 avqust 2022-ci il tarixdə baş verdiyini nəzərə alıb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət (burada: Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi) törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu, bunun üçün qanunla müəyyən olunan 2 il keçdiyindən, 11 iyun 2022-ci il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Həmin Məcəllənin 83.4-cü maddəsinin tələblərinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə (burada: 11 iyun 2020-ci il) və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanlara əsasən baxılan iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs oğlu X4 İİ Qarabağ (Vətən müharibəsi) müharibəsinin iştirakçısıdır, döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2921-ci il tarixli, müvafiq olaraq 2713 və 2714 nömrəli sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə”, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamlarına əsasən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur (Vəsiqələrin surətləri işə əlavə edilmişdir). Məhkəmə qeyd olunan bu halı Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun məhkumluğu olmayan şəxs kimi ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələnin müzakirəsi zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 avqust 2022-ci il tarixədə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon prokurorluğunun təqdimatına əsasən o, Suraxanı Rayon Məhkəməsinə təqdim olunmuş, lakin məhkəmənin 13 avqust 2022-ci il tarixli qərarına əsasən təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qismində qətimkan tədbiri seçilmiş və bundan sonra o, 11 dekabr 2022-ci il tarixədək fasiləsiz olaraq ev dustaqlığında olmuşdur. Yalnız 11 dekabr 2022-ci il tarixədə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 29 dekabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 11 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixədək 2 (iki) gün müddətində həbsdə, 11 dekabr 2022-ci il tarixədək isə 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətində ev dustaqlığında – cəmi 4 (dörd) ay müddətində həbsdə və ev dustaqlığında saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə tutulub 11 dekabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti cəza saxlanılmalı, həmçinin həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən əqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2022-ci il tarixli, 6607 saylı rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,760 qram psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə tutulub 11 dekabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 24 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,760 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-592/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-592/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver