Məhkəmə qərarları › İş №1(101)-593/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-593/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-593/2023 01.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Zəfər» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1986-cı il martın 30-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq dörd ədəd bükümdə ayrıayrılıqda 1,420 qram, 1,011 qram, 1,650 qram və 0,837 qram, ümumilikdə 4,918 qram təmiz çəkidə, yəni külli miqdarda təşkil edən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, 2022-ci il avqustun 10-da saat 01:40-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhələndiyindən ünvan 1 ünvanında saxlanaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən dörd ədəd bükümdə yuxarıda qeyd olunan çəkidə kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən külli miqdarda göstərilən növ narkotik vasitə aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilərək ifadəsində təxminən 10 ildir Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən narkotik vasitə heroin alıb istifadə etdiyini, 2022-ci il avqustun 10-da saat 01:40 radələrində yaşadığı evin yanında, yəni Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sabir küçəsində olduğu vaxt mülki geyimli şəxslərin yaxınlaşmaqla özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin əldə edilməsində və saxlanılmasında şübhələndiyini bildirib onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nə dəvət etdiklərini, oradakı inzibati otaqların birində videoçəkilişlə hüquq və vəzifələri ona izah olunduqdan sonra şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predment varsa, könüllü təqdim etməsi təklif olunduqda onun əynində olan göy rəngli cins şalvarın sağ cibindən dörd ədəd büküm narkotik vasitə heroin çıxarmaqla özü istifadə etmək məqsədi ilə əldə edərək üstündə saxladığını bildirdiyini, tərtib edilən protokolun onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyini göstərdi. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 ifadəsində 2022-ci il avqustun 10-da Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin istifadə edilməsi və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini, onun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupunun üzvü Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 iştirakı ilə həmin tarixdə saat 01:40-da Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sabir küçəsində adı çəkilən şəxsi əlamətlərinə görə tanımaqla yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiyini bildirib sonuncunu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nə dəvət etdiklərini, orada Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacağı barədə xəbərdar edildiyini və sonuncuya hüquq və vəzifələrinin izah olunduğunu, gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif ediləndə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən dörd ədəd büküm təqdim edərək içərisində narkotik vasitə heroin olmaqla özü istifadə etməkdən ötrü 2022-ci il avqustun 10-da saat 00:30-da Bakı şəhəri Suraxanı rayonunun ərazisində tanımadığı şəxsdən hər birini beş manata aldığını bildirdiyini göstərdi. Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ibtidai istintaqda şahid qismində dindirilərkən Şahid2 ilə analoji ifadə verdi (iş vərəqi 105-106). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 2022-ci il 10 avqust tarixli raportlarından, əməliyyat qrupunun yaradılması barədə eyni tarixli Ə77-098-22 №-li əmrindən, qərarından və protokolundan, habelə 098- 9425-1222 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sabir küçəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair daxil olan məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmış, adı çəkilən şəxs 2022-ci il avqustun 10-da saat 01:40-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında saxlanıb həmin tarixdə saat 02:00-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarın surətləri Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğuna və Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir (iş vərəqi 2-3 və 5-9). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tərtib etdiyi 2022-ci il 10 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 02:15-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, ailə üzvlərindən anasına xəbər vermək hüququ təmin olunmuşdur (iş vərəqi 19). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci il 10 avqust tarixli razılıq ərizəsindən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 11 avqust tarixli protokollardan görünür ki, müdafiəçinin iştirakı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd «Redmi 10» markalı mobil telefonu, qırmızı rəngli alışqanı və 8 manat pulu, sağ cibindən siqaretin gümüşü kağızından olan dörd ədəd bükümü çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini Bakı şəhəri Suraxanı rayonunun ərazisində tanımadığı şəxsdən hər birini beş manata öz şəxsi istifadəsi üçün üstündə saxlayaraq daşıdığını bildirmiş, bükümlər zərfə qablaşdırılıb götürülmüş, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə baxış zamanı qeyd olunanlar müəyyənləşdirilmişdir (iş vərəqi 26, 28-29 və 73). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 10 avqust tarixli 6/4259 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №195» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs...» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda 1,420 qram, 1,011 qram, 1,650 qram və 0,837 qram, ümumilikdə 4,918 qram təmiz çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin olmaqla tədqiqatdan sonrakı qalığı 4,798 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 110 manatdır (iş vərəqi 41-43). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 11 avqust tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilən sonuncuya göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 56-59). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2022-ci il 11 avqust qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il avqustun 10dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 79-81). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 11 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra təmiz çəkisi 4,798 qram təşkil edən qalığı maddi sübut kimi tanınmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması üçün nəzərdə tutulan otağa verilmişdir (iş vərəqi 82). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il avqustun 20-də tərtib etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 14 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınıb qəti olaraq 02 il 08 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi əsasında həmin cəza 02 il sınaq müddəti ilə şərti hesab edilmişdir (iş vərəqi 109- 110 və 118-122). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 X7 Xəstəxanasının 2022-ci il 23 avqust tarixli 1/2498 №-li və «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 24 avqust tarixli 7765 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs göstərilən müəssisələrdə müalicədə olmamışdır (iş vərəqi 112-113). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 2022-ci il 24 avqust tarixli 098-10068-122 №-li məktubunun kserosurətindən görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkarlanıb götürülən külli miqdarda narkotik vasitə heroinin əldə edildiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 114). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 12 sentyabr tarixli xx/xx-11974 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il fevralın 21-dən 2019-cu il martın 11-nə kimi orada stasionar müalicədə olmuşdur (iş vərəqi 115). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 15 sentyabr tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 07 sentyabr tarixli AZF/LGL-5929/22 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar olunmamışdır (iş vərəqi 116 və 124). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 14 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkarlanıb götürülən bir ədəd «Redmi 10» markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (iş vərəqi 123). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik ekspertizasının 2022-ci il 27 avqust tarixli 2294 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 126-128). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 03 noyabr tarixli 6565 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla onun məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 129-130). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 25 noyabr tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında, eyni tarixli cinayət işinin materiallarından başqa ayrıca material ayrılması barədə, habelə 2022-ci il 28 noyabr tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.1-1.-ci maddəsinə tövsif olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilib sonuncuya göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi tətbiq olunmamış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 206-cı, 234.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, sonuncudan aşkar edilərək götürülən narkotik vasitə heroinin mənbəyini müəyyənləşdirmək üçün hazırki cinayət işindən cinayət işi ayrılmış, bir ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (iş vərəqi 131-138 və 145-146). İş materiallarında olan AZ-İ seriyalı 544711 №-li nikah haqqında, AZ-İİ seriyalı 761555 №-li və AZ-İİİ seriyalı 240951 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Zaur Zakir oğlu X1 olan nikahından 2010-cu il 07 dekabr təvəllüdlü X6 və 2013-cü il 22 dekabr təvəllüdlü X5 adlı azyaşlı övladları vardır (iş vərəqi 142-144). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 2022-ci il 10 dekabr tarixli qərarından və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs idarənin müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 170-172). Məhkəməyə təqdim olunan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2022-ci il 11 avqust qərarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 2022-ci il 10 avqust tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün etirafedici, şahid ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı şahidin ifadəsi, maddi sübutun mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin dərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2022-ci il avqustun 10-dan 2022-ci il dekabrın 10dək həbsdə saxlandığı 04 (dörd) ay Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilməklə dəyişdirilməməli və o, məhkəmə iclası zalında həbs edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə verilməklə Təqsirləndirilən şəxs aşkar edilib götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 4,798 qram təmiz çəkidə qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 110 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Zəfər» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 31 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Zəfər» vəkil bürosunun nəfinə (VÖEN: **********) 186 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2023-cü il mayın 01-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2022-ci il avqustun 10-dan 2022-ci il dekabrın 10-dək həbsdə saxlandığı 04 (dörd) ay təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2023-cü il mayın 01-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs aşkar edilərək götürülən və iş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması üçün nəzərdə tutulan otağa verilən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 4,798 qram təmiz çəkidə qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. İş üzrə 110 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Zəfər» vəkil bürosunun nəfinə (VÖEN: **********) 186 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar