Məhkəmə qərarları › İş №1(101)-601/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-601/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-601/2023 28.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, 26 Aprel küçəsi, ev 95, mənzil 21-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi 47/53-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,053 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 09 sentyabr 2022-ci il tarixdə saat 10:30 radələrində ünvan 1 ünvanının qarşısında şübhəli olduğuna görə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 2,053 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 11.00-da Bakı şəhəri Sabunçu rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclasına getməli olduğu üçün, evdə hazırlaşan zaman, saat 10:30 radələrində 8 nəfər tanımadığı əməliyyatçı evinə daxil olub, onu evdən tutaraq, bölməyə aparmışlar. O, tutulan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları bölmədə ona təzyiqlər və psixoloji təsirlər edərək video çəkiliş aparmışlar, ona tapşırmışlar ki, video çəkiliş zamanı narkotik vasitəni sağ cibindən çıxarsın. O, narkotik vasitənin cibinə necə qoyulduğunu bilməmiş, narkotik vasitə ona məxsus olmamışdır. O, təzyiqlərə məruz qaldığına görə polis əməkdaşlarının dediklərinə uyğun hərəkət etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, 09 sentyabr 2022-ci il tarixdə tutulmuşdur. Barəsində AR CM-nin 234.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində cinayət işinə baxılmışdır. Həmin cinayət işində üzərində “kokos”, yəni heroin olmuşdur. Hazırki cinayət işi üzrə isə tutulanda evdə olmuş, məhkəməyə getməyə hazırlaşmış, üzərində də heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları 2 maşında, 8 nəfər gəlmişlər, tutulan zaman küçədə olmamış, evdə olmuşdur. Çəkiliş zamanı polis əməkdaşlarının ona tapşırdığı sözləri demiş və həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitəni polis əməkdaşları cibinə qoymuş və ona təzyiqlər etdiklərinə görə narkotikin cibinə qoyulmasına etiraz etməmişdir. Polis əməkdaşları ona psixi və fiziki təsir göstərmiş, onu vurmuş, lakin elə vurmuşlar ki, bədənində xəsarət yaranmamışdır. Qolunu büküb yerə yıxmışlar, qolunda qızartılar əmələ gəlmişdir. Döyülməyi ilə bağlı heç yerə şikayət etməmiş, onu saxlayan polis əməkdaşlarını əvvəllər görməmişdir. Polislər onu tutan zaman evdə bacısı və bacısının oğlu olmuşdur. Polis əməkdaşları qapı açıq olduğuna görə birbaşa içəri keçmişlər, 10 dəqiqə evdə axtarış aparmışlar, lakin heç nə tapmamışlar. Polis əməkdaşları evə daxil olan zaman onun əynində köynəyi olmamış, ona geyinməsi üçün polis əməkdaşları üst paltarları vermişlər. Evdə olarkən üstündən heç nə çıxmamışdır. Onunla birlikdə başqa şəxslər də tutulub 3-cü bölməyə gətirilmiş, həmin şəxslərdən biri də qoşusu Ceyhun Dadaşov olmuş, həmin şəxsin barəsində şikayət olduğuna görə tutulmuşdur. Onları, maşınla bölməyə birlikdə gətirmiş, lakin ayrı-ayrı otaqlara salmışlar. O, digər şəxslərin də döyülməyini görmüşdür. Onları tutan polis əməkdaşları eyni bölmənin əməkdaşları olmuşlar. Onu saxlayan polis əməkdaşları ilə əvvəllər münaqişəsi olmamışdır. Təcridxanada qolunda iz olmuş, ondan həmin izin necə yarandığını soruşduqda o da bölmədə olarkən xəsarət yetirildiyini demişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, müvəqqəti saxlama yerinə daxil olan zaman üzərində xəsarətlər olmuş, prokurorluğun əməkdaşı bədənindəki xəsarətlərlə bağlı onu dindirmişdir. Şahid2 ona fiziki və psixi təzyiq göstərmiş, onu vurmuş, ona təzyiq göstərərək, əgər həmin narkotik vasitəni öz üzərinə götürməsə daha çox narkotik vasitə ilə ittiham veriləcəyi ilə onu hədələmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında narkotik vasitədən istifadə etmiş, xx.xx.2022-ci il tarixdə səhər saatlarında isə tutulmuşdur. Adətən narkotik vasitədən istifadə etdikdən bir sutka sonra artıq bədəni narkotik vasitə tələb etməyə başlayır və halı pisləşir. Buna baxmayaraq bəzən elə olur ki, 2-3 gün ardıcıl olaraq narkotik vasitə əldə edə bilmir, buna görə də istifadə etmir. Onda narkotik vasitəyə tələbat yarananda bu, özünü başqa narkomanlar kimi ətrafı dağıtmaq şəkildə deyil, halsızlıq şəklində özünü göstərir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Sabunçu RPİ-nin 13-cü PBnin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 09 sentyabr 2022-ci il tarixdə polis əməkdaşı Şahid1 ilə inzibati ərazidə xidmət apararkən təxminən saat 9-10 radələrində bir nəfər əvvəllər tanımadıqları şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar özlərini təqdim etdikləri zaman həmin şəxsin özünü narahat hiss etdiyini görüb, sonuncunu 13-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə şəxsin anket məlumatları dəqiqləşdirilmiş və onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən inzibati otaqların birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində baxış və axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın cibindən şəffaf sellofana bükülmüş, özünün dediyinə görə “kakos” kimi tanınan narkotik vasitəni və üç ədəd 20 qəpiyi təqdim etmişdir. O, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən narkotik vasitə sənədləşdirilərək ekspertizaya göndərilmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi Hacınski küçəsi 47 ünvanının qarşısında saxlamışlar, ona qarşı heç bir təzyiq və zor tətbiq edilməmiş, şəxs özünü qeyri-adekvat apardığı üçün ona yaxınlaşıb bölməyə dəvət etmişlər. Onlar təqsirləndirilən şəxsi təsadüfən görüb yaxınlaşmışdır. Şəxs tutulan zaman onun barəsində başqa cinayət işinin olduğunu bilməmiş və bölmədə də təqsirləndirilən şəxs onun barəsində başqa cinayət işi olduğunu bildirməmişdir. Şəxsin yaşadığı ərazi onun xidməti sahəsi olmuş, Təqsirləndirilən şəxs ilə eyni vaxtda başqa heç bir şəxsi tutmamışlar. Əməliyyatçıların həmin vaxt əməliyyat aparması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşı Şahid1 Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısı X4 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 09 sentyabr 2022-ci il tarixdə qardaşı Sabunçu rayon Məhkəməsində barəsində baxılan cinayət işi üzrə məhkəmə iclasına getməyə hazırlaşdığı bir vaxtda polis əməkdaşları qapını döyüb içəri girmişlər. Həmin zaman Elçin üzünü qırxmaqla məşğul olmuş, o, mətbəxdə iş görmüş, oğlunu isə çörək almağa göndərmişdir. Bu zaman Elçin yarı çılpaq vəziyyətdə olmuşdur. İçəri daxil olan polis əməkdaşları Elçindən üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, Elçin də üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Elçini götürüb aparmış, o da anasına zəng edib bu barədə məlumat vermişdir. Şahid X4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, X11 küçəsi 4753 ünvanında oğlu, qardaşı və anası ilə birlikdə yaşayır. Polis əməkdaşları saat 09.30 radələrində evə daxil olmuş, həmin vaxt anası işdə olmuşdur. Qardaşı Elçin narkotik vasitələrin aludəçisidir və həmin vaxt işləmirdi. Qardaşı həmin gün halsız olmuş, uzanmış, o, qardaşını məhkəməyə getməsi üçün məcbur qaldırmışdır. Qardaşının narkotik vasitədən istifadə etmə vaxtı çatdıqda o, adətən halsız olur, daim uzanır. Həmin gün də Elçin halsız olmuş, bununla da o, Elçinin üzərində narkotik vasitə olmadığını anlamışdır. Əgər onda hər hansı bir narkotik vasitə olsa, istifadə edər və vəziyyəti düzələrdi. Elçin 1-2 ildir ki narkotik vasitələrin istifadəçisi olduğuna görə onun hansı halda narkotikdən istifadə edib-etmədiyini artıq anlayır. Qonşular və oğlu polis əməkdaşları Elçini tutub apararkən görmüşdür. Polis əməkdaşları evə daxil olanda Elçinin əynində köynəyi olmamış, sonradan polislər onun köynəyini geyindirib aparmışlar. Evə 4-5 nəfər polis daxil olmuşdur. Polis əməkdaşları həmin gün qonşularından başqa bir nəfəri də tutmuş və həmin şəxsi də qardaşı ilə birlikdə qandallayıb aparmışlar. Polis əməkdaşları tərəfindən qardaşına zor tətbiq olunduğunun şahidi olmamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X5, öz ifadəsində bildirmişdir ki, 09 sentyabr 2022-ci il tarixdə səhər saatlarında işdə olmuş, bu zaman qızı ona zəng edərək oğlu Elçinin polis əməkdaşları tərəfindən tutulduğunu demiş, bundan sonra o, evə gəldikdə oğlunun evdə olmadığını görmüş, oğlunun tutulması anının şahidi olmamışdır. Şahid X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu Elçinin narkotik vasitələrdən istifadə etdiyini 7-8 ay əvvəl öyrənmiş, oğlu narkotik vasitəni evdə qəbul etmiş, adətən inyeksiya yolu ilə qəbul etmişdir. Elçinin narkotik vasitəni haradan aldığını bilmir. O, Elçinə narkotik vasitə alması üçün pul verməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X7, öz ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxsin qonşusudur. 09 sentyabr 2022-ci il tarixdə səhər saatlarında bazarlıqdan gəldiyi zaman bir neçə şəxsin Elçini blokdan çıxardıqlarını və aparıb avtomobilə oturtduqlarının şahidi olmuşdur. Şahid X7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslər Elçini tək aparmış, qonşulardan başqa heç kimi tutmamışlar. Həyətdə ondan başqa heç kim olmamış, o da polislərin Elçini binanın blokundan çıxarıb aparanda görmüşdür. O, polis əməkdaşlarının içəri girməyini görməmiş, lakin blokdan çıxdıqlarını görmüşdür. Ceyhun Dadaşov adlı şəxsi tanıyır, o da qonşusudur, lakin həmin şəxs Elçinlə birlikdə tutulmamışdır. O, yalnız Elçini görmüş, Elçindən başqa hər hansı şəxsin tutulduğunu görməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun məzmunundan görünür ki, 09 sentyabr 2022-ci il tarixdə saat 10:30 radələrində ünvan 4 ünvanında narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş halda narkotik vasitə heroin aşkar olunuraq götürülmüşdür. (iş vərəqə: səh. 25-26). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Baxış keçirilməsi haqqında» 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 09 sentyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın aparılması «Samsung» markalı video kamera vasitəsi ilə videoçəkiliş aparılaraq 1 ədəd DVD diskə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimdə bir nəfər şəxs və mülki geyimdə olan üç nəfər şəxs görüntüyə gəlir. Polis mayoru xüsusi geyimdə olan şəxs özünü 13-cü PB-nin təhqiqatçısı Fərhəng Hüseynov kimi təqdim edir və Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 09 sentyabr 2022-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X6 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülünü təqdim edərək bildirir ki, həmin bükümlərin içərisində olan maddə narkotik vasitə heroindir, həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 20 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. (iş vərəqə: səh. 48-49) Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsinə dair protokolda təqsirləndirilən şəxsin onun üzərindən aşkar olunmuş narkotik vasitəni 20 manata əldə etdiyi qeyd olunsa da, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin «kokos» kimi tanıdığı narkotik vasitə olduğunu, onu, xx.xx.2022-ci il tarixdə Əmircan qəsəbəsində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 40 manat alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyi qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər ümumilikdə məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun məzmununa uyğun olsa da, Təqsirləndirilən şəxs cibindən çıxararaq təqdim etdiyi bükün içərisindəki maddənin «kokos» kimi tanıdığı narkotik vasitə olduğunu, onu, xx.xx.2022-ci il tarixdə Əmircan qəsəbəsində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 40 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli 6/4984 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; iştirak etdi- üç imza, Qablaşdırdı: Təhqiqatçı: Fərhəng Hüseynovimza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 2,053 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə: səh.32-35). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə xx.xx.2022-ci il tarixli 5464 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh.99-100) İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 05 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,053 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq 2,003 qramı saxlanmasından ötrü məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək, Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Bundan başqa, həmin qərarla Təqsirləndirilən şəxs barəsində keçirilmiş «Şəxsiaxtarış və götürmə» əks edilən «DVD»-disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh.102-107) Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinin çəkisi 2,053 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən küçədə deyil, evində tutulması, saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması, bu səbəbdən də ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd edilən məzmundakı ifadələri məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, məhkəmənin sorğusuna əsasən əldə edilərək, məhkəmə iclasında tədqiq edilib cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs prokurorluğa verdiyi izahatda əvvəllər narkotik vasitədən istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədhəsən Hacınski 47/53 ünvanında yerləşən fərdi yaşayış evində olarkən əvvəllər tanımadığı polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək onu 13-cü PB-yə dəvət etdiklərini, polislərlə birlikdə bölməyə getdikdən sonra üzərinə baxış keçirildiyini, baxış zamanı müəyyən miqdarda narkotik maddə aşkar edilərək götürüldüyünü, sonradan istintaqa təhvil verildiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman və sonradan bölmədə olarkən hər hansı zorakılığa məruz qalmadığını və döyülmədiyini, sadəcə olaraq təcridxanada əsəbi olduğu üçün əvvəllər üzərində olan xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığını dediyini, hazırda polis əməkdaşlarından şikayət və tələbinin olmadığını, ekspert müayinəsindən keçməkdən imtina etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs müayinəsi zamanı üzərində xəsarətlərlə bağlı toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət hadisəsi olmadığıan görə rədd edilmişdir. Qeyd olunan qərarın məzmunu məhkəmə iclasında elan olunduqdan sonra təqsirləndirilən şəxs məhkəmə iclasında da Bakı şəhəri Sabunçu prokurorluğunda araşdırma aparılan zaman müstəntiq Fuad Babayevə qeyd olunan məzmunda izahat verdiyini etiraf etmiş və onun sözləri ilə düz yazıldığını bildirmişdir. Bununla da təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bundan başqa təqsirləndirilən şəxsin üzərinə videoçəkiliş altında baxış və axtarış keçirilmiş, aşkar olunmuş predmet qanuna müvafiq şəkildə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Başqa sözlə, məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bundan başqa təqsirləndirilən şəxsin ünvan 6 ünvanının qarşısında deyil, həmin ünvanda yerləşən yaşadığı mənzildə tutulması, habelə qonşusu Ceyhun Dadaşovun da onunla birlikdə tutulması ilə bağlı ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, müdafiə tərəfinin öz vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, o, polis əməkdaşlarının mənzilə girdiyini görmədiyini, yalnız Təqsirləndirilən şəxs binanın blokundan çıxarıldığını və avtomobilə əyləşdirildiyini, onun yanında başqa heç kimin olmadığını, Elçinin tək tutulduğunu, Ceyhun Dadaşovun onunla birlikdə tutulmadığını, habelə binanın həyətində ondan başqa heç kimin olmadığını qeyd etmişdir. Bununla da onun yaşadığı mənzildən tutulması, habelə onunla birlikdə qonşusunun da tutulması və hər ikisinin bir qandala bağlanaraq aparılmaları ilə bağlı ifadəsi də öz təsdiqini tapmamışdır. Bununla belə məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısı X4 və anası X2 ifadəsi ilə bağlı onu da qeyd edir ki, təqsirləndirilən şəxsin anası X5 ümumiyyətlə oğlunun tutulma anının şahidi olmadığını, ona qızının bu barədə məlumat verdiyini bildirmişdir. Buna görə də onun qeyd olunanlarla bağlı ifadəsi ümumiyyətlə mötəbər sübut sayıla bilməz. Təqsirləndirilən şəxsin bacısı X3 isə təqsirləndirilən şəxsin yaxın qohumu olması ilə əlaqədar onun xeyrinə ifadə verməsi istisna olunmur. Digər tərəfdən məhkəmə, təqsirləndirilən şəxsin özünün ifadəsi ilə bağlı bəzi məqamlara da diqqət çəkərək qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında narkotik vasitədən istifadə etdiyini, adətən bir sutkadan sonra bədəninin narkotik vasitəyə olan tələbatının yarandığını və halının pisləşdiyini bildirmişdir. Digər tərəfdən təqsirləndirilən şəxsin üzərində şəxsi “axtarış və götürmə aparılan zaman üzərindən aşkar edilmiş maddə ilə bağlı ona sual verilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Əmircan qəsəbəsində üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Belə olan halda təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixdə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsi, bir qismini həmin gün istifadə edib, qalanını isə növbəti günlərdə istifadə etməsi üçün üzərində saxlaması ağlabatandır. Məhkəmə bu nəticəyə gələrkən təqsirləndirilən şəxsin 1 (bir) sutkadan sonra artıq onda narkotik vasitəyə tələbatın yaranması və halının pisləşməsi ilə bağlı ifadəsini də göz önündə saxlayır. Belə ki, təqsirləndirilən şəxsin hər gün narkotik vasitə almaq yerinə, bir neçə günlük dozasını birdəfəyə əldə edib, üzərində saxlamaqla daşıması ağlabatan və inandırıcıdır. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadəni polis əməkdaşlarının təzyiqi altında imzaladığını bildirsə də, Bakı şəhəri Sabunçu rayon prokurorluğundan məhkəməyə təqdim olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs prokurorluğun müstəntiqi X9 da ibtidai istintaq zamanı verdiyi ifadəsinə bənzər məzmunlu izahat vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi X9 həmin məzmunda izahat verdiyini və izahatının onun sözləri ilə düz yazıldığını bildirmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun hesab etmir, təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi daşıyır və öz ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğu, çəkisinin isə 2,053 qram təşkil etdiyi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə hökmü çıxarılmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar həcminin minimum həddinə yaxın həcmdə olmasını nəzərə alır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5464 №-li nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 09 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 sentyabr 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Sabunçu RPİ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,003 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, habelə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 35 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Sabunçu RPİ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,003 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar