Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-594/2021 21.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi - Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi, ev 3-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları, fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur . Belə ki, o, 23 avqust 2020-ci il tarixdə saat 19 radələrində tanışı Zərərçəkmiş şəxs doğum günü tədbirində iştirak etmək üçün sonuncu tərəfindən dəvət olunduğu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlar massivində yerləşən tanışı Zərərçəkmiş şəxs yaşadığı evdə kabab bişirmək üçün ət doğradığı vaxt Zərərçəkmiş şəxs qəfildən arxasına təpik vurması kimi yersiz zarafatından özünü təhqir edilmiş hesab edərək istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən iki dəfə zərbə vurub sonuncuya sağ qoltuqaltı nahiyənin döş boşluğuna keçməyən, qoltuqaltı arteriya və venanı zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmayə aid, qarının ön divarının qarın boşluğuna keçərək qaraciyərin və böyük piyliyin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmayə aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır; belə ki, təxminən 6 ildən çox müddətdir ki, Elnur ilə Maştağa qəsəbəsi Ləhic bağlar massivində qonşudur; Elnur ilə heç vaxt münaqişə və ya mübahisəsi olmamışdır; heç bir ədavəti olmamışdır; 23 avqust 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evin həyətyanı sahəsində olarkən qonşu Elnur onu görüb səsləyərək ad günü olduğunu demiş və evinə dəvət etmiş, o razılaşaraq Elnurun qonşuluqda olan evinə getmiş, köməkləşərək qonşularla birlikdə kabab çəkmək üçün quzu əti doğrayırmışlar, orada qonşulardan Bəxtiyar və Araz olmuş, birlikdə kabab çəkmək üçün tədarük görürmüşlər, o evin içərisində ət doğramış, çöldə həyətdə Bəxtiyar və Araz kabab çəkmiş, saat 19 radələrində əlində bıçaqla ət doğrayarkən qəflətən səbəbsiz yerə Elnur arxadan onun yanına təpiklə bir dəfə möhkəm vurmuş, o çox pərt vəziyyətə düşmüş, Elnurun təhqir etməsinə dözməmiş, əsəbiləşərək ət doğradığı mətbəx bıçağı ilə iki dəfə Elnurun qarnına vurmuş, həyətdə olan Bəxtiyar və Araz səs-küyə içəri gəlmiş, nə etdiyini soruşanda: “Məni təpiklə arxa nahiyəmə vurub təhqir etdiyi üçün vurdum”,- demiş, Bəxtiyar və Araz Elnurun yarasını sarımış, etdiyi əməldən peşman olaraq Elnurdan üzr istəmiş, xəstəxanaya aparmaq istəmiş, həmin vaxt Elnurun vəziyyəti yaxşı olmuş, sonuncu problem olmasın deyə xəstəxanaya getmək istəmədiyini bildirmiş, lakin Elnurun vəziyyəti pisləşdiyi üçün onu yol maşını ilə xəstəxanaya aparmışlar, xəstəxanada əməliyyat etmişlər. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır; onunla qonşu kimi normal münasibəti var; qonşuluqdan əlavə aralarında yaxın dost münasibəti olmuş, mütəmadi olaraq yaşadığı evdə və ya Ağaəmiyə məxsus evdə oturub yeyib-içmişlər, 23 avqust 2020-ci il tarixdə yeyib-içmək üçün qonşuluqda yaşayan dostları Ağaəmi, Azad və Bəxtiyarı evə dəvət etmiş, həmin gün quzu kəsmişlər, saat təxminən 19 radələrində Azad və Bəxtiyar həyətdə kabab çəkən zaman o, Ağaəmi ilə evdə olmuş, Ağaəmi arxası ona tərəf vəziyyətdə ət doğrayırmış, bu zaman zarafat məqsədilə Ağaəminin gözləmədiyi vəziyyətdə arxa yan nahiyəsinə möhkəm təpiklə vurmuş, Ağaəmi onun bu hərəkətindən əsəbiləşərək ət doğradığı mətbəx bıçağı ilə iki dəfə ona qarın və sinə nahiyəsindən vurmuş, həmin vaxt həyətdə olan Azad və Bəxtiyar dərhal içəri gəlmiş, onun yarasını sarımış, bir neçə dəqiqə sonra Ağaəmi ondan üzr istəmiş, ilkin tibbi yardım göstərməyə çalışmış, Ağaəmigil onu xəstəxanaya aparmağı təklif etmiş, o, Ağaəminin tutulmaması üçün razı olmamış, xəstəxanaya getmək istəmədiyini demiş, vəziyyəti pisləşdiyi üçün Ağaəmigil onu yol maşını ilə xəstəxanaya çatdırmış, o, 3 saylı xəstəxanada əməliyyat edilmişdir; hazırda sağalmış və Ağaəmi ilə əvvəllər olduğu kimi dost münasibətləri vardır, onunla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır; həmçinin Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır və normal münasibəti olmuşdur; onlarla aralarında heç vaxt münaqişə və ya mübahisə olmamışdır. heç bir ədavəti olmamışdır; 23 avqust 2020-ci il tarixdə saat 19 radələrində Elnurun ad gününü qeyd etmək üçün qonşularla onun həyətinə yığışmışlar, həmin vaxt qonşu Ağaəmi də orada olmuş, Ağaəmi evdə ət doğrayırmış, o həyətdə Bəxtiyarla birlikdə kabab çəkən zaman evdən səs eşidib evə daxıl olmuş, Elnurun paltarının qan olduğunu görmüş, Elnur qarın nahiyəsini tutmuş, Ağaəminin əlində mətbəx bıçağı olmuş, həmin vaxt Ağaəmi şok vəziyyətində heç nə demədən baxmış, birlikdə köməklik edərək Elnuru xəstəxanaya taksi ilə yola salmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan olunmuş məhkəmə-tibb ekspertizası üzrə 12 sentyabr 2020-ci il tarixli 1326 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının qarın boşluğuna keçərək qaraciyərin və böyük piyliyin yaralanmasına səbəb olan bir ədəd, sağ qoltuqaltı nahiyənin döş boşluğuna keçməyən, qoltuqaltı arteriya və venanı zədələməyən bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi; xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir; ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən 23 avqust 2020-ci il tarixə uyğun gəlir; dərəcəsinə görə qarının ön divarının qarın boşluğuna keçərək qaraciyərin və böyük piyliyin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ qoltuqaltı nahiyənin döş boşluğuna keçməyən, qoltuqaltı arteriya və venanı zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; xəsarətlə qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını məhkəmə-tibbi ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir; Zərərçəkmiş şəxs qeyd olunan xəsarətləri alarkən bədənin müxtəlif duruş (ayaq üstə, oturaq və s.) vəziyyətlərdə ola bilərdi; lokalizasıyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (1-ci cild iş vərəqi 68-70). İşdə olan ambulator məhkəmə-psixatrik ekspertizası üzrə 21 oktyabr 2020-ci il tarixli 2101 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb; Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır; onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 88-89). İşdə olan kompleks məhkəmət-trasoloji və kriminalistik ekspertiza üzrə 18 noyabr 2020-ci il tarixli 3/1309-3/1310 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir; tədqiqata təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır; tədqiqata təqdim edilmiş qısaqol köynəyin səthində olan «a», «b» zədələri, qolsuz maykanın səthində olan zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya bənzər xassəli alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir; lakin təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir; qısaqol köynəyin, qolsuz maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı; tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin 27. Avqust 2020-ci il tarixli 1326 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən «qarının ön divarının və sağ qoltuqaltı nahiyənin kəsilmiş-deşilmiş yaraları ...» xəsarətləri ilə təqdim edilmiş qısaqol köynəyin səthində olan «a», «b» zədələri və qolsuz maykanın səthində olan zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir (1-ci cild iş vərəqi 91-95). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 14 dekabr 2020-ci il tarixli qərardan görünür ki, 1 ədəd bıçaq, 1 ədəd köynək və 1 ədəd mayka maddi sübut qismində tanınaraq Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 100-104). İşdə olan X1 AZE seriyalı ******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 az yaşlı övladı var. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 21 avqust 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (1-ci cild iş vərəqi 96). İşdə olan şübhəli şəxsin tutulması haqqında 24 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 22-23). İşdə olan Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qərarından və 12 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, 26 avqust 2020-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev tərəfindən Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 24 avqust 2020-ci il tarixdən hesablanmış, 12 sentyabr 2020-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayev tərəfindən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə zalından azad olunmuşdur. (1-ci cild iş vərəqi 53-55, 69). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. C0inayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 1 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.4-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini (müsbət xaraktirizə edilməsini), törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların məcmusunu - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.4-cü maddəsinə himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə həmin maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə əsas görmür. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 3 azyaşlı uşağının olmasını müstəsna hal kimi qiymətləndirir və barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tətbiq edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini (müsbət xaraktirizə edilməsini), törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların məcmusunu - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə həmin maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 24 avqust 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş 1 ədəd bıçaq, 1 ədəd köynək və 1 ədəd mayka məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-ballistik, trasoloji ekspertiza üzrə tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə (maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməklə), ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs olunsun, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş 1 ədəd bıçaq, 1 ədəd köynək və 1 ədəd mayka məhv edilsin. Məhkəmə hesab edir ki, məhkəmə-ballistik, trasoloji ekspertiza üzrə tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-594/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-594/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver