Məhkəmə qərarları › İş №1(101)-601/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-601/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-601/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X9 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xırdalan şəhəri, Quşçuluq massivi 3-cü küçə, ev 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət açıq məkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri Yasamal rayonu 1 saylı Vərəm Dispanserinin yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 21,420 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 05 aprel 2023-cü il tarixdə saat 13:30 dəqiqədə Bakı şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli şəffaf sellofan paketə bükülmüş bükülünün içərisində təmiz çəkisi 21,420 qram olan narkotik vasitəyə oxşar maddə kütləsi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, maşın ustası kimi fəaliyyət göstərir. Maşının əziklərini rəngsiz çıxarmaqla məşğuldur. 05 aprel 2023-cü il tarixdə o, səhər saat 09:00-da işə getmişdir. İş yeri Alatava deyilən yerdə, “20 Yanvar” ərazisində yerləşir. Həmin gün günorta təxminən saat 2-yə işləmiş “Niva” markalı maşın iş yerinin qarşısında dayanmış, o, maşından düşən şəxsin əməliyyatçı olduğunu bilmiş, belə ki, həmin şəxsi əvvəllər müştəri kimi tanımışdır. Həmin şəxs ona rəisin onu görmək istədiyini demişdir. O, təxminən 10 gün əvvəl rəisin avtomobilini təmir etdiyindən onunla münasibəti yaranmış, bu səbəbdən də o, həmin şəxsdən rəisin maşınında problem olub-olmaması ilə əlaqədar onu görmək istəməsini soruşmuş, həmin şəxs də bölməyə gedəndə özünün soruşmasını demişdir. Onu aparmaq üçün 2 nəfər şəxs gəlmiş, bir nəfər isə maşında gözləmişdir. O, heç bir etiraz etmədən həmin şəxslərlə getmiş, bölmənin həyətinə daxil olanda rəis kimi tanıdığı Rasim müəllim təəccüblənərək ondan nə üçün bölməyə gəldiyini soruşmuş, o da cavabında onun özünün çağırdığını demişdir. Digər şəxslər rəisə işarə edərək həmin məsələ ilə bağlı onu gətirdiklərini demiş, Rasim adlı rəis də ətrafda bir nəfər təmiz adam olduğunu, onu da tutub gətirdiklərini demişdir. Həmin Rasim adlı rəis digər polis əməkdaşlarına onu hələlik otaqlardan birinə aparmalarını demiş, təxminən saat 6-ya kimi orada olmuşdur. O, ailəsinə xəbər göndərmiş və onu sorğu-sual etdikdən sonra buraxacaqlarını düşünmüşdür. Daha sonra onu başqa bir otağa aparmışlar, təxminən 5 nəfər şəxs onu sorğu-sual etməyə başlamışdır. O da onu nə üçün saxladıqlarını soruşmuşdur. Bir müddət sonra digər polis əməkdaşları çıxmış, Fuad adlı polis əməkdaşı qalmışdır. Fuad ona narkotik vasitəni cibinə qoymasını tapşırmış və onun tutulmalı olduğunu demişdir. O, həmin vaxt 3 aydır ki oruc olmuş, həm də şok vəziyyətində olmuşdur. O, həmin polis əməkdaşından ondan nə istədiyini soruşmuş, ətrafda baş verən hadisələrdən xəbərdar olduğundan bu vəziyyətlə barışmalı olmuşdur. Belə ki, o, oğlu yaşında şəxsə özünü təhqir etdirib döydürmək niyyətində olmamış, başa düşmüşdür ki, müqavimət göstərmək mənasızdır. Tibbi müayinələr nəticəsində onun qanından narkotik vasitə aşkar olunmamışdır. O, hələ də hansı səbəbdən tutulduğunu bilmir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, bölmədə ona fiziki təzyiq olmamış, lakin psixoloji təsir olmuşdur. Barəsində 3 dəfə video çəkiliş olmuş, hər dəfə narkotik vasitəni cibinə qoyub götürmüşlər. Çəkiliş təxminən 2 saat çəkmişdir. O, polis əməkdaşlarına əgər onu tutmaq qərarına gəlmişlərsə narkotik vasitəni cibinə qoymalarını, onu incitməmələrini xahiş etmişdir. O, cibinə qoyulan narkotik vasitənin adını yadına salmaqda çətinlik çəkmiş, polis əməkdaşları çəkiliş zamanı narkotik vasitəni haradan əldə etdiyini soruşduqda tanımadığı şəxsdən aldığını bildirməsini tapşırsa da, o, tanımadığı şəxslə üzləşmək məcburiyyətində qalmamaq üçün, çəkiliş zamanı narkotik vasitəni yerdən tapdığını demişdir. O, narkotik vasitəni yerdən tapmamış, həmin narkotik vasitəni onun cibinə polis əməkdaşları qoymuşlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, saxlanılan gün 1 saylı dispanserin yanında olmamış, onu iş yerində saxlayıb bölməyə aparmışlar. Onun iş yeri kinostudionun yanındakı qarajda olmuş, o, orada icarə müqaviləsi ilə işləmişdir. Günorta saat 2-nin yarısı “Chevrolet Niva” markalı maşında tanımadığı adamlar ona yaxınlaşmış, həmin şəxslər ona yaxınlaşan zaman o, sexin içində olmuş, maşın təmir etmişdir. Həmin şəxslər ona yaxınlaşıb onunla görüşmüş və rəisin onu çağırdığını demişlər. Saxlanılan zaman onun üzərində göy şalvar, köynək və gödəkçə olmuşdur. Bölməyə getdikdən sonra saat 18-19 radələrində onu sorğu-sual etməyə başlamışlar. Saxlandığı vaxtdan bölməyə gələnə qədər üzərində mobil telefon olmuş, onu bölməyə aparmağa 2 nəfər polis əməkdaşı gəlmiş, bir nəfər də maşında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, günorta saatlarında onlar məlumat üzrə təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim edib, onu 29-cu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə gəlməkdən imtina etməmiş, bölmədə inzibati otaqların birində təhqiqatçı tərəfindən o, digər polis əməkdaşları və vəkilin iştirakı ilə şəxsin üzərinə axtarış keçirilmiş və üzərində narkotik vasitə aşkar edilmişdir. Aşkar edilmiş həmin maddə qablaşdırılaraq ekspertizaya göndərilmiş, Təqsirləndirilən şəxs soruşduqda həmin narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir zor tətbiq edilməmiş, onun üzərinə narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilən maddəni ekspertizaya təqdim etmişlər. Əməliyyat məlumatı ona daxil olmamış, təqsirləndirilən şəxsin narkotik vasitələrin daşınmasında şübhəli olmasına dair məlumat daxil olmuşdur. o, məlumatın nə vaxt daxil olduğunu xatırlamır. O, tədbir zamanı məlumatın Təqsirləndirilən şəxs haqqında olduğunu bilmişdir. Onlar Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman yolda saxlamışlar. Təqsirləndirilən şəxs saxlanarkən onlara heç bir müqavimət göstərməmişdir. Şəxs günorta saatlarında saxlanılmış, şöbədə vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən ağ sellofana bükülmüş maddə aşkar edilmiş, başqa nə isə aşkar olunduğunu xatırlamır. Şəxsi axtarış aparıldıqdan sonra şəxslər müvəqqəti saxlama yerində saxlanılır, daha sonra isə istintaqa təhvil verilirlər. Həmin vaxt ərzində şəxs əgər yaxınları ilə əlaqə saxlamaq istəsə, ona şərait yaradılır. Onların iştirakı ilə şəxs ailə üzvləri ilə əlaqə saxlamışdır. Şəxsin şübhəli şəxs kimi saxlanıldıqdan sonra kiminləsə əlaqə saxlaması növbətçi hissənin səlahiyyətinə aid məsələdir. Onlar şəxsin üzərinə video çəkiliş vasitəsilə axtarış etdikdən sonra onu növbətçi hissəyə təhvil verirlər. Məlumat ona daxil olmadığına görə şəxs saxlanıldıqdan sonra onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını sübut edən hər hansı gedişatdan xəbəri yoxdur. O, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış olmuşdur. Təqsirləndirilən şəxsi günorta saatlarında tutmuşlar, lakin şəxsi axtarışın nə vaxt keçirilməsini xatırlamır. O, təqsirləndirilən şəxsin müştərisi olmamış, onun ümumiyyətlə maşını yoxdur. Onların bölməsindən kiminsə təqsirləndirilən şəxsin müştərisi olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə oxşar məzmunda ifadə verərək, onun ifadəsindəki xüsusatları özünə aid hissədə təsdiq etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin müavini vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə, daşımaqda, saxlamaqda və satmaqda şübhəli olduğu üçün şöbənin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Şöbəyə gətirilmiş və təhqiqatçı tərəfindən sonuncunun üzərinə şəxsi axtarış aparılarkən narkotik vasitə heroinə oxşar kütlə götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının rəyindən sonra toplanmış material aidiyyəti üzrə Bakı şəhər Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Həmin zaman o, ərzində ümumiyyətlə Rasimi görməmişdir. Müdafiə tərəfinin məhkəməyə vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxslə birlikdə işləməklə, təqsirləndirilən şəxsin köməkçisidir. 2023-cü ilin aprel ayının 5-i günorta saatlarında 4 nəfər polis əməkdaşı “Chevrolet Niva” markalı maşınla onların iş yerinə gəlmiş, həmin şəxslər Təqsirləndirilən şəxs yaxınlaşaraq rəisin onu görmək istədiyini demişdir. Həmin söhbət onunda yanında olmuş, Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən həmin şəxslərlə birlikdə onların maşınlarına əyləşib getmişdir. Şahid İlham Əliyev ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 1997-ci ildən Rasim usta ilə bir yerdə işləyir. Rasim eyni zamanda onun yeznəsidir. 2023-cü il aprel ayının 5-i günorta saatlarında iş yerinə 4 nəfər polis əməkdaşı gəlmişdir. O, həmin maşının ora gəldiyini görməmiş, lakin gələn şəxslərin Təqsirləndirilən şəxs “rəis səni çağırır” deməsini eşitmişdir. O, həmin vaxt sexin içində olmuş və onların danışıqlarını eşitmişdir. O, sexin qapısında dayanmış, lakin polis əməkdaşlarının gəldiyi maşının nömrəsini xatırlamır. Həmin şəxslər 29-cu bölmədən gəldiklərini demişlər. O, sexdən çıxıb həmin şəxslərin yanına gəlmiş, belə ki, həmin şəxslər qapının qarşısında dayanmışlar. Gələn şəxslər Təqsirləndirilən şəxslə içəridə görüşüb, həmin sözü içəridə demişlər. Rasim əlüzünü yuduqdan sonra gələn şəxslərin maşınına minib getmişdir. Rasim rəisin maşınını təmir etdiyi üçün o, heç nədən şübhələnməmişdir. Müdafiə tərəfinin məhkəməyə vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, o, özünə məxsus avtomobili düzəltdirmək üçün Rasim ustanın yanına getmiş, belə ki, onun Rasim usta ilə yaxşı münasibəti olmuşdur. O, orda olduğu zaman 4 nəfər mülki geyimdə polis əməkdaşı “Chevrolet Niva” markalı maşınla gəlmiş və Rasim ustaya rəisin onu görmək istədiyini demişlər. Rasim usta da heç bir etiraz etmədən həmin şəxslərin maşınına minərək getmişdir. Şahid Vüqar Orucov ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 8 ildir ki tanıyır. Onların usta və müştəri kimi münasibətləri olmuşdur. Həmin şəxslər maşını sexin qarşısında saxlamış, 4 nəfər şəxs maşından düşərək sexə daxil olmuşdur. O, heç bir video görüntünü görməmiş, həmin gün uzun qol köynək geyinmişdir. Rasim maşın boyası ustasıdır. Həmin gün o, maşının batıqlarını düzəltməyə getmişdir. Onun maşını “Hyundai Accent” markalıdır, nömrəsi **-FT-*** nömrəlidir. Maşın onun özünün adınadır. Polislər gəldikdə onun maşını sexin içində olmuş, Rasim usta onun maşınını təmir etmişdir. Həmin şəxslər “Chevrolet Niva” markalı maşınla gəlmişdir. O, həmin şəxslərin haradan gəldiklərini demələrini eşitməmişdir. Rasim gələn həmin şəxslərlə birlikdə getdikdən sonra o, 1-2 saat gözləmiş, lakin rasimdən xəbər çıxmadığı üçün o da evinə getmişdir. Sonra o, sexə gəldikdə Rasim ustanın tutulduğunu demişlər. Müdafiə tərəfinin məhkəməyə vəsatətinə əsasən məhkəmə iclasında könüllü olaraq şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin oğlu X3 öz ifadəsində bildirmişdir ki, o, avtoservisdə işləyir. O, atası ilə yaxın olan, lakin ayrı-ayrı sexlərdə işləyirlər. Atası həbs olunan gün saat 13 radələrində “Chevrolet Niva” markalı maşının sexə yaxınlaşdığını görmüşdür. 4 nəfər mülki geyimdə şəxs maşından düşmüş, atası ilə söhbət etmişlər. Daha sonra atası maşına minərək getmişdir. Onların arasında 20-30 metr məsafə olmuşdur. O, sonradan həmin şəxslərin polis olduğunu öyrənmişdir. O, atasına zəng etdikdə atası onu Rasim adlı rəisin yanına gətirdiklərini demişdir. Şahid Rəsul Abdullayev ona verilən suallara cavab olaraq bildirmişdir ki, bölməyə aparıldıqdan 5 dəqiqə sonra atasına zəng etmiş, atasının telefonu üzərində olmuşdur. Təxminən yarım saat sonra o, bölməyə atasının yanına getmiş, lakin ona gözləməsini demişlər. O, iş yerinə qayıtmış, yarım saat sonra yenidən bölməyə getmişdir. O, bölmədə otaqları bir-bir gəzərək atasını tapmış, 10 saniyə onunla söhbət etmişdir. Atası onu narkotiklə şərlədiklərini demişdir. O, birinci dəfə atası ilə telefonda danışanda, atası bölməyə adaşı Rasim adlı rəisin yanına getdiyini demiş, daha sonra isə atasının telefonuna zəng çatmamışdır. O, bölməyə getmiş, həmin vaxt atasını görə bilməmiş, yarım saat sonra yenidən bölməyə qayıtmış, artıq həmin vaxt atasını görmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan paketə bükülmüş bükülü aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olubolmamasını bilmədiyini, həmin bükülünü 05 aprel 2023-cü il tarixdə saat 11:30 radələrində ünvan 3 ünvanında yerləşən 1 saylı X4 yerləşdiyi küçədə yerdən tapmasını bildirmişdir. - «Diskə baxış keçirilməsi haqqında» 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə X1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. X1 Təqsirləndirilən şəxs üzərində qanunsuz, dövriyyəsi qadağan olunmuş əşya olub-almadığını soruşduqda sonuncu əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan paketə bükülmüş bükülünü təqdim edib içərisində narkotik vasitə olub- olmamasını bilmədiyini, həmin bükülünü 05 aprel 2023-cü il tarixdə saat 11:30 radələrində ünvan 3 ünvanında yerləşən 1 saylı X4 yerləşdiyi küçədə yerdən tapmasını bildirir. Şəxsi axtarış zamanı bir ədəd şəffaf sellofan paketə bükülmüş bükülünü təqdim edib içərisində narkotik vasitə heroinə oxşar küllə aşkar olunur. (cild İ, i/v: 85) Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin videogörüntülər «Şəxsi axtarış və götürmə aparılması haqqında» 05 aprel 2023-cü il tarixli və «Diskə baxış keçirilməsi haqqında» 10 aprel 2023-cü il tarixli protokolla eynilik təşkil edir. - Məhkəmə-kimyəvi ekspertizası üzrə 06 aprel 2023-cü il tarixli 6/1992 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..... Təqsirləndirilən şəxs imza..” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 21,420 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (cild İ, i/v: 41-45) - Ambulator məcburi narkoloji tibbi yoxlama üzrə 08 iyun 2023-cü il tarixli 3590 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 168-169) - Ambulator məhkəmə psixiatrik ekspertizası üzrə 08 iyun 2023-cü il tarixli, 1588 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyi qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür, onun psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 165- 166) - Bakı şəhəri Yasamal RPİ-nin əməliyyat tapşırığı üzrə 30 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini satan şəxsi (şəxsləri) müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. (cild İ, i/v: 124) - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarı ilə Yasamal RPİ-nin 29-cu PŞ-in baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild İ, i/v: 46) - İbtidai istintaq zamanı şahidlər Şahid2 və Şahid1 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında 09 və 12 iyun 2023-cü il tarixli protokollardan görünür ki, şahidlər narkotik vasitənin onun cibinə qoyulması ilə bağlı yalan danışdığını təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı demişlər. (cild İ, i/v: 143-148) -İbtidai istintaq orqanının “sübutların qiymətləndirilməsi haqqında” 08 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra 21,320 qram çəkidə olan narkotik vasitə heroin və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin olduğu 1 ədəd DVD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (cild İ, i/v: 252-259) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin narkotik vasitənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə kimyəvi- ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilən zaman mənzilindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları da hər biri öz ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir məlumatın olmadığını bildirmişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroin bir bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik vasitədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən, eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi və müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə qeyd edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı ifadəsi özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmir, eyni zamanda müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahidlər isə təqsirləndirilən şəxsin qohumları (oğlu və yeznəsi) və yaxın münasibətdə olduğu şəxslər olmaqla onun xeyrinə ifadə vermələri istisna olunmamışdır. Bundan başqa, müdafiə tərəfi məhkəməyə video görüntü təqdim edərək təqsirləndirilən şəxsin tutulması qaydasını mübahisələndirmiş, lakin həmin video görüntünün mənbəyi ilə bağlı məhkəməyə heç bir məlumat verilmədiyindən, eyni zamanda video görüntüdə olan şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmadığından məhkəmə qeyd olunan video görüntünü sübut əhəmiyyətli hesab etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 84) Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını, onun yaşını, sağlamlıq vəziyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,320 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 55 (əlli beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,320 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar