Məhkəmə qərarları › İş №1(101)-593/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-593/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-593/2022 10.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı4, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 08 avqust 1963-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 4 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşamış, 03 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 04 sentyabr 2021ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 1050 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 03 sentyabr 2021-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Zabrat” kafesinin yaxınlığında saxlanılaraq, Sabunçu RPİ 15-ci Polis bölməsinin inzibati binasına aparılmış, polis bölməsində onun üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 1050 qram olan narkotik vasitə heroin 1 ədəd bükümdə onun əlindəki qara rəngli selofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə baş verən gün oğlu və qonşusu ilə birlikdə Zabrat qəsəbəsinə evə baxmağa getmişdir. O, ev sahibinə zəng edib gəldiyini bildirdikdə, ev sahibi işi ilə əlaqədar bir saat gec gələcəyini demişdir. Onlar yaxınlıqdakı çayxanada oturub ev sahibinin gəlməsini gözləmiş, həmin vaxt o, təbii ehtiyacını ödəmək üçün yaxınlıqdakı ağaclığa getmişdir. Oraya yaxınlaşanda həmin yerdən keçən boru xəttinin üstündə selofan torba olduğunu görmüş, diqqətini çəkdiyi üçün həmin yerə yaxınlaşmaq istəyəndə çoxlu sayda mülki şəxslər onun üstünə tökülüşüb onu tutmuşlar. Bu vaxt oğlu və qonşusu kömək etmək üçün ona yaxınlaşanda polis işçiləri onları da saxlamışlar. Sonra onlar polis bölməsinə gətirilmişlər. Polis əməkdaşları onu oğlu və qonşusu ilə təhdid etdikləri üçün o, polis əməkdaşlarının dedikləri ilə razılaşmış, hər şeyi boynuna almış və istədikləri sənədlərə imza etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir. O, polis əməkdaşlarının ona göstərdiyi təzyiqlər barədə heç bir yerə şikayət etməmiş, bu barədə yalnız müstəntiqə şifahi şəkildə bildirmişdir. Polis işçiləri boru xəttinin üstündə diqqətini çəkdiyi selofan torbaya baxmaq istəyərkən onu tutmuşlar. O, sentyabr ayının 2-də gecə saat 11-də tutulsa da, bölmədə onun tutulması səhəri gün rəsmiləşdirilmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona ilkin ittiham elan edilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, xeyli müddətdir narkotik vasitə olan heroin qəbul edir. Narkotik vasitənin aludəçisi olduğu üçün əvvəlcədən onu bu işə heç kim məcbur etməmiş və narkotik vasitə olan heroini könüllü olaraq özü qəbul etmişdir. 03 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən «Zabrat» kafesindən çıxıb tualetə gedən zaman oradakı ağacın yanında bir ədəd qara rəngli selofan paketi görüb götürmüş, həmir paketə baxdıqda görmüşdür ki, içərisində narkotik vasitə olan heroin var. Paketi götürüb oradan uzaqlaşmaq iştəyən zaman iki nəfər mülkü geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Sabunçu RPİ 15-ci polis bölməsinə getməsini təklif etmişlər. Polis əməkdaşlarının təklifi ilə razılaşdıqdan sonra birlikdə qeyd etdiyi bölməyə getmiş, bölmədə olan zaman X3 tərəfindən barəsində şübhəli şəxsin tutulması haqqında qərar çıxarılmış və ona vəkil kimi təqdim edilmişdir. Daha sonra ona polis bölməsində videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və videoçəkiliş vasitəsi ilə üzərində axtarış keçirilməyə başlanmışdır. Üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra könüllü olaraq əlində saxladığı bir ədəd qara rəngli selofan paketi çıxarıb masanın üzərinə qoymuşdur. Baxış keçirilən zaman paketin içərisində qəhvəyi rəngli və spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər olan maddə aşkar edilmişdir. Təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu etiraf etmiş, daha sonra əynindəki köynəyin cibindən bir ədəd Çin istehsalı olan «Redmi» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Narkotik vasitə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüş, iştirakçılar tərtib edilmiş protokola və zərfin üzərinə imza etmişlər. İbtidai istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, 03 sentyabr 2021-ci il tarixdə üzərində şəxsi axtarış aparılan zaman əlindəki qara rəngli paketdə aşkar edilərək götürülmüş heroini tutulduqdan təxminən bir neçə dəqiqə əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən «Zabrat» kafesinin arxasındakı ağacın yanında görüb götürmüş, həmin paketi heç kimdən pulla almamışdır. 03 sentyabr 2021-ci il tarixdə X3ə verdiyi izahatda, həmçinin həmin tarixdə üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman qeyd etdiyi xüsusatları tam yalan demişdir. Belə ki, həmin vaxt fikiləşmişdir ki, başqa şəxslərin adını çəksə, qeyd etdiyi xüsusatlar ona istintaq zamanı xeyir gətirəcəkdir. Həmçinin, heç vaxt İran İslam Respublikası vətəndaşı olan Babək adlı tanışı olmayıb, mobil telefondakı vatsap xidməti vasitəsindən ümumiyyətlə istifadə etməyi yaxşı bacarmır və özü narkotik maddə qəbul etsə də, heç kimə narkotik vasitə satmamış, yaxud paylamamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni satmaq, eləcə də kimlərəsə pay vermək niyyəti olmamış, özü aludəçisi olduğu uçün yavaş-yavaş istifadə etməyi düşünmüşdür. «Bakcell» şəbəkəsinə aid mobil telefonu var, ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə edir, başqa bir telefon aparatı yaxud mobil nömrəsi yoxdur, yalnız üzərində gəzdirdiyi Çin istehsalı olan «Redmi markalı mobil telefondan İstifadə edir. Narkotik vasitə alan zaman heç kimlə mobil telefon vasitəsi ilə əlaqə saxlamamışdır. 03 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində “Zabrat” kafesinə evində işləyəçək usta ilə yemək yeməyə getmiş və evdən çıxmazdan əvvəl də heç kimin mobil telefonu ilə əlaqə saxlayıb danışmamışdır. Əvvəllər narkotik vasitələrin qanunsuz olaraq istifadə edilməsi səbəbindən məhkum olunmuş, sonunsu dəfə 2015-ci ildə Yasamal rayon məhkəməsi tərəfindən məhkum olunmuşdur. Üzərindən narkotik vasitə heroin aşkar edilən zaman polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmişdir (cild 1, iş vərəqi 63-66). Məhkəmədə həmçinin Təqsirləndirilən şəxs şübhəli şəxs qismimndə tutularkən verdiyi izahatı elan və tədqiq olundu. Həmin izahatda Təqsirləndirilən şəxs bildirmişdir ki, İran vətəndaşı Babək kimi bildiyi şəxslə votsap mesaj xidməti vasitəsilə əlaqə saxlamış, sonuncu, ona Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən «Zabrat» kafesinin yaxınlığında selofan torbada narkotik vasitə heroin qoyduğunu bildirmiş və narkotiki qoyduğu yeri izah etmişdir. 03 sentyabr 2021-ci il tarixdə saat 12- 45 radələrində o, Babəkin dediyi yerə gedib selofan torbada olan heroini götürüb üzərində saxlamış, Babək ona həmin heroini dediyi yerə çatdırmaq üçün 1000 manat pul vəd etsə də, hələ kimə verəcəyini bildirməmişdir. O, narkotiki götürən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb saxlamışlar (cild 1, iş vərəqi 32). Elan olunmuş izahat və ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin onlar təsdiq etmədiyini, onları polis əməkdaşlarının təhdidi ilə verdiyini, ifadələrinin yazıldığı protokolları oxumayıb imzaladığını, polis əməkdaşları onu saxlayarkən üstündə narkotik vasitə olmadığını, oğlu və qonşusu ilə təhdid edilərək ona təzyiqlər olunduğu üçün videoçəkiliş aparılarkən narkotik vasitənin özünə məxsus olduğunu və onu İran vətəndaşı Babək adlı şəxslə əlaqə saxlayaraq əldə etdiyini bildirdiyini, əslində isə heç bir iranlı tanımadığını və narkotik əldə edib satışını həyata keçirmək niyyətinin olmadığını, yalnız narkotik vasitələrdən istifadə etdiyinə görə özünü təqsrli bildiyini qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 15-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, işlədiyi bölməyə Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində narkotik vasitələri əldə edərək üzərində saxlaması və daşıması barədə mötəbər mənbələrdən daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. 03 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində həmin bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Zabrat” adlı kafenin yaxınlığında bir nəfər əlində qara rəngli selofan bağlama olan xarici əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə uyğun gələn şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edib, onun kim olmasını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığını və adının Arzu olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi Sabunçu rayon Polis idarəsi 15-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və predmet olub-olmaması soruşulmuş və videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əlində saxladığı bir ədəd qara rəngli selofan bağlamanı otaqda olan stolun üzərinə qoyaraq, həmin bağlamanın içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, selofan bağlamanın içərisində olan heroini 03 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Zabrat” adlı kafenin arxasındakı ağacın yanından tapmış və özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli selofan bağlama qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə həmin protokolu və qablaşdırılmış bağlamanın üzərini imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ 15-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılaraq 15-ci polis bölməsinə gətirilməsi və üzərində şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12-45də Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Zabrat” kafesinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ, 15-ci Polis bölməsinə gətirilmiş, saat 13-12-dən 13-18 dəqiqəyədək polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əlində saxladığı qara rəngli selofan bağlamanı masanın üzərinə qoyaraq təqdim etmiş, həmin bağlama açıldıqda onun içərisindən 1 büküm spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və videogörüntü olan bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 29-31). Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Sabunçu RPİ 15-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 44-45). Məhkəmə kimyəvi ekspertizasının 04 sentyabr 2021-ci il tarixli 6/3859 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1050 qram (1 kq 50 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (cild 1, iş vərəqi 36-41). İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 dekabr 2021-ci il tarixli 4971 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 124-125). İbtidai istintaq orqanının 27 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxsnın üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1050 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatı zamanı sərf edilən 0,2 qram miqdar nəzərə alınaraq 1049,8 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 77, 78). Cinayət işinə əlavə edilmiş 20 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokola əsasən, Təqsirləndirilən şəxsnın üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə baxış keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, videogörüntülər diskə “20210903_131156” adı ilə əlavə edilmişdir. Videogörüntü 6 dəqiqə 12 saniyədən ibarətdir. Videogörüntüyə baxdıqda müəyyən edilir ki, Sabunçu RPİ 15-ci PB-nin inzibati binasında bölmənin X2in xidməti otağına üç nəfər kişi daxil olur. X2 özünü təqdim etməklə otağa daxil olan şəxslərin özlərini təqdim etmələrini bildirir. Həmin şəxslərdən biri Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, digəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, 3-cü şəxs isə Təqsirləndirilən şəxs olduğunu olduğunu bildirir. X3 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və daşınmasında şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılmaqla polis bölməsinə gətirildiyini və barəsində şübhəli şəxsin tutulması barədə qərar qəbul olunduğunu, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyini bildirməklə, müdafiəçinin iştirakı olmadan axtarış keçirilməsinə etirazı olub-olmadığını olmadığını soruşur və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Şəxsi axtarış başlanılmazdan qabaq Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və predmet varsa, təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əlində olan qara rəngli selofan torbanı təqdim edərək masanın üzərinə qoyur, torbanın içərisinə baxdıqda içərisindən şəffaf selofana bükülmüş kütlə aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin nə olduğu soruşduqda, narkotik vasitə heroin olduğunu, İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin göndərdiyini, onunla “Whatsapp” vasitəsilə tanış olduğunu, Zabrat qəsəbəsində «Zabrat» kafesinin yanından götürdüyünü, İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin deyəcəyi yerə verdiyi təqdirdə ona 1000 manat pul veriləcəyini, lakin hələ ona deyilmədiyini bildirir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan köynəyin cibindən bir ədəd qara rəngli mobil telefon təqdim edərək İran İslam Respublikası vətəndaşı ilə həmin mobil telefonla əlaqə saxladığını, mobil telefonun “Redmi" markalı olduğunu bildirir. X3 aşkar edilmiş kütlənin kimyəvi tərkibi və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyini izah edir və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Bundan sonra, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilərkən ona qarşı hər hansı bir fiziki və psixoloji zor tətbiq olunmadığını bildirir. Bundan sonra, götürülmüş kütlə bir ədəd zərfə qoyulmaqla qablaşdırılır, zərfin üzəri yazılmaqla iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanır və bundan sonra təhqiqatçı tərəfindən möhürlənir. Təqsirləndirilən şəxs hər hansı bir əlavəsinin olmadığını bildirir (cild 1, iş vərəqi 102). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 01.10.2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 11 dəfə müxtəlif cinayət əməllərini törətməyə görə təqsirli bilinərək, müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 17.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş azadlıqdan məhrum etmə cəzasının qalan 4 ay 20 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, polis əməkdaşları onu saxlayarkən üstündə narkotik vasitə olmadığını, oğlu və qonşusu ilə təhdid edilərək ona təzyiqlər olunduğu üçün videoçəkiliş aparılarkən narkotik vasitənin özünə məxsus olduğunu və onu İran vətəndaşı Babək adlı şəxslə əlaqə saxlayaraq əldə etdiyini bildirdiyini, əslində isə heç bir iranlı tanımadığını və narkotik əldə edib satışını həyata keçirmək niyyətinin olmadığını, yalnız narkotik vasitələrdən istifadə etdiyinə görə özünü təqsrli bildiyini göstərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə Təqsirləndirilən şəxsun məhkəmə baxışı zamanı narkotik vasitələrin özünə məxsus olmaması və təhdid və təzyiqlər olunduğu üçün videoçəkilişdə narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsi barədə gətirdiyi dəlilləri onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 17.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının qalan 4 ay 20 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət hesab edilən əmələ görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad olunduqdan sonra məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 03 sentybar 2021-ci il tarixdən hesablanmalı, həmçinin həmin tarixdən başlayaraq onun həbsdə saxlanıldığı bütün müddət təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 15-ci Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırkı vaxtadək fasiləsiz həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübut - ümumi təmiz çəkisi 1050 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 1049,8 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 dekabr 2021-ci il tarixli 4971 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş ümumi təmiz çəkisi 1050 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 1049,8 qram hissəsi məhv edilsin. - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar