Məhkəmə qərarları › İş №1(101)-595/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-595/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-595/2022 04.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurorları X10 və Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, üzərində məhkumluğu olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 6,626 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlmaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 20:43-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılmış və orada onun üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ayrı-ayrı çəkiləri 3,346 qram və 3,280 qram olmaqla, ümumi təmiz çəkisi 6,626 qram olan narkotik vasitə heroin əynindəki şalvarın sol yan cibindən 2 (iki) ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həbs olunanadək narkotik vasitələrdən istifadə etmişdir. Lakin o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə olan “kakosdan”, yəni heroindən istifadə etmişdir. O, xx.xx.2021-ci il tarixdə yaşadığı evin həyətində, yəni Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov küçəsində olduğu vaxt, təxminən axşam vaxtı Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin mülki geyimli əməliyyatçıları idarə etdikləri qara rəngli “Khazar” markalı, AP 406 dövlət nömrə nişanlı avtomobildən düşərək ona yaxınlaşmışlar. Polis əməkdaşları ona yaxınlaşdıqdan sonra onunla salamlaşmışlar və ona demişlər ki, “maşına min, səninlə işimiz var”. O da polislərin dediyi kimi polislərin idarə etdikləri maşına oturmuşdur. O, maşına oturan kimi polislər onun üzərində narkotik vasitələr axtarmağa başlamışlar. Həmin vaxt polislər ona demişlər ki, “qara niva adlı tanışın var, ondan narkotik vasitələr alırsan”. O da polislərə demişdir ki, “mənim qara niva adlı tanışım yoxdur”. Həmin vaxt polislərdən biri telefonla danışmışdır. Polislər onu maşınla Hüseyn Cavid parkının yaxınlığındakı “Kapital Bankın” Yasamal filialının yaxınlığına qədər aparmışlar. Sonra polislərdən biri maşından aşağı düşmüş və bir qədər telefonla danışıb yenidən maşına oturmuşdur. Həmin polis maşına oturduqdan sonra ona demişdir ki, “sən bizə nə kimi köməklik edə bilərsən?”. O da həmin polisə sual vermişdir ki, “sənə nə köməklik edə bilərəm ki?” Polis də ona demişdir ki, “sən bizə üstü açılmamış cinayətlərin açılmasında kömək elə və bir neçə şəxsin adını ver, biz də səni buraxaq”. O da polislərə demişdir ki, “mən belə insanlar tanımıram, buna görə də sizə heç kimin adını verə bilmərəm, mən heç kimin cinayət etdiyini bilmirəm”. Polislər ona demişlər ki, “bax da, səni buraxırıq, lakin sənin narkotik vasitələrdən istifadə etdiyini bilirik”. O da polislərə demişdir ki, “əgər qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul oluramsa, onda məni tutub aparın və cəzamı verin”. Bundan sonra onu maşından endirmişlər və demişlər ki, “səni buraxırıq”. O da maşından düşmüş və əyilərək şalvarının balağını düzəltməyə başlamışdır. Bu vaxt yenidən polislər maşından düşərək onun əl-qolunu arxadan bağlayaraq, onu idarə etdikləri avtomobilə otuzdurmuşlar. Bu dəfə onu tutan polislər başqa polislər olmuşdur. Maşında 4 (dörd) nəfər polis, bir nəfər də sürücü olmuşdur. Onu maşına yenidən oturtduqdan sonra polislər onu döyməyə başlamışlar. Həmin hadisə xx.xx.2021-ci il tarixdə, saat təxminən 21:00 radələrində baş vermişdir. Bundan sonra polislər onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıqdan sonra polislər orada onu yenidən döyməyə başlamışlar. O, mədə nahiyəsindən əməliyyat olunmuşdur. Həmin vaxt ona çox sərt formada yumruq zərbələri ilə mədə nahiyəsindən vuraraq döymüşlər. Ona heç bir səbəb bildirilmədən polislər onu döymüşlər. O, elə dərəcədə döyülmüşdür ki, artıq mədəsindən qan gəlməyə başlamışdır. Bundan sonra polislər onu inzibati otaqlardan birinə aparmışlar və ona demişlər ki, “bu narkotik vasitələr sənindir”. Polislər ona aid olmayan narkotik vasitələri onun boynuna qoymaq istəmişlər və ona görə də ondan həmin narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsini tələb etmişlər. Halbuki o, BMCMİ-nə aparıldığı zaman üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitələr olmamışdır. O, heç cür polislərin dedikləri ilə razılaşmamışdır. O, döyülsə də narkotik vasitələrin ona məxsus olmasını qəbul etməmişdir. Bundan sonra polislər onu BMCMİ-nin X8 aparmışlar. O, bir neçə gün, yəni xx.xx.2021-ci il tarixədək X6 saxlanılmışdır. Həmin bir neçə gün ərzində də ona qarşı polislərin təzyiqləri davam etmişdir. O, həmin müddət ərzində də polislər tərəfindən döyülmüş, eləcə də işgəncələrə məruz qalmışdır. O, narkotik vasitələrdən istifadə etdiyindən bədənində ağrılar başlamışdır. O, 3 (üç) gün ərzində BMCMİ-nin MSY-də işgəncələrə məruz qaldığından, döyüldüyündən artıq dözə bilməmişdir. Buna görə də sonra, yəni xx.xx.2021-ci il tarixdə o, polislərin işgəncəsi nəticəsində məcbur qalaraq polislərin dedikləri ilə razılaşmış və polislərin ona verdikləri narkotik vasitələrin ona məxsus olduğunu boynuna almışdır. Bütün bunlar videoçəkilişlə həyata keçirilmişdir. O da işgəncələrin qorxusundan videoçəkiliş zamanı narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Həmin narkotik vasitələri videoçəkilişdən əvvəl polislər onun cibinə qoymuşlar. O da videoçəkiliş zamanı polislərin onun cibinə qoyduqları narkotik vasitələri cibindən çıxararaq təqdim etmişdir. Ondan narkotik vasitələri kimdən aldığını soruşmuşlar. O da narkotik vasitələri Tural adlı şəxsdən aldığını bildirmişdir. Halbuki o, ümumiyətlə Tural adlı şəxsi tanımamışdır. Bundan sonra onu məhkəməyə aparmışlar ki, barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmədə də canının qorxusundan hakimə döyüldüyünü deyə bilməmiş, çünki düşünmüşdür ki, yenidən onu BMCMİ-nə aparıb döyəcəklər. Buna görə də o, sakitcə məhkəmədə narkotik vasitələrin ona məxsus olduğunu demiş və sonra barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilmişdir. O, xx.xx.2021-ci il tarixdə tutulsa da, polislər onun tutulmasını xx.xx.2021-ci il tarix kimi qeyd etmişlər. O, 26 iyulda tutulmamışdır. İttiham aktında qeyd edilən narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, habelə şahid ifadələrini, cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi, xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə tutulması, tutulduqdan sonra polis əməkdaşlarının təzyiqinə məruz qalması, polis əməkdaşlarının onun cibinə narkotik vasitələri qoyması, məcburiyyət qarşısında 6,626 qram çəkidə narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə mümkün qədər məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, sonra isə bu barədə Baş İdarənin rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə olunmuşdur. Sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov küçəsində olması barədə ona və əməliyyat üzvlərinə əlavə məlumat daxil olmuşdur. Bundan sonra o, əməliyyat qrupuna daxil olan digər polis əməkdaşları, yəni Şahid2 və Şahid3la birlikdə həmin yerə getmişdir. xx.xx.2021-ci il tarixdə, saat 20:43-də onlar Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət etdiyini görərək sonuncuya yaxınlaşıb saxlamışlar. Onlar Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını bildirmişlər və sonuncunu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş İdarədə araşdırmanın aparılması təhqiqatçı Babək Haqverdiyevə həvalə edilmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs da videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanıdığı narkotik vasitənin olduğunu bildirmiş və əynində olan cins şalvarın sol yan cibində olan 2 (iki) ədəd sellofan bükümü çıxararaq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümləri təqdim edərkən həmin bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitənin olduğunu bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılaraq həmin bükümlərdə olan vasitələrə baxış keçirilmiş və baxış zamanı həmin bükümlərdə olan vasitənin narkotik vasitə heroinə oxşar vasitənin olması müşahidə edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) bükümdə olan “kakos” kimi tanıdığı narkotik vasitəni həmin gün Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 26-27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibində olan 2 (iki) ədəd şəffaf sellofan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğusual zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini həmin gün Tural adlı şəxsdən aldığını etiraf etmişdir. Bundan sonra aşkar olunmuş 2 (iki) ədəd bükümdə olan narkotik vasitə heroin qablaşdırılaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3105 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 37-41) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....» sözləri olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-aynlıqda təmiz çəkisi 3,346 qram və 3,280 qram, ümumi təmiz çəkisi 6,626 qram təşkil edən qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Tədqiqatdan sonrakı heroinin qalıq çəkisi 6,526 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 58-59) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-724/2021 saylı qərarından (cild 1, iş vərəqə 82-84) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən (cild 1, iş vərəqə 85) görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs qolbağı təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 99-100) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,526 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-877/2021 saylı qərarından (cild 1, iş vərəqə 103) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-667/2021 saylı qərarından (cild 1, iş vərəqə 147) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-73/2021 saylı qərarından (cild 2, iş vərəqə 38-44) görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 06 ay 13 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 03 ay 06 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi qərara alınmışdır Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 113-131) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək daxil olan SMS mətnlərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə, saat 03:25:08-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “ala Bu ne hereketdi he? getirib men sene verdiyim qarani mene Vermisen? Gece gece Qalmiwam agrida! Yeke oğlansan ala Bilmirsenki ala tiryek Mal Kimi piwmir? Getirib atdim puzuroka *** gune Qal di ozumde lomkadan olurem gece Gece. Ala sene Geldim didimki gucnen 5 manat tapmiwam Bidene Lomkadan cixim axwam pis vezyetde Qalmiyım! Sende bunu mene verirsen? qardaw die die menim agzimj ***** hele hemiwe! pul verirem mene dayçada cox vermeyden az verirsen! Sagol hemiwe qret eliyirsen men yaxwiliqi itiren oğlan deilem! ama menimde imkanim olan kimi mende qret elirem sene pul! hemiwe olsa hemiwe eliyerem! ama sen bu son vaxtlar kankret duz elemirsen hecndimirem her defe sakit dururam Diyieem ozu bawa duwer elemez birde Ama yoxe sen her defe Dayçada ****** agzimi bah Lomkada qalmiwam indi nie axi?”, xx.xx.2021-ci il tarixdə, saat 20:05:46-da istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəyə “Yatiram axwam saat 7 de 8 de dururam cixiram mehleye 10 swqeye Yarm kola 10 niq pati Ya Pul olanda qram X16..ram X5”, xx.xx.2021-ci il tarixdə, saat 06:18:17də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəyə “Kecen seferde men Agriyiedim Gece sene yazdim sagol didun X15 Qoydum O boyda Mal Qoydun”, xx.xx.2021-ci il tarixdə, saat 06:27:21-də “Yox Anam cani X13 bele kolamda Var evde Men seni Lomkada Qoymağ istemirem Yaz ya yig Gelim 5 deq gözduyub Gedirem anam cani OzUn bil” məzmunlu SMS-lər göndərilmiş, xx.xx.2021-ci il tarixdə, saat 08:08:48-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömərəyə “Yetim ****** balasi ejder cixdi qabagima saldi apteke dedi ver getirib indi eve meni narmalni verse gelecem yaniva” məzmunlu SMS göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 104-106 ) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3903 nömrəli rəyindən (cild 1, iş vərəqə 179-180) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu, (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1212/2021 saylı qərarından (cild 1, iş vərəqə 173-177) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 03 (üç) ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 192-195) görünür ki, Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı aparılan araşdırma zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməliyyat müvəkilləri X9 və Şahid2, həmçinin Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməliyyat müvəkkili X2 əməlində cinayət tərkibi müəyyən olunmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən sözügedən polis əməkdaşları barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 196-205) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittham elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,526 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 207-208) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin cavab məktubundan (cild 2, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 06 ay 13 gün hissəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-73/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 03 ay 06 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, habeıə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmış, elektron nəzarət vasitəsi isə xx.xx.2021-ci il tarixdə onun üzərindən çıxarılaraq təhvil alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin cavab məktubundan (cild 2, iş vərəqə 50) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il saat 00:00-dan xx.xx.2021-ci il saat 01:49-dək əsasən yaşayış yerində olmuş, lakin xx.xx.2021-ci il saat 01:49-dan saat 16:58-dək mobil nəzarət qurğusu işlək vəziyyətdə olmadığı üçün həmin vaxta olan hərəkət trayektoriyasını müəyyən etmək mümkün olmamış, bundan başqa, o, xx.xx.2021-ci il saat 20:18-dən 23:56-dək, xx.xx.2021-ci il saat 01:52-dən 03:28-dək və həmin gün saat 19:14-dən xx.xx.2021-ci il saat 20:57-dək elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsinə əməl etməmişdir. xx.xx.2021-ci il tarixdə elektron nəzarət vasitəsi məhkumun, yəni Təqsirləndirilən şəxs üzərindən açılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-120/2020 saylı hökmündən (cild 1, iş vərəqə 107-109) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda, naməlum mənbədən, naməlum çəkidə və sayı məlum olmayan bükümdə qanunsuz olaraq narkotik vasitə heroin əldə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Habelə məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt əldə etməsini də müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə narkotik vasitə heroini qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi ilə bağlı hissədə də ittiham irəli sürüldüyündən, qeyd edilən xüsusatın tam və ətraflı şəkildə araşdırılıb müəyyən edilməsi onun barəsində olan cinayət işi üzrə ən əhəmiyyətli məsələlərdən birini təşkil etmişdir. Belə ki, qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin (müstəntiqin) üzərinə qoyulmuş əsas vəzifələrdən biridir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Bu səbəbdən də məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və aparılmış ibtidai istintaqı natamam və qüsurlu aparılmış ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 20:43-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-yə aparılması, orada onun üzərinə şəxsi axtarış keçirilməsi, şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni ümumi təmiz çəkisi 6,626 qram təşkil edən narkotik vasitə heroinin 2 (iki) ədəd bükümdə aşkar edilərək götürülməsi, aşkar edilmiş narkotik vasitələrin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olması təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiə hüququnun kobud şəkildə pozulmasını iddia edərək irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Müdafiə tərəfinin ittihamın mübahisələndirilməsi ilə bağlı dəlilləri əsasən 3 (üç) məsələdən ibarət olmuşdur, bunlardan biri Təqsirləndirilən şəxs tutulması vaxtı (tarixi) və şəraiti, ikincisi tutularkən və sonraki mərhələdə BMCMB və Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə məruz qalması, ititham aktında göstərilmiş külli miqdarda narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs cibinə qoyularaq şərlənməsi, üçüncüsü isə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamasıdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs ifadəsində göstərilmiş məsələlərin, eləcə də müdafiə tərəfinin mübahisələndirdiyi halların aydınlaşdırılması istiqamətində məhkəmə tərəfindən çoxlu sayda səlahiyyətli orqanlara müxtəlif sorğular göndərilmişdir. Müdafiə tərəfinin mübahisələndirdiyi halların aydınlaşdırılmasına zərurət odur ki, müdafiə tərəfi hələ ibtidai istintaqın gedişində iddia etmişdir ki, Təqsirləndirilən şəxs ittiham aktında göstərildiyi tarixdə, xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə tutulmuşdur. Məhkəmə istintaqı zamanı da müdafiə tərəfi təkidlə iddia etmişdir ki, Təqsirləndirilən şəxs məhz xx.xx.2021-ci il tarixdə tutulmuşdur. Müdafiə tərəfi Təqsirləndirilən şəxs tutulması vaxtını (tarixi) hələ ibtidai istintaq zamanı mübahisələndirdiyindən ibtidai istintaq zamanı müdafiə tərəfinin vəsatətinə əsasən 26-cı Polis bölməsinin əməkdaşı şahid qismində dindirilmiş və sair prosessual hərəkətlər aparılmış, nəticədə ibtidai istintaq orqanı müdafiə tərəfinin iddia etdiyi halı (tutulma vaxtı ilə bağlı) topladığı digər sübutlarla istisna etmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi ciddi arqumenti araşdırmaq məcburiyyətində qalmışdır. Belə ki, həm cinayət işinə əlavə edilmiş sübutlarla, həm də təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdə idi, buna görə də ona qanunla müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsi taxılmışdır. Elektron nəzarət vasitəsi əsasında müdafiə tərəfinin iddia etdiyi halın, yəni tutulma vaxtının (tarixinin) müəyyən edilməsini məhkəmə daha dəqiq və etibarlı yol kimi seçmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən həm Bakı şəhəri Probasiya İdarəsinə, həm də Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə iş üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılması ilə bağlı sorğular göndərilmişdir. Məhkəmənin sorğusuna Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu daxil olmuşdur. Həmin cavab məktubundan və əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs taxılmış elektron nəzarət vasitəsi ilə onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əsasən yaşadığı yer üzrə olması, başqa sözlə, cəza çəkməsi təsdiq olunmuşdur. Bu cavab məktubu ilə müdafiə tərəfinin iddia etdiyi halın, yəni tutulma vaxtı (tarixi) ilə bağlı halın yalan olması təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin dövrdə elektron nəzarət vasitəsi taxıldığından, o, tutularkən həmin elektron nəzarət vasitəsi onun üzərində olduğundan, elektron nəzarət vasitəsinin izlənmə hesabatına əsasən 22.07-xx.xx.2021-ci il tarixlərdə onun yaşayış yeri üzrə qeydə alındığından onun xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması mümkün deyildi. Bu səbəbdən də məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu hissədə mübahisələndirdiyi və iddia etdiyi hal uydurma və yalan haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas müəyyən edilmədi. Müdafiə tərəfinin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında iddia edilən dəlil də istisna edilir. Belə ki, həmin qərardan açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı aparılan araşdırma zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməliyyat müvəkilləri X9 və Şahid2, həmçinin Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməliyyat müvəkkili X2 əməlində cinayət tərkibi müəyyən olunmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən sözügedən polis əməkdaşları barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Eyni zamanda cinayət işinə əlavə edilmiş məhkəmə qərarlarından da görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. Belə olduğu təqdirdə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cibinə narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması və şərlənməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı dəlilə gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, bu hissədə də dəlil əsassızdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən əsasən iki hala əsaslanmışdır, bunlardan biri onun mobil telefon nömrəsinə daxil olan və onun mobil telefon nömrəsindən göndərilən sms-lər, ikinci isə aşkar edilmiş narkotik vasitənin çəkisi təşkil edir. Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və onun mobil telefon nömrəsindən göndərilən sms-lərlə bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlinin tövsifində göndərilmiş sms-lərə istinad etsə də, məhkəmə həmin sms-lər əsasında onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə qiymətləndirilməsi üçün yetərli sübut hesab etmir. Belə ki, həmin sms-lərin təhlili ona dəlalət edir ki, həmin sms-lər əsasında Təqsirləndirilən şəxs başqa şəxslərə müraciət edərək və başqa şəxslərlə yazışaraq narkotik vasitə və psixotrop maddə almaq istədiyini ifadə etmişdir. Həmin sms-lər əsasında başqa şəxslərin ona müraciət edərək narkotik vasitə və psixotrop maddələr almaq arzusunda olmalarını görmək və müəyyən etmək mümkdün deyil. Başqa sözlə, ibtidai istintaq orqanının əsas götürdüyü sms-lər Təqsirləndirilən şəxs başqa şəxslərdən narkotik vasitə və psixotrop maddələri alması arzusunda olmasını təsdiq edir. Bu isə o deməkdir ki, bu sms-lər əsasında Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilə bilməz. Lakin məhkəmə onun üzərindən aşkar edilmiş narkotik vasitə heorinin külli miqdarda olmasını, həmin vasitənin 2 (iki) bükümdə olmasını, ümumiyyətlə aşkar edilmiş vasitənin bir neçə günlük istifadə dozası təşkil etməsini, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin qabaqcadan qeyd edilən miqdarda narkotik vasitəni tədarük etməsinin inandırıcı olmamasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heorini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Əks nəticəyə gəlmək üçün başqa hallar müəyyən edilmədi. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütüm tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ailəsinin ancaq anasından ibarət olmasını, anasının onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ələlxüsus cavan olmasını (yaşını) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Məhkəmə istintaqında onun üzərində ödənilməmiş məhkumluğun olması müəyyən edilsə də, məhkəmə hesab edir ki, onun həmin vaxt törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət əməli olduğundan, həmin cinayətə görə azadlığının məhdudlaşdırılması cəzası təyin edildiyindən (sonradan qeyd edilən cəza azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsa da) Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən bu hallar cəzanı ağırlaşdıran halları (residivi) təşkil etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(004)-73/2021 saylı qərarı ilə əvəz edilən cəza ilə, yəni 03 ay 06 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2021ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3903 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,526 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd disk və telefon məlumatlarını özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 7(004)-73/2021 saylı qərarı ilə əvəz edilmiş 03 ay 06 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,526 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd disk və telefon məlumatlarını özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar