Məhkəmə qərarları › İş №1(101)-598/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-598/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-598/2023 16.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1991-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Ağdam şəhəri, Ağdam kənd sahəsində qeydiyyatda olan və faktiki Ağdam rayonunun Quzanlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 20,153 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X4 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən şübhəli bilinərək 11 iyun 2022-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Aura” şadlıq sarayının qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdar - 20,153 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 11 iyun 2022-ci il tarixdə saat 14 radələrində “Opel Astra” markalı avtomobildə o, İlqar Mustafeyev və Rəsul adlı şəxs Qaraçuxur qəsəbəsində “Aura” şadlıq sarayının qarşısında dayanmışlar. Ora gəlməmişdən qabaq isə avtomobildə “nəşə” adlı narkotik maddədən istifadə etmişlər və buna görə də avtomobildə həmin narkotik maddənin iyi qalmışdır. O, xalasının yaşadığı evdə olan uşaq paltarlarını götürmək üçün avtomobildən düşərkən X4 əməkdaşları avtomobilinə yaxınlaşıb onun üstünü yoxlamışlar. Onun üstündən hər hansı bir maddə aşkar olunmamışdır. Sonra İlqarın üzəri yoxlanılmış və onun da üstündən hər hansı bir maddə aşkar edilməmişdir. Həmin vaxt Rəsul idarə etdiyi avtomobildə olmuşdur. Polis əməkdaşlarından biri başını avtomobilin içərisinə salıb iylədikdə, avtomobilin içərisindən “nəşə” iyi gəldiyini bildirmişdir. Bunu eşitdikdən sonra o qorxaraq oradan qaçıb uzaqlaşaraq təxminən 600-700 metr aralıda yerləşən bağçanın arxa hissəsində gizlənib aranın sakitləşməsini gözləmişdir. Təxminən bir saat sonra bağçanın arxasından çıxıb bir qədər irəlilədikdən sonra X7 əməkdaşları onu görmüş və onu təqib etməyə başlamışlar. Ona görə də o, yenidən qaçmağa başlamışdır. Amma polislər ona çatmış və tutub avtopatrula mindirmişlər. Həmin vaxt İlqar da polis maşınında olmuşdur. Onları 32-ci Polis Bölməsinə apararaq avtomobildən düşürmüşlər. Həmin vaxt Babək və Toğrul adlı polislər Bölmənin həyətində olmuşlər. Polislər tək onu Bölmənin binasının girişindən soldakı otağa aparmışlar. Həmin otaqda Toğrul onu ayağından vuraraq yerə yıxmış, Babək də dizini onun sağ çiyininə qoymuş, sonra da saçından tutaraq yerə vurmuşdur. Toğrul isə onu ayaqla bir neçə dəfə kürəyindən vurmuşdur. Toğrul və Babək ondan əvvəlcə yarım kilo, sonra üç yüz qram, daha sonra isə 20 qram narkotik maddəni guya onun üzərindən çıxmış kimi göstərməyini tələb etmişlər. O da bu təzyiqlərə dözməyərək 20 qram heroini üstündən çıxmış kimi göstərəcəyinə razılaşmışdır. Polislər müvəqqəti saxlama yerində və gələcəkdə ondan soruşulduqda rayonda nərdivandan yıxıldığını deməyini, həmin narkotik maddəni isə xalası Arzudan aldığını bildirməyini tələb etmişlər. Bundan sonra onu təhiqatçının otağına aparmışlar. Orada üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, o da ona qabaqcadan verilmiş narkotik maddəni çıxararaq stolun üstünə qoyub həmin narkotik maddənin özünün olduğunu bildirmişdir. Özünü qismən təqsirli bilməsinə dair mövqeyi də yalnız narkotik vasitə istifadəçisi olması ilə bağlıdır. Heç vaxt narkotik vasitə satmamışdır, yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Əslində yuxarıda qeyd etdiyi kimi tutularkən üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmədən bütün bu halların, habelə himayəsində beş azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş eidr. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Quzanlı kəndində ailəsi ilə birlikdə yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Narkotik maddələrdən iki ildir ki, istifadə edir və narkotik maddə aludəçisidir. Sosial şəbəkədə tanış olduğu, adını bilmədiyi İran vətəndaşından 20 manata narkotik almaq istəmiş, həmin şəxs də ona narkotik vasitəni Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ‘‘Gənclik mall”un yaxınlığında məişət tullantıları konteynerinin yanına qoyduğunu bildirmişdir. O, Ağdamdan Bakı şəhərinə gəlib, ona izah edilən yerədən adını “kola və patı” kimi bildiyi narkotik maddələri götürmüşdür. Həmin maddələri Ağdam rayonunun Quzanlı kəndinə aparacaqmış. Xalası Arzu ona zəng edərək oğulları Valeh və Qorxmazın vəziyyətinin yaxşı olmaması səbəbi ilə ondan oğlanlarının istifadəsi üçün narkotik maddə istəmişdir. O da xalasına üzərində narkotik maddə heroin olduğunu və iki qramını ona verəcəyini bildirmişdir. Xalasına heroin vermək üçün 11 iyun 2022-ci il tarixdə saat 15 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Aura” şadlıq sarayının yanına getmişdir. “Patı” adı ilə tanınan maddə bir istifadəlik olmuş, “patı”nı, eləcə də heroinin bir hissəsini xalası yaşadığı ev tərəfə gedərkən xəlvəti yerdə çəkmişdir. Orada gözləyərkən iki nəfər polis əməkdaşını görmüş və üzərində narkotik maddə olduğu üçün həyəcanlanmışdır. Polis əməkdaşları bunu görüb ona yaxınlaşmışlar. Ona bir neçə sual verdikdən sonra o, üzərində narkotik maddə heroin olduğunu polislərə bildirmişdir. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə Suraxanı rayon Polis İdarəsinin 32ci Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Bölməyə gəldikdən sonra onun hüquqlarının müdafiəsi üçün vəkil çağırılmış, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra onu gətirən polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanunsuz əldə edilmiş hər hansı maddə, əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxararaq stolun üstünə qoymuşdur. Ondan həmin bükümdə nə olması barədə soruşulduqda, həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin narkotiki İran vətəndaşından “Gənclik Malİ”un qarşısından götürdüyünü, qarşılığında onlayn yolla 20 manat ödədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış davam etdirilmiş və başqa hər hansı bir maddə, əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bir büküm heroin təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmışdır. Zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqə 62-64). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Əlahiddə X4 7-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 göstərdi ki, 11 iyun 2022-ci il tarixdə saat 15:30 radələrində “9760” çağırışlı avtopatrulla 7-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Aura” şadlıq sarayının qarşısında xidmətdə olarkən sol gözünün ətrafında şişkinlik və göyərti olan, üz-gözündə xəsarət müşahidə olunan bir şəxs onların diqqətini uzaqdan cəlb etmiş, ona görə də bu şəxsə doğru yaxınlaşmağa başlamışlar. Onların yağınlaşdığını görən həmin şəxs, yəni adını sonradan bildikləri Təqsirləndirilən şəxs həyəcanlanmış və qaçıb uzaqlaşmağa çalışmışdır. Dərhal ona yetişmiş və özlərini təqdim etdikdən sonra onun da özünü təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etmiş, amma üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onları gördükdə həyəcanlanmasının, qaçmaq istəməsinin və gözünün ətrafında olan şişkinliyin, sifətində müşahidə olunan xəsarət izlərinin yaranma səbəbini soruşmuşlar. Bu sorğuları eşidən Təqsirləndirilən şəxs daha da həyəcanlanmış və gözü ətrafında olan şişkinliyin, üzündəki müəyyən xəsarətlərin nərdivandan yıxılması ilə bağlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olduğundan və üzərində narkotik saxlamağından şübhələndikləri üçün onlarla birlikdə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Bu vaxt Təqsirləndirilən şəxs onlardan aralanaraq qaçmağa başlamışdır. Onlar da Təqsirləndirilən şəxs təqib etməyə başlamışlar. Bir az qaçandan sonra İlkinin ayağı büdrəmiş və yerə yıxılmışdır. Onlar dərhal Təqsirləndirilən şəxs çatıb onu yerdən qaldırmış və 32-ci Polis Bölməsinə aparmışlar. X2 Quliyevin narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə, istifadə etmə və saxlamaqda şübhəli olduğu üçün gətirilməsi barədə rəhbərliyə raportla müraciət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, sosial şəbəkədə adını bilmədiyi hansısa iranlı şəxslə əlaqə yaradaraq həmin şəxsin ona bildirdiyi yerdən, yəni Nərimanov rayonunda “Gənclik Mall”un yaxınlığında qoyulmuş məişət tullantıları konteynerin yanından yerdən götürdüyünü bildirmişdir. Qaraçuxur qəsəbəsinə gəlməsinin səbəbini isə əldə etdiyi narkotik vasitənin bir hissəsini, özünün deməsinə görə 2 qramını narkoman olan xalası oğlanları Qorxmaz və Valeh adlı şəxslərin istifadəsi üçün xalası Arzu adlı qadına 50 manata satmaq olduğunu bildirmişdir. Təhqiqatçı ondan sol gözünün ətrafında olan şişkinliyin və göyərtinin yaranma səbəbini soruşduqda isə Təqsirləndirilən şəxs həmin xəsarəti yaşadığı Ağdam rayonunun Quzanlı kəndində olarkən nərdivandan yıxılaraq aldığını, polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd sellofan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və 32-ci Polis Bölməsində olanda ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Polis əməkdaşı olaraq üzərlərinə düşən vəzifəni qanunla nəzərdə tutulmuş qaydada yerinə yetirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Əlahiddə X4 7-ci Patrul Bölüyünün digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Əlahiddə X4 7-ci Patrul Bölüyünün ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş digər əməkdaşı Şahid3 da oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 91-93). Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 göstərdi ki, o, Təqsirləndirilən şəxs ilk və son dəfə 11 iyun 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid5la birlikdə 32-ci Polis Bölməsinin həyətində dayanıb söhbət edərkən görmüşdür. Belə ki, polis nəfərləri onu patrul avtomobilindən düşürüb bölmənin binasına aparanda Təqsirləndirilən şəxs sol gözünün ətrafında şişkinlik və göyərti olduğunu görüb polis nəfərlərindən həmin xəsarətin yaranma səbəbini soruşmuşlar. Polis nəfərləri də İlkini Qaraçuxur qəsəbəsində “Aura” şadlıq sarayının yanında saxladıqlarını, narkotik vasitənin təsiri altında olmağından şübhələndikləri üçün onlarla birlikdə bölməyə getməyini tələb etdiklərini, hələ saxlanarkən artıq Təqsirləndirilən şəxs sol gözünün ətrafında şişkinlik və göyərti olduğunu, Təqsirləndirilən şəxs polislərin tələbinə əməl etmədən oradan uzaqlaşmaq üçün qaçmağa başladığını, ancaq büdrəyərək yerə yıxıldığını, ona çatıb saxlayaraq Polis Bölməsinə gətirdiklərini bildirmişlər. O və Şahid5 özlərini Təqsirləndirilən şəxs təqdim edərək, ondan sol gözünün altında olan xəsarət izi, onu harada alması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs də yaşadığı Ağdamın Quzanlı kəndində olarkən nərdivandan yıxılaraq xəsarət aldığını, həmin xəsarətlə əlaqədar sonradan gözünün ətrafının şişib göyərməyə başladığını bildirmişdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs 32-ci Polis Bölməsinin binasına aparmışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs görməmişdir. Sonradan öyrəndiyinə görə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılarkən üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar edilmişdir. Ancaq o, həmin prosesdə iştirak etməmiş, eləcə də nə həmin vaxt nə də sonrakı müddətlərdə Təqsirləndirilən şəxs yaxınlaşmamış və ona qarşı hər hansi bir fiziki və ya psixi təsir göstərməmişdir. O, Şahid5la polis nəfərləri ilə danışarkən polis nəfərləri onlara adları ilə müraciət etmişlər. Eləcə də Təqsirləndirilən şəxs gözünün ətrafındakı şişkinliyin səbəbini soruşarkən də özlərini ona təqdim etmişlər. Ona görə də onların adları Təqsirləndirilən şəxs yaddaşında qalmışdır. Təqsirləndirilən şəxs Polis Bölməsinə tək gətirilmiş və onun yanında polis əməkdaşlarından başqa hər hansı bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin digər əməkdaşı Şahid5 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid4 və Şahid5 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı həmin şahidlər ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadələrini təsdiq etmişlər (cild 1, iş vərəqə 172-176, 177-181). Şəxsi axtarış və götürmə aparılması haqqında 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə olduğunu, sosial şəbəkədə adını bilmədiyi şəxslə əlaqə yaratdıqdan sonra Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall”un yaxınlığındakı məişət tullantıları konteynerlərinin yanından yerdən götürdüyünü bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 27-29, 84). Məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2022-ci il tarixli 6/3305 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 20,153 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 20,053 qram təşkil etmişdir (cild 1, iş vərəqə 36-40). Diskə baxış keçirilməsi haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə aşağıdakı məzmunda ismarıclar daxil olmuş və göndərilmişdir: Belə ki, xx.xx.2021-ci il tarixdə saat 06:14-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsinə “nolub niye adboy verirsənşay qaqa koladan patidan nə goture bileriy”,xx.xx.2021-ci il tarixdə saat 21:58-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “İlkin mən seni gözdeyirem ele geliremmən çatana menim ya temami ya pulumu qaytar mən sənə etibar eləmişəm kimsə sənə və yaxud limon duzu verirse o demək deyil mən lapigam gelem göturem qaqa. Qaqa mənə limon duzu verən günü Kamranın yanında dedin ki, 1 saata səndədi. Bu sözdən 3 gün keçib deyirsən səhər açılandan eleəmə belə gəlirəm üzbəüz danışaq yoluna qoyaq. Hamımızın pis günü var.”, xx.xx.2021-ci il tarixdə saat 01:43-də ***- ***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Qaqa mənəm Qoqu. Gəlsəm vəzyətdən çıxara bilərsən məni agriyiram. Telefon saat qəalar səndə pulu verib götürərəm alınar? Hə yox de də mənə qaqa”, xx.xx.2021-ci il tarixdə saat 02:18-də ***-***- **-** mobil nömrəsindən 077-633- 01-11 ıubil nömrəsinə “Qaqa 10 nuga nese elemey olar kola agriyiram he yox yaz”, xx.xx.2021-ci il tarixdə saat 02:18-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Qaqa 10 nuga nese elemey olar kola agriyiram he yox yaz. Qaqa yari emelc geler olurem agridan 20 manat rovnu pulum var xeber ele. Qaqa bütöv əmələ gəlir” , xx.xx.2021-ci il tarixdə saat 21:20-da ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Qaqa 10 nuga Qadan alaram bir tikə kola qoyarsan yanma başına dönüm yoldayam”, xx.xx.2021-ci il tarixdə saat 19:45-də ***- ***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Qaqa məhlədəsən? Kürdəxamdan gəlirəm məndəki sadə teli verim cetnen balaca daş ver də mənə 2 nömrədi təzədi. yolu güclə gəlirəm ağrıyaram”, xx.xx.2021-ci il tarixdə saat 04:57-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Mama oğlu yarı kola 5 diy pati əmələ gəlir?”, xx.xx.2021-ci il tarixdə saat 09:43-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01- 11 mobil nömrəsinə “Mamaoğlu sabahın xeyir. Qurban sənə qardaşımsan İlkin ölürəm telin koddadı, mənə yarı lazımdı 10 luqda p lazımdı 35 manat var brat sən öl qardşım”, xx.xx.2021-ci il tarixdə saat 21:27-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Əmi 5 qıram var tecili pul lazımdı 90 manata verərəm ”, xx.xx.2021-ci il tarixdə saat 21:21-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Gəlirik də kolanı götürməyə Kamrnnan”, xx.xx.2021 -ci ıl tarixdə saat 01:35-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 ıubil nömrəsinə “Qaqa mənəm Mexi Naxçıvanlı. Mənim malım gəlib tərəzi lazımdı”, xx.xx.2021-ci il tarixdə saat 12:17-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “10 luq ola dobru elə iıstünnən bir tikə götürə bilim, veziyetim pisdi. Ölürəm ağrıdan. Aparım verim gəlim qardaşımasan.” , xx.xx.2021 -ci il tarixdə saat 14:00-da ***-***-**-** mobil nömrəsindən adınıza olan olan ***- ***-**-** mobil nömrəsinə “İlkin mənə 20 lik p lazımdı.”, xx.xx.2021-ci il tarixdə saat 01:46da ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “İlkin üzəryim partlayır qaqa falqanda varındısa 5-10 tüstü kola mənə də ver çəkim də. Sabah 5-10 manat verərəm sənə qaqa nə qədər tapsam hamsın verəcəm sənə”, xx.xx.2021-ci il tarixdə saat 01:46-da ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Qaqa nətərsən 1 kola lazım bütöv 45-di pulum”, xx.xx.2021-ci il tarixdə saat 17:52-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Konkret nümayəndəni qoyub getmisən burda. 03 mala 25 manat pul çıxır. Gələndə üstün düzəlt gəlib götürəcəm.”, xx.xx.2022-ci il tarixdə saat 21:03-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Qaqa 5m pat verə bilərsən? Saba pulu verim almar qaqa?”, xx.xx.2022-ci il tarixdə saat 20:58-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “İlkin qaqa salam mənəm Azər qardaşım mənəm vızıv at də 5-lik lazımdı?”, xx.xx.2022-ci il tarixdə saat 22:16-da ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Mənə deyirsən 20-25 manat bötöv götürərəm. 30 dedim ki, sənə də nəsə qalsın Teldə deyirsən ki, pati var gəlirəm deyirsən 5 manatlıqdı”, xx.xx.2022-ci il tarixdə saat 18:33-də ***-***-**- ** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “İlkin 15-20 pul olacaq məndən hərəsindən yarı elə 50 verim”, xx.xx.2022-ci il tarixdə saat 00:37-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “Qaqa isimi bu gün alındırmaq istəmir. O taydakı indi yanımda da adam var ona da 11 dənə patinin pulun alıb üstün düzəldib atmışam İrana oturub yanımda malın istiyir.”, xx.xx.2022-ci il tarixdə saat 16:46-da ***-***- **-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “İlkin tələsirəm pulu verim 30 verim 15 lik pati ver gedim də”, xx.xx.2022-ci il tarixdə saat 01:16-da ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “İlkin bir söz yaz da bura İmkan 10-luq kola verəsən?”, xx.xx.2022-ci il tarixdə saat 15:33-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “İlkin evdəsən gəlim qapıya. Kola var?, xx.xx.2022-ci il tarixdə saat 15:33-də ***-***-**-** mobil nömrəsindən 077-633- 01-11 mobil nömrəsinə “İlkin evdəsən gəlim qapıya, Kola var?, xx.xx.2021-ci il tarixdə saat 23:30-da Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Salam necesen qaqaş lOk 5p alınır” , xx.xx.2021-ci il tarixdə saat 21:40-da Təqsirləndirilən şəxs adına olan ***- ***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Mənim malımı pulumu verməyənin”, xx.xx.2021 -ci il tarixdə saat 15:50 dəqiqədə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “15-20 deyqaya ordayam. Mənim malımı pulumu atanın, mənim pulumu verməyənin hər şeyini”, xx.xx.2021 -ci il tarixdə saat 00:10-da Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “Qaqa məni niyə belə qoydun getdin. Bir balaca taİqanda saxlamadın . Bəs mən ölürəm axı qardaşım”, xx.xx.2021-ci il tarixdə saat 17:36-da Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Yari var istiyirsən”, xx.xx.2021-ci il tarixdə saat 14:42-də Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “yaxın bir uşaq var vəziyyəti pisdi ona almırsa yarım çet kola qaqa yan md ad is a götür ver xahiş eliyirəm ürəyim ağırıdı .Telefon da mənimdi. Alınırsa yox demə”, 09,08,2021-ci il tarixdə saat 14:42-də adınıza Təqsirləndirilən şəxs adına olan 77-633- 01-11 mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “Yoxdu sən öl Fazildə bir saata olacaq deyecek mənə xəbər eliyəcəm sənə narahat olma qaqa nəzərimdəsən”, xx.xx.2022-ci il tarixdə saat 07:11-də Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsindən 077-60103-00 mobil nömrəsinə “20 manatdır yarı”,xx.xx.2022-ci il tarixdə saat 22:16-da adınıza olan ***-***-**- ** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Camaatın kilosu gedir sənin kimi eləmir. 20-25 manata görə 300 dəfə yığmısan”, xx.xx.2022-ci il tarixdə saat 21:24-də Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Qaqa neyniyək2 şey 6 manat da pul var gəlim yarım həll edə bilərik”, xx.xx.2022-ci il tarixdə saat 14:34 dəqiqədə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “1 qıram kola nə qədərə gələr təxmini”, xx.xx.2022-ci il tarixdə saat 14:34 dəqiqədə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “1 qıram kola nə qədərə gələr təxmini. Nouldu qaqa yarı da patı de”, xx.xx.2022-ci il tarixdə saat 01:36-da Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “X6 Şadlıq sarayı” məzmunlu mesajlar göndərilmişdir (cild 1, iş vərəqə 199-250, cild 2, iş vərəqə 1-52,53-55). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 avqust 2022-ci il tarixli 4429 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 61-62). Ambulator məhkəmə psixiatrik ekspertizasının 06 avqust 2022-ci il tarixli 2065 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqə 64-65). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 aprel 2014-cü il, 24 aprel 2015-ci il, 26 may 2017-ci il, 20 fevral 2019-cu il, 01 iyul 2021-ci il təvəllüdlü beş azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 168-171). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 131-132). İbtidai istintaq orqanının 03 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 91). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən çoxsaylı sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən qərar qəbul edilib-edilməməsi və digər hallar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinə dair məhkəmədə verdiyi ifadəsi ilə bağlı qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyülüb, işgəncələrə məruz qalmasına dair Suraxanı rayon prokurorluğunda müvafiq araşdırılma aparılmışdır. Aparılmış araşdırma nəticəsində ibtidai istintaq orqanının 12 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasına dair xüsusatlar öz təsdiqini tapmadığına görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 140-141). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 26-cı bəndinin məzmunundan görünür ki, ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasına dair ibtidai istintaq zamanı araşdırılmış və təsdiqini tapmamış xüsusatlardan əlavə hər hansı dəlillər müəyyən olunmadı. Ona görə də məhkəmə bununla bağlı iş üzrə bütün sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı bildirdiklərinin təsdiqini tapmaması qənaəti ilə razılaşır. Bununla da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq xəsarətlər alması barədə ifadəsində göstərdiyi hallar təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, yüngülləşdirici halları da nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının aşağı həddinə yaxın müddətdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində beş azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 11 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 17, 79-82). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 iyun 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 20,053 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 37). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 20,053 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar