Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-593/2024 17.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 2 Vəkil Bürosunun vəkili Müdafiəçi Çərkəz oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Saatlı rayonunun Qıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır: belə ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 6,658 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 20C ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 16:55-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 18:52-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi olmadan əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,658 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən bilərək ifadəsində göstərmişdir ki, idmanla məşğul olmuşdu, lakin zədə aldığı üçün bir müddət idmandan uzaqlaşmış və idmanla məşğul olmadığı dövrlərdə narkotik vasitə olan marixuanadan bir-iki dəfə istifadə etmişdir; Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı zaman da üzərində yalnız 1 bükümdə 1-2 qram çəkidə narkotik vasitə marixuana olmuşdur. O saxlanılarkən narkotik vasitəni polis əməkdaşlarına təqdim etsə də polislər götürməmiş və polis idarəsinə getməli olduqlarını, marixuananı orada təqdim etməsini istəmişlər. Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən qarşısına 1 bükümdə psixotrop maddə olan metamfetamin qoyulmuş və psixi, eləcə də yüngül fiziki təzyiq göstərərək metamfetamini boynuna götürməsini tələb etmişlər. Polis əməkdaşları onu yüngül maddə ilə rəsmiləşdiriləcəyini və daha sonra buraxılacağını bildirmişlər. Hüquqi savadı olmadığı üçün polis əməkdaşlarının deidkləri ilə razılaşmış, təqdim olunmuş bütün sənədlərə imza etmiş və videoçəkilişlə aparılan şəxsi axtarış zamanı polis əməkdaşlarının verjdiyi narkotik vasiəni çxarıb onlara təqdim etmiş və özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç bir ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Əvvəllər narkotik vasitə qurudulmuş marixuana qəbul etmiş, sonradan narkotik vasitəni tərgidib idmanla məşğul olmağa başlamışdır. Tutulmamışdan təxminən 3 ay əvvəl idman edərkən kürək nahiyəsindən zədə aldığı üçün məşqlərini dayandırmaq məcburiyyətindən qalmış, bundan sonra yenidən narkotik vasitə qurudulmuş marixuana qəbul etməyə başlamışdır. Tutulmamışdan əvvəl o, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin qəbul edirmiş. 16 aprel 2023-cü il tarixdə Saatlı şəhərində olduğu zaman günorta vaxtı o, üzdən tanıdığı və digər anket məlumatlarını bilmədiyi “Elan” adlı şəxsdən istifadə etmək məqsədi ilə 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almış, həmin maddə və kütləni şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs hadisə ilə bağlı bildirmişdir ki, 19 aprel 2023-cü il tarixdə təxminən saat 17 radələrində ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Toyota Rav 4” markalı, **-VT-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib idarə etdiyi avtomobillə birlikdə polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üstündə 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan 02 ədəd sellofan bükümü, əynində olan cins şalvarının sağ yan cibində olan 01 avtomobil açarını, şalvarının sol yan cibində olan 01 ədəd “İphone" markalı mobil telefonu, şalvarının sol arxa cibində olan 01 ədəd pul qabını və gödəkçəsinin sağ yan cibində olan 01 ədəd mənzil açarını çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 02 ədəd sellofan bükümdən birinin içərisində narkotik vasitə qurudulmuş marixuana və digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda birinci sellofan bükümün içərisindən psixotrop maddə metamfetamin və ikinci sellofan bükümün içərisindən isə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra üstündən aşkar edilmiş 01 ədəd pul qabına baxış keçirilmiş və pul qabının içərisindən 01 ədəd “Leobank” bank kartı, 100 rubl, 01 ABŞ dolları və 37 manat pul aşkar edilmişdir. Sorğu zamanı o, üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini və 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı 16 aprel 2023cü il tarixdə Saatlı şəhərində ərazisində “Elan” adlı şəxsdən aldığını və həmin bükümlərdə olan narkotik vasitə və psixotrop maddəyə ümumilikdə 80 manat pul verdiyini, həmin maddə və kütləni özü istifadə etmək məqsədi ilə aldığını və üzərində saxlayıb daşıdığını bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və 01 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüş, üzərindən aşkar edilmiş pul, avtomobil açarı və digər əşayalar onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra həmin günü onun icazəsi və iştirakı ilə idarə etdiyi “Toyota Rav 4” markalı, **-VT-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunsuz maddə, əşya və predmetlər aşkar olunmamışdır. Sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş, heç bir müqavimət göstərməmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Üzərindən aşkar edilmiş həmin psixotrop maddədən və narkotik vasitədən hər hansı bir şəxsə verməmiş, həmin psixotrop maddəni və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə əldə etmiş və üzərində saxlamışdır. Yaşadığı mənzildə, yaxud da başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə, eləcə də cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya gizlədib saxlamamışdır (cild 1, iş vərəqi 62-66, 81-85). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. 19 aprel 2023-cü il tarixdə saat 16:55 radələrində ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Sonuncu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, vəkilin iştirakı ilə üzərinə şəxsi axraış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olan bükümü, təqdim etmişdir. Həmin bükümlər qablaşdırılmış və aidiyyətı üzrə göndərilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən və yaxud orada olarkən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmiş və belə hallar olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan sübutlar məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Belə ki, 19 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 18-19). Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 93-97). 19 aprel 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan büküm, əynində olan cins şalvarının sağ yan cibindən 01 avtomobil açarı, şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefon, şalvarının sol arxa cibindən 01 ədəd pul qabı və gödəkçəsinin sağ yan cibindən 01 ədəd mənzil açarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə və psixotrop maddə olduğu güman edilən 2 ədəd sellofan bükümü bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqi 27-30). Kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 20 aprel 2023-cü il tarixli 6/2340-7/572 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminə oxşar... marixuanaya oxşar ...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 4,037 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, 1 ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 6,658 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir; -qeyd: Metamfetaminin təmiz çəkisi - 6,658 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 6,608 qramdır; -marixuananın təmiz çəkisi - 4,037 qram - tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 3,987 qram (cild 1, vərəqi 47-52). Məhkəmə-narkoloji ekspertizası üzrə 27 may 2023-cü il tarixli 3293 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 161-162). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1,iş vərəqi 128). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız 1 bükümdə təqribən 1-2 qram marixuana olması, üzərində psixotrop maddə olan metamfetamin olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə üzərinə psixotrop maddə qoyulması, polis əməkdaşlarının psixi və yüngül fiziki təzyiq, təsiri nəticəsində etirafedici ifadələr verməsi barədə göstərdiklərinə tənqidi yanaşır, işin faktiki hallarına uyğun olmayan hesab edir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilməməsi, polis əməkdaşları tərəfindən ona qarşı psixi və yüngül fiziki təzyiqlərə yol verilməsi barədə göstərməmiş, həmçinin barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Bakı şəhəri Nərimanov rayon məhkəməsində də bu barədə bildirməmişdir. Bundan başqa, 19 aprel 2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və yüngül fiziki təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni və psixotrop maddə metamfetamini könüllü şəkildə polis əməkdaşlarına təqdim etməsi əksini tapmışdır. Belə ki, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş və məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid1 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və fiziki təsirə məruz qalması barədə göstərdikləri məhkəmə baxışı zamanı iş materialları və işin faktiki halları ilə təsdiq olunmamışdır, onun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinaət əməlini törətməsi tam sübuta yetirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ali təhsilli olmasını, gənc olmasını, əvvəllər məhkum edilməməsini nəzərə alır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumilikdə təmiz çəkisi isə 6,658 qram külli miqdar təşkil edir; lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi 4,037 qram olduğundan cinayət məsuliyyəti yaratmır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 19 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 19 aprel 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyasi məhkəmə-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli 3293 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 20 aprel 2023-cü il tarixli 6/2340-7/572 nömrəli ekspert rəyindən görünür ki tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminə oxşar... marixuanaya oxşar ...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 4,037 qram olan bitki mənşəli kütlə narkotik vasitə - qurudulmuş marixuana və 1 ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 6,658 qram psixotrop maddə metamfetamin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sonra qalıq qalan 6,608 qram psixotrop maddə metamfetamin və 3,987 qram narkotik vasitə olan marixuana məhv edilməli, şəxsi axtarış və gütürmə aparılması video görüntünün köçürüldüyü disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatına sonra qalıq qalan 6,608 qram psixotrop maddə metamfetamin və 3,987 qram naroktik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və gütürmə aparılması video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-593/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-593/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver