Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-601/2022 24.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan Səid adlı şəxsdən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda 5,841 qram çəkidə psixotrop maddə olan metamfetamini və külli miqdar hesab edilən 17,550 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımaqla kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi 17 saylı evin 4 saylı mənzilinə gətirmiş, 19 sentyabr 2021-ci il tarixdə saat 05:00 dəqiqədə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin ünvanda saxlanılaraq ünvan 3tai RPİ-nin 37-ci Polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı üzərində “Dr.Prüfer” yazısı olan kiçik təzyiq ölçən cihazın parça materialdan olan çantasının içərisində satış məqsədi ilə əldə edib saxladığı bir ədəd ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda 5,841 qram çəkidə psixotrop maddə metamfetamin və qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdar hesab edilən 17,550 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, anket məlumatında qeyd olunan ünvanda kirayədə yaşayır və heç yerdə işləmir. 1 ildir narkotik vasitə heroindən istifadə edir. Həmin narkotik vasitələri adətən görmədiyi, online vasitəsilə tanış olduğu iranlı kimi bildiyi şəxslərdən almışdır. Həmin şəxslərlə danışıb dedikləri yerə getmişdir. Onlar əvvəlcədən narkotiki qoyduqları yeri ona bildirmişlər, o da onların dediyi karta ödəniş etmiş, sonra gedib narkotik vasitəni götürmüşdür. Sonuncu dəfə 17 sentyabr 2021-ci il tarixdə Səid adlı bir iranlıdan online vasitəsilə narkotik vasitə “kakos” və “patı” almaq üçün “Qış Parkı”na gedib Səidin dediyi kart hesabına 150 manat ödəniş etdikdən sonra, dediyi yerdən bir büküm 17 qram çəkidə heroin və 5 qram çəkidə metamfetamin götürmüşdür. Aldığı narkotiki özünə məxsus təzyiq aparatının çantasının içərisinə qoyub kirayədə yaşadığı evə getmişdir. O, qız dostu ilə birlikdə həmin narkotik vasitədən bir qədər istifadə etmişdir. 19 sentyabr 2021-ci il tarixdə saat təxminən 05 radələrində yaşadığı evdə olan zaman qapı döyülmüş, qapını açdıqda, polis əməkdaşları olduqlarını görmüş, polis əməkdaşları özlərini təqdim etmişlər. Onun özünü şübhəli apardığını görüb ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda o, yalan danışmağın heç bir əhəmiyyət kəsb etmədiyini görüb narkotik vasitədən istifadə etdiyini bildirdirmişdir. Sonra polis əməkdaşları həmin narkotiki gətirməyini tələb etdikdə həmin parça materialdan olan təzyiq ölçən aparatın çantasının içərisində saxladığı narkotik vasitələri gətirib göstərmişdir. Bundan sonra polis əməkdaşları onu və həmin narkotik vasitələri də götürüb 37-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində bir nəfər vəkil dəvət edilib hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan əşyaları təqdim etməyi deyildikdə o, içərisində bir büküm narkotik vasitə olan “kakos” və bir büküm psixotrop maddə olan “patı” olan bükümləri təqdim etmişdir. Həmin bükümlər açıldıqda bir ədəd sellofanın içərisində kağıza bükülmüş tünd qəhvəyi rəngli maddə və bir ədəd ağ rəngli sellofana bükülmüş içərisində ağ rəngli maddə olması müəyyən edilmişdir. Polis əməkdaşları həmin bükümdə olan maddəni haradan və kimdən almağını soruşanda həmin narkotiki 17 sentyabr 2021-ci il tarixdə yuxarıda qeyd etdiyi kimi online vasitəsilə adını Səid kimi bildiyi şəxsdən aldığını demişdir. Bundan sonra polis əməkdaşları ondan əlavə hər hansısa qanunsuz əşya saxlayıb-saxlamamağını soruşduqda o, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirdimişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərində axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmədə verilən suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirdi ki, o, narkotik vasitə olan heroinin 1 qramı üçün 15 manat pul ödəmişdir. Ona narkotik vasitə satılmazdan əvvəl pulun yarısı tələb edilmişdir. O, pulun qalan yarısını iranlıya verəcəkmiş. Onunla iranlı arasında hər hansısa sövdələşmə olmamış və o, narkotik vasitəni satmaq məqsədilə almamışdır. O, narkotik vasitələri satmamış, telefon yazışmalarında narkotik satışı ilə məşğul olduğuna dair sübut yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xətai rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 19 sentyabr 2021-ci il tarixdə gecə vaxtı postaçı yoldaşı Şahid3 ilə bir yerdə inzibati ərazidə xidmətdə olarkən saat təxminən 05 radələrində Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin növbətçi hissəsindən efir vasitəsi ilə Xətai rayonu, H.Salmani küçəsinə yaxınlaşmaqları bildirilmişdir. O, postaçı yoldaşı Tural birlikdə həmin ünvana yaxınlaşmış və əməliyyat qrupu ilə birgə deyilən ünvanda yerləşən mənzilə qalxdıqda 4 nömrəli mənzilin qapısını döymüşlər. Qapını açan şəxsin hərəkətlərindən narkotik vasitə təsiri altında olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən 37-ci Polis şöbəsinə dəvət edilmişdir. 37-ci Polis şöbəsində Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumat verməsi istənilmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin təhqiqatçısı Şahid1 Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək narkotik vasitələrin istifadəsində və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və satması barədə məlumat olduğunu deyib üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişdir. Dəvət edilmiş vəkilin iştirakı ilə təhqiqatçı şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparılması barədə şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan parça portmanatda bir büküm narkotik vasitə “kakos” və bir büküm psixotrop maddə olan “patı” olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda bir ədəd sellofanın içərisində kağıza bükülmüş tünd qəhvəyi rəngli maddə və bir ədəd ağ rəngli sellofana bükülmüş içərisində ağ rəngli maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri nə vaxt, kimdən və haradan alması soruşulduqda bildirmişdir ki, 17 sentyabr 2021-ci il tarixdə online vasitəsi ilə tanış olduğu, adını Səid kimi bildiyi, başqa heç bir anket məlumatlarını, üzünü belə görmədiyi şəxsdən 150 manat online ödəniş etməklə “Sovetski” deyilən yerdə “Qış Parkı”ndan götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdikləri xüsusatlatı tam təsdiq etdi. Şahid, digər polis əməkdaşı Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində eyni məzmunlu ifadə verərək Şahid2 göstərdikləri xüsusatlatı tam təsdiq etmişdir (cild 1, iş vərəqi 97-98). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19.09.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 05:00 radələrində 37-ci Polis şöbəsinin Növbətçi hissəsi efir vasitəsilə məlumat verildikdən sonra, polis əməkdaşları tərəfindən H.Salmani küçəsində yerləşən 4 nömrəli mənzilin qapısı döyüldüyü zaman qapını açan şəxsin hərəkətlərindən narkotik vasitənin təsiri altında olan şəxs, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və 02.12.1998-ci il təvəllüdlü X4 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə söhbət zamanı o, narkotik vasitə istifadə etdiyini və hazırda yaşadığı evdə də narkotik vasitə olmasını bildirib, əlindəki göy rəngli çantanı atıb qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq, 37-ci PŞ-nə dəvət edilmişdir (cild 1, iş vərəqi 10). İşdə olan DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin 18.12.2021-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, mütəmadi olaraq ayrı-ayrı şəxslərə narkotik vasitələr satması müəyyən edilmişdir (cild 1, iş vərəqi 124). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 19.09.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 20:55də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd pul kisəsi, içərisində 6 ədəd 5 manatlıq, 10 ədəd 10 manatlıq, 11 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq pul əskinaslarından ibarət, ümumilikdə 400 manat pul olan pul kisəsi və həmin cibində bir ədəd “İphone 11 Pro Max” markalı mobil telefonu və sağ əlində üzərində “Dr.Prüfer” yazısı olan kiçik təzyiq ölçən cihazının parça materialdan olan qabını təqdim etmişdir. Təqsirləndirilən şəxs əlində olan parça portmanatda nə olması soruşulduqda, bildirdi ki, içərisində bir büküm narkotik vasitə olan "kakos" və bir büküm psixotrop maddə olan “patı”, yəni “şüşə” olması müəyyən edilmişdir. Həmin bükümlər açıldıqda, bir ədəd sellofanın içərisində kağıza bükülmüş tünd qəhvəyi rəngli maddə və bir ədəd ağ rəngli sellofana bükümlüş içərisində ağ rəngli maddə olması aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlələrdən ağ rəngli kağıza bükülmüş, içərisində tünd qəhvəyi rəngli bükümdəki maddə 12,622 qram və şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli bükümdəki maddənin isə 3,897 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin narkotik maddələri nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, 17 sentyabr 2021-ci il tarixdə online vasitəsilə tanış olduğu, adını Səid kimi bildiyi, başqa heç bir anket məlumatlarını, özünü belə görmədiyi şəxsdən “Sovetski” deyilən yerdə "Qış Parkı”ndan götürmüş və 150 manat online ödəniş etməklə əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür (cild 1, iş vərəqi 32-34). İşdə olan 19.09.2021-ci il tarixli qəbzdən görünür ki, X3 oğlu Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone 11 Pro MAX” mobil telefonunu və 400 manat pulunu təhvil almışdır (cild 1, iş vərəqi 42). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 20.09.2021-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən Bakı şəhəri, Xətai RPİnin 37-ci PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman “Panasonik” markalı videokamera vasitəsi ilə aparılmış videoçəkilişlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 19 sentyabr 2021-ci il tarixdə saat 06:40 dəqiqədə süni işıqlandırma ilə işıqlandırılmış otaq Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-də xidməti otaqlardan biridir. Videogörüntüdən müəyyən edilir ki, Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısının sağ tərəfində masada oturmuş şəxs Bakı şəhəri, 13 saylı Vəkil bürosunun vəkili X5, vəkilin yanında ayaq üstə dayanmış şəxs, Bakı şəhəri, Xətai RPİ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı Şahid2 və polis nəfəri, polis serjantı Şahid3dur. Təhqiqatçının qarşısında ortada ayaq üstə durmuş əynində boz rəngli gödəkçə, qara rəngli idman şalvarı olan şəxs isə Təqsirləndirilən şəxsdur. Videoçəkilişin davamında təhqiqatçı Şahid1 qarşısında ortada dayanmış şübhəli şəxsə özünü təqdim etməyini, polis bölməsinə gətirilməsi ilə bağlı şikayəti olub olmadığını bildirir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına özünü təqdim etdikdən sonra heç bir şikayəti və vəsatətinin olmadığını bildirdikdən sonra təhqiqatçı ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, nə vaxt, haradan və kimlər tərəfindən Xətai RPİ-nin 37-ci Polis şöbəsinə gətirildiyini deyir. Şübhəli şəxs Təqsirləndirilən şəxs 19 sentyabr 2021-ci il tarixdə gecə saat 05 radələrində ünvan 5 ünvanında olduğu vaxt 2 nəfər şəxs mənzilə yaxınlaşıb özlərini təqdim edərək Bakı şəhəri, Xətai RPİ-nin PPXB-nin əməkdaşları olduqlarını deyib onu sorğu-sual etdiklərini, özü barədə məlumat verməsini deyib ondan şübhələndiklərini və Xətai RPİ-nin 37-ci Polis şöbəsinə dəvət etdiklərini bildirir. Təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik maddə qəbul edib-etmədiyini soruşduqda sonuncu narkotik maddə qəbul etdiyini bildirir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub olmadığını, olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara mobil telefonu, 400 manat pulu və sağ əlində üzərində “Dr.Prüfer” yazısı olan kiçik təzyiq ölçən cihazın parça materialdan olan qabını təqdim edir. Təqsirləndirilən şəxs əlində olan parça materialdan olan portmanatda nə olması soruşulduqda içərisində bir ədəd sellofan bükümün içərisindəki tünd qəhvəyi rəngli maddəni və həmin portmanatın içərisindən ağ rəngli bağlamanın içərisində olan psixotrop maddə olan metamfetamini çıxardıb masanın üstünə qoyur. Təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində olan tünd qəhvəyi rəngli maddənin nə olduğunu soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin “kakos” və “patı”, yəni şüşə olduğunu təhqiqatçıya bildirir. Daha sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni sellofan bükümün içərisindən iştirakçılara göstərərək onun insanlar arasında “kakos” kimi deylən heroin və “patı” olduğunu bildirir. Təhqiqatçı həmin bükülünün tamlığının pozulmaması üçün onu bağlayır. Daha sonra təhqiqatçı Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparır və üzərindən qanunsuz heç nə aşkar edilmir. Daha sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini iştirakçılara göstərərək ağ rəngli elektron tərəzinin üzərinə qoyaraq çəkir və müəyyən edilir ki, həmin heroin 12,622 qram çəkidə, psixotrop maddə olan metamfetamin isə 3,897 qram çəkidədir. Daha sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər maddələri iştirakçıların yanıda bir ədəd zərfə qoyaraq qablaşdırır, iştirakçılar həmin zərfi imzalayırlar. Daha sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni qablaşdırılaraq götürüldüyünü iştirakçılara elan edir. Daha sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri nə vaxt, kimdən əldə etdiyini, nə məqsədlə üzərində saxladığını və daşıdığını ondan soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni 17 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qış Parkı”nın yanında iranlı Səid kimi tanıdığı şəxsdən əldə etdiyini bildirir. Daha sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə və ya başqa bir yerdə narkotik maddə saxlayıbsaxlamadığını soruşduqda sonuncu heç bir yerdə narkotik maddə saxlamadığını bildirir. Daha sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik maddə qəbul edib etmədiyini, kimlərəsə narkotik maddə satıb-satmadığını soruşur, sonuncu isə narkotik maddə qəbul etdiyini, heç kimə narkotik maddə satmadığını bidirir. Daha sonra təhqiqatçı, müdafiəçidən şübhəli şəxs Təqsirləndirilən şəxs sualı olub-olmadığnı soruşur, müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir qanunsuz hərəkətin edilib-edilmədiyini soruşduqda sonuncu, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir qanunsuz hərəkətin edilmədiyini bildirir. Daha sonra şəxsi axtarış və götürmə təhqiqat hərəkətlərində iştirak etmiş şəxslər protokolu imzalayırlar. Bundan sonra təhqiqatçı videoçəkilişin “Panasonik” markalı videokamera vasitəsi ilə ekspert kriminalist Ramin Davudov tərəfindən aparıldığını bildirir. Videoçəkiliş ümumi olaraq 07:39 dəqiqə davam etmişdir (cild 1, iş vərəqi 59-60). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 05.11.2021-ci il tarixli protokoldan və AZF/LGL-27390/21 №-li, DVD formatlı diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 01/01/2021-ci il tarixdən saat 00:00:00-dan - 20/09/2021-ci il saat 00:00:00-dək aşağıdakı məzmunda sms-mətnləri göndərilmişdir: - 17-04-2021-ci il saat 22:16:29-da **********81 mobil nömrəsinə “Pulu eskiy nos verswnki osdurag 25 e yari var .. 20 mqnati direm ver diaen yaxsi ama vermirsen senin g…..u s……m anasin s.im !! Sen sen ol mende men” məzmunlu mesaj; - 27-08-2021-ci il saat 04:03:59-da **********27 mobil nömrəsinə “Rufo masinnan dusende diremki bidene qiznan cekim teerezide gelem dicem sen qal qaqasdarin yaninda . Sora 5 deq sora sene dicem gel dalimca guya meni cag” məzmunlu mesaj; - 29-08-2021-ci il saat 17:33:05-da **********17 mobil nömrəsinə “Bugun pulu vurdun karta vurdun vurmadin gunah mennen getdi” məzmunlu mesaj; - 08-09-2021-ci il saat 06:33:09-da **********74 mobil nömrəsinə “**********520839 axwam gelmeliydin gelmedin men yuxudan duranacan pulu karta vur” məzmunlu mesaj; - 10-09-2021-ci il saat 22:53:34-da **********74 mobil nömrəsinə “Duzelt duzelt 50zad hec olmasa kohneden az qalsinki tezeni vere bilesen .Yoxsa eyni wey olcey” məzmunlu mesajlar göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 01/01/2021-ci il tarixdən saat 00:00:00-dan - 20/09/2021-ci il saat 00:00:00-dək aşağıdakı məzmunda sms-mətnləri daxil olmuşdur: - 10-04-2021-ci il saat 17:14:24-də **********74 saylı nömrədən “Brat bidene 10 manat vercem wuwe ucun, xirda xm verersen, bele sennen pak olariq. Qalani da bawdiyaq bugunnen atam” məzmunlu sms; - 28-05-2021-ci il saat 07:24:47-də **********92 saylı nömrədən “Yaxsi.qaqas isdemeye axsamda uzum gelmedi acigi.pul para yox idi goture bilmemisem.alinirsa vere bilsense xeber diyersen” məzmunlu sms; - 30-05-2021-ci il saat 14:39:08-də **********51 saylı nömrədən “10 manatdan gelem narmani birwey hazra” məzmunlu sms; - 06-06-202-ci il saat 17:37:21-də **********92 saylı nömrədən “Deyrem sene lomkadan ollem now acmirsan.cix 100 mamatdig maytafonu gotur ancag yarim kolani duwurt qapidayam” məzmunlu sms; - 13-06-2021-ci il saat 06:05:03-də **********43 saylı nömrədən “Qaqaş sen 1ci günnen kursan dedinki menim 500 manatım gedib senin 80” məzmunlu sms; - 13-06-2021-ci il saat 06:05:11-də **********43 saylı nömrədən “manat nediki uzagı gunortaya qeder hell eliyecem onu sonra dedinki” məzmunlu sms; - 13-06-202-ci il saat 06:05:11-də **********43 saylı nömrədən “yer deyecem get götür biraz sebirli ol bunnun hamsın sen demisen qa” məzmunlu sms; - 15-06-202-ci il saat 19:00:22-də **********15 saylı nömrədən “Kakosum yoxdu gel mene yari getir” məzmunlu sms; - 20-06-2021-ci il saat 22:27:21-də **********15 saylı nömrədən “Qaqas vezyet xuyovudu agriyiram dedim sene deyim gorum ne diyirsen elsende varsa gedim goturum onan kola?” məzmunlu sms; - 11-07-2021-ci il saat 22:44:15-də **********24 saylı nömrədən “X25 ? Prosto 13 Manatim Var 2nide X15 X14 Ele Qardawuva” məzmunlu sms; - 11-07-2021-ci il saat 22:56:18-də **********24 saylı nömrədən “Brat 15di X16” məzmunlu sms; - 24-07-2021-ci il 05:27:58-də **********24 saylı nömrədən “X22 X24 Cixanda 10 Ataram Kartiva” məzmunlu sms; - 28-07-2021-ci il saat 00:50:30-da **********24 saylı nömrədən “Radnoy 1 G Kola 10 X23 Catiram 3deq” məzmunlu sms; - 30-07-2021-ci il saat 21:15:28-də **********52 saylı nömrədən “Qaqaw dunen cavab vere bilmirsen mene alimirsa at kartima gotrum men dedim agi sene agriyiram olurem agridan sen mene adboy verirsen at kartma pulu 45m” məzmunlu sms; - 01-08-2021-ci il saat 11:34:17-də **********24 saylı nömrədən “Radnoy 1 X18 X6 X20” məzmunlu sms; - 06-08-2021-ci il saat 21:10:17-də **********01 saylı nömrədən “Yari O X10 Goturum” məzmunlu sms; - 12-08-2021-ci il saat 18:22:49-də **********89 saylı nömrədən “Metadon vRsa ela olar” məzmunlu sms; - 12-08-2021-ci il saat 23:59:53-də **********13 saylı nömrədən “Radnoy sen mene ne qeder vaxta xeber eliye bilirsen men uwaglari elimizden cixartmiyag hemiwe goturen uwaglardi bular” məzmunlu sms; - 09-09-2021-ci il saat 01:13:24-01:13:36 aralığında **********74 saylı nömrədən “Okuw qaqaw bawva donerem uzurli say bebele gecikdirdiyme gore qaqa wımsan sabah saat 6 7yekimi allahaki anam cani tam arxeyin ol pul s endedi bidene qaqawva sabah 6 7kimi mohlet ver bawva donerem uzurli say bele olduquna gore yanunda xecaletdiyem xecaletunen cixacam qa” məzmunlu sms; - 10-09-2021-ci il saat 19:50:15-19:50:53 aralığında **********74saylı nömrədən “Okuw salam qaqaw necesen ? Qaqaw gor qaqawun ne diyir bilem qaqaw padvadit eledim seni yenede cox sagol elunen geleni eledun mecun esirgemedun cox sagol qaqaw men senun elediyvi itirmerem eger imkan varsa qaqawva axırıncı defede bir yaxwılıq ele qaqawvun veziyeti cox pisdi allahaki qaqawva 1dene kola yarimda pati el tut allahakı qaqaw yani bu sefer seni padvadit elemiyecem hereket eliyim verdiyvunde pulun birde yerde qalan 90manatdanda verim sene baqlıyim o puluda imkan varsa okuw qaqawva komek ele axırıncı defə 15 20 manat pulda var onuda verim sene yerde qalan borcdan cix allahaki qaqaw cibimde var onuda verim sene yerde qalan borcdan cix allahaki qaqaw cibimde qalanı saxlamiwam sene verim utaniramda sene zeng edib bulari dime ye ona gore msj yazdim” məzmunlu sms; - 12-09-2021-ci il saat 01:13:46-da **********57 saylı nömrədən “20 manat versem 15lik pati 10xm alinar,5 yoxumdu ama xaiş qeseng olsun” məzmunlu sms; - 13-09-2021-ci il saat 00:01:06–da **********74 saylı nömrədən “Qaqaw mende silinib kartin kodu bidene kartin kodunu yolada mene” məzmunlu sms; - 10-09-2021-ci il saat 00:24:59-00:32:40 aralığında **********57 saylı nömrədən “Dünenki karta atilsinda pul? Burdayam pul karta vuruldu,,sakitce belke qapiya gelim gedim burdayam bir söz dii” məzmunlu sms; - 18-09-2021 saat 19:31:31-20:04:33 aralığında **********24 saylı nömrədən “X7 Brat Mene 2K X21 X19 Sen” məzmunlu sms daxil olmuşdur (cild 1, iş vərəqi 118-119). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş axtarış aprılması haqqında 20.09.2021-ci il tarixli protokoldan görünür ki, axtarışın aparıldığı Təqsirləndirilən şəxs kirayədə qaldığı və X8 məxsus ünvan 6 ünvanında yerləşən mənzildə axtarış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 84-85). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 19.09.2021-ci il tarixli, 6/4141 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün №153” möhür əksi, “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,841 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 17,550 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin və metamfetamin növlərinə görə fərqli maddələr olduğundan eynilik üzrə təqdiqat aparılmır. Aparılmış tədqiqatın dəyəri 109 (yüz doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 43-48). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29.09. 2021-ci il tarixli, 3670 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 126-127). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 05.11.2021-ci il tarixli, 2610 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu hazırda kompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hirslilik, inadkarlıq, emosional oyanıqlıq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, konfıliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual inkişafına görə öz hərəkətlərini adekvat olaraq qavramaq, mahiyyətini anlamaq və etdiyi hərəkətləri idarə etmək qabiliyyətinə malikdir (cild 1, iş vərəqi 128-131). İşdə olan maddi sübutların tanınması və saxlanması haqqında 20.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 5,841 qram çəkidə psixotrop maddə metamfetamin və 17,550 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut qismində tanınmış və tədqiqat zamanı sərf edildikdən sonra qalmış 5,791 qram çəkidə psixotrop maddə metamfetamin və 17,450 qram çəkidə narkotik maddə heroin məhkəmə baxışınadək saxlanması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 125, 149). İşdə olan sübutların qiymətləndirilməsi barədə 20.12.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 132-144). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi barədə 20.12.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3 cü maddəsi ilə ilə ********* saylı cinayət işi icraata ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 143-147). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 29.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 96). İşdə olan Bakı şəhəri Xətai rayonu 91 saylı Mənzil-Kommunal İstismarı sahəsinin verdiyi 07.10.2021-ci il tarixli, 03/140 saylı xasiyyətnamədən və 08.10.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin M.İbrahimov küçəsi 19 saylı evdə qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olduğu müddət ərzində barəsində MKİS-ə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 109-110). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin yalnız istifadəçisi olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetami məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunmasını, gənc yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 sentyabr 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 78-80). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 5,791 qram çəkidə psixotrop maddə metamfetamin və 17,450 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 109 (yüz doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs oğlu oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış 5,791 qram çəkidə psixotrop maddə metamfetamin və 17,450 qram çəkidə narkotik vasitə heroin məhv məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 109 (yüz doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-601/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-601/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver