Məhkəmə qərarları › İş №1(101)-596/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-596/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-596/2023 01.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri "Pro Bono" vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 iyun 2018-ci ildə cəza müddəti başa çatdığı üçün azad edilmiş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 20 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, '‘Kubinka" adlanan yerdə naməlum şəxsdən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroini 30 manata əldə edib bir qismini istifadə etməklə qalan hissəsini üzərində saxlayaraq 21 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanın qarşısına daşımış, həmin tarixdə saat 20 radələrində piyada olaraq ünvan 1 ünvanın qarşısında şübhəli vəziyyətdə hərəkətdə olduğundan Nərimanov RPİ-nin 18-ci PŞ-in əməkdaşları ona yaxınlaşmış, o, danışan zaman polis əməkdaşlarının suallarından yayınmış, rabitəsiz danışmış və öz hərəkətləri ilə polis əməkdaşlarında şübhə yaratdığından saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə olmaqla gümüşü rəngli kağız kəsiyinə bükülmüş təmiz çəkisi 2,100 qram olan qəhvəyi rəngli tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik maddənin “patı”,”kola” növündən istifadə edir. O, 20 sentyabr 2022-ci il tarixdə, axşam saat 20:00-da yox, günorta saat 13:00-da Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə öz evinin qapısının önündə əyləşmişdir. Bu zaman göy rəngli “Hyundai” markalı maşında polis əməkdaşları gəlmiş və ona yaxınlaşmışlar. Polis əməkdaşları ona bildirmişdir ki, bu ərazidə dava olmuşdur. O isə heç kimlə dalaşmadığını və bildirdikləri saatlarda evdə yatdığını demişdir. Polis əməkdaşları onu maşına mindirib bölmədə ondan izahat alınacağını demişlər. O, isə yenə də bildirmişdir ki, o heç kimlə dalaşmamış və izahat verməyinə ehtiyac yoxdur. Lakin, bölmədə ona 234.1-1-ci maddə ilə ittiham irəli sürülmüşdür. Baxmayaraq ki, o narkomandır, lakin, o, tutulan zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Kamera qarşısında o etiraf etmişdir ki, narkotik vasitələr ona məxsusdur, bunu ona görə demişdir ki, polis əməkdaşları ona bildirmişlər ki, belə desə onu buraxacağlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulmazdan əvvəl polis əməkdaşları ilə onun arasında heç bir münaqişəli vəziyyət olmamışdır. O, əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş, AR CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Elan olunmuş cinayət işinin 25-26-cı vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmiş, onda narkotik vasitə olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmu, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 27-ci vərəqəsində olan izahatında, 45-47 və 64-67-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...xx.xx.2022-ci il tarixdə, axşam saatlarında bədənində ağrılar olduğu üçün Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka" adlanan yerdən üzdən tanıdığı, hər hansı anket məlumatını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manata 1 bükümdə narkotik vasitə olan heroin almış. Həmin gün aldığı narkotik vasitə heroinin az bir qismini qəbul etmiş. Qalan hissəsini isə daha sonra istifadə etmək üçün üzərində saxlamış. Səhəri gün, yəni, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə getmişdir. ...Daha sonra, onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, başqa çıxış yolunun olmadığını görərək əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olumuş izahatı və protokolları təsdiq etmir. İzahatı və protokolları oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı vəzifəsində işləyir. 21 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-in sahə inspektoru, polis kapitanı Şahid2lə xidməti zərurətlə əlaqədar olaraq ünvan 1 ünvanın yaxınlığında olduqları zaman, bir nəfər şəxsin halsız vəziyyətdə hərəkətdə olduğunu görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edərək həmin şəxsdən nə üçün halsız vəziyyətdə olduğunu soruşmuşlar. Lakin, həmin şəxs hərəkətləri ilə özünü şübhəli aparırmış. Şəxsə özünü təqdim etməsini təklif edən zaman həmin şəxs suallardan yayınaraq, narkotik vasitənin təsiri altında olduğundan, həmçinin, üzərində narkotik vasitə olmasından şübhələnib həmin şəxsi Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. Daha sonra, həmin şəxsi Nərimanov RPİ-nin 18-ci PŞ-in sahə inspektoru, polis kapitanı Şahid2 və o xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 18-ci PŞnə gətirərək həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitəyə oxşar maddəni könüllü olaraq təqdim edərək, bildirmişdir ki, həmin maddə heroindir. Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən içərisində siqaret dənələri olan "Winchester” markalı siqaret qutusunu, hansısa əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022ci il tarixdə, axşam saatlarında bədənində ağrılar olduğu üçün Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlanan yerdən üzdən tanıdığı, digər hər hansı məlumatını bilmədiyi şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, bu zaman onun üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Həmin narkotik vasitəyə oxşar vasitə qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-in sahə inspektoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis kapitanı Şahid2 21 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, 21 avqust 2022-ci il tarixində ünvan 3 ünvanının qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin hərəkətləri, gözlərinin forması, davranışları ilə narkotik vasitə aludəçisinə bənzətdiklərdən ona yaxınlaşıb özlərini təqdim etmiş və şəxsiyyəti haqqında maraqlanmışlar. Həmin şəxs rabitəsiz şəkildə danışdığı və hadisə yerindən yayınmaq istədiyi üçün onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşya və ya pedmeti könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, şalvarının cibindən içərisində siqaret dənələri olan "Winchester" markalı siqaret qutusunu, 1 ədəd alışqanı və salfetləri, 3 manat pulunu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik vasitə kakos olduğunu bildirmişdir. Aşkar olunmuş büküm qablaşdırılaraq, götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Panasonic HC-V770” markalı videokamera vasitəsilə çəkiliş aparılmışdır. Cinayət işinin 34-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentaybr 2022-ci il tarixli, 6/5415 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N-224” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs...Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, -iki imza. Təhqiqatçı: E.Quliyev-imza...” yazı əlavəsi qeyd edilmiş kağız zərfdə 01(bir) ədəd bükümdə təmiz çəkisi -2,100 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 97-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparılan şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmiş və bu zaman aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddəni könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, şalvarının cibindən içərisində siqaret dənələri olan siqaret qutusunu, 1 ədəd açıq yaşıl rəngli alışqanı və salfetkaları, 3 manat pulunu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni xx.xx.2022ci il tarixdə, axşam saatlarında bədənində ağrılar olduğu üçün Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdən üzdən tanıdığı, digər hər hansı anket məlumatını bilmədiyi şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-dən 30 sentyabr 2022-ci il tarixli, 078-28041-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına mobil nömrə olması barədə aparılan axtarış nəticəsiz olmuş, sistemdən Təqsirləndirilən şəxs adına hər hansı bir mobil nömrə olması müəyyən edilməmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-dən daxil olmuş 06 oktyabr 2022-ci il tarixli, 071- 10012 nömrəli məktubdan görünür ki, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 140-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X1 13 dekabr 2022-ci il tarixli cinayət işi materiallarından başqa cinayət işi ayrılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ibtidai istintaqi aparılan ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbə barəsində həmin məcəllənin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitənin istifadəçisi olduğunu, lakin, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının onu buraxacaqlarını dediyi üçün, istintaq zamanı narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 sentyabr 2022ci il tarixli tələbnamədən və cinayət işinin 104-107-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli, 1(006)-419/2016 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 iyun 2018-ci ildə cəza müddəti başa çatdığı üçün azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 7 ildən artıq olmayan əməllər – az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 116-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Republikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 08 oktyabr 2022-ci il tarixli 2670 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəsəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmur. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ctimati təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 118-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 01 dekabr 2022-ci il tarixli 7274 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 21 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 13-14-cü vərəqələrində olan 21 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 76-80-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 4(005)-1031/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 2,050 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 2,050 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Əhməd Quliyev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar